Güneyli qələm dostumuz Hadi Qaraçay İranda yaşayan Bəhram Qaraçaylının şeirlərini mənə göndərərək yazmışdı: "Qaşqay türklərindən olan bir şairimiz kitabını Bakıda çap etdirmək üçün latın əlifbasında hazırlayıbdır. Əlyazmasını sizə göndərir və nəşrinə köməklik göstərməyinizi xahiş edirəm.
Bəhram fars assimilyasiya siyasətinin əziyyətini hamıdan çox çəkmiş Qaşqay türklərindəndir.
Qaşqaylıların çox gözəl poeziya ənənələri var. Təəssüf ki, yazılı ədəbi dildən kənarda qalmaları onların danışıq dilini xeyli etkiləmişdir".
Bəhram doğrudan da zərif ruhlu, millət yolunda fədakarıqla çalışan istedadlı şairdir. O, Azərbaycan-türk aşıq sənətinin böyük ənənələrinə bağlıdır; şeirlərində böyük türk dünyasının təmiz havası, ağır türk ellərinin ruhu yaşayır.
Qaşqay türklərinin əsas qayğısı varlıqlarını, dil və adət-ənənələrini, həyat tərzlərini qoruyub-saxlamaq, fars şovinizm siyasətinə boyun əyməməkdir.
Bu mənada, poeziya Qaşqaylar üçün həm də bir mübarizə və müqavimət vasitəsi, xalqın dözüm və iradəsinin, gələcəyə olan ümidinin nümayişidir.
Şairin yaradıcılığını diqqətlə izləyən Əsədulla Mərdani də bu cəhəti dəqiq göstərmişdir: "Görün, əziz şairimiz öz ana dilinə nə qədər dəyərli baxır və millətdən istəyir ki, ana dilini unutmasın.
Şair Qaraçaylı... cürbəcür əsənək (bayatı), gəraylı, qoşma yaradıbdır, türk ədəbiyyatına böyük qulluq eləmişdir. Ümidvaram, yolu və dili hər gün açıq olsun".
Bəhramın gələcək şeir kitabına yazdığı "Dibaçə"də ürək titrədən bir xiffət var: "Yaz-yaylar kənddə yaşamaq şirin bir xatirədir, unudulmazdır və hər zaman yolum oralara düşür, xoşbəxtlik başlayır.
Hələ almalıqda uzanmaq yeri var, hələ çəltikliklərdən soyuq hava vurur. Hələ gecələr orda ulduzlar saymalıdır, hələ kəndimizdə çay səsi gecə-gündüz dirilik və ümid nəğməsi oxuyur, hələ coşqun çay qırağında qərəçəyli el-obası yaşayır, hələ qaşqayı çadırı yıxılmamış və elimin bayrağı titrəyir və usta İbrahim hələ diridir, hələ toylarda arxalıq, çoqqa və duğuşlu börk geyinir və elimin xanımları qaşqayı geyimində əlbir yaylıqatma meydanına çıxırlar və ağır el hələ var...
Rəhmətlik anaların və böyük anaların, ataların və böyük babaların ruhu şad olsun".
Biz də güneyli dostlarımızın arzularına qoşulur, şair Bəhram Qaraçaylıya yeni yaradıcılıq uğurları arzulayır, qaşqaylara və bütün İran türklərinə özgürlük yolunda uğurlar arzulayırıq!
Sabir Rüstəmxanlı
Bəhram QARAÇAYLI
Tifan
Məni burdan uzağa
Qop, ay tifan, əs, apar
Şerimi bir yarpağa
Yaşlarımnan yaz, apar
Qubarlardan al məni
Tifan! Yola sal məni
Qoy itirə yol məni
Elə indi, tez apar
Qərib idim burda mən,
Çox qəm yedim burda mən,
Şeirə dedim burda mən
Qəmləri az-az apar
Gör yarıcan, canları
Ürəgləri qanları
Tifan qərə günləri
Daş üstünə qaz apar.
Ayrılıq
Ayrılıqdan qəlbdə yara var, dağlar,
Bağrım qandır, görmə üzüm sarıdır
Dərdim desəm, qara olar, qar dağlar,
Axıntı sel yaşım dağlar qarıdır.
Min şeir ürəyimdə, yazmaz qələmim,
Ağladım, yaşlarım oldu dərd qəmim.
Tar çaldım, irlədim ğərib sənəmi
Hanı cavanlığım? Ömrüm yarıdır.
Dilədim aşıqlıq ürək bağladım,
Gündüz həsrət çəkdim, gecə ağladım,
Bir on dörd gecəlik aya uğradım,
Dedim mətləbimi verən Tarıdır.
Qaraçaylı! Köyldə üz min dağ ola,
Ayrılıq, ömürlük bir dustaq ola,
Məhkum olam, öləm, leylim sağ ola
Başım kəssələr də, yara sarıdır.
Ağlaram
Nağad qəmlidir bu gecə,
Çalam sazımı ağlaram.
Güzgü önündə gör nicə
Baxıb özümə ağlaram.
Durna köçəndən golundən,
Yarpaq saralıb solandan,
Küçə payızdan dolandan
Qərə yazıma ağlaram.
Qaraçaylı, yaz dərdimi,
Şer içində düz dərdimi,
Mən bilirəm öz dərdimi
Dərdli sözümə ağlaram.
Dağlarımız sürü sürü
Bağımızda gül soluyur,
Görəndə bu payızları
Yaz yolunda bax ölüyür?
Yol gözləyən nərgisləri.
Mənəm para-para
dumanlı dağlar
"Mənəm para para dumanlı dağlar"
Yazları unutmuş, qışlarım mənim.
Mənəm batmış qara, dumanlı dağlar,
Qar olmasa uçar daşlarım mənım.
Boz başım üstündən qaranquş köçdü,
Hər daşım üstündən bir kəylig uçdu,
Qar qocaltdı məni, otumu biçdi
Çoxdandır uçmuşlar quşlarım mənim.
Qar ayırdı məni obalığımdan,
Heç xəbər varları qocalığımdan?
Əriyə qarlıqlar ucalığımdan
Çayları daşdırar yaşlarım mənim.
Boylandım hər səsnən
Boylandım hər səsnən, ki yar yetişdi,
Yarpaqlar üstündən qaçan quşudu.
Tozlamış gözümə qubar yetişdi,
Qapıyı çalan da uçan daşıdı.
Yar yolu gözləyən boylanan aşıq,
Vuruldum, yoruldum, işim dolaşıq,
Üzümə duman o qubar yaraşıq
Bilmədim qismətim nəçün yaşıdı.
İncitmə, qurtar bu dustaqdan daha,
Ahlar yandırar bu yornaqdan daha,
Məcnun dır yorulmuş min dağdan daha
İlahi ayrılıq haçan xoşudu?
Gəl ki sən gələndə üz dağ göy olar,
Budaqda saralan yarpaq göy olar,
Payız ürəyimdə üz bağ göy olar,
Deyərəg buda bir keçən qışıdı.
Asıman
Söylə görəm asıman
Beyə igid ağlayır?
Ahay aram asıman
Hanı bulud ağlayır?
Dağımızda var ağac,
Tabut olur, dar ağac,
Çay dibində bir ağac
Adı sögüd ağlayır!
Nə od, nə bir qor ocaq,
Şairliq bir kor ocaq.
Yurdumuzda bir ocaq -
Bir sönük od ağlayır
Yaz ağacları
Gül solub saraldı, töküldü yarpaq,
Batdı ağır qara yaz ağacları.
Tifan qopdu bağda, qalxdı toz-torpaq
Şair! Dərin yara yaz, ağacları.
Solğun güllər iyi doldurdu bağı,
Bir köçən yaz dərdi öldürdü bağı,
Bir köçməyən payız, soldurdu bağı,
Bir qış qurrutdu az-az ağacları.
Çiçəklər diləgi birazca sudur,
Dayanış olgusu, ağac boyudur,
Bu bağ ölməzligi, nədəni budur,
Ayaq üstə ölən qoz ağacları.
Ay qış, yarpaqsızlıq bağını burax,
Ay şair, yaralı budaqlara bax,
Ay şer, yaşlarınan ürəklərdən ax
Qoy bitə, göyərə, söz ağacları.
Köçəm
Kaş qanad açıb uçam,
Asılam əsən yelə.
Buludları ilə köçəm,
Köçəm bir uzaq yerə.
Qoşulam qaranquşa,
Köçəri ötən quşa,
Göllərdən köçən quşa
Yetişəm ağır elə!
Bu qışlar arasından
Yağışlar arasından
Bayquşlar arasından
Ayrılam gülə-gülə!
Dedim qaşqayı
Dilim açılandan dedim qaşqayı,
Buldum el dərdini sazlar içində,
Ay sönməz ocağım, odum, qaşqayı!
Yanma kitablarda tozlar içində.
Toylarda gecələr uşaq kərəzdən.
Eşitdim Eyvəzdən, coşqun Arazdan,
Yetişdi Təbrizə şerim Şirazdan
Elimiz yandıgı, közlər içində.
Kəndimiz ağacı bir-bir kəsildi
Dağımız qarınan yaman basıldı
Sögüdümüh saçı, nədən yosuldu?
Qərə qış gizlənmiş yazlar içində.
Qaraçaylı, ağır el yurdu qaldı?
Dağları, quzusu, ya qurdu qaldı?
Qaşqayı dağıldı, bir dərdi qaldı
Ağır el, elə bu sözlər içində.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!