Rəvan CAVİD
Tarix müəyyən zaman fasilələri ilə təkrarlanan və bu periodda özünə yeni mənalar qazandıran keçmişdən ibarət yaddaş kartıdır. İllərlə yorulmadan öz qisas prinsipini insan və gələcək üzərində sınayan, heç çəkinmədən buna tale deyərək bütün məsuliyyəti hansısa bilinməzə yükləmək də tarixin köhnə vərdişidir. Tarixin kortəbii subyektivliyini, bəlkə də, ilk tarixçinin kor olması ilə əlaqələndirə bilərik, axı həm də keçmiş bu və başqa mənada insan faktoru ilə də bağlıdır. Bir az şübhəli qalırıq ki, doğrudanmı bizə öyrədilənlər, milyon illərdi dayanmadan təkrarlanan müharibə xronologiyaları, xalqların bölünməsi prosesi və bunun kimi daha bir neçə siyasi və sosioloji termin həqiqətlə ziddiyyət təşkil etmir? Necə inana bilərik ki, hamımız bir zamanlar (Allahın yerə yaxın olduğu eralarda) eyni tarixə şahidlik etmişik?! Buna inanmaq üçün ya təməl kitablara bağlı, inanclı birisi olmalısan, ya da axtarmaqdan yorulan və küncə qısılan biri. Hər bir halda alternativ yolu tapmaq yenilikçi olmaqdan çox, radikal iddiaçı təəssüratı bağışlayır. Tarixin bir nöqtədən başlandığına Latın Amerikası ədəbiyyatını oxuyarkən hekayələrdə, romanlarda Şərq miniatürlərini, sənətkarlığını müşahidə edəndə inanmışdım. Mayalıların təqvimi, axirət duyğusu eynilə bizə (böyük kontekstdə şərqlilərə) yaxındır.
Məişətin sənətlə qucaqlaşdığı dövrdən sonra bu sual öz aktuallığını itirdi. Dünyanın hər yerində mövcud vəziyyət və o vəziyyətdən xilas olmağa çalışan, yalnız müəllif sənətkarlığı ilə fərqlənən sənət növləri var idi (yenə var). Dəyişən xalq, dil, din və coğrafiya faktoru oldu.
Din bizə Adəmdən gəldiyimizi sübut etmədən qəbullandırmağa çalışarkən, elm bizə eyni partlayışdan yaranmağımızı sübut etməkdən yorulmurdu. Hər iki tərəf bizə eyni nöqtədən gəldiyimizi və eyni bir məkansız, zamansız nöqtəyə qayıdacağımızı öyrətməyə çalışdı. Fərdi müşahidəm dinin qalib gəldiyini deyir.
Elmin uğuru onda oldu ki, tarixə daha açıq gözlə baxılmasının gərəkli olduğuna bizi inandırdı. Bunun sayəsində daha çox hadisə ilə tanış olan sənətin, daha konkret desək, ədəbiyyatın təxəyyül sərhədləri genişləndi. Daha çox "niyə?" sualı, daha çox "hara?" sualı və daha çox "necə?" sualı.
Tarixin əbədiliyinə və müqəddəsliyinə inananlar klassika məşqlərini davam etdirməyə başladılar. Düz mətn, A nöqtəsindən B nöqtəsinə hərəkət və səbəb-nəticə əlaqəsinin konkretliliyi. Amma bu yeni üslubların və sənətkarlıq müxtəlifliyinin çoxluğunu göstərməyə həm də mane olacaqdı. Əsərdəki məkan və zaman eynidirsə, hadisənin realist, romantik və ya sürrealist formada yazılmasının xüsusi əhəmiyyəti qalmır. Müəllif oxucunu hadisənin yuxarıdakı baş vermə ardıcıllığını pozmaqla təəccübləndirə bilərdi. Absurd ədəbiyyatın, ekzistensialist ədəbiyyatın yaranması bu prosesi bir qədər sürətləndirsə də, vacib an həqiqətlərə şübhə ilə yanaşma anından sonra başladı. Bu anda tarixin yaddaş kartı doldu və formata ehtiyac yarandı. Ya bir neçə qovluq silinməli idi, ya da bütün tarix sənət müstəvisində sıfırlanmalı idi. Birincini seçdilər, daha təhlükəsiz olanı.
Magik realizmi bu baxımdan uğurlu təcrübə hesab etmək olar. Həqiqi olanı yarıhəqiqi, yarımetafizik və ya tamamilə təxəyyül hadisəsinə çevirdilər. Real felləri uydurma şəhərlərə, uydurma insanlara, qeyri-müəyyən zamana uyğunlaşdırdılar. Bu cür nağılvari mətnlər insanların şüuraltında olduğu üçün tez qəbul edilməyə və sevilməyə başladı. Əsas nüans isə tarixin bilərək təhrifi, yazıçının istədiyi hadisənin başlanmasının mümkünlüyü idi. Bu həm də incəsənətin varislik missiyasının başlanğıcı idi. Borxesin "Sənət ona görə var ki, biz bu gün olanları işarələrə çevirib gələcəyə ötürək" tərifi burada özünü doğruldurdu. Müəyyən bir ölkənin, qəhrəmanın, tarixi anın təxəyyülümüzdəki işarələr (sözlər) sistemi ilə növbəti nəslə ötürülməsi, bu zamanda onun sanki kodlarla qorunması incəsənətin bütün sahələrində ilk şərtlərdən biri idi. Sürrealist rəssamların çəkdiyi portretlərdə insanın üzü müxtəlif əşyalara, heyvanlara fellərin reallığı qorunaraq köçürülürdü. Salvador Dalinin ən məşhur əsəri "Əriyən saatlar" rəsmindəki zamanın insan həyatına ani təsiri, insanın qocalması, iş həyatının insan vaxtını oğurlaması, əbədiliyə çatmaq istəyənin çırpınışı, tərəddüdü və sair bu kimi insan-zaman münasibətlərini təsvir etməsi çəkmək istədiyim misaldır. Əriyərək torpağa düşməyə çalışan saatlarla bütün özünə qədərki eyni məzmunlu əsərləri kölgədə qoydu və indi, əsərin çəkilməsindən təxminən yüz il sonra da öz əvvəlki həyəcanını qoruyur. Qocalmadı. Bu baxımdan sənət tarixin unutmaq kimi xislətini çeynədi atdı. Artıq yaddaş kartında xüsusi qovluqlar yaratmağa məcbur olan tarix sənətin ehtiyacını və tələbini "nəzərə aldı".
Postmodernizmə təkcə ədəbiyyat rakursunda deyil, həm də məişət hadisəsi kimi baxanda daha aydın olur ki, bizə danışılan keçmiş, tarix, gələcək haqqında iddialar və ideyalar zaman-zaman təkrarlanır. Eyni hadisənin bir neçə variantını eşidirik. Yaradıcılıq tələb edir ki (bunun birbaşa ədəbiyyatla əlaqəsi var), öz istədiyimiz tarixi uyduraq, tarixi bilərək təhrif edək, onun obrazları arasındakı zaman məhdudiyyətini aradan qaldıraq. Ədəbiyyat bu görünüşdə həyatdan maraqlı olur. Həyatın içindən, amma ona yad. Ölkəsinin tarixini yenidən yazan hindistanlı da, tarixə şübhə ilə yanaşan ingilis də, yeni tarix yazmağa ehtiyac duyan kor kitabxanaçı da, bilərək tarixi səhvlər buraxan şərqli də sənətin təxəyyül dairəsini genişləndirir. Ədəbi mətnləri ilk kitablardan (səmavi) deyil, elə özündən bir neçə yaş böyük sənət əsərlərindən "oğurlayan"lar yaradıcılığı "nə?" sualından "necə?" sualına qədər çəkib gətirənlər oldu.
Bütün hallarda "tarix həqiqətin anasıdır". Tarixi dəyişmək olmasa da, onu yenidən yazmaq olur. Keçmişi bir dəfə yaşamaq, min dəfə yazmaq mümkündür. Və əgər bu yazılanlar sənətə çevrilirsə, o zaman təhrifə yol vermək qaçılmazdır. Xüsusi etimoloji faktların, xronoloji ardıcıllıqların, şəxsiyyətlərin xarakter problemlərinin və həllərinin dəyişdirilməsi tarixin uzun sürən şübhələrini bir az da dərinə atır. O dərinlikdə həmişə işıq görünür, ya gələcəyi həll etməklə, ya da keçmişin bir nüsxəsini qəbul etməklə üzmək olar o dərinlikdə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!