Qasım Qasımzadə-100: Poeziyanın və elmi fikrin ön cərgəsində - Rafiq Yusifoğlu yazır

 

Rafiq Yusifoğlu

Filologiya elmləri doktoru, professor

Bu il görkəmli Azərbaycan şairi, ədəbiyyatşünas, publisist, tərcüməçi Qasım Qasımzadənin (1923-1993)  anadan olmasının 100 illiyi tamam olur. Qasım müəllim bütün həyatını, ömrünü ədəbiyyata, onun yeni, bənzərsiz nümunələrinin yaranmasına, tədqiqinə, təbliğinə, nəşrinə həsr edən bir qələm, düşüncə sahibi olmuşdur.  Özündən sonra onun "Bizim şəhər" (1951),  "Bizim kənd" (1953), "Bizim dağlar" (1955), "Ürək döyüntüləri" (1959), "Son görüş" (1960), "Kiçik dayə" (1962), "Nəğməli ürəklər" (1963), "Bənövşə yarpağı" (1964), "İsmət" (1966), "İnsan min il yaşardı" (1973), "Keçmə namərd körpüsündən" (1975), "Dağlar buraxmır məni" (1978), "Daşdan keçən söz" (1981), "Səndən ayrılalı" (1985), "Şəfa çantası" (1986) adlı şeir, "Aşıq gördüyünü çağırar" (1969), "Getdim, gördüm, düşündüm" (1971), "Ədəbiyyatımız, mənəviyyatımız" (1988) adlı şeir kitabları yadigar qalmışdır.

Uzun illər "Ədəbiyyat və incəsənət" qəzetində redaktor, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri vəzifəsində çalışan Qasım Qasımzadə həm də cəsarətli bir naşir, bənzərsiz, analitik təfəkkürə malik tədqiqatçı və publisist  kimi də tanınır və sevilirdi. O, filologiya elmləri doktoru, Dövlət mükafatı laureatı idi. "Nikolay Ostrovski" (1955), "Azərbaycan ədəbiyyatında xalqlar dostluğu" (1956), "Süleyman Rəhimov" (1960), "Ədəbiyyatda millilik və beynəlmiləllik" (1982) kimi sanballı monoqrafiyalarının müəllifi idi. Qasım Qasımzadənin sözlərinə bəstələnmiş  "Olmaz, olmaz", "Könlümün növrağı", "Qonşu olmaq istəmirəm səninlə" və s. mahnılar indi də dillər əzbəridir. Əsərləri bir sıra dillərə tərcümə olunub.

Özündən sonra zəngin ədəbi irs qoyub gedən Qasım Qasımzadəni bütün ömrü, yaradıcılığı boyu xalqımızın azadlığı, müstəqilliyi məsələsi düşündürmüşdür. O, heç zaman vətənin taleyinə biganə qalmamış, simvolik obrazlarla olsa da, Azərbaycanımızın işıqlı gələcəyini, ikiyə bölünmüş xalqın birləşməsini təsvir etməkdən çəkinməmişdir. O, həmişə öz məsləki, amalı uğrunda mübarizə aparmış, şərəfli bir ömür və yaradıcılıq yolu keçmişdir. Şairin bu misralarını onun yaradıcılıq leytmotivi hesab etmək olar:

 

Məsləkim yolunda gəlsəm üz-üzə,

Məndən əfv ummasın doğma qardaşım.

Hər yerdə, həmişə haqq gəzə-gəzə

Ağ gün yollarında ağardı başım.

Təzə arzuluyam, qocaltmaz zaman

Yüzə yetişsəm də bu minval ilə.

Güclüyəm - millətim ümmandır, ümman,

Artır, həmrəy olur o, ildən-ilə.

Mən də o ümmanın bir qətrəsiyəm,

Bir gün buxarlanıb qalxsam göylərə,

Yenə damla olub düşəndə yerə

Bir əməl çiçəyi bitirəsiyəm,

Xalqıma töhfə tək yetirəsiyəm.

 

Ədəbiyyatşünas alim Səfurə Quliyeva Qasım Qasımzadəyə həsr etdiyi "Ot kök üstə bitər" məqaləsində Qasım Qasımzadənin şəxsiyyətindən, onun vətənpərvərliyindən məhəbbətlə söhbət açır və maraqlı bir faktı oxucuların diqqətinə çatdıraraq yazır: "1950-ci illərdə Qasım Qasımzadə ilə Bəxtiyar Vahabzadə yaxın dost idilər. Bir dəfə onlar axşam gəzintisinə çıxmışdılar. Bir çox şeirlərini kitabdan çıxarıb sovet ideologiyasına cavab vermədiyi üçün nəşrinə qadağa qoyan Qlavlit rejimindən gileylənir, haqsız məruz qaldıqları töhmət və xəbərdarlıqlardan xeyli qanıqara idilər. Həmçinin ikiyə bölünmüş Azərbaycanın taleyi ilə bağlı yanğılarını bölüşürdülər. Bəxtiyar papiros çıxarır. Alışqanı götürmədiyi üçün daha da əsəbiləşir. Bəxtiyarın bədbinliyinin əksinə olaraq Qasım deyir ki, bu millət mütləq xoşbəxt olacaq. Həmin anda yerdə bir kibrit qutusu görürlər. Bəxtiyar deyir ki, əgər qutunun içində bircə yanmamış çöp qalıbsa, demək sən deyən kimi olacaq. Qasım qutunu yerdən götürüb açır. Hər ikisi uşaq kimi sevinib bərkdən gülüşürlər. Qutu ağzına kimi yanmamış çöplə dolu idi. Bəxtiyar həmin qutunu böyük duyğuların nə vaxtsa alışacaq simvolik qığılcımı kimi indiyədək qoruyub saxlayır".

Bu maraqlı fakt hələ yaradıcılığa başladıqları ilk illərdə bu iki şairi - Qasım Qasımzadəni və Bəxtiyar Vahabzadəni düşündürən problemlərin nədən ibarət olduğunu anlamaq baxımından maraq doğuran detaldır.

Qasım Qasımzadəni hələ ilk gənclik illərindən vətənin taleyi, onun müstəqilliyi, azadlığı problemləri düşündürmüşdür. "Xalq düşməni" ittihamı ilə sürgün edilən Hüseyn Cavidin pyeslərindən "Nə eşq olaydı, nə aşiq", "Yaş zindanlar yuvamız" və s. bu kimi parçaları öz dəftərinə köçürüb saxlaması, türk şairlərindən Ə.Hamidə, T.Fikrətə və başqalarına məxsus şeirləri dəftərinə köçürüb əzbərləyəndə gənc Qasım Qasımzadə öz həyatını riskə qoyurdu. Türk şöbəsində oxuyarkən Qasım osmanlı ləhcəsində yazdığı bir şeiri öz müəlliminə oxuyur. "Marş irəli, ey türk əsgəri!" misraları ilə bitən bu bədii parçanı dinləyən müəlliminin ona "başını bəlaya salma, yazıqsan!" - deməsi də təsadüfi deyildi. Lakin heç nə Qasım Qasımzadəni öz yolundan döndərmir. "Ədəbiyyat və incəsənət" qəzetinin redaktoru olduğu vaxtlarda sətiraltı mənalar ifadə edən, xalqın, bütöv Azərbaycanın taleyini bu və ya digər şəkildə özündə əks etdirən yazıları çap etməkdən qətiyyən qorxmayan Qasım Qasımzadə təqiblərə məruz qalır. Xəlil Rzanın məşhur "Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram, istəyirəm qolumdakı zəncirləri qıram, qıram" misraları olan şeiri Qasım Qasımzadə "Afrikanın səsi" adı altında çap etmişdi. Rəsul Rzanın "Qızılgül olmayaydı" poemasını da Qasım Qasımzadə qorxmadan, riskə gedərək "Ədəbiyyat və incəsənət" qəzetində çap eləməkdən çəkinməmişdi.

"Ədəbiyyat qəzeti"nin 4 oktyabr 1991-ci il tarixli nömrəsində Qasım Qasımzadə ilə "Hamı öz mövqeyini açıq bildirməlidir" sərlövhəsi altında verilən müsahibədə şairin söylədiyi sözlər o dövrün çətinliklərini başa düşmək baxımından maraqlıdır. Müxbirin sualına cavab verən şair deyir: "...Mən də əlimə qələm götürən məqamda gözümün qarşısında həmişə Qlavlitin, DTK-nın məşum fiquru boyaboy dayanıb. Ürəyimdə tutduqlarımı sətiraltı, rəmzi obrazlarda, ifadələrdə çatdırmağa çalışmışam. O zamanlar cürətli sayıla biləcək cüzi addımıma görə isə Azərbaycan KP MK-nın töhmətindən başlamış işdən götürülməyə qədər cəza payına layiq görülmüşəm. "Ədəbiyyat qəzeti"ndə baş redaktor işləyəndə "Novruz bayramı" sərlövhəsinə görə, Dərbənddə açılmasına icazə verilən Azərbaycan dilində teatra kömək məqsədilə material dərc etdiyimizə görə Mərkəzi Komitədə bizə vurulan "dini, milli həddini aşmaq" damğası, Xəlil Rzanın bir qədər üsyankar şeirləri üstündə töhmət aldığım, nəhayət, vəzifədən xaric edildiyim ədəbi ictimaiyyətin müəyyən qisminə məlumdur. Onda da, indinin özündə də bu cəzaları mükafat kimi qarşılamışam.

...İndiki günləri görəndə Allaha min dəfə şükür edirəm ki, ölmədim, imperiyanın süquta getdiyinin şahidi oldum. Bu mənada biz nəslin məncə, qazancı itkilərindən daha böyükdür, əvəzsizdir".

O dövrdə yaşayıb-yaradan şairlərin demək olar ki, hamısının partiyaya, Leninə, sosialist vətəninin tərənnümünə həsr olunmuş şeirləri az deyildir. Lakin Qasım Qasımzadə elə şairlərdən olmuşdur ki, ustalıqla bu mövzudan qaçmış, Azərbaycan torpağının gözəlliklərini əks etdirməyə daha çox üstünlük vermişdir. O, gənc qələm sahiblərinə də həmişə üstüörtülü şəkildə məsləhət vermişdir ki, ürəkləri istəməyən mövzulara müraciət etməsinlər.

İstiqlal şairimiz Xəlil Rza Qasım Qasımzadə haqqında belə yazır: "Biz Qasım Qasımzadəni həmişə ön səngərdə görmüşük, Azərbaycan poeziyasının, ictimai fikrinin, elmi fikrinin ön axarında görmüşük, hücumçu görmüşük. Onun qəzəbində bir təmkin yaşayır, təmkinində qəzəb və məhəbbət əkizdir. Mən böyük sevinc içindəyəm. Bütün fəlakətlərə baxmayaraq Azərbaycan mənəviyyatı diridir. Hesab edirəm ki, həm Qasımzadə, həm də onun mənsub olduğu xalq bu döyüşlərdən alnı açıq, üzü ağ çıxacaq. Bizim büdrəməyə, sarsılmağa, göz yaşı tökməyə, matəm keçirməyə vaxtımız yoxdur. Ölüm yoxdur ümumiyyətlə. Ancaq estafet var. İnsanları bir-birinə bağlayan zəncirlər silsiləsi var. Bu zəncirlər silsiləsində bizim fəxrimizdir Qasımzadə, onun poeziyası, onun şəxsiyyəti, onun baş ucalığı və onun mənsub olduğu böyük Azərbaycan dünyası. Alqış sənətkara".

Doğrudan da, Qasım Qasımzadə əli qələm tutan gündən ömrünün sonunadək amalı, məsləki, xalqının azadlığı, istiqlaliyyəti uğrunda yorulmadan mübarizə aparmış, heç nədən çəkinməmişdir. Hələ yaradıcılığa gəldiyi ilk illərdə - 1945-ci ilə yazdığı "Vətən yazdım" şeirində onun yaradıcılığının istiqaməti, ədəbi məramı aydın görünməkdə idi. Vətəni dərin məhəbbətlə sevən şairi onun ayrılıq dərdi qayğılandırırdı. "Bu Culfadan o Culfaya işləyən yolun üstünü əsrlərcə tikanlar basması" şairin ürəyini ağrıdırdı. İkiyə bölünmüş xalqı birləşdirmək, bir-birinə qovuşdurmaq ruhu şeirin başlıca ideyasını təşkil edirdi ki, o dövrdə bu məsələni qaldırmaq heç də asan məsələ deyildi. Qasım Qasımzadənin özünəməxsus bədii üslubu şeirin əsas ideyasını oxucuya çatdırmağa yardımçı olur. Bir-birinin ardınca sıralanan bədii suallar, "hansı" sözlərinin misraların başında tez-tez təkrarlamaqla yaradılan anafora bədii fikrin ifadəsinə xidmət edən vasitələrdir.

Qasım Qasımzadə poeziyasının məziyyətlərini çox doğru qiymətləndirən, görkəmli ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, professor Əkbər Ağayev haqlı olaraq yazırdı ki, Qasım Qasımzadənin poeziyasında ardıcıl fəal həyat mövqeyi və təbiilik aydın seçilir. Şair qətiyyən özünü müasir həyat hadisələrindən kənar hiss etmir, heç nəyə laqeyd baxmır, onun lirik qəhrəmanı həssasdır, görüş dairəsi genişdir, elə buna görə də bu lirik qəhrəmanın qəlbindən keçib poetik incilərə çevrilən mövzular, həyat materialı zəngin və çoxşaxəlidir: səhrada dağ kölgəsi, əbədiyyət, haçaqaya, nəbzin vurması, qış, bahar, güllər, çiçəklər, ballı qayalar, zəriflik, mətanət, həsrət, məhəbbət, qanlı-qadalı illər, uzaq ellərin dərdi - bütün bunlar şairin poetik sözündə canlanır, mənalanır, bu anlayışların hər birində yeni çalarlar parlayır, fikirlərin əlvan poetik qövsi-qüzehi yaranır. Lakin bu zəngin poetik fikir silsiləsində Qasım Qasımzadənin diqqətindən heç bir zaman yayınmayan poetik ahəngin bütün məqamlarında öz yerini tapan bir mövzusu var: Azərbaycan!

Əkbər müəllim Qasım Qasımzadə poeziyasının mövzu və problematikasını elə dəqiqliklə ifadə edib ki, onun bir sözünü də ixtisar etməyə əlimiz gəlmədi. Doğrudan da, Qasım Qasımzadə hansı mövzuda yazırsa yazsın, onun şeirlərinin ruhunda Azərbaycan mayası vardır. Azərbaycan xalqının taleyüklü məsələləri Qasım Qasımzadə poeziyasında öz dolğun bədii əksini tapmışdır.

Şairi həmişə Azərbaycan xalqının taleyi düşündürmüş, qayğılandırmışdır. "Səyahət dəftərindən" silsiləsinə daxil olan "Səhvimiz" şeirində çox mühüm bir məsələdən söhbət açılırdı. O zamanlar hər bir vətəndaş anket sorğusunda olan belə bir suala da mütləq cavab yazmalı idi: "Xarici ölkələrdə qohumunuz varmı?" Əlbəttə, bu suala hamı fikirləşmədən "yox" cavabını yazırdı ki, bu da təbii idi. Çünki xaricdə qohumu olanlar belə "hə" cavabını yazmaqla özünün, ailəsinin, qohum-əqrəbasının həyatını riskə atmış olardı. Məhz belə bir zamanda Qasım Qasımzadənin tamamilə başqa bir mövqedən "Səhvimiz" adlı şeirini yazması onun müəllifinin cəsarətindən, ədəbi məramından, əqidəsinin möhkəmliyindən xəbər verən maraqlı bədii fakt idi. Özü də bunu mütləq nəzərə almaq lazımdır ki, şeir 1959-cu ildə yazılıb çap olunmuşdu. Şairin qələm, məslək dostu Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasının da məhz o illərdə yazılması qətiyyən təsadüfi deyildi. Əqidə dostlarının ürəyi o zamanlar eyni arzuyla, diləklə döyünürdü. İkiyə bölünmüş Azərbaycanın birliyi məsələsi onların başlıca arzusu idi. Hətta indiki dövrdə belə həmin arzunu bu şəkildə əks etdirməyin çətinliyini, bəzi dairələrdə necə narazılıqla qarşılanacağını nəzərə alsaq, o dövrdə bu cür cəsarətlə fikir söyləməyin çətinliyini anlamaq mümkün olardı.

O dövrdə Azərbaycanın azadlıq, suverenlik arzusunu birbaşa dilə gətirmək imkan xaricində idi. Elə buna görə də Qasım Qasımzadə bu arzunu simvolik obrazlar vasitəsilə vermək məcburiyyətində idi.

Bu baxımdan şairin 1945-ci ildə qələmə aldığı "Günəş" adlı şeiri maraq doğurur. Şair qızıl qəfəsdə fəğan edən bülbülü bədii təsvirin mərkəzinə çəkir. Gümüş qablarda darısı da, suyu da olan bülbülün nalə etdiyini görən lirik qəhrəman ondan soruşur ki, mənim dostum, hər şeyin ola-ola niyə fəğan edirsən? Bülbül ona cavab verir ki, nə acam, nə də susuzam. Mənim dörd yanıma zülmət çöküb, günəşi görmək həsrətiylə yaşayıram. Bu sözləri eşidən şair qəfəsi götürüb pəncərənin qabağına, günəş düşən yerə gətirirsə də, bülbül yenə də qan ağlayır:

 

Yenə: "Günəş! Günəş!" - dedi.

            Qəm bürüdü düşüncəmi,

Nalə çəkdi o eşqinə

            sadiq olan gül həmdəmi.

Dedi: - Dostum,

            bu hədiyyən təbiətin peşkəşidir,

Mənim səndən istədiyim

            azadlığın günəşidir!

 

Şeirin ideyası, şairin məramı sətiraltı mənada öz ifadəsini tapmışdır ki, bu da o dövr poeziyası üçün xarakterik cizgilər idi.

Şairin "Neyin əfsanəsi" şeirində də müəllif öz fikrini simvolik vasitə ilə ifadə edirdi. "Ağlama ney, ağlama ney, ürəyimi dağlama ney" misrası ilə başlayan bu bədii parçada lirik qəhrəman neyin nə üçün belə ağladığını soruşur. Ney isə ona cavab verir ki, mən öz vətənimdə, el-obamda bəxtiyar idim. Bir cavan çoban məni kəsib özünə ney düzəltdi. Vətənimdən ayrı düşdüyüm üçün gecə-gündüz ağlamaqdan başqa çarəm yoxdur.

Mircəfər Bağırovun qılıncının dalı da, qabağı da kəsən bir vaxtda - 1946-cı ildə vətənindən ayrı düşən, zorla sürgünə göndərilən vətənpərvər Azərbaycan oğullarını, qızlarını xatırlamaq, onların ağrılarını, əzablarını simvolik şəkildə də olsa əks etdirmək asan məsələ deyildi.

Qasım Qasımzadə "Çərkəz oğlu" şeirində çar generalı ilə üz-üzə gələn çərkəzlərin başçısının mükəmməl bədii obrazını yaradır. General çərkəzə deyir ki, Sultan sizi həmişəlik bizə bağışlayıb. Gəlin xoşluqla qılıncınızı qına qoyun. Əsəbiləşən çərkəz oğlu generala belə cavab verir ki, çərkəz oğlu heç zaman nə bir çara, nə də sultana qul olmamışdır. Elə buna görə də çərkəz qılıncı ömrü boyu qına girməyib. Əgər göydə uçan quşu tuta bilsən, mənə də qalib gələ bilərsən.

Çərkəzlərin taleyindən bəhs edən bu şeirdə də şair əslində üstüörtülü şəkildə öz xalqının azadlıq, imperiya boyunduruğundan qopmaq arzularını ifadə etməyə çalışırdı.

Qasım Qasımzadə azadlıq hərəkatının öncüllərindən idi. O, öz şeirləri, alovlu publisist məqalələri ilə xalqımızın düşmənlərini tutarlı dəlillərlə ifşa edir, insanları vətən, xalq, azadlıq uğrunda mübarizəyə səsləyirdi. Ədəbiyyatşünas Tehran Əlişanoğlu 8 iyul 1993-cü ildə Qasım Qasımzadəyə həsr etdiyi bir məqaləsində yazırdı: "Azərbaycanda milli gəlişmə "demokratiya uğrunda mübarizə" şəklində bəlirli bir ölçü və hüdudlar kəsb etdikcə ədəbi ictimaiyyətin də bir çox nümayəndələrini ictimai-siyasi savaşın ön sıralarında gördük. Qasım Qasımzadənin 70 illik ömür yolunda, 50 illik yaradıcılıq taleyində bu mərhələnin xüsusi yeri var. Q.Qasımzadə hər şeydən öncə usanmadan zamanın ideyalarını təbliğ edən, demokratiya, azadlıq və milli müstəqillik yolunda atılan hər bir addımı qələmi ilə müdafiəyə qalxışan və qələbələrimizi böyük bir sevgi və qısqanclıqla tərənnüm edən alovlu publisist kimi çıxış edir...

Şairdə kükrəyən bu ehtiras və etiraz haradandır? Genetik baxımdan bunu izləmək çətin deyil. Müstəqil mənada şairin damarlarında axan "bəy qanı" tüğyan etmiş, bütöv bir ömür ərzində alt qatda yığılmış, realizə olunmaq imkanı tapmamış emosiyalar, hisslər fürsət bularaq üzə çıxmışdır.

Q.Qasımzadə və mənsub olduğu ictimai-ədəbi nəsil zamanla daim, bilavasitə, müxalifətdə olmuşlar. Şairin yaradıcılığının hərfini deyil, ruhuna bələd olmaq istəyənlər (istər o zaman, istərsə də bu gün) onun "Seçilmiş əsərləri"ndə yalnız bir mövzu, bir predmet, bir ünvan tapır: seviləsi Vətən, sevgisində yaşayan millət, iftixara layiq Azərbaycan. Onun rəngarəng yaşantı və duyumlarından ibarət şeirləri bir məqam üzərində qərar tutur: milli özümlük, milli fəxarət... O da qeyd olunmalıdır ki, nəinki Qasım Qasımzadə poeziyasının, onun bütövlükdə həyat və fəaliyyətinin də məğzini, mayasını, poetikasını təşkil edən başlanğıcdır".

Göründüyü kimi, tənqidçi Qasım Qasımzadənin yaradıcılıq yoluna, onun şəxsiyyətinə düzgün qiymət verir. Onun fikirlərinin əsas məqamlarda yaşlı həmkarı Əkbər Ağayevin qənaətləri ilə üst-üstə düşməsi də maraqlı cəhətdir. Bütün bunlar Qasım Qasımzadə yaradıcılığına verilən qiymətin obyektivliyini şərtləndirən amillər kimi özünü göstərir.

Qasım Qasımzadə "Havamız, suyumuz: azadlıq" adlı məqaləsində yazırdı: "...Sonuncu imperiyanın pəncəsindən - xalqlar həbsxanasından qurtardığımız, üç rəngli bayrağımıza, azadlıq və istiqlaliyyətə yenidən qovuşduğumuz mübarək gündə millətimizin böyük oğlunun uyuduğu torpağa minnətdarlıqla üz tutub: "Allah həmişə türkün köməyinə gəlsin, Məhəmməd Əminin ruhu şad olsun! - deyirik".

Lakin çox təəssüf ki, müstəqilliyimiz bizə çox baha başa gəldi, torpaqlarımızın iyirmi faizi düşmən tapdağı altına düşdü, bir milyon soydaşımız elindən, obasından didərgin düşdü. Qasım Qasımzadənin bunların hamısından da olmasa, Şuşanın işğalından xəbəri oldu və bunu böyük mənəvi sarsıntılarla qarşıladı. Bu acı xəbər onun xəstəliyini daha da şiddətləndirdi. Şair öz qələmi ilə etiraz səsini bildirdi. Onun 1992-ci ilin 28 mayında qələmə aldığı "Qapını bağlayan fələk" şeirində dərin bir hüzn, kədər vardır. Bir zamanlar öz şeirlərinin birində Şuşanın abadlığını arzulayan, "Könlümüzcə abaddımı Pənahabad?" - deyən şairin ağlına da gəlməzdi ki, bu alınmaz qala, Pənah xanı, İbrahim xanı, Vaqifi, Natəvanı, Adıgözəl bəyi, Mehmandarovu, Üzeyir bəyi, Seyidi, Xanı, Bülbülü yetirən diyar işğal altına düşəcək. Şuşasız günlərində özünü quş sayan şair dərin hüznlə yazırdı:

 

Ərşə qalxıb naləm mənim,

Alınıbdı Qalam mənim.

Əsir düşüb ciyərparam,

Şuşam mənim, balam mənim.

 

Şəhid bağrı dəlik-dəlik,

Şüşə qəlbim çilik-çilik.

Şənlik edir, şonquyubdu

Şah evimdə Şöklü Məlik.

 

Kəsilibdi Xaçın yolu,

Dağılıbdı Laçın yolu.

Məmməd Əmin durub gəlir,

İgidlərim, açın yolu...

 

Misralar bir-birini əvəz etdikcə müəllif 1918-ci illərin hadisələrini, Demokratik Azərbaycan Cümhuriyyətini, düşmənlərin fitnə-feli nəticəsində onun süqutunu xatırlayır, vətən oğullarını düşmənlə mübarizəyə, torpaqlarımızı azad etməyə səsləyir.

Şair çox yaxşı dərk edirdi ki, bu, erməninin hünəri deyil, onun havadarı var.

 

Qarlı qışın da yazı var,

Toy-düyünün də yası var.

Basmaq istər qurdu köpək,

Arxası - ağ ayısı var...

 

Həssas oxucu üçün "qurd"un da, "köpəy"in də, "ayı"nın da simvolik obraz olduğunu dərk etmək o qədər də çətin deyildir.

Qasım Qasımzadəni ağlı söz kəsəndən ömrünün son günlərinədək xalqının, vətəninin taleyi düşündürmüşdür. Şair əbəs yerə yazmırdı ki, bədii yaradıcılıq yazıçının, şairin şəxsiyyətindən, xüsusən onun öz xalqına nə dərəcədə bağlılığından ayrı bir proses deyildir. Şair xalqla qaynayıb qarışmasa, sadəliyin, təbiiliyin, müdrikliyin sirlərini dərk edə bilməz. Nəticədə onun əsərləri də bu məziyyətlərdən məhrum olar.

Qasım Qasımzadə yaradıcılığına küll halında nəzər salanda görürük ki, onun özü də "sadəliyin, təbiiliyin, müdrikliyin sirlərini dərk edən" qüdrətli, məsləkli, əqidəli, namuslu bir şair, vətəndaş olmuşdur.

İndi yəqin ki, Şuşanın, Qarabağın, doğulub boya-başa çatdığı Şərqi Zəngəzurun azadlığından xəbərdar olan vətənpərvər şairimizin, ziyalımızın, Xəlil Rza demişkən, Azərbaycan poeziyasının, ictimai fikrinin, elmi fikrinin həmişə ön cərgəsində olan Qasım Qasımzadənin nigaran ruhu şaddır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!