"Süleymana qalmayan dünya heç kimə qalmaz!" deyimi bütün zamanlarda təkrarlanacaqdır!
Həmin gün Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna işə gəlməyimə peşman oldum. Dəhlizdə tanınmış dilçi alim, professor, Əməkdar elm xadimi Qəzənfər Kazımov mənə "Baba müəllimə nə oldu?" sualını verdikdə sanki professorun verdiyi sualı anlamayıb bir də təkrar edərkən özüm özümdən uçundum. "Necə yəni Baba müəllimə nə olub?" Çünki 5 iyunda biz onunla onların "Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı" şöbəsində oturub xeyli söhbət etmişdik. Çöhrəsində həyata, elmi və ədəbi yaradıcılığa köklənən bir hal vardı Baba müəllimin.
Bundan bir gün sonra isə Baba müəllim artıq dünyaya göz yummuşdu. Heyif Baba müəllimdən. Yaxşı insan, məhsuldar tədqiqatçı, təvazökar yoldaş idi Baba müəllim. Ömür-gününü, ülfət-ünsiyyətini ədəbiyyata, ədəbiyyat tarixiçiliyinə, ədəbiyyatşünaslığımızın az öyrənilmiş, yaxud araşdırılmamış problemlərinin çözülməsinə həsr etmişdi. Bu yandan da nəsr yaradıcılığında qələmini uğurla sınamışdı. Neçə-neçə rəngarəng mövzulu hekayələrini mətbuat səhifələrindən, bizə hədiyyə etdiyi kitablarından oxumuşdum Baba müəllimin.
2014-cü ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müdafiədən öncə Baba müəllimin "Azərbaycan realist nəsrində satiranın təşəkkülü, inkişaf mərhələləri və problemləri (1850-1920-ci illər)" mövzusunda yazdığı doktorluq dissertasiyası Elmi seminardan uğurla keçmişdi. Biz də həmin seminarın üzvü kimi Baba müəllimin dəyərli bir tədqiqat işi araya-ərsəyə gətirməsindən ağızdolusu bəhs etmişdik.
Filologiya elmləri doktoru Baba Babayev tədqiq etdiyi mövzu ilə bağlı nəinki Azərbaycan media və mətbuat orqanlarında, həm də respublika və beynəlxalq elmi konfransları və simpoziumlarında Moskva, Kiyev, Tbilisi, Almatı kimi zəngin elmi reputasiyası olan mərkəzlərdə çıxışlar etmişdir. Azərbaycan realist nəsrində satira janrının milli spesifikasını, bizim müəlliflər tərəfindən yaradılmış yerli koloritini səriştəli nəzəriyyəçi-alim kimi araşdırmışdı.
Baba Babayevin tədqiqatlarında satira janrının ideya-estetik prinsipləri və qaynaqları, bədii nəsrdə satira və gülüşün poetikası, komikliyin təzahür formaları və s. kimi məsələlər ayıq-sayıq ədəbiyyatşünas-alim təfəkkürü işığında Azərbaycan ədəbiyyatı tarixçiliyinə və ədəbiyyatşünaslıq elminə ərməğan edilmişdi. Baba Babayev elmi potensialı gərəyincə olan alimlərdən idi. Bundan sonra onun dissertasiyasının müddəalarını özündə əks etdirən monorafik araşdırmasında da biz əsərin struktur-kompozisiya elementlərinə, məzmun-mahiyyət və digər məsələlərə nə qədər böyük önəm verdiyinin şahidi olmuşduq. Baba Babayevin istər elmi araşdırmalarında, istərsə də nəsr yaradıcılığında onun daim fərdi dünyagörüşünə və orijinallığa üstünlük verdiyi görünməkdədir. Əsərlərinin dolğunluğunu və konseptuallığını təmin etmək üçün o, Azərbaycan, rus və dünya ədəbiyyatşünaslığının səmərəli yanaşmalarından yararlanmağı bacaran alimlərdən idi.
Filologiya elmləri doktoru Baba Babayev Azərbaycan realist nəsrində satiranın çeşidli problemləri ilə məşğul olmaqla yanaşı, həm də onun araşdırma prioritetlərində digər məsələlərə də kompetensiyalı işıq tutmağı özünün məsuliyyəti hesab edirdi.
Baba müəllim tədqiqatçılıq səriştəsi ilə yanaşı, həm də uzun illər ərzində pedaqoji fəaliyyyətlə yaxından məşğul olmuşdu. Onun Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərini əhatə edən çeşidli mühazirələri və seminar dərsləri tələbələr arasında lazımınca dəyərləndirilirdi.
Professionallığı, təfəkkür aydınlığı, ziyalılığı, münbit mənəvi dünyası şəxsiyyəti ilə bir harmoniya təşkil edir, xeyirxahlığı isə daxili aləmi ilə uzlaşırdı. O, həyatı olduğu kimi qəbul etməyi bacaran zəngin təfəkkürlü alimlərdən idi.
Baba Babayev müxtəlif illərdə qələmə aldığı "Ədəbi etüdlər", "Mirzə Fətəli Axundzadənin nəsr yaradıcılığı", "Ədəbiyyatımızın yaradıcılıq problemləri", "Əbdürrəhim bəy Haqverdiyevin məqalə, məktub və felyetonları", "Həsən Seyidbəyli həyatı və yaradıcılığı", "Həsən bəy Zərdabinin həyat və yaradıcılığı" və s. kimi monoqrafik əsərləri ilə yanaşı, həm də dövrü mətbutda çoxsaylı məqalə və materiallar müəllifi kimi tanınırdı.
"Ədəbi etüdlər" araşdırmasında (Bakı, "Azərbaycan nəşriyyatı", 2018, 188 s.) o, çeşidli bədii təfəkkür sahibləri Mehdi Hüseyn, Rəsul Rza, Nigar Rəfibəyli, Süleyman Rüstəm, Mir Cəlal, Elçin, Anar, Hüseyn Arif, Cabir Novruz, Rəşad Məcid, akademiklər Bəkir Nəbiyev, İsa Həbibbəyli, Teymur Kərimli, professor Təyyar Salamoğlu və başqa bu kimi söz, sənət adamları və ədəbiyyatşünas alimlərin yaradıcılığının çeşidli tərəflərindən söhbət açmışdır.
2021-ci ildə nəşr etdirdiyi "Əbdürrəhim bəy Haqverdiyevin məqalə, məktub və felyetonları" monoqrafiyasında (Bakı, "Avropa nəşriyyatı", 2021, 184 s.) müəllif Haqverdiyevin ədəbiyyat tariximizdə yerini müəyyənləşdirməklə, onun milli dramaturgiyamıza verdiyi əsərlərinin teatr səhnəmizi ("Yeyərsən qaz ətini, görərsən ləzzətini", "Dağılan tifaq", "Bəxtsiz cavan", "Pəri cadu", "Ağa Məhəmməd şah Qacar" və s.) zənginləşdirdiyini, məqalə, məktub, felyeton və epistolyar irsinin ədəbi düşüncəmizə verdiyi təkanı da təhlil edib araşdırmışdır.
Baba Babayevin digər dəyərli əsərlərindən biri də "Ədəbiyyatımızın yaradıcılıq problemləri" (Bakı, "Aspoliqraf", 2021, 256 s.) monoqrafiyasında ədəbiyyatımızın yaradıcılıq problemləri müasirlik müstəvisində təqdim olunmuşdur. Diqqət yetirdikdə görürük ki, burada Nəsimi, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Tağı Şahbazi Simurğ, Üzeyir Hacıbəyli, Abdulla Şaiq, Həsən Seyidbəyli və b. bu kimi klassiklərimizin yaradıcılığına çeşidli nəzər salmağı bacarmışdır.
Baba Babayevin maraqlı araşdırmalarından biri də "Mirzə Fətəli Axundzadənin nəsr yaradıcılığı" (Bakı, "Optimist" MMC çap mərkəzi, 2021, 82 s.) adlı kompakt məzmunlu monoqrafiyasıdır. O, Axundzadə nəsrinə nəzər salarkən milli bədii nəsrin təşəkkülünə və formalaşmasına, "Aldanmış kəvakib"in ədəbiyyat tariximizdə ilk bədii nəsr nümunəsi kimi müxtəlif tərəflərinə, "Felyeton" sərlövhəsi ilə dərc olunmuş "Qəribə hekayə" və s. kimi məsələləri zəruri şəkildə işıqlandırmışdır.
Baba müəllimin "Həsən Seyidbəyli: həyatı və nəsr yaradıcılığı" (Bakı, "Elm və təhsil", 2022, 220 s.) monoqrafiyasında isə müəllif bu böyük yazıçı və ssenaristin bədii-publisistikasını, həyatını və ədəbi-ictimai fəaliyyətini, yaradıcılığında boy vermiş nəsr təkamülünü, povest və romanlarında sosial həyat mənzələrini və yazıçı fərdiyyətinin özünəməxsus tərəflərini uyğun müstəvidə proyeksiyalaşdırmağı ön plana çəkmişdir.
Filologiya elmləri doktoru Babayevin yenicə çapdan çıxmış "Həsən bəy Zərdabinin həyat və yaradıcılığı" (Bakı, "Sabah", 2023, 348 s.) monoqrafik tədqiqatında isə müəllif bu böyük maarifçi və mətbuat banisinin həyat və yaradıcılıq irsini əsərin üç çeşidli hissələrində - Zərdabi irsi klassik və müasir nəzəri təhlildə, darvinist alim, mühiti və yaradıcılıq istiqamətləri, "Əkinçi" qəzetindəki materiallarda, onun maarifçilik ideyalarının yayılmasında, xeyriyyəçilik fəaliyyəti kontekstində, materialist-təbiətşünas alim kimi dünyagörüşünün özəllikləri, həyat və fəaliyyətinin açılmamış səhifələri və s. kimi məsələləri çevrələməkdədir.
Baba Babayevin bədii yaradıcılıq fəaliyyəti də yetərincə zəngin idi. Onun "Günahsız qatil" (Bakı, 2022, 216 s.) hekayələr məcmuəsində çoxsaylı maraqlı nəsr nümunələri toplanmışdır. Fikrimizcə, "Günahsız qatil", "Məhəbbət üçbucağı", "Sevgi cənnətində cəhənnəm", "Dilarənin taleyi" "Topal Nurəddin", "Beşinci güllə", "Yubiley" və s. kimi hekayələri, "Səni axtarıram" (mənsur şeiri), "Ay ata" adlı essesi orijinal təfəkkür məhsulu olmaqla oxucu diqqətini məşğul edə biləcək maraqlı nümunələr sırasındadır.
Qeyd etdiklərimiz göstərir ki, filologiya elmləri doktoru Baba Babayevin şəxsində Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığı məhsuldar elmi yaradıcılığa malik olan bir alimini itirmişdir.
Baba Babayev heç kəsin gözləmədiyi halda Haqqın Dərgahına qovuşdu. Ədəbiyyat tarixçiliyimizə, ədəbiyyatşünaslığımıza, bədii təfəkkür nümunələri ilə maraqlananlara çeşidli nəsr örnəkləri qoyub getdi...
Allah rəhmət eləsin! Yeri behiştlik olsun!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!