Azərbaycan-ABŞ ədəbi-elmi əlaqələrində əlamətdar hadisə
Uzun illərdən bəri əməkdaşlıq etdiyim doğma "Ədəbiyyat qəzeti"ndə yeni rubrikalar görəndə sevinirəm. Malik Atilayın maraqlı rubrikası istisna olmadı. Tərcüməçi Nobel mükafatına layiq görülən yazıçıların mükafatın təqdimat mərasimindəki çıxışlarını dilimizə çevirərək ədəbiyyat aləminə təqdim etməklə əvəzsiz xidmətlər göstərir.
Təəssüf ki, söz açdığı dünya şöhrətli yazıçıların həyatı və yaradıcılığı barədə az da olsa məlumat vermir. Halbuki bu, onun gördüyü gərəkli işin dəyərini daha da artırardı.
Hörmətli Malik Atilay Nobel mükafatı təqdimatı mərasimində ABŞ yazıçısı Con Steynbekin söylədiyi tarixi nitqini oxuculara ərmağan etməklə bərabər, yazıçının Azərbaycan ədəbi mühitində və elm aləmində tanındığından bəhs etsəydi, ədəbi-elmi ictimaiyyətə töhfə vermiş olardı.
Hər şeydən əvvəl onu deyim ki, rəhbərliyimlə Müşfiq Babayev 2001-ci ildə Dillər Universitetində "Con Steynbek yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə müqayisəli kontekstdə" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
Müqayisələr, əsasən, İsmayıl Şıxlı, Anar, Elçin, Əkrəm Əylisli, Mövlud Süleymanlının əsərləri ilə aparılmışdır.
Tədqiqatçının böyük maraq doğuran məqalələri, xüsusən də "Con Steynbek və sufilik" məqaləsi ABŞ-nin San Joze Dövlət Universitetinin "Con Steynbek tədris mərkəzi"ndə və "Azərbaycan" jurnalında çap olunmuşdur.
Müşfiq Babayev tədqiqatları ilə sübut etmişdir ki, Amerika transendentalizmi, demək olar ki, sufiliyin eynidir.
Gənc alim Şərq fəlsəfəsi və ədəbiyyatının Avropa, Avropadan da Amerika ədəbiyyat elminə və fəlsəfəsinə təsirindən də söz açır.
V.Vatın "Orta əsr Avropasına İslamın təsiri" kitabından misal gətirir:
"Şərq alimlərinin tədqiqatları olmasaydı, Avropada elm və fəlsəfə belə sürətlə inkişaf edə bilməzdi".
Gəlinən qənaət budur ki, fəlsəfə sahilsiz bir ümman, ədəbiyyat isə bu ümmanın ləl səpələnmiş xəzinəsi, nəhayətsiz dərinliyidir. Ümmanın üstü dalğalı, dalğaları qovan küləklərsə Şərqdən Qərbə əsməkdədir. Bu isə qədim yunanların "Günəş Şərqdən doğur" və ya "İşıq Şərqdən gəlir" kəlamını doğrultmaqdadır...
Çox keçmədi Slavyan Universitetinin rəhbərliyinin səyi nəticəsində ABŞ ədəbiyyatında epoxa olan Con Steynbekin "Qəzəb salxımı" (1939) və "Həyəcanlarımızın qışı" (1961) kimi nəhəng romanları orijinaldan tərcümə olunaraq çap olundu (Bax: Con Steynbek. "Seçilmiş əsərləri", Bakı, Şərq-Qərb Nəşriyyat Evi, 2013, 888 səh.).
"Qəzəb salxımı" Ülfət Kürçaylının, "Həyəcanlarımızın qışı" Müşfiq Babayevin tərcüməsində işıq üzü gördü.
Con Steynbekə şöhrət gətirən romanlarını içinə alan kitaba ön söz yazmaq mənə həvalə olunmuşdu. Oxucuların marağına səbəb olacağını düşünərək onun çapını münasib bildim.
Qəzənfər PAŞAYEV
Dahilik mərtəbəsindən vida nəğməsi
Dünya ədəbiyyatına dəyərli töhfələr verən, adı fəxarətlə çəkilən ədiblərin sırasında Amerika yazıçıları Mark Tven, Teodor Drayzer, Cek London, Vilyam Folkner, Ernest Heminquey də vardır. Əsərləri Azərbaycan dilinə tərcümə olunduğundan oxucular və tədqiqatçılar onları yaxşı tanıyırlar. Bu ədiblərdən ikisi - V.Folkner (1949) və E.Heminquey (1954) Nobel mükafatı laureatlarıdır. Təəssüf ki, ABŞ-ın başqa Nobel mükafatı laureatları Elton Sinkler (1930), O'Neil (1936), Perl Bak (1938) və Con Steynbek (1962) barədə indiyə qədər azərbaycanlı oxucuların məlumatı, son dərəcə az olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya klassikləri və Nobel mükafatı laureatlarının əsərlərinin Azəraycan dilinə tərcüməsi və çapı barədə tarixi Sərəncamından sonra vəziyyət kökündən dəyişib. Bu mühüm Sərəncamın sayəsində Azərbaycanlı oxucular XX əsr ABŞ ədəbiyyatının ən görkəmli simalarından biri, Nobel mükafatı laureatı Con Steynbekin (27.02.1902-20.12.1968) yaradıcılığı ilə daha yaxından tanış olmaq imkanı qazanmışlar. Maraqlıdır ki, hələ uşaqlıqdan bədii ədəbiyyata böyük maraq göstərən Con Steynbek 1919-cu ildə ABŞ-ın məşhur Stenford Universitetinin tibb fakültəsinə daxil olsa da, ədəbiyyata aludəçilik universiteti tərk etməsinə gətirib çıxarmışdı. Conun ixtisasca müəllimə olan anası Oliviya Hamilton oğlu haqqında demişdi: "O, ya dahi, ya da avara olacaq".
Anasının ilk fikri doğru çıxdı. Con Steynbek iradəsi, istedadı, inadkar çalışqanlığı və zəhməti sayəsində dahilik mərtəbəsinə yüksəldi.
Con Steynbek Amerika və dünya ədəbiyyatına, bir çox dillərə tərcümə edilmiş iki möhtəşəm əsər - "Qəzəb salxımı" və "Həyəcanlarımızın qışı" romanlarını bəxş etmişdir. Bilmək maraqlıdır ki, Con Steynbek Nobel mükafatına "Həyəcanlarımızın qışı" romanına görə layiq görülüb (həqiqət naminə deyək ki, qərarda yazıçının "Qəzəb salxımı" və "Çarli ilə səyahət" əsərləri də yüksək qiymətləndirilib).
"Həyəcanlarımızın qışı" romanını Azərbaycan dilinə Con Steynbek yaradıcılığından namizədlik dissertasiyası yazan və uğurla müdafiə edən mənim dissertantım Müşfiq Babayev tərcümə etmişdir. Tərəddüd etmədən deyə bilərik ki, M.Babayev Azərbaycanda Con Steynbek yaradıcılığına dair tədqiqat aparan, ölkəmizdə və xaricdə sanballı məqalələri və monoqrafiyası çıxan ilk və hələlik yeganə araşdırıcıdır. ABŞ ədəbiyyatında epoxa olan Con Steynbekin adıçəkilən iki romanının orijinaldan Azərbaycan dilinə tərcümə olunması Azərbaycan-ABŞ ədəbi əlaqələri yolunda atılan mühüm addımdır. Güman edirəm ki, gələcəkdə görkəmli yazıçının "Qızıl piyalə" (1929), "Gözəgörünməz Allaha doğru" (1931), "Lacivərd örüş" (1933), "Tortilla Flət" (1935), "Siçanlar və insanlar haqqında" (1937), "Tükənməz vadi" (1938), "Konserv sırası" (1944), "Azmış avtobus" (1947) kimi povest və romanları da Azərbaycan dilinə tərcümə edilərək oxucuların ixtiyarına veriləcək. Yeri gəlmişkən, qeyd edək ki, yazıçının "Mirvari" əsərini Manaf Süleymanov vaxtilə Azərbaycan dilinə çevirərək çap etdirmişdi.
Yazıçının yaradıcılığının birinci mərhələsini təşkil edən "Qəzəb salxımı" romanında xalq taleyi və "orta amerikalı" kimi problemlər gündəmə gətirilir.
"Həyəcanlarımızın qışı" romanında isə yazıçı bütövlükdə Amerika nəsri üçün səciyyəvi olan mühit və şəxsiyyət probleminin tərkib hissəsi olan - "Amerika həyat tərzi" məsələsini qələmə alır. Tədqiqatçıların qənaətinə görə Con Steynbekin bu əsərləri Amerika reallıqlarını əks etdirən, yüksək təsir gücünə malik bir ibrət güzgüsüdür. Yazıçının "Qəzəb salxımı" əsəri ABŞ-da kənd təsərrüfatında islahatların zəruriliyini ortaya qoymuş, çoxlarını bu barədə düşünməyə vadar etmişdi. Bu romanda yazıçı iş tapmaq ümidilə bir yerdən başqa yerə köç edən, aclıq, səfalət və işsizlikdən əziyyət çəkən insanların iztirablı taleyini, faciəsini ürək ağrısı ilə qələmə alaraq bəşəri fəlakət kimi təsvir etmişdir. Şübhəsiz, buna görədir ki, XX əsrin realist roman ənənələrinin 30-cu illərdəki ən mühüm əsərləri sırasında Con Steynbekin "Qəzəb salxımı" romanı xüsusi yer tutur. Bu, o dövr idi ki, iqtisadi böhran dünyanı çulğamışdı. İctimai-siyasi düşüncədə də, mənəviyyatda da tənəzzül hökm sürürdü. Cəmiyyətin ədəbiyyata marağı sürətlə azalmış, ədəbi mühitdə bir laqeydlik yer almışdı. Yəqin buna görədir ki, Con Steynbekin "Qəzəb salxımı" o zaman yazılsa da, yalnız 1939-cu ildə işıq üzü gördü, həm də kitabın ikinci işlənmiş variantı. Kitabın ikinci variantını bitirəndə yazıçı xüsusi vurğulayırdı ki, bu kitabı başqa kitablar yazılan kimi yazmayıb, həyatda necə varsa eləcə, bəzək-düzəksiz yazıb.
Con Steynbekin həyat həqiqətlərinə sədaqəti, "orta amerikalı"nın faciəli taleyini tam çılpaqlığı ilə açıb göstərməsi, kapitalizmin dayaqları olan bankirləri, sindikatları, sahibkar elitanı qəzəbləndirmişdi. Ölkənin ictimai-siyasi həyatında hadisə olan əsərin yayılmasına qadağa qoyulmuşdu. Bununla belə, "Qəzəb salxımı" öz işini görürdü. Əl-əl gəzən əsər xalqın içərisində üzüm salxımı təki tədricən yetişir, qəzəbin necə ətə, şirəyə-zəhərə döndüyünü əks etdirirdi.
"Həyəcanlarımızın qışı" isə bütövlükdə Amerikaya, onun faciələrinə, orta amerikalının həyat tərzinə, onun yaşamaq uğrunda aramsız və amansız mübarizəsinə həsr olunmuş sosial-fəlsəfi romandır.
Fəlsəfi-psixoloji tutumuna görə XX əsr Amerika romanının mükəmməl nümunəsi olan "Həyəcanlarımızın qışı" insan, zaman, cəmiyyət və dünya haqqında yazıçının fəlsəfi düşüncələrinin nəticəsidir. Bu problemlər, ümumiyyətlə, Con Steynbek yaradıcılığının ana xəttini təşkil edir. Bunu yazıçının 1962-ci ildə Nobel mükafatı təqdimatı mərasimindəki tarixi nitqindən də görmək olur:
"Bizim böyük günahlarımızı və kədərlərimizi açıb göstərmək yazıçının borcudur. Yazıçı bunun üçün məsuliyyət daşıyır. Bundan başqa, yazıçıya insan gücünü, onun qəlbinin və ruhunun böyüklüyünü - puç olmuş arzu və ümidlərini, cəsarət, mərhəmət və sevgi uğrundakı fədakarlığını göstərmək və vəsf etmək haqqı tanınmışdır".
Maraqlıdır ki, Con Steynbek yaradıcılığında Şərq fəlsəfəsi və sufilik əsas yerlərdən birini tutur. Bu, səbəbsiz deyildir. Riçard Astro qeyd edir ki, Con Steynbek hələ otuzuncu illərdə, "Lacivərd örüş" hekayələrini yazdığı vaxtlarda Şərq və Asiya dinləri ilə ciddi şəkildə maraqlanmağa başlamışdı.
Bu isə qədim yunanların "Günəş Şərqdən doğur" və ya "İşıq Şərqdən gəlir" kəlamının doğruluğuna dəlalət edir. Deməli, bu işıq Con Steynbekin də qəlbini nurlandırmış, ona dünya şöhrəti gətirən "Həyəcanlarımızın qışı" və "Qəzəb salxımı" kimi möhtəşəm əsərlərini yazmaqda yardımçı olmuşdur.
Maraqlıdır ki, Con Steynbekin bu romanlarını Azərbaycan ədiblərindən İsmayıl Şıxlı, Anar, Elçin, Əkrəm Əylisli, Mövlud Süleymanlı və başqalarının əsərləri ilə müqayisə etdikdə nə qədər oxşar süjet və paralellərin üzə çıxdığının şahidi oluruq.
Con Steynbek ABŞ və dünya ədəbiyyatı tarixinə iki zirvəyə bənzər "Qəzəb salxımı" və "Həyəcanlarımızın qışı" romanları ilə daxil olmuşdur. Bu iki əsər təkcə Steynbek yaradıcılığının deyil, ümumiyyətlə, ABŞ nəsrinin nadir incilərindəndir. Tədqiqatçılar göstərirlər ki, Con Steynbek XX əsrin 60-cı illərinə qədər yazdığı əsərlərinin heç birində "Qəzəb salxımı" səviyyəsinə qalxa bilməmişdir. Yazıçı 1961-ci ildə çap etdirdiyi "Həyəcanlarımızın qışı" əsəri ilə o vaxta qədər yüksələ bilmədiyi zirvəyə yüksəldi. Bu zirvə dünyanın hər yanından göründü və cəmisi bir il sonra Nobel mükafatına layiq görüldü.
"Həyəcanlarımızın qışı" az sonra dünyasını dəyişən yazıçının Amerika və dünya ədəbiyyatında son sözü, vida nəğməsi idi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!