Ulu Öndər ruhuna ehtiram - “Heydər Əliyev – Azərbaycan dili və azərbaycançılıq” kitabı haqqında

 

Tofiq Müzəffəroğlu

Filologiya üzrə elmlər doktoru, professor

Nərgiz Hacıyeva

Filologiya üzrə elmlər doktoru, dosent

 

Qədim köklərə malik olan Azərbaycan tarixində bir sıra tarixi şəxsiyyətlər olmuşdur ki, onların adı millətimiz durduqca şərəf simvolu kimi yaşayacaqdır. Bütün dünyada, o cümlədən Azərbaycanda xeyli ədəbi-bədii yaradıcı şəxslər olub və indi də vardır; onlar xalqın fəxri, xalqını dünyaya tanıdan böyük sənətkarlardır. Lakin millətin, xalqın, toplumun bütövlüyü, hər şeydən əvvəl, milli dövlətin varlığı ilə bağlıdır. Bu mənada milli dövlətin yaranması və onun möhkəmlənməsi yolunda həyatını qoymuş şəxsiyyətlər adlarını Azərbaycan tarixi səhifələrində qızıl hərflərlə nəqş etmişlər. Belə tarixi şəxsiyyətlərdən biri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevdir.

Müasir Azərbaycanın qurucusu olan Heydər Əliyev hakimiyyətdə olduğu 34 il müddətində, o cümlədən Moskvada yüksək vəzifədə çalışarkən qarşısına qoyduğu əsas vəzifə məhz xalqına, Vətəninə xidmət olmuşdur. Bu vəzifələr içərisində dilimizin kənar, yad təsirlərdən qorunması və inkişafı, dövlət dili kimi möhkəmlənməsi xüsusi önəm kəsb etmişdir. Ulu öndərin fəaliyyəti ilə, o cümlədən dil siyasəti ilə bağlı çoxlu sayda əsərlər yazılmışdır və bundan sonra da yazılacaqdır. Çünki onun bu sahədəki fəaliyyəti o qədər geniş və dərin, əhatəlidir ki, hər dəfə bir tərəfdən araşdırma obyektinə çevrilir. Belə dəyərli əsərlərdən biri də dörd tanınmış dilçi-alim tərəfindən yazılmış "Heydər Əliyev: Azərbaycan dili və azərbaycanşünaslıq" (Bakı: "Elm və təhsil", 2023) kitabıdır. Dörd fəsildən ibarət olan kitabın "Heydər Əliyev və Azərbaycanda dil quruculuğu" adlanan birinci fəslini Akademik Ağamusa Axundov, "Heydər Əliyev və nitq mədəniyyəti" adlanan ikinci fəslini professor Müseyib Məmmədov, "Heydər Əliyevin çıxış və nitqlərinin dilinin üslubi-qrammatik xüsusiyyətləri" adlanan üçüncü fəslini professor Məsud Mahmudov, "Heydər Əliyevin vətən konsepti - azərbaycançılıq məfkurəsi" adlanan dördüncü fəslini isə professor Nadir Məmmədli yazmışlar. Bu məsələlərin hər birini qeyd edilən elm sahəsində tanınmış dilçi alimlər qələmə almışlar və bu yazılar yüksək elmi-nəzəri səviyyəsi ilə səciyyələnir.

Hər şeydən əvvəl deyək ki, ayrı-ayrı müəlliflər tərəfindən yazılmasına baxmayaraq, fəsillər struktur və məzmun cəhətdən bir vahid təşkil edərək, bir-birini tamamlayır. Əsərin "Giriş" hissəsində Heydər Əliyevin dil siyasəti sahəsində atdığı əsas addımlardan: ölkə başçısı kimi tədbirlərin ana dilində keçirməsindən, konstitusiyaya dövlət dili kimi məhz Azərbaycan dilinin salınması üçün apardığı mücadilədən bəhs olunur. Xüsusən 1978-ci il Konstitusiyasına Azərbaycan dilinin Dövlət dili kimi daxil edilməsinin xarici sovetoloqlar tərəfindən "zorakı ruslaşdırmaya və rus dilinin zorla qəbul edilməsinə müqavimət" kimi qiymətləndirilməsi o dövr üçün çox ciddi məsələ idi. Oxuyuruq: "Heydər Əliyevin ana dili sahəsində tutduğu qəti mövqe dilinin xalqın, millətin varlığında və həyatında tutduğu həlledici yerlə əlaqədar olması ilə bərabər, dövlət başçısının ana dilinə, onun zənginliyinə olan sonsuz məhəbbəti ilə bağlıdır" (səh.11).

Birinci fəsil elmi-praktik səciyyə daşıyaraq, Heydər Əliyevin Azərbaycandakı dil quruculuğu ilə bağlı fəaliyyətinə həsr olunmuşdur. Müəllif (akademik Ağamusa Axundov) dil siyasətinin mahiyyəti, onun tarixi haqqında nəzəri məlumatlar verməklə yanaşı, maraqlı faktlara müraciət edir. Diqqəti çəkən və tarixi əhəmiyyətini heç vaxt itirməyən bir faktı göstərmək yerinə düşər; Qədim Roma tarixçisi və yazıçısı Qay Qrankvill Svetoni qeyd edirdi ki, imperator Klavdi nüfuzlu bir yunanlını latın dilini bilmədiyi üçün hakimlikdən kənarlaşdırmış, onu hətta vətəndaşlıq hüququndan məhrum etmişdi. Bu fakt ən qədim zamanlardan dilə siyasi amil kimi yanaşmanın ən gözəl nümunəsidir və müəllifin belə bir fakta müraciət etməsi mövzu üçün, bir növ, giriş xarakteri daşıyır.

Dil siyasəti bütün dövrlərdə mütərəqqi şəxsiyyətləri məşğul etmiş, müstəqil, azad dövlətin diqqət mərkəzində olan daimi problemdir. Bu baxımdan Azərbaycan Respublikasının böyük bir zamanında ölkəyə rəhbərlik etmiş Heydər Əliyevin dil siyasəti bir məktəb kimi qiymətləndirilə bilər. Əsərdə ilk növbədə Heydər Əliyevin dil siyasətinin əsasında duran özünəməxsus prinsiplər sadalanıb təhlil süzgəcindən keçirilir. Bu prinsiplər demokratiklik, dəqiqlik, uzaqgörənlik, obyektivlikdir.  

Heydər Əliyevin əsas gücü onun xalqla bir olmasında, taleyüklü məsələlərin həllində xalqın rəyini almasında idi. Bunun ən bariz nümunəsini dövlət dilinin adının qəbulu zamanı, bir tərəfdən, qətiyyətli hərəkət etməsində, digər tərəfdən, demokratiyaya meydan verilməsində görürük. Əsərdə uzaqgörənlik dil siyasətinin mühüm prinsipi kimi tarixi faktlarla əsaslandırılır. Belə ki, 1956-cı ildə Respublika rəhbərliyinin uzaqgörənliyinin olmaması nəticəsində konstitusiyaya dövlət dili olaraq Azərbaycan dilinin daxil edilməsinin vaxtsız olduğunun, yaxud 90-cı illərin əvvəllərində dövlət dilinin adının dəyişdirilməsinin və digər vaxtsız qərarların yaratdığı fəsadların, qarışıqlıqların ümumi inkişafa xeyli mənfi təsir göstərdiyi məntiqi şəkildə diqqətə çatdırılır.

Əsərdə Heydər Əliyevin dil siyasətinin istiqamətləri də müəyyənləşdirilir; burada iki istiqamət vəhdətdə təqdim olunur: 1) milli dil siyasəti, 2) başqa dillərə münasibətdə dil siyasəti. Heydər Əliyevin dil sahəsindəki fəaliyyəti diqqətlə izlənilmiş, belə bir cəhət ilk növbədə diqqətə çatdırılır ki, Ulu Öndər ilk vaxtlardan dilimizin funksional (işlənmə) dairəsinin genişlənməsinə xüsusi diqqət yetirmişdir. Bu sahədə şəxsi nümunəsi bütün xalqımıza, xüsusən də ziyalılarımıza örnəkdir. Ölkə rəhbərinin ana dilində səlis, dəqiq, sərrast danışığı bu dilin zəngin olduğunu göstərməklə, bir növ, dövlət dili olması üçün zəmin yaratdı ki, nəhayətdə bu, 1978-ci il Konstitusiyasında əksini tapdı.

Heydər Əliyev dilə hörməti və onu daha da zənginləşdirməyi, habelə təbliğ etməyi hamının qarşısında bir məqsəd kimi qoyaraq, imzaladığı sərəncam və fərmanlarda, müxtəlif ali məclislərdə çıxışlarında həm bir ölkə rəhbəri, həm bir ağsaqqal kimi tövsiyələrini verir, dilçilik tədqiqatlarının genişlənməsi üçün konkret addımlar atır: dilimizin tədqiqi sahəsində xüsusi xidmətləri olan tanınmış dilçilərə yüksək adlar verir, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əməli işlər görür və s. Bütün bu məsələlər kitabda təfsilatı ilə şərhini tapır.

Kitabda Heydər Əliyevin başqa dillərə münasibəti də şərh edilmiş və bu münasibətin məntiqi arqumental şəkildə izah olunmuşdur. Qeyd edək ki, Heydər Əliyev, hər şeydən əvvəl, milli adam olmaqla yanaşı, həm də bəşəri xarakterə malik şəxsiyyət idi; bunu onun dil siyasətində də görmək olar. Gənclərimizi xaricə təhsil almağa göndərən Ulu Öndər həm də tövsiyə edirdi ki, milli dilə sahib olub, onu qorumaq və inkişaf etdirməklə yanaşı, insanlarımızın bir neçə dili bilməsi də onların yüksək səviyyəsindən xəbər verir. Ona görə də deyirdi: "Bilirsiniz, hər bir azərbaycanlı gənc çalışmalıdır ki, dünyanın çox dillərini - rus dilini də, ingilis dilini də, fransız dilini, ərəb, fars dillərini də mənimsəsin, öyrənsin. Bu lazımdır, çünki müasir dünya ölkələrinin bir-biri ilə sıx əlaqəsi bu gün və gələcəkdə insanlardan bir çox dili bilməsini tələb edir" (səh.28). Daha sonra davam edir: "Mən arzu edirəm ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun" (yenə orada). Ulu Öndər bunu Azərbaycanın dünyaya qovuşmasını daha da sürətləndirən vasitə kimi də qiymətləndirirdi. Bütün bunlar uzaqgörən və bilavasitə xalqın, dövlətin inkişafına, möhkəmlənməsinə yönəlik göstəriş və tövsiyələr idi.

Ümumiyyətlə, kitabda Heydər Əliyevin dil siyasəti nəzəri ümumiləşdirmələr şəklində geniş təhlil olunur. Burada dil və millət konsepsiyası da müəllif tərəfindən üç istiqamətdə nəzərdən keçirilir: 1) dil və millət, 2) dil və milli mənlik, 3) dil və milli ərazi. Müəllif birinci istiqamət üçün Heydər Əliyevin belə bir tezisini əsas tutur: "Xalqı xalq edən, milləti millət edən onun dilidir. Layiqli ana dili olmayan, ana dilindən istifadə edə bilməyən, ana dilindən bəhrələnə bilməyən xalq, millət ola bilməz" (səh. 29). Uzun əsrlər boyu ərəblər, farslar, ruslar dilimizi yadlaşdırmağa, məhv eyməyə çalışsalar da, Ulu Öndərin dediyi kimi, dilimizin enerjisi, mükəmməl qrammatik quruluşu, zəngin lüğət tərkibi təslim olmadı; xalq dilimizi, dilimiz də xalqımızı qorudu.

Milli mənlik hissiyyatı da milli dil ilə vəhdətdə yaşayıb formalaşır, inkişaf edir. Milli mənliyi yüksək qiymətləndirən Heydər Əliyev qürurla deyirdi ki, bizim "milli mənliyimiz də var və biz onunla fəxr edirik" (səh.31). Azərbaycan dilinin Azərbaycan ərazisində yaşayan müxtəlif xalqların ünsiyyət vasitəsi olması isə milli dil və ərazi məsələsini mühüm məsələ kimi qarşıya qoyur.

Kitabda gedən hər başlıq barədə dəfələrlə onun özündən çox bəhs açmaq olar. Xüsusilə dil və dövlət, dil və tarix, dil və ədəbiyyat, dil və əlifba və s. məsələlər geniş və inandırıcı faktlarla öz şərhini tapır.

Heydər Əliyev həm də güclü natiq idi; Azərbaycan və rus dillərində çıxışları onu XX əsrin mahir natiqi kimi tanıtmışdır. İqtisadi, siyasi, elmi-mədəni sahədə mükəmməl biliyə, zəngin həyat təcrübəsinə, dərin müşahidə qabiliyyətinə malik olan Ulu Öndərin nitqi mükəmməlliyi, səlisliyi, təsiredici, nüfuzedici mahiyyəti ilə diqqəti cəlb edir. Heydər Əliyev, bir növ, Azərbaycan dilinin nəyə qadir olduğunu nümayiş etdirdi. Onun danışıqları dilimizin fonetik quruluşunun, leksik tərkibinin, qrammatik strukturunun, habelə üslubi imkanlarının geniş və mükəmməl olduğunu göstərdi. Kitabda Heydər Əliyevin nitqindən, dil-üslub xüsusiyyətlərindən bəhs edən bir sıra əsərlərə də müraciət olunur (Müəllif professor Müseyib Məmmədovdur). Bu cərgədə həm Azərbaycanın, həm bütünlükdə türk dünyasının və bütünlükdə dünyanın tanınmış şəxsiyyətlərinin Heydər Əliyev barədə fikirləri yer alır.

Bu yazıda Heydər Əliyevin nitq mədəniyyəti haqqında, habelə onun nitq mədəniyyətini inkişaf etdirmək haqqındakı fikirləri ümumiləşdirilir. Müəllif bu fikirdədir ki, xalqımızın mənəvi varlığı kimi ana dilini - Azərbaycan dilini sevmək və onu dərindən öyrənmək, ana dilinin tədrisini yüksəltmək və intensivləşdirmək, dilimizin zəngin lüğət tərkibindən bacarıqla istifadə etmək, dilin qayğısına qalmaq, dilimizin - nitqimizin gözəlliyini duyub mənimsəmək və hər yerdə onu təbliğ etmək, ondan düzgün istifadə etməklə hamıya nümunə olmaq Heydər Əliyevin nitq mədəniyyəti ilə bağlı əsas müddəalarıdır.

Heydər Əliyevin nitqi, hər şeydən əvvəl, kamil nitqdir; onun dəqiqliyi, aydınlığı, məntiqiliyi, təmizliyi, ifadəliliyi və zənginliyi bu kamilliyi şərtləndirən xüsusiyyətlərdir. Bu xüsusiyyətlər ən qədim dövrlərdən nitq mədəniyyətinin əsas tələbləridir. Müəllif bu xüsusiyyətlərin Heydər Əliyev nitqində sistem halında mövcudluğunu konkret, real faktlar əsasında şərh edir, hər birinin linqvistik və ekstralinqvistik şərtlərini göstərir. Məsələ burasındadır ki, Heydər Əliyevin nitqini şərtləndirən bu xüsusiyyətlər digər ölkələrin siyasətçilərini, tədqiqatçılarını da cəlb etmiş, onlar bu böyük şəxsiyyətin nitqi, nitqindəki yüksək keyfiyyətlər barədə dəyərli fikirlər söyləmişlər. Kitabda bu fikirlərə də yeri gəldikcə müraciət edilir.

Kitabda Heydər Əliyevin çıxış və nitqlərinin üslubi-qrammatik xüsusiyyətlərinin şərhinə də müəyyən yer ayrılmışdır (Müəllif professor Məsud Mahmudovdur). Məlumdur ki, dil leksik cəhətdən nə qədər zəngin olsa da, fonetik sistemi nə qədər mükəmməl olsa da, bunların hamısı sonda qrammatik quruluşla bir məcraya sığır və fikrin ifadəsinə xidmət edir. Dilin leksik tərkibinin zənginliyi hələ onun mükəmməl dil olduğu demək deyil; bu sırada qrammatik quruluşun mükəmməlliyi ciddi önəm daşıyır. Təsadüfi deyil ki, leksik tərkib yad ünsürlərlə "zibilləndiyi" zamanda da onun milliliyini qoruyub saxlayan məhz qrammatik quruluşunun milli səciyyəsi, möhkəmliyi, sarsılmazlığıdır. Dilin qrammatik quruluşunun mükəmməlliyi fikrin ifadəsində, ünsiyyət prosesində əhəmiyyətli rola malikdir. Bu cəhətdən Ulu Öndərin dilinin qrammatik-üslubi xüsusiyyətlərinin araşdırılması əhəmiyyət daşıyır.

Kitabda Heydər Əliyevin nitqinin üslub xüsusiyyətinin şərhinə ilk olaraq yer ayrılır. Müəllif doğru olaraq göstərir ki, "Heydər Əliyevin nitqində nəzərə çarpan başlıca cəhət onun özünəməxsus, təkrarsız üslubudur. Bu, sözün əsil mənasında, H.Əliyev üslubudur" (səh.145). Təbii ki, bu üslubun özünəməxsusluğu təhlil materialı kimi geniş şərh olunur. Göstərilir ki, Heydər Əliyevin nitqinə təkcə rəsmi üslub nümunəsi kimi baxmaq olmaz. Belə ki, müxtəlif yığıncaqlarda müxtəlif mövzularda çıxışları onu nitqlərində manevr etməyə vadar edirdi; öz nitqini siyasi məclislərdə rəsmi, bədii yaradıcı şəxslərlə görüşündə elmi-bədii, adi xalq kütləsi ilə məişət üslubunda və s. qururdu ki, bu da məqsədinə çatmaq yolunda əsas vasitələrdəndir.

Kitabın ən maraqlı bölmələrindən biri IV fəsil - "Heydər Əliyevin Vətən konsepti - azərbaycançılıq məfkurəsidir (Müəllif professor Nadir Məmmədlidir). Sırf elmi səciyyəli girişlə başlayan bu fəsildə "vətən" konsepti, onun spesifik xüsusiyyətləri təhlil edilir. Konsept anlayışı barədə nisbətən ətraflı verilən məlumat müəyyən mənada sırf elmi səciyyə daşısa da, bu cür yanaşma Ulu Öndərin Vətən anlayışına münasibətini lakonik şəkildə daha ətraflı, bütün səciyyəsi ilə təqdim edilməsi üçün imkan yaradır. Müəllif yazır: "Vətən konsepti spesifikliyi ilə seçilən, bu və ya digər şəkildə müəyyən etnomədəniyyət daşıyıcılarını xarakterizə edən semantik törəmə, sözün lüğəvi mənası ilə həmin mədəniyyətə mənsub insanların şəxsi təcrübəsinin qovuşmasıdır". (səh. 193)

Vətən hamı üçün əzizdir; əqli və hissi duyğuları birləşdirən, tarixi, müasir və sabaha boylanan baxışların cəmləşdiyi, xalqı, milləti bütövləşdirən bir fenomendir. Bu baxımdan:

 

Vətənin sevməyən insan olmaz,

Olsa, ol şəxsdə vicdan olmaz.

                     Abbas Səhhət

 

Müəllif doğru olaraq bu fikrə söykənir ki, "Vətən mədəni konsepti ona görə diqqəti cəlb edir ki, həm etnik özünüdərklə, həm də dövlət ideologiyası ilə çox sıx bağlıdır" (səh.195). Belə ki, vətən cəmiyyətin sosial portreti, ölkənin siyasi tarixinin bütün yükünü özündə daşıyan maddi varlıq, ictimai-siyasi, milli-mənəvi mənsubluqdur. Heydər Əliyev üçün Vətən milli varlığın ifadə üsuludur, ölkənin siyasi tarixinin yükünü özündə daşıyaraq, onun milli obrazını yaradır; o, kulturoloji, tarixi, etnopsixoloji, sosiopsixoloji, fəlsəfi baxışları özündə birləşdirir.

Vətən Ulu Öndər təqdimatında, bir tərəfdən, xalqı, milləti birləşdirən, onun tarixi, sosial-siyasi birliyini təmin edən müqəddəs yerdir. Digər tərəfdən, Vətən mənəvi dirilik, etnokulturoloji mahiyyəti ilə dünya çapında öz yeri olan ideoloji məfhumdur. İçində Vətən məhəbbəti bütün milli, siyasi, ideoloji, etnokulturoloji parametrləri ilə birləşən Ulu Öndər bu hissin daimi yaşarlığı, daha da möhkəmlənməsi üçün bütün ömrünü sərf etmişdir. Fəaliyyətinin bütün sferalarında Vətən sevgisi əsas olan bu böyük şəxsiyyət yalnız sözdə deyil, bütün əməllərində bunu həyata keçirmişdir. Onun milli dilə - Azərbaycan dilinə verdiyi önəm, onun zənginləşməsi, inkişafı üçün çabalarının da əsasında məhz Vətən sevgisi durur. Ulu Öndərin tez-tez S.Vurğunun "Azərbaycan" şeirini böyük məhəbbətlə, zövqlə söyləməsi daxilindəki Vətən sevgisinin dərində olduğunu, ona silinməz duyğularla bağlı olduğunu göstərir.

Heydər Əliyev üçün Vətən yalnız coğrafi məkan deyil; "Vətən, ölkə, millət" məfhumlarını birləşdirən Heydər Əliyev müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar üçün içlərində bir Azərbaycan yaşatdıqlarını da deyir. Bu mənada Azərbaycan bir coğrafi məkan anlamından çıxıb, daha böyük mənəvi-ideoloji məkan qazanmış olur. Burada biz Heydər Əliyevin uzaqgörən siyasətinin bir təzahürünü görürük; hər bir azərbaycanlı Azərbaycan varlığını özü ilə yaşadığı yerə, bütün dünyaya daşıyır, orada da bir Azərbaycan yaradır. Bax, bu, Heydər Əliyevin Vətən haqqında düşüncə və fəaliyyətinin mahiyyətidir.

Elə buna görə də professor Nadir Məmmədli yazısında "vətən" sözünün -konseptinin metaforik strukturunu açıqlayaraq, Heydər Əliyev prizmasından bu məsələyə geniş bir baxışı təqdim edir. "Metaforik düşüncə sahibi Ulu Öndər istənilən hadisəni nəinki başqalarından yaxşı görür, eləcə də onu heç kəsin ağlına gəlməyən şəkildə təqdim etməyi bacarır" (səh.211). "Vətən - ana yurd - doğma torpaq, vətən - xalq - respublika". Buraya bir "doğma" sözünün əlavəsi emosional çaları gücləndirir: doğma ocaq - doğma torpaq - doğma ana yurd - Vətən. Bu anlamlarda Vətən yalnız coğrafi və ya administrativ siyasi vahidin adı deyil, daha mürəkkəb məna kəsb edir. Burada Vətən anlayışı vətəndaş və dövlət, şəxsiyyət və mərkəzləşmiş ideoloji sistem arasındakı münasibətlər modelini konseptuallaşdırır.

Bu fəsildə "Heydər Əliyevin vətən konseptinin dil kodları"nın açılışı da ciddi maraq kəsb edir. Bunun üçün müəllif bəzi nominal sahələri subkonsept komponentlərinə ayıraraq təhlillər verir. Vətən - sevgi, vətən - torpaq, vətən - torpağa bağlılıq, Vətən - Azərbaycan torpağı, vətən - ölkə, vətən - vətən hissiyyatı, vətən - millət, vətən - xalq, vətən - soydaş, vətən - müstəqil dövlət, vətən - vətənpərvərlik, vətən - qayğı, vətən - borc, vətən - məkan, vətən - şəhidlik, vətən - ana dili, vətən - milli kök və s. onlarla bu cür qarşılaşdırma göstərir ki, Heydər Əliyev nitqlərində, danışığında Vətənin böyük dəyər kəsb etməsi daha böyük semantik arealda təqdim olunur.

Vətən konseptinin aforistik-semantik, paremioloji strukturu, habelə bu konseptin azərbaycançılıq nümunəsi olması barədə verilən məlumatlar da Heydər Əliyevin Vətən barədə düşündükləri və fəaliyyətinin açılması yolunda uğurlu addımdır.

Kitabın məziyyətləri barədə daha çox danışmaq, analizlər aparmaq olar: bu isə kitab haqqında yeni kitab yazmaq olardı. Ona görə də çalışdıq ki, əsas məsələləri tezisvari işıqlandıraq. Nəticə olaraq demək lazımdır ki, Heydər Əliyev haqqında yazılan cild-cild əsərlər içərisində kollektiv müəlliflər tərəfindən qələmə alınmış "Heydər Əliyev: Azərbaycan dili və azərbaycançılıq" kitabı öz siqləti, Ulu Öndərə bəslənən böyük məhəbbətin təcəssümü və obyektiv qiyməti baxımdan ən dəyərli mənbə kimi qarşılanacaq və qəbul ediləcəkdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!