Altmışıncılar və müstəqillik dövrünün yazıçısı - Qəzənfər Paşayev Xalq yazıçısı Elçin haqqında yazır

 

Mən o xoşbəxt insanlardanam ki, mənə bir çox görkəmli və tanınmış qələm sahiblərinin yaradıcılığını sənət aləminə gəldiyi ilk gündən bu günə kimi yarım əsrdən artıq zaman kəsiyində izləmək, uğurlarının şahidi olmaq qismət olub. Onların arasında ölkəmizin hüdudları kənarında da yaxşı tanınan, yaradıcılıqları yüksək qiymətləndirilən Anar və Elçin xüsusilə fərqlənirlər. Anarın 85 illik yubileyində qeyd etdiyim kimi, hər iki yazıçı Altmışıncılar və Müstəqillik dövrü nəsrimizin zirvəsində dayanan, ədəbiyyat kəhkəşanının hər səmtindən görünən ədəbi simalardır.

Bir neçə gün bundan əvvəl xoşbəxt anlar yaşadıq. Milli Elmlər Akademiyamızın Ədəbiyyat İnstitutunda Elçinin 80 illik yubileyini qeyd etdik.

Akademiyanın prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü və iştirakı ilə təntənəli şəkildə keçirilən yubileydə "Altmışıncılar və Müstəqillik dövrünün yazıçısı" adlı məruzə ilə çıxış etdim. Böyük məmnuniyyətlə məruzənin mətnini oxuculara təqdim edirəm.

Ədəbi mühitdə nasir, publisist və dramaturq kimi tanınan ədib, eyni zamanda tənqidçi alimdir, filologiya elmləri doktoru, professordur, tanınmış ziyalı və ictimai xadimdir. Ədəbi prosesə ciddi müdaxilə edən ədəbiyyatşünasdır.

Elçinin bədii əsərlərindəki (xüsusən, hekayələrində) gözlənilməzlik, qeyri-adilik bəzən mənə qəribə görünüb. Düzü, bu qəribəlik həmişə marağıma səbəb olub. Bu maraq get-gedə dərinləşib və Elçin mənim üçün ən mötəbər və istəkli yazıçılardan birinə çevrilib.

Mənim Elçin yaradıcılığına marağıma səbəb onun səhnə əsərlərinin də rolu az olmayıb. O əsərlərin hamısına Milli Dram Teatrımızda və Səməd Vurğun adına Rus Dram Teatrında baxmışam. "Poçt şöbəsində xəyal", "Ax, Paris, Paris!", "Dəlixanadan dəli qaçıb", "Mənim ərim dəlidir", "Şekspir", "Teleskop" və s.

Mənə yazıçının sonuncu - "Cəhənnəm sakinləri" əsərinin Milli Dram Teatrında tamaşa öncəsi "Elçin haqqında söz" demək də qismət olub.

"Teleskop" tamaşasının təsiri altında mətbuatda "Teleskopdan görünən dünyamız" adlı rəy yazmışam.

Elçinin ssenarisi əsasında görkəmli rejissorların çəkdiyi "Baladadaşın ilk məhəbbəti", "Arxadan vurulan zərbə", "Gözlə məni", "Gümüşü furqon", "Bağ mövsümü", "Milli bomba", eləcə də Azərbaycan və Türkiyə kinematoqraflarının birgə layihəsi əsasında çəkilmiş  "Mahmud və Məryəm" filmləri də, mənə yazıçının bədii əsərləri ilə bərabər dərin təsir edib.

Yazıçı-alimin "Tənqid və nəsr", "Ədəbiyyatda tarix və müasirlik problemi", "Şəxsiyyət və istedad", "Tənqid və ədəbiyyatımızın problemləri", "Klassiklər və müasirlər", "Ədəbi düşüncələr" və s. əsərlərini oxuyaraq tənqid sahəsində nüfuzlu söz sahibi olduğunu dərk etmişəm. Elçini ədəbi prosesə daim müdaxilə edən, onu istiqamətləndirən görkəmli ədəbiyyatşünas alim kimi qiymətləndirmişəm, çoxşaxəli yaradıcılığını bütün istiqamətlərdə araşdırmışam.

Bütün bunlar və ədibin şəxsiyyətinə dərin ehtiram "Elçin haqqında düşüncələrim" kitabımın meydana gəlməsinə münbit şərait yaratdı.

Ölkəmizdə (2013) və İranda (2014) çap olunan kitaba "Elçinin sənət dünyası", "Elçin və peyğəmbərcəsinə deyilmiş sözlər", "Elçinin "Sosializm realizmi bizə nə verdi?" əsəri barədə iki məqalə, "Teleskopdan görünən dünyamız", "Elçinin folklor dünyası", "İkiyə bölünmüş ürəyin həsrət nəğmələri", "Ədəbi abidəmiz, müdriklik məktəbimiz", "Yazılı və şifahi ədəbiyyatımız haqqında düşüncələr", "Elçinin nağıl dünyası", "Aşıq poeziyamızın açılmamış qatı" və s. məqalələr daxildir.

Elçini bir yazıçı kimi, insan kimi, şəxsiyyət kimi, ictimai xadim kimi dərk etmək üçün onun 10 cildliyini oxumaq kifayətdir.

Elçinin bədii nəsrini hər şeydən əvvəl oxunaqlı edən, sevdirən onun dilidir. Onun məna tutumu və bədii kəsəri ilə seçilən, oxucuya estetik zövq aşılayan dili ədəbi dillə xalq danışıq dilinin qovşağında bərqərar olmuşdur. Yazıçının dili bulaq kimi axan, qəlbə yatan, insana rahatlıq gətirən, saf, duzlu,  şirin, zəngin bədii dildir.

Təsadüfi deyildir ki, Ulu öndərimiz dilimizə qeyri-adi qayğı və diqqətlə yanaşırdı: "Xalqı xalq edən, milləti millət edən ana dilidir. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalıdır və bu dili sevməlidir. Öz ana dilini bilməyən şəxs şikəstdir. Xalqın milli kimliyinin göstəricisi dili, ədəbiyyatı, musiqisi, tarixi, ənənəsidir. Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, musiqimiz, tariximiz, ənənələrimizdir" - deyirdi. Yazıçı və şairləri ədəbi dil normalarının, nitq mədəniyyətinin qanunvericiləri, qurucuları adlandırırdı.

Elçinin əsərinə bu müstəvidən baxanda, onların böyük dəyər kəsb etdiyi göz önünə gəlir.

Elçinin bədii əsərlərini, xüsusən də "Mahmud və Məryəm" romanını oxumağa başlayanda ayrıla bilmirsən. Yeri gəlmişkən, Elçin "Mahmud və Məryəm" əsəri ilə ədəbiyyatımıza yeni janr - "dastan-roman" janrını gətirmişdir. Təsadüfi deyil ki, yazıçının yaradıcılığının ən yaxşı tədqiqatçılarından biri Nərgiz Paşayeva doktorluq dissertasiyasında yazmışdır: "Folklorda dastan janrı hansı məqamdadırsa, hansı yeri tutursa, bədii əsərdə də roman o yeri tutur".

Həqiqətən də "Mahmud və Məryəm" romanında folklor qatı lap dərinliklərdən boylanır.

Yeri gəlmişkən, Elçinin göstərdiyi kimi bədii ədəbiyyata dastan janrını isə  "Aşıq Hüseyn Saraçlı dastanı" ilə Zəlimxan Yaqub gətirmişdir.

Bir çox dünya dillərinə tərcümə edilən, Xəlil Rza Ulutürkün təbirincə desək, çağdaş nəsrimizin qızıl fonduna daxil olan "Mahmud və Məryəm" XX əsrin sonlarında Türkiyədə ən çox çap olunan, oxunan və sevilən əsərlərdən biri olub. Üç nəşriyyat tərəfindən dönə-dönə nəşr olunub.

"Əsli və Kərəm" dastanının İraqda yaşayan soydaşlarımız arasında geniş yayıldığını və sevildiyini (Telafər bölgəsində sazla, çalınıb-oxunur) nəzərə alaraq, dastanla ilgili olan "Mahmud və Məryəm"in də seviləcəyini düşünərək Əbdüllətif Bəndəroğlu ilə 2007-ci ildə mənim "Elçinin sənət dünyası" adlı ön sözümlə Kərkükdə çap etdirdik (Elə həmin ildə Kərkükdə Bəndəroğlu ilə Rəsul Rzanın "Ağlayan çox, gülən hanı?" kitabını da buraxdıq).

Elçinin bədii əsərləri, həmçinin keçmiş Sovetlər Birliyində yaşayan xalqların, eləcə də ingilis, fransız, ispan, ərəb, fars, çin, macar, alman, çex, bolqar, slovak, isveç və digər dillərə tərcümə edilmiş, kitabları çıxmışdır.

Elçinin yaradıcılıq yoluna nəzər saldıqda göz önünə onun maraqla oxunan hekayələri, povestləri, romanları, bir-birindən sanballı monoqrafiyaları, ssenariləri əsasında çəkilmiş maraqlı filmləri, səhnə təcəssümü tapmış əsərləri, pyesləri gəlir və yazıçıya qibtə etməyə bilmirsən.

SSRİ dağılandan sonra Azərbaycanın ictimai-siyasi həyatında, ədəbi-mədəni mühitdə müstəqillik dövrü adlanan yeniləşmə mərhələsi başladı. Elçin "Altmışıncılar" dövrü yaradıcılığına son vuraraq yazdı ki, epoxalar dəyişdi, ictimai-siyasi münasibətlər dəyişdi və mən daxili bir qürur hissi keçirirəm ki, bədii əsərlərimdə bu gün mənim gizlətmək istəyəcəyim, xəcalət çəkəcəyim, unutmağa çalışacağım bircə söz, bircə cümlə də yoxdur.

Elçin yeni dövrün yeniləşmə mərhələsini dərindən duyan və yaradıcılığında Müstəqillik dövrünün tələblərinə cavab verən əsərlər yazmağa başladı.

Sessiyada Elçinin hekayələrindən, əsərlərinin səhnə təcəssümündən, tənqidçilik fəaliyyətindən, folklor yaradıcılığından, "Baş" romanından məruzələrin olduğunu nəzərə alaraq, onlardan söhbət açmağa lüzum görmədim.

Ancaq real həyatın, bədiiliyin, tarix və fəlsəfənin qovşağında bərqərar olan "Baş" romanında adamı heyrətləndirən, keşməkeşli dünyanın iki qeyri-adi hadisəsindən bəhs etməyi münasib bildim. Birinci hadisə Bakı xanı Hüseynqulu xanla bağlıdır. Milliyyətcə gürcü olan, qəddarlığı ilə ad-san qazanan Pavel Sisianov Bakını sudan və qurudan mühasirəyə alır və tələb edir ki, şəhərin açarını şəxsən Hüseynqulu xan özü təslim etsin. Hüseynqulu xan xanlığın əldən getdiyini dərk edir və təsəllini qisas almaqda tapır. O, şəhərin açarlarını general Sisianova təqdim edəndə gözlənilmədən qılıncını çıxarıb generalın başını kəsir.

Bu anda Hüseynqulu xan öz taleyi barədə düşünmürdü. Bu, xalqa və vətənə məhəbbətdən irəli gələn milli qeyrət idi.

Romanda ibrətamiz və örnək ola biləcək ikinci hadisə çariça Mariya ilə bağlıdır. Ruslar Gürcüstanı işğal etdikdən sonra da knyazlar yenidən hakimiyyətə gəlmək üçün ölkədə iğtişaşlar salırdılar.

Belə olan halda Sisianov gürcü knyazlarını, onların ailələrini, ümumiyyətlə, çar nəsillərinə mənsub olanların hamısını Rusiyaya sürgün etmək qərarına gəlir. Lakin yaxın qohumu çariça Mariya inadkarlıq göstərir. Hətta oğlunun Kaxetiya çarı olmasını təmənna edir. Sisianov general Lazarevə əmr edir ki, çariça və uşaqlarını Peterburqa göndərsin.

Çariça qüruruna sığışdıra bilmir ki, onu öz vətənindən didərgin salırlar. Gözlənilmədən xəncəri general Lazarevin sinəsinə soxur.

Bu da milli qeyrət nişanəsi idi.

"Baş" romanına məndə başqalarına qeyri-adi görünə biləcək fikir formalaşıb. Bunu bəyan etməyə mənəvi haqqım olduğunu göstərmək üçün özüm haqqında bir neçə söz deməyi münasib bildim. İnanıram ki, özüm haqqında deyəcəklərimi oxucular təvazökarlıqdan kənar saymayacaqlar. Mən 40 ilə yaxın ingilis dili və ədəbiyyatı, eləcə də ABŞ ədəbiyyatı ilə məşğul olmuşam. 20 ilə yaxın Qərbi Avropa Dilləri kafedrasının müdiri olmuşam. Bir neçə il müəllimim İsmixan Rəhimovun rəhbərlik etdiyi tərcümə kafedrasında müəllim işləmişəm. Xarici Dillər İnstitutunda ilk olaraq ingiliscə Antropologiya fənnini təşkil və tədris etmişəm. ABŞ-da iki aylıq, Böyük Britaniyada ay yarımlıq ixtisasartırma kurslarını bitirmişəm. Rəhbərliyimlə Müşfiq Babayev Amerika yazıçısı, Nobel mükafatı laureatı Con Steynbekin əsərləri əsasında "Con Steynbek yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə müqayisəli kontekstdə" adlı dissertasiya müdafiə edib. İndi ABŞ-da Con Steynbek mərkəzində çalışır.

Con Steynbekin "Seçilmiş əsərləri" (Bakı, "Şərq-Qərb", 2013, 888 səh.) adı altında çıxan "Qəzəb salxımları" (tərc. Ülfət Kürçaylı) və "Həyəcanlarımızın qışı" (tərc. Müşfiq Babayev) romanlarına Slavyan Universitetinin xahişi ilə "Dahilik mərtəbəsindən vida nəğməsi" adlı ön söz yazmışam. Amerika yazıçıları Mark Tven, Teodor Drayzer, Cek London və Nobel mükafatı laureatları Ernest Heminqueyn və Con Steynbekin yaradıcılığı ilə yaxından tanışam.

Bütün bunları ona görə sadalayıram ki, müqayisə etmək imkanım var... "Baş" romanı bütün parametrləri ilə adı çəkilən yazıçıların əsərlərindən geri qalmır. Hətta xarici alimlərin xüsusi dəyər verdiyi fəlsəfi-psixoloji tutumuna görə onları üstələyir.

"Baş" romanı hər zaman üçün keçərlidir. Rusiya idarə sistemi keçmişdə necə idilərsə, eləcə də qalıblar, dəyişməyiblər. Rusiyanın imperiya xislətinin bugünkü qeyri-insani davranışları da deyilənlərə dayaq olur.

Xalq yazıçısı Anarın yaxşı bir kəlamı var: "Vaxt və bəxt bir olanda çox şeyə nail olmaq olar".

Elçin müəllim, münasib vaxtdır. Bəxtinizi sınayın. Əsərinizi peşəkar tərcüməçilər ingilis dilinə tərcümə etsələr və ABŞ, Britaniya, İsrail və başqa ölkələrdə yayılsa, "Baş" romanı Nobel Mükafatı Komitəsinə  təqdim edilər və hədəfə çatmaq olar.

Onu da deyim ki, Altmışıncılar dövründə də, Müstəqillik dövründə də Elçin qarşıya qoyduğu hədəfə artıqlaması ilə çatıb. O, istedadı sayəsində bədii əsərlərində, ələlxüsus romanlarında həyatın hər yazıçıya qismət  olmayan qatlarına enə bilib, başqalarının görə bilmədiklərini görüb, yeni yolla gedə bilib, oxucuya bənzərsiz əsərlər bəxş edə bilib.

Mövlanə Cəlaləddin Ruminin kəlamı var: "Ya olduğun kimi görün, ya göründüyün kimi ol!"

Mövlanənin bu müdrik kəlamını Elçinə ünvanlasaq görərik ki, o, Azərbaycanın ədəbi-mədəni mühitini müəyyənləşdirənlərdən biri kimi, çoxşaxəli elmi-ədəbi, ədəbi-bədii və ictimai-siyasi fəaliyyəti ilə onilliklərdir ki, olduğu kimi görünən, göründüyü kimi olan, ziyalılıq missiyasını şərəflə yerinə yetirən, xalq tərəfindən etiraf edilən, sənət dünyası ilə əməli üst-üstə düşən xoşbəxt taleli yazıçıdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!