Yazın sehrli nəfəsinin təzəcə çəkilib getdiyi, hər tərəfin gül-çiçək ətrinə büründüyü bir vaxtda gəlimli-gedimli, ölümlü-qalımlı dünyaya bir qız uşağı da qədəm basdı. Kənardan baxan üçün elə görünürdü ki, həmin gün adlı-sanlı, yetərincə şöhrətli bir ailədə doğulmuş bu uşağın çiynində xoşbəxtlik mələkləri durmadan qanad çalır, çiyin-çiyinə verib halay çəkir. Axı bu qızın doğulduğu ailə adi ailə deyildi. Babası Ələkbər bəy dövrünün ən adlı-sanlı, maarifçi ziyalılarından hesab olunurdu. O, Gəncə şəhər dumasının üzvü və "Difai" partiyasının yaradıcılarından biri idi.
Atası Xudadat bəy Rəfibəyli isə Azərbaycanın ilk ali təhsilli cərrahıydı. Xarkovda ali təhsilini başa vurub öz doğma şəhəri Gəncəyə qayıtmışdı. Gəncənin ictimai-siyasi həyatında xüsusi rolu olan bir ziyalı kimi Xudadat bəyin şöhrəti ölkənin hüdudlarından xeyli kənara yayılmışdı. O, ictimai-siyasi xadim Həsən bəy Ağayevlə birlikdə Azərbaycanda ilk səhiyyə sağlamlıq cəmiyyəti olan Gəncə Tibb Cəmiyyətini, Gəncədə açılan Aktyorlar Cəmiyyətini yaratmış, 1919-cu ildə Azərbaycan hökuməti tərəfindən Gəncə Quberniyasının general qubernatoru vəzifəsinə təyin edilmişdi. Beləcə, yenicə doğulmuş, ailəyə böyük sevinc, fərəh gətirmiş bu qıza kənardan bəxtəvərlik vermək olduqca real və ağlabatan görünürdü. Elə ailədə çox sevdikləri üçün ona həyatdan nakam getmiş bibisi Suğranın adını vermişdilər. Ancaq çox olub ki, dünyasını dəyişmiş əzizlərinin adını övladına qoyan valideynlər sonradan bunun əziyyətini də çəkiblər. Bu balaca qıza verilmiş adın səslənməsi də ailədə tez-tez həyəcan yaradırdı. Kimin ağlına gələrdi ki, adı çəkilərkən hər kəsin ürəyi əsən, könlümüzə yaxın olduğu qədər də o dövr üçün uzaq və əlçatmaz olan doğma Türkiyənin bir şair qızının adı balaca Suğraya doğru uçacaq, nağıllarda deyildiyi kimi, iynə yarım yol gələcək və öz sahibini tapacaqdı. Bu, o günlər idi ki, dövrünün ziyalı, savadlı qadını olan Cavahir xanım Osmanlı Türkiyəsində yaşayan Nigar bint Osman adlı türk şairinin "Əfsus" adlı şeir kitabını dönə-dönə oxuyur, onun tilsimindən heç cür çıxa bilmirdi. Kitabdakı şeirləri təkrar oxuyan Cavahir xanımın ürəyində birdən-birə bir arzu baş qaldırmışdı: qızı Suğranın adını dəyişib Nigar qoymaq. Kim bilir, bəlkə onun qızı da gələcəkdə belə gözəl şeirlər yazacaq, kitabları əldən-əldən gəzəcəkdi. Beləcə, şeir kitabını əlində tutub xəyallar quran, öz-özünə xoşbəxtcəsinə gülümsünən ana birdən sanki yuxudan ayılır. Bəs ailədə bu addəyişmək məsələsini necə dilə gətirmək, onları necə başa salmaq lazımdır ki, düzgün anlaşılsın? Və bir gün Cavahir xanım cəsarətini toplayıb qayınatasına yaxınlaşır:
- Bəlkə bu qızın adını dəyişib Nigar qoyaq? Onsuz da Suğra deməyə dilimiz gəlmir, hər dəfə adı çəkiləndə kövrəlirik...
Cavahir xanımın qayınatası Ələkbər bəy dünyagörmüş ziyalı idi və gəlininin fikriylə razılaşır. Beləliklə də bu balaca qıza Osmanlı dövlətinin şöhrəti dildən-dilə düşən, istedadlı və kübar, bir neçə dil bilən, yüksək sənətlərə sahib olan şair qızı Nigarın adı verilir. Gələcəkdə isə Cavahir xanımın xəyal etdiyi kimi, öz şeirləri ilə ürəkləri ovsunlayan, kitabları əldən-ələ gəzən qızı Nigarın da taleyi adını daşıdığı Nigar bint Osmanın taleyi kimi keşməkeşli olacaqdı.
Sovet imperiyasının zülmlərinə, təqiblərinə, amansız repressiyasına tuş gələn Nigar xanım Rəfibəyli ilə, dövründəki cəhalətin, despot adət-ənənələrin, mürtəce köhnəlik qəliblərinin zülmlərinə tuş gələn, 12 yaşda ərə verilən Nigar bint Osmanın həyat hekayələri müxtəlif zaman və məkanlarda yazılsa da xeyli oxşardır.
Nigar xanım Rəfibəylinin hələ 7 yaşı olarkən birdən-birə bütün işıqlı günlərinə, o zamankı xoşbəxt taleyinə qəflətən qara bir xətt çəkilir. 1920-ci ildə 28 aprel bolşevik çevrilişindən sonra mayın 12-də atası Xudadat bəy həbs olunur. Millətimizə bacardığı qədər qənim kəsilməyə çalışan ermənilərin canfəşanlığı sayəsində öz xalqının maariflənməsi, müstəqilliyi uğrunda gecə-gündüz mübarizə aparan, ömrünü şam kimi əridən Xudadat bəy Gəncə üsyanının təşkilində təqsirləndirilərək güllələnmə hökmünə məhkum olunur. O zaman qara kabus kimi qapı-qapı gəzən şər-böhtan kompaniyası bu ailədən də kənarda qalmır. Bundan sonra ailə pərən-pərən düşür və 7 yaşlı qız irəlidəki həyatın ən çətin sınaqlarıyla üzbəüz qalır. Haqsız tənqidlər, hədə-qorxular, xalq düşməninin qızı kimi vurulan tənələr, çətin həyat şəraiti Nigar Rəfibəylini anbaan izləyir. Dövrün amansız təqiblərindən xilas olmaq üçün iki qardaşı vətəndən didərgin düşən, anası ilə birlikdə Gəncəni tərk edərək Bakıya sığınan bir gənc qız üçün bu olduqca çətin dönəm idi. Bütün bunlara baxmayaraq, Nigar xanım öz təmkinini, nikbin xarakterini, iradəsini qoruyub saxlayır, öz işinə, yaradıcılığına inamla davam edir. Heç bir sıxıntı, qadağa, qorxu onun yaratmaq eşqiylə dolu duyğulu ürəyini sözün sehrindən, cazibəsindən aralı sala bilmir.
Sovet quruluşunun iti caynaqları, totalitar rejimin məngənəsi Nigar Rəfibəylini nə qədər sıxırsa, öz dövrünün cəhalət, şəriət, mental qəlibləri də adını daşıdığı Nigar bint Osmanı eləcə sıxmışdı.
Əslində, kənardan baxanda Nigar bint Osman da qibtə ediləcək qədər xoşbəxt görünürdü. Macar əsilli Osman paşanın və Nuru bəyin qızı Əminə Rıfatın ailəsində göz açan Nigar xanım tənzimatdan sonrakı türk poeziyasının ən görkəmli isimlərindən hesab olunur, Türkiyənin yüksək təbəqəyə məxsus, ziyalı, şair, nasir, ilk ssenarist qadını kimi şöhrət qazanmışdı. Lakin kübar ailədə doğulan, dövrünə görə ən yaxşı təhsil ocağı sayılan Kadıköy məktəbində italyan, fransız, rum dillərini, eləcə də musiqi, rəsm dərslərini öyrənən Nigar bint Osman da göründüyündən fərqli olaraq qibtə ediləcək həyat yaşaya, öz xoşbəxt görüntüsünü doğrulda bilmir. Erkən yaşında ikən incə ruhlu, ürəyində yazmaq-yaratmaq eşqi gəzdirən Nigar ər evinə köçməli olur. İçki düşkünü, gecə həyatının aludəçisi olan əri İhsan bəy ona olmazın işgəncələr verir, bacardığı qədər əzməyə çalışırdı. Övladlarının xətrinə ailədəki bütün əziyyətlərə qatlaşan Nigar bint Osman ağır məhrumiyyətlər içərisində yaşasa da, öz yaradıcılığını da davam etdirir, öz şeirləri ilə ürəkləri fəth edir, yanan ürəklərə su səpirdi.
Bəli, taleyin amansız oyunu, cəmiyyətin, dövrün müdaxiləsi hər iki Nigarın həyatının erkən bir dövründə öz xoşagəlməz izini buraxmışdı. Lakin onların taleyindəki böyük fərq burasında idi ki, Nigar Rəfibəyli qadın kimi daha xoşbəxt idi. O, həyatda öz istədiyi, sevdiyi insanı tapmışdı. İstedadlı, erudisiyalı, yüksək insani keyfiyyətləri ilə seçilən şair Rəsul Rza onu ürəkdən sevirdi. Bir-birinə ən ülvi hisslərlə bağlanmış bu iki insan, sözün əsl mənasında, bir-birinin yarı idi. Görünür, tale bu tərəfdən ondan öz səxavətini əsirgəməmiş, necə deyərlər, aldıqlarını verdikləri ilə tarazlamışdı.
Nigar Rəfibəyli öz nikbinliyini, əyilməz iradəsini incə lirizmi ilə fərqlənən şeirlərində də əks etdirir. Onun şeirləri insanı yaşamağa, yaratmağa səsləyir. Nigar bint Osman şeirlərində nə qədər şəxsi taleyinə, qarşılığını ala bilmədiyi sevgisinə, cəmiyyətin geridə qalmış xurafatına qarşı üsyan vardırsa, Nigar Rəfibəylinin şeirlərində bir o qədər işıqlı sabaha inam və sevgi, günəş işığına, çiçəklərin ətrinə bürünmüş bir dünyanın sakini olmaq arzusu özünü biruzə verir.
Günəşdən gənclik istədim
Dənizdən çoşğun həvəs.
Meşədən dinclik istədim
Küləkdən ilıq nəfəs.
Güllərdən ətir istədim
Quşlardan iti qanad.
Yarpaqdan çətir istədim
Ömürdən coşğun həyat.
Dağdan əzəmət istədim
İnsanlardan məhəbbət.
Nə istədim, nə istədim
Verdi mənə təbiət.
Nigar Rəfibəyli şeirlərində oxucunu təsirləndirmək üçün qəmə, kədərə "qonaq etmir". Onun şeirləri bulaq suyu kimi təmizdir, safdır, yenicə doğulmuş körpə kimi məsumdur. Azərbaycan poeziyasında bu qədər saf, xoş ovqat yaradan, incə ruhlu şairə rast gəlinmir. Bu şeirləri oxuyarkən adama elə gəlir ki, səhər yenicə açılıb, günəş doğur, bütün pisliklər, xəbisliklər yox olur, insanlar xoşbəxtlik üçün tələsir...
Maraqlıdır ki, bu zərif qəlbin sahibi incə lirizmlə yanaşı, baş verən haqsızlığa qarşı qəzəbini, hayqırışını da qələmə ala bilib, ictimai mövzulu şeirlər də yazıb. Onun "Dolores İbarruri" şeiri - ispan xalqının faşizmə qarşı olan mübarizəsinə, "Cəmilə" şeiri Əlcəzair xalqının milli-azadlıq mübarizəsinə, haqq səsinə həsr olunmuşdur. Bu şeirlərdə artıq zərif, incə ruh dəmir iradəyə, cəsarətə, çağırışa çevrilir.
Nigar bint Osmanın şeirlərində Nigar Rəfibəyli şeirinin nikbinliyini görmək olmasa da, bu şeirlər də səmimiyyətdən yoğrulub. Dərin lirizmlə ifadə olunan bu səmimiyyət isə ilk misradan oxucunu inandırır və öz təsirinə sala bilir. Təsadüfi deyil ki, Məhmət Fuad Körpülü Nigar bint Osmanı şair kimi çox yüksək dəyərləndirirdi:
"Əsərlərinin mükəmməlliyi, şeirlərindəki qadın hisslərinin səmimi əks etdirilməsi, hər tərəfə yayılan şöhrəti ilə heç bir mübaliğəsiz demək olar ki, Nigar bint Osman indiyə qədər tanıdığm türk şairlərinin ən qüdrətlisidir".
Əslində, kənardan baxılanda Nigar bint Osman da çox xoşbəxt görünürdü. Şöhrəti Avropaya yayılan, getdiyi ölkələrdə krallara, kraliçalara təqdim edilən, ölkə səfirləri tərəfindən qarşılanıb yola salınan, Sultan Mehmet Rəşad, rumın kraliçası Elizabet, İsveç kralı Qustav kimi məşhur adamlarla tanışlığı olan Nigar bint Osman daxilən xoşbəxt deyildi. Baxmayaraq ki, gününü saray adamlarıyla keçirir, cəmiyyətin ən nüfuzlu qonaqlarını qəbul edirdi, amma yenə də xoşbəxtlik üçün nə isə çatışmırdı. Bu çatışmayanın adı qadın xoşbəxtliyi idi. Əbəs yerə deməmişlər ki, Şərq qadını daha çox ailəsində xoşbəxt ola bilir. Axı fransız, rumın və alman dillərini mükəmməl bilən, yaradıcılığı və gözəlliyi ilə məşhur olan Nigar bint Osman düşüncə, dünyagörüşü və zövqü ilə Qərbə nə qədər yaxın olsa da, qəlbən, ruhən şərqli idi. Buna görə də onun ən həssas nöqtəsi ailəsi idi və ən böyük acıları ailəsiylə bağlı idi. Sevgisinə layiq olmayan, bütün həyatını qaraldan ərindən ayrıldıqdan sonra uşaqlarını götürüb ata evinə qayıdan Nigar xanımın ailəsi ard-arda fəlakətlərə düçar olur. Qızının bəxtsiz taleyinə biganə qala bilməyən atası dözməyib infarkt keçirir və bir müddət sonra bütün günü Nigara dualar edən anası həyatdan köçür. Ata-anasının ölümü həssas qəlbli Nigar xanımda böyük ruh düşkünlüyü yaradır. Buna görə də şeirləri ağrı və nisgillə, fəryadla doludur.
Əfsus ki, məni qəmdən azad edəcək yox
Viranə dili bir daha azad edəcək yox.
Təsiri məhəbbətlə yıxılmış, gözəl amma
Viranə dili bir daha abad edəcək yox.
Kəs varsa əlaqən mənə ey taleyi- dunum
Sən var ikən aləmdə məni yad edəcək yox.
Haqq ilə bilir zar könül aləmi eşqi
Mahirdir o fəndə onu ustad edəcək yox.
Yarəb nə üçün zari-Nigari bu cahanda
Naşad edəcək çoxsa da, şad edəcək yox.
Bu şeirdə taleyin amansız zərbələrindən inləyən bir zərif qəlbin fəryadı açıq-aydın duyulur.
İllər sonra vətəndən didərgin düşmüş qardaşının görüşünə gedən Nigar xanım Rəfibəyli yolunu Nigar bint Osman küçəsindən salır. Bəlkə bu da bir təsadüfdür, yaxud taleyin mistik oyunudur, kim bilir... Nigar xanım yanındakı qohumuna zarafatla: "Bax, görürsünüzmü, adıma küçə də salınıb" - deyir. Zaman keçir və həqiqətən də Bakının ən məşhur küçələrindən birinə onun adı verilir.
İki şair, iki tale... Onları zaman və məkan ayırsa da, bir-birinin üzünü heç vaxt görməsələr də, müəyyən məqamlarda çarpazlaşan, müəyyən məqamlarda isə kəskin şəkildə fərqlənən taleləri durmadan şair talelərinə yol açıb. Belə bir deyim var ki, hər bir yaradıcı insan öz hekayəsinin qəhrəmanıdır. Və onların tarixdə iz qoyan, əbədiləşən şair taleləri çox oxşardır.
Bu iki qüdrətli şairin yaradıcılığına nəzər salarkən isə adama elə gəlir ki, onların arasından heç illər də keçməyib, arada heç məkan da olmayıb. Əsl sənətin zamanı, məkanı olmur axı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!