Müasir Azərbaycan - Heydər Əliyevin əsəridir! - Nigar VƏLİYEVA

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur

 

Nigar VƏLİYEVA

Azərbaycan Dillər Universitetinin ingilis dilinin

leksikologiyası və üslubiyyatı kafedrasının professoru,

filologiya elmləri doktoru

 

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə - 1969-1982 və 1993-2003-cü illərdə respublikamızı inkişaf etdirməklə onu aqrar sənaye ölkəsinə çevirərək ön sıralara çıxarmış, müstəqillik dövründə hüquqi və demokratik dövlət qurmuş, vətənimizin dünya ölkələri sırasında layiqli yer tutmasına nail olmuşdur. Təhsilin, elmin, mədəniyyətin, incəsənətin sürətlə və hərtətərfli inkişafında ümummilli liderin müstəsna rolu və böyük xidməti olmuşdur. Bununla yanaşı müxtəlif sahələrlə bağlı milli kadrların yetişdirməsində Heydər Əliyevin rolu əvəzolunmazdır. Güclü dövlət xadimi və istedadlı siyasətçi olan Heydər Əliyevin təkcə Azərbaycanın keçmiş SSRİ məkanında və dünyada tanınmasında deyil, həm də milli varlığımızın qorunub saxlanmasında tarixi xidmətləri olmuşdur.

Azərbaycan qədim mədəniyyətə, incəsənətə malik olan xalqdır və bu aspektdə ulu öndər Həydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi diqqət və qayğı göstərib. Milli dövlətçilik dəyərlərinin əsasını mədəniyyət təşkil edir və məhz bu kontekstdə mədəniyyəti xalqın böyük sərvəti hesab edən Həydər Əliyev fəaliyətinin bütün dövrlərində mədəniyyətin inkişafını xüsusi olaraq diqqətdə saxlayırdı.Musiqi, teatr, kino sənəti, heykəltaraşlıq, rəssamlıq, xalça sənətinin inkişafında Ümummilli liderimiz Heydər Əliyevin əməyi və dəstəyi olduqca böyükdür.

Hər bir millətin qüruru, ləyaqəti onun mədəniyyəti ilə ölçülür. Xalqın böyüklüyü mədəniyyətin böyüklüyü ilə müəyyən edilir. Mədəniyyətin gələcək inkişafı keçmişin mədəni irs üzərində qurulduğundan asılıdır.

Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədov, 1897-1961) incəsənət mühitində doğulan, böyüyən, formalaşan və daima Heydər Əliyevin qayğısını və diqqətini görən insan kimi deyə bilərəm ki, vətənimizin vokal sənətinə dünya şöhrəti qazandıran, onu dünyaya tanıdan görkəmli ulduzlar sırasında Bülbülün adı haqlı olaraq öndə dayanır. Gənc nəsil üçün məlumat verim ki, Bülbül dünya musiqi sənətinə parlaq səhifələr yazmışdır. O, həyata keçirilməsi mümkün olmayanları belə həyata keçirməyə müvəffəq olub, Şərq və Qərb musiqi mədəniyyətinin qovuşdurulmasına nail olmuşdu. Bülbül elmin və mədəniyyətin müxtəlif sahələrinin inkişafına böyük əmək və qüvvə sərf edib. Bülbül Avropa və rus professional vokal məktəbinin Azərbaycan vokal-ifaçılıq mədəniyyətinin ənənələri ilə qovuşmasının mümkünlüyünü elmi cəhətdən sübuta yetirdi və vokal sənətində inqilab edərək, bu sahədə yeni bir məktəb yaratdı; Zaqafqaziyada ilk Elmi-Tədqiqat Musiqi Kabineti - ETMK-nın təşəbbüskarı və təşkilatçısı idi. ETMK Azərbaycan musiqisinin toplanması, tədqiqi və işlənməsi ilə məşğul olub, Azərbaycan bəsətəkarlarının yaradıcılığının inkişafında çox böyük rol oynadı. ETMK-nın bazasında Azərbaycan EA İncəsənət və Memarlıq İnstitutu yaranmışdır; "Azərbaycan xalq musiqisinin əsasları" və "Azərbaycan dilinin fonetikası" əsərlərinin yaranmasının təşəbbüskarı və bilavasitə iştirakçısıdır; Azərbaycan musiqi folklorunun müntəzəm toplanması və elmi cəhətdən işlənməsinin təşəbbüskarı olaraq, musiqi elminin bu sahəsinin yaranması və gələcək inkişafının əsasını qoydu; musiqi xəzinəsini bəzəyən və bütün dünyanın konsert salonlarını zəfərlə dolaşan simfonik muğamların yaranmasının təşəbbüskarı və bilavasitə iştirakçısıdır; aşıq yaradıcılığına dair şifahi materialların - xalq nağılları, əfsanə, dastan, qəzəllərin, aşıq musiqi yaradıcılığının 250 çap vərəqi həcmində toplanması üçün briqadaların təşkil edilməsinin təşkilatçısıdır; 1938-1961-ci illərdə keçirilmiş aşıqlar qurultaylarının təşəbbüskarıdır; 500 (beş yüz) adda Azərbaycan xalq mahnı və rəqslərindən ibarət məcmuələrin tərtibçisi və redaktorudur; Azərbaycanda not nəşriyyatlarının təşkilinin təşəbbüskarıdır; parlaq istedadların üzə çıxarılması üçün ilk musiqi olimpiadasının keçirilməsinin təşəbbüskarıdır; səsyazma kabinetinin, opera studiyasının, solo ifaçılıq xüsusi sinfinin təşkilatçısıdır; 1940-ci ildə Moskvada çağırılmış Ümumittifaq vokal konfransında "Vokal kafedrasında elmi-tədqiqat və elmi-metodiki iş aparmağın zəruriliyi, milli müğənnilərin hazırlanması, bütün qardaş respublikalarda Ümumittifaq Teatr Cəmiyyəti şöbələrinin təşkili, SSRİ xalqları yaradıcılığının öyrənilməsi üzrə Mərkəzi İnstitutun yaradılması" təklifini irəli sürüb; təşəbbüsü ilə 1941-ci ilin martında Ümumittifaq vokal konfransı çağırıldı; 1957-ci ildə keçirilən VI Ümumittifaq Moskva festivalında Şərq xalqlarının klassik oxuma müsabiqəsinin münsiflər heyətinə sədrlik edərək, Moskvanın rəhbər orqanları qarşısında "alimləri, müğənniləri, pianoçuları, skripka və violançel çalanları həm pedaqoq, həm də konsert ifaçılarını birləşdirmək üçün İncəsənət Akademiyası yaratmaq" zəruriliyi barədə məsələ qaldırdı. Bu barədə 1957-ci ildə "Sovetskaya muzıka" jurnalında da məlumat mövcuddur. Bülbül Vətənə, xalqa, onun yüksək sənətinə fədakarlıqla xidmət etməyin nümunəsidir. Bülbülün heyrətamiz, miqyaslı, çoxcəhətli fəaliyyəti böyük əhəmiyyət və dəyər kəsb etdiyinə görə ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Bakıda 1976-cı ildə Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, professor, ictimai xadim Bülbülün Memorial Muzeyi yaradılmışdır. Bülbülün Memorial Muzeyi ölkəmizdə vokalçı üçün yaradılan ilk muzeydir. Bu gün muzeydə 8000-dən artıq - Bülbülün yaradıcılığı, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyəti haqqında materiallar və sənədlərin əsli toplanıb. Bu qeyri-adi, hərtərəfli fəaliyyət Azərbaycan musiqi mədəniyyətimizin bütün cəhətlərinə toxunur.

1982-cı ildə Ümummilli liderimiz Heydər Əliyevin göstərişi ilə Şuşada Bülbülün ev-muzeyi açılmışdır. 1997-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin Sərəncamı ilə Azərbaycan professional vokal sənətinin banisi, görkəmli müğənni və pedaqoq, professor Bülbülün 100-illik yubileyi və Bülbül adına Birinci Beynəlxalq Müsabiqəsinin keçirilib. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bülbülün 110-illik yubileyi münasibətilə dövlət tədbirlər planı hazırlanmış və həyata keçirilmişdir. 2012-ci il oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bakıda, Bülbül prospektində Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı, professor, ictimai xadim Bülbülün abidəsinin açılışı oldu. Bu Ümummilli liderimiz Heydər Əliyevin Bülbülün əziz xatirəsinə göstərdiyi xalq tərəfindən görünən (çoxlu sayda görünməyən də var) diqqət və qayğısının bəzi faktlarıdır.

Şübhəsiz ki, Azərbaycan incəsənəti tək Bülbülün yaradıcılığından ibarət deyil. Ulu öndər Heydər Əliyev incəsənət xadimlərinin hamısına diqqət və qayğı göstərib. Məsələn, Rəşid Behbudov, Sara Qədimova, Şövkət Məmmədova, Lütfiyar İmanov, Şövkət Ələkbərova, Mirzə Babayev, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Canəli Əkbərov, İslam Rzayev, Seyid Şuşinski, Leyla Şəripova, Niyazi, Rauf Atakişiyev, Vasif Adığözəlov, Arif Babayev, Alim Qasımov, Fidan və Xuraman Qasımovalar, Tofiq Quliyev, Səkinə İsmayılova, İlhamə Quliyeva, Azər Zeynalov, Vaqif və Əzizə Mustafazadə və başqa sənətkarların adlarını çəkmək olar.

Ulu öndər Heydər Əliyev Səməd Vurğunun 90-illik yubileyində qeyd edib ki, "Səməd Vurğun həddindən çox şerlər, poemalar yazıbdır. Eyni zamanda o böyük alim, filosof idi. Səməd Vurğun Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən, yaradıcılarından biridir. Səməd Vurğun, sadəcə akademik seçilmiş bir adam deyil. Səməd Vurğun və məhz onu kimi Üzeyir Hacıbəyov, Heydər Hüseynov, Yusif Məmmədəliyev, Mustafabəy Topçubaşov, Mirzə İbrahimov və başqa belə insanların təşəbbüsü nəticəsində 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaranıb. Bu böyük tarixi hadisədir".

Xalq yazıçısı Səməd Vurğundan başqa Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Mir Cəlal Paşayev, Süleyman Rüstəm, Rəsul Rza, Nigar Rəfibeyli və s. Azərbaycan görkəmli yazıçıların və şairlərin əziz xatirələrini əbədiləşdirib.

Ulu öndər Heydər Əliyev mədəniyyət və incəsənət sahəsində təkcə müğənni və bəstəkar, yazıçı və şairləri deyil, həm də rəssam və heykəltəraşları da xüsusi diqqət mərkəzində saxlayırdı. Məsələn, Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Davud Kazımov, Elbəy Rzaquliyev, Xalidə Səfərova, Ağaəli İbrahimov, Altay Hacıyev, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Sakit Məmmədov, Arif Hüseynov, Fərhad Xəlilov, Lətif Kərimov (xalçaçı rəssam), Kamil Əliyev (xalçaçı rəssam), heykəltəraşlar: Cəlal Qaryağdı, Fuad Salayev, Pinxos Sabsay, Tokay Məmmədov, İbrahim Zeynalov, Rasim Əliyev, Ömər Eldarov, Salxab Məmmədov. 

Ümummilli liderimiz Heydər Əliyev təkcə Azərbaycan Xalq rəssamı, iki dəfə Dövlət Mükafatı Laureatı, heykəltəraş, professor İbrahim Zeynalovun əsərləri ilə tanış olmaq üçün emalatxanasına üç dəfə gəlib. İbrahim Zeynalovun yaratdığı bütün monumental əsərlərinin açılışlarına şəxsən ulu öndər iştirak və unudulmaz çıxışlar edib. Məsələn, Naxçıvanda Əcəmi Naxçıvani (1976), Maştağada Məmməd Məmmədyarovun abidəsi (1977), Bakıda el arasında "Torqovaya" adlanan, lakin əsl adı Nizami küçəsində yerləşən Seyid Əli İmadəddin Nəsiminin abidəsi (1978), Bakıda Karl Marks (1980), Bakıda Nizami Gəncəvinin heykəli (1993), Hacı Zeynalabdin Tağıyevin heykəli (1994). Heykəltəraş professor İbrahim Zeynalovun bir sıra əsərləri ilə tanınır, misal üçün Mirzə Fətəli Axundov (1963), Bakıda ən sevimli yerlərdən biri sayılan 26-ların Memorial kompleksi (1968), Səməd Vurğun (1970), Məmməd Səid Ordubadi (1973), Üzeyir Hacıbəyov (1976), Müslüm Maqomayev (1977), Nəbi Xəzri (1979), Rəşid Behbudov (1986), M.A.Useynov (1989), Şamaxıda Mirzə Ələkbər Sabirin heykəli (1989), Xətai rayonunda yerləşən Şah İsmayıl Xətainin abidəsi (1990), Habil Əliyev (1990), Mücirəddin Beyləqaninin abidəsi (1991), İsmayıl bəy Qudkaşınlı (1992).

Sadaladığımız və sadalamadığımız tarixi faktlar ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan incəsənətinə və mədəniyyətinə göstərdiyi diqqət və qayğısının az bir hissəsidir. Bu dünyaya kimlər gəldi, kimlər getdi. Gedənlər böyük rəhmət qazanaraq getdi, qalanlar xoş arzular diləyi ilə yaşayır, ölməzlər isə, ölməzlik zirvəsində qaldı. Unutmamalıyıq ki, bugünkü suveren müasir Azərbaycan - Heydər Əliyevin əsəridir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!