Dəmir qapı Dərbənd - Mahir N.Qarayevin şeiri

 

 

Bu qarşı dağ Savalandı -

baxdım, könlüm havalandı;

nə yaram qaysaq bağlayan,

nə dərdlərim sağalandı...

 

Hər nəyim var hədər mənim,

bu kəmfürsət qədər mənim -

ilimə bir sevinc düşür,

            günümə yüz kədər mənim!

 

Bəlkə yüz deyil, əllidi,

əlli də yüzə bəllidi;

dəmir qapı Dərbənddi bu,

billah, bu da təsəllidi...

 

Bu evin içi bayırdı,

sərxoşdum, içib ayıldım -

beş sayıbsa fələk sayıb,

            mən hələ üçü sayırdım!

 

Nə fərqi nə saymağının,

sayı üçdü barmağımın;

sayını gerçək bilirəm

ömürdən nə qalmağının...

 

Bu dənizin hənirtisi,

gəmisinin göyərtəsi -

ya götürər bu gün məni,

            ya gələn günün ertəsi!

 

Bu daş qala Əlincədi,

daşları əlcə-əlcədi;

əcəl məni girləməsin,

mənimki də ölüncədi...

 

Ölüncə bayırdı yerim,

çöldəyəm, çayırdı yerim -

dəmir qapı Dərbənddi bu,

            daş qapı Bayıldı yerim!

 

Titrədi, tərpəndi qatar,

adladı Dərbəndi qatar;

öldür, Allah, öldür məni,

ya da qurtar... qurtar... qurtar...

 

Bu qarşı dağ Savalandı,

baxdım, könlüm havalandı -

dəmir qapı Dərbənddi bu,

            qalan qapılar yalandı!..


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!