Şükranlıq poeziyası - Sərvaz Hüseynoğlu Zahid Əzizin "Mənim yazdıqlarım..." kitabı haqqında yazır

 

Zahid Əzizin yaxın günlərdə çap etdirdiyi "Mənim yazdıqlarım" adlı şeirlər kitabı müəllifin 60 illik yaradıcılıq hesabatı kimi araya-ərsəyə gəlib. Yeni nəşr Xalq şairi Nəriman Həsənzadənin "Bir yol ayrıcına bənzəyir həyat" başlıqlı ön sözüylə açılır. Vurğulanır ki, əlyazmadakı "Göylər də mənim kimi, ilahi, yaman dolub, elə bil himə bənddi" misralarına gözüm sataşınca hiss etdim ki, kitaba daxil edilən şeirlər mənim öz əhvalımcadı. Elə bu misralar da:

 

Baş-ayaq eyləyib ömrü, zamanı,

Əcəlin başını qatar kişilər.      

 

"Oxudum. Və ürəyimdən gizli bir hiss keçdi ki, sənə qurban, nə bilirsən beləymiş vaxtın, zamanın axırı? Gör necə yerbəyer, necə adbaad qələmə alınıb bu kövrək misralar:

 

Seyrəldikcə sıraları günbəgün,

Bir-birindən möhkəm tutar qocalar...

 

Gözəl, səmimi deyimdir. Və bu səmimi, gözəl deyim tərzi kitaba daxil edilən şeirlər boyunca davam edir... Bir söz adamı kimi mən həmişə poeziyada səmimiyyətin yanında olmuşam. Zahid Əzizin şeirlərində bu səmimiyyəti gördüm. Dodaqların dodaqdəyməzə yaxın məqamları, gəraylı, qoşma gəlişmələri Zahirin əksər şeirlərinin boyuna biçilib. Mən bu məqamları görüb-bildikcə qəlbən sevinirəm. Çünki poetik ruhumuzun, qavrayışımızın kökü o ənənədən gəlir. Eyni zamanda fəlsəfi ricətdən. Forma nə qədər rəngarəng olsa, mahiyyət eynidir. Yəni, poeziyanın özünəməxsus fəlsəfi qatı, damarı, yolu var... Zahid Əzizin də bu yolla getməsini alqışlayıram".

Xalq şairi N.Həsənzadə belə yazır. Bu deyilənləri görkəmli tənqidçi Vaqif Yusiflinin kitaba daxil edilən məqaləsində yer alan fikirləri davam etdirir: "O, dünyanı, cəmiyyəti, təbiəti, insanları, gözəllikləri bizim görmədiyimiz, duymadığımız bir şəkildə görür, hər bir nəsnəyə şeiriyyət gözüylə boylanır... Zahir Əziz ilk növbədə, bu yurdun, bu torpağın, bu Vətənin şairidir və onun şeirlərində milli ruh və bu milli ruhun başlıca mahiyyəti olan vətənpərvərlik hissi öndədir... Vətən böyük yurd-yuva, qəliblərə, ölçülərə, məıkanlara sığmayan məmləkətdir. Amma böyük Vətən sevgisi kiçik bir obadan, kənddən başlayır və Zahid Əzizin "Kəndim" şeiri onun Vətən duyğulu şeirləri içərisində xüsusilə seçilir... Zahid Əziz əsasən hecada yazır və deyə bilərik ki, heca şeiri onun poetik ahəngini də müəyyənləşdirir. Şeirlərinin dili heç bir yerdə kələ-kötür deyil, sadədir, anlaşıqlıdır..."

Bu sadəlik, eyni zamanda səmimiyət Z.Əzizin yeni kitabına daxil etdiyi şeirlərin də başlıca məziyyətlərini təşkil edir. Deyək ki, onun "Bu dağdan o yanda" adlı şeiri yurd ağrısının, torpaq itıkisindən irəli gələn kədər hissinin poetik təcəssümü kimi diqqəti çəkir. Eyni zamanda, dərin səmimiyyətlə yadda qalır:

 

Bu dağdan o yanda ulu yurd yeri,

Qaçır ayaqyalın bir dəcəl uşaq.

Bu dağdan o yanda açdım səhəri,

Bu dağdan bu yanda qalmışam oyaq.

...Haçandı gedənim-gələnim yoxdu,

Gözlərim yol çəkir, yollarsa məni.

Bu dağdan o yana mənə qoruqdu,

Çox da ki, gözləyir çölü-çəməni.

 

...Bu dağdan o yana getmərəm daha,

O yana getməyə üzüm qalmayıb.

Əlimi uzatsam çatar Allaha,

Amma deyiləsi sözüm qalmayıb...

 

Bu sətirlər 1990-cı illərin yurd itkisindən doğan ağrının poetik ifadəsidir. İşğal altında qalan tarixi torpaqlarımızın durumu Z.Əzizin lirik gəzişmələrində  belə şəkillənirdi. Millətin doğma yurd uğrunda dönməz savaş açması prosesinə belə poeziya örnəklərinin misilsiz dəstəyi, səfərbərlik missionerliyi vardı. Və bu mücadilə gəlib-gəlib "Azərbaycan, gözün aydın" müjdəsinə dönməz bir yol açırdı. O yolun açılması prosesinə poeziyamız da özünəməxsus dəstəyini verirdi. Nəticə olaraq da həmin günün qürurlu qələbəsi belə qutlanır:

 

Aran sənin, dağ sənindir,

Bağça sənin, bağ sənindir.

Doğma Qarabağ sənindir,

Azərbaycan, gözün aydın.

 

Sonra "Zəfərin mübarək, Ali Baş Komandanım", sonra "Azərbaycan bayrağı", sonra da "Zəfər nəğməsi" yaranırdı. Hər şeir də ümumi zəfərimizin xoş qürurverici xəbəri qarşısına çıxan minnətdarlıq çələngi kimi daxil olurdu poeziya dünyamıza.

Z.Əzizin bütün şeirlərindən ilkinliyə bağlılıq, vəfadarlıq hissi davamlı, qırılmaz xətt kimi keçir. Onun şeirləri hər bir halıyla paklıq və halallıq dünyasının ayrılmaz hissəsi kimi yaddaşa yansıyır.

Həzinlik, ötən xatirələr önündə zərif köksötürmələr Zahidin şeirlərini süsləyən detal və işləmələr kimidir. Onun ən lirik, aşiqanə şeirində belə şit, haradasa, ilk sevgi duyğuları üzərinə kölgə sala biləcək ştrixlər yoxdur. Bütün şeirlərini pak bir əxlaq, ehtiram münasibəti izləyir. Onun sevgi rtirafları bir qayda olaraq yuxu, xəyal, düşüncə pərdəsinin o biri - ilahi tərəfində təcəlli edir:

 

Çoxdandı gəlmirsən yuxularıma,

Sənli yuxuların dadı başqadı.

Ümidlə çırpınan ürəyimizin

Doğması başqadı, yadı başqadı.

 

Uca dağ başında dumansan, çənsən,

Saçlarıma enən vədəsiz dənsən.

Mənim hicranımın ocağı sənsən,

Sənin vüsalının odu başqadı.

 

Cığır həmin cığır, iz həmin izdi,

Yazıb-pozulmaqdan kağızlar bezdi.

Eşqinlə alışan Zahid Əzizdi,

Həyat yoldaşımın adı başqadı.

 

Şifahi xalq ədəbiyyatından, aşıq poeziyasından gələn ənənə onun  yaradıcılığında yaşarı, aparıcı yer tutur. Amma bu yaşarılıq, sadəcə, məlum şeir texnikası, ölçü-biçi qanun-qaydalarına sığınıb qalmır. Zahid heç bir halda ənənəvi şeir formasının hissə, duyğuya yansıtdığı tanış romantik, bir qədər də ritorik qəlib daxilində fikirlərini ifadə etmir; özünün sadə, ləngərli deyim tərzi fikrinin ifadəsini anbaan izləyir:

 

Yazdığın məktublar dönür üstümə,

Qələm xəyallara dalıb, neyləyim?

Bir nakam sevginin vurhavurunda,

Hicran görüşümü alıb, neyləyim?

 

...Suç, günah axtarma, Zahid, baxtında,

Heç kəs oturmayıb qismət taxtında.

Qonşuyla aramın sərin vaxtında

O qız da küsülü qalıb, neyləyim?

 

Yersiz sızıltı, ah-aman yoxdu bu misralarda. Sadəcə, yaşanan arzuolunmaz olayın xəfif şəkillənməsi, təəssüfü var. Həm təskinlik verir, həm də belə bir halla barışmazlığın mümkünsüzlüyünü, daxili qüssə hissini kövrək bir biçimdə izhar etməyindən qalmır.

Görkəmlin alim, ədəbiyyatşünas, aramızdan vaxtsız getmiş qardaşı Buludxan Xəlilovun təbiri ilə desək, "şair olmaq üçün yox, başıma gələnləri, ürəyimin pıçıltılarını bir yüngüllük tapmaq üçün kağıza köçürürəm. Heç zaman şeir yazmaq üçün əlimə qələm almadım. Həmişə qəlbim deyəni yazmışam - ifadələri Zahidin səmimi etiraflarıdır".

Filologiya elmləri doktoru, professor Cavanşir Yusiflinin Z.Əziz yaradıcılığıyla bağlı müşahidələri belədi ki, o, daha çox fəhminin gücünə arxalanaraq yazır, "elə bu intuisiya, bu enerji ilə də didaktikadan, ondan da ziyalı ritorikadan qaça bilir. Zahid "fikir poeziyası" yaratmır. Bu usandırıcı cəbrdən biryolluq uzaqlaşaraq hisslərin, duyğuların şəklini çəkməyə can atır". Məsələn, belə:

 

Çiçək sorağında çiçək əzirik,

Doğmaya qənimik, yada gizirik.

Hərəmiz bir cürə dünya gəzirik,

Dünya başımıza dar ola-ola...

Zahidin poeziyasında həyatın təbii, özünəməxsus axını ilə gözlənilməz, novellavari dəyişmələri içə-içə, harmoniya şəklində bir-birini izləyir. Özü də bütün hallarda uyarlı şəkildə:

 

Gölməçətək soğuluram,

Havam çatmır, boğuluram.

Gündə min yol doğuluram -

Kişi kimi min ölüncə...

 

Onun yaradıcılığının bu maraqlı məqamları barədə Davud Nəsib, Xalq şairi Fikrət Qoca, Nizami Saraclı, Füruzə Məmmədli, Vaqif Yusifli, Məmməd Elli, Xalq şairi Mirvarid Dilbazi, professor Buludxan Xəlilov, Oqtay Rza, professorlar Qara Namazov, Cavanşir Yusifli, eləcə də Eldar İsmayıl və başqaları yetərincə təqdiredici fikirlərini bölüşüblər. Xalq şairi Fikrət Qocanın qeyd etdiyi kimi, Zahid anadilli poeziyamızın qoşma, gəraylı formasında özünü daha yaxşı hiss və ifadə edə bilir: "Oxucu onun şeirlərini oxuyanda əziyyət çəkmir". Və Z.Əzizin poeziyasını lakonik, yığcam şəkildə səciyyələndirməli olsaq əminliklə bu poeziyanı "şükranlıq poeziyası" adlandıra bilərik.

Zahid Əzizin şeirlərində "sazdan gələn bir qəriblik havası, bir həzinlik duyğusu var ki" (Vaqif Yusifli), bu həzinlik və qəriblik duyğusu bir qayda olaraq xalqdan, xalq təfəkküründən gələn şükranlıq duyğusuyla ovunur, təsəlli tapır. "Hiss, qəlb, duyğu və həyat şairi" (Qara Namazov) olan Z.Əzizin poeziya mənzərəsini Oqtay Rzanın fikirləri tamamlayır ki, o, hər şeydən əvvəl vətəndaş şairdir". Onun şeirlərində eldən-obadan yığa-yığa gəldiyi bir həyat fəlsəfəsi vardır" (Cavanşir Yusifli). Bu həyat fəlsəfəsi ilk növbədə xalq təfəkküründən, dünyadan, dünyanın sirri-xuda aləmindən keçib gəlir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!