Göy dilində danışan şair - Eltun Türkel Xəzangülün “Göy dili” kitabı haqqında yazır

 

 

Qədim Gəncə Azərbaycan ədəbiyyatına görkəmli simalar bəxş etmiş bir şəhərdir. 1934-cü ildə yaranan Azərbaycan Yazıçılar Birliyinin ədəbi inkişafında Gəncə bölməsinin rolu əvəzolunmazdır. 80-ci illəri Gəncə ədəbi məktəbinin təkamül dövrü adlandırsaq yanılmarıq. Məhz o dövrdə Gəncə şəhər partiya komitəsinin birinci katibi Həsən Həsənovun və şəhər qəzetinin redaktoru Sabir Hacıyevin dəstəyi ilə tanınmış yazıçı (bu gün Azərbaycan ədəbiyyatına verdiyi töhfələrə görə "Dədə Qərib" statusunu alan) Qərib Mehdi "İlham ədəbi birliyini" yaratdı. Qısa müddətdə bu sənət ocağının istisi bütün regionlarda hiss olunmağa başladı. Bu ocaqdan öz yaradıcılığına köz götürmək istəyən hər kəs müqəddəs məkana - Gəncəyə üz tutdu. Hal-hazırda ədəbiyyatımızda tanınan bir çox ədəbi simalar "İlham ədəbi birliyi"nin yetirmələridir. O ocaqdan pay götürənlərdən biri də illər sonra Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri, gənc yazarların mənəvi anası olan Xəzangül xanım Hüseynovadır.

Xəzangül xanımın adı ilə yaradıcılığında bir təzad var desəm yanılmaram. Adı təbiətin qocalıq təzahürü olsa da, yaradıcılığı bahar gözəlliyinin tərənnümüdür. Necə ki baharda ağaclar ilk çiçəyini açırsa, Xəzangül xanımın sənət bağçasındakı söz çiçəkləri elə açır, təzə-tər, şehli-şehli, toxunulmamış. Onun yaradıcılığı ilə yaxından tanış olanlar bilir ki, o ilhamını gördüklərindən deyil, görmədiyi "Göy atasından" alır.

Bu yaxınlarda Xəzangül xanımın yeni bir kitabı işıq üzü gördü. "Göy atasına" sadiqliyi kitabın adından məlumdur. "Göy dili". Bəli, şair-publisist, dramaturq ədəbiyyatımıza yeni fikirlərlə yanaşı, yeni dil də gətirib. Bu dilin harmonik, bədii çalarları oxucunu elə ilk baxışdan özünə cəlb etməyi bacarır. Müqəddəs "Quran"da Uca Yaradan buyurur. "Mən sizə şah damarınızdan da yaxınam" (Qaf surəsi 16-cı ayə). Ancaq insanlar Tanrını uca tutmaq üçün "Allah göyün yeddinci qatında qərar tutub" - deyirlər. Demək Xəzangül xanım kitabının adını "Göy dili" seçməklə əslində yerin, göyün sahibinin dilini nəzərdə tutub. O dildə saflıq, paklıq, haqq-ədalət var, o dildə insanları düzgün yola dəvət var. Kitabı açıb ilk şeiri oxuyanlar inanıram ki, mənim bu fikrimlə şərik olacaqlar:

 

Ey Allahım! Ulu Tanrı!

Göstər bizə,

Ölkəmizə,

Haqqımızı almaq üçün,

Ən İlahi yolu, Tanrı!

Öz gücünü, qüdrətini,

Bayraq elə ver əllərə,

Vətən deyən əsgərlərə.

 

Bəli, haqdan danışmaq, xalqına, millətinə xoş, firavan günlər arzulamaq qəlbin gözəlliyindən xəbər verir. Qəlbi gözəl insanlar isə "Göy dili" ilə danışan insanlardır.

Xəzangül xanımın yaradıcılığı gül-çiçəkli çəmənə bənzəyir. O çəmənlikdə demək olar ki, bütün gül-çiçək növlərinə rast gəlmək olar. Sonuncu işıq üzü görən "Yapon şeir növləri" kitabı bunun əyani sübutudur. Yaradıcılıq çiçəkləri rəngarəng olduğu kimi ətrləri - mövzuları da müxtəlifdir. Şairin yaradıcılığında Vətənə bağlılıq, müasir gəncliyin düzgün istiqamətləndirilməsi, ata-anaya məhəbbət, tariximizin gələcək nəsillərə ötürülməsi və lirik şeirlər əsas yer tutur.

Dağlara və dünyaya xitabən yazılan şeirlərlə demək olar ki, hər şairin yaradıcılığında qarşılaşmışıq. Belə olan halda o mövzulara müraciət etmək yazardan hünər tələb edir. Ancaq Xəzangül xanım hər iki mövzuya müraciət edib və özünəməxsusluğu ilə uğur qazanıb.

 

Dağ başına qalxa biləm,

Şübhələri yıxa biləm.

Xəzangültək çıxa biləm,

O dağlara, o dağlara.

 

***

Aman dünya, aman istər amanım,

Aman dünya, sınaqdadır zamanım.

Aman dünya, silah dolu hər yanım,

Ömürlərə göz ağardır nüvələr,

Aman dünya, ayaq açır nəvələr.

 

Dağlar şeirinə diqqət yetirək. Burda Xəzangül hardadır? Bir çox şairlərimiz zirvələrə baş çəkmək üçün qartal, bulud, külək olmalarını arzulayıblar şeirlərində. Ancaq Xəzangül xanım deyir ki:

Xəzangültək çıxa biləm,

O dağlara, o dağlara.

 

Dünyanı ağuşuna alan qlobal böhranlar, müharibələr və nüvə silahının dəhşəti. O elə bir dəhşətdir ki, insanları uzun illərdir ki, öz təsiri altında saxlamağı bacarır. Xəzangül xanım dünya şeirində, bəlkə də, bu günə qədər heç bir şair-dərzinin nüvə silahına tikə bilmədiyi poetik donu məharətlə tikib və geyindirib. İnsanlara göz ağardan nüvələr əfsuslar olsun ki, təzə ayaq açan nəvələri görmək iqtidarında deyil. O nüvələrlə nəvələrin gələcəyinə təhdid yaradanlara da şairin tövsiyəsi maraqlıdır:

 

Dünyaya hökm edən, qara qu quşu,

Ağlığını şeytanmı aldı əlindən?!

Tutar yer üzünün, göyün qarğışı,

Əl çək taclığından - ölüm yolundan.

Bu sözləri yazanda qorxmadan, çəkinmədən yazan Xəzangül xanım nədən qorxduğunu da yazır:

 

Göy qızıyam, bağışlamaz Göy məni,

Yalanınla döy dedikcə döy məni...

Günahının günahkarı say məni,

Hayqırıram, Tanrım bilər qorxuram.

 

Bu misralarla əslində şair demək istəyir ki, Göylər qızı Göydən qorxar, yerdəki yalanlardan, günahkar bəndələrdən qorxmaq Xəzangül xanıma yad olan hissdir.

Şair o zaman sevilib yaddaşlara həkk olunur ki, onun əməli ilə yaradıcılığı vəhdət təşkil eləsin. Adı ilə şeirləri təzad yaradan Göylər qızının nə yaxşı ki, qəlbi ilə yaradıcılığı vəhdət təşkil edir.

Göy diliylə danışan şairə getdiyi göy yolunun hər zaman üzünə açıq olmasını arzulayıram.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!