Məşhur Amerika yazıçısı Ernest Heminquey 1899-cu ilin 21 iyul tarixində, ABŞ-ın Çikaqo şəhəri yaxınlığındakı Ouk-Park şəhərciyində doğulub. Ailədə olan altı uşaqdan ən böyüyü olub. Anası opera müğənnisi, 1928-ci ildə intihar edərək həyatına son qoyan atası isə həkim olub. Orta təhsilini başa vurduqdan sonra könüllü olaraq cəbhəyə getmək istəsə də, gözlərindəki problemə görə arzusunu reallaşdıra bilməyib. Bir müddət Kanzasda çıxan "Star" qəzeti ilə əməkdaşlıq etdikdən sonra könüllülərdən ibarət dəstənin tərkibində Avropaya, Birinci Dünya müharibəsinin döyüş zonasına gedə bilib. Amerika Qırmızı Xaç Cəmiyyətinin sürücüsü kimi hərbi əməliyyatlarda iştirak edib, ayağından yaralanıb, göstərdiyi igidliyə görə İtaliyanın iki hərbi medalı ilə təltif olunub. On il sonra qələmə alacağı "Əlvida silah" (1929) romanındakı bir çox hadisə və personajların şəxsən şahidi olub.
Çikaqoya qayıtdıqdan sonra yazıçı Şervurd Andersenlə tanış olub və yaşlı həmkarının təkidi ilə canını "mənəviyyatsız həyat"dan qurtarmaq üçün Parisə gedib. 1921-ci ildə, Amerikanı tərk etməzdən əvvəl Elizabet Riçardsonla evlənib. Bu evlilik onun dörd rəsmi evliliyindən birincisi olub.
Heminquey Parisdə yazıçı həmvətənlərindən Gertruda Stayn, Erza Paund, Skott Fitceraldla görüşüb tanış olub. Onun "Hekayələr və üç şeir" (1923), "Zəmanəmizdə" (1924) adlı ilk kitabları da Parisdə işıq üzü görüb. Bir müddət "Toronto star" qəzeti üçün mqalələr yazıb. Ədəbi tənqidin hay-küylə qarşıladığı "Günəş çıxır" (1926) romanı ona böyük uğur qazandırıb. "Əlvida silah" (1929), "Olmaq, ya olmamaq" (1937) "Əcəl zəngi" (1940), "Çayla ağaclara tərəf" (1950) romanları geniş oxucu marağına səbəb olub. 1952-ci ildə çap olunan "Qoca və dəniz" romanı "Pulitser" və Nobel mükafatlarına layiq görülüb. 1954-cü ildə ədəbiyyat üzrə növbəti Nobel mükafatı yazıçıya son əsərlərindən olan "Qoca və dəniz" romanında növbəti dəfə müharibə mövzusunu böyük ustalıqla qələmə aldığı üçün verilib.
Dünya şöhrətli Amerika yazıçısı Ernest Heminquey 1961-ci ildə ABŞ-da dünyasını dəyişib.
Çox qısa hekayə
Ernest HEMİNQUEY
Paduqada keçirdiyi həmin bürkülü axşam onu dama çıxartdılar, oradan baxanda şəhər evlərinin üstündən uzağı görmək olurdu. Səmada uzunqanadlar uçuşurdu. Az sonra hava qaraldı və projektorlar yandı. Yerdə qalanların hamısı butulkalarını götürüb aşağı endilər. Lyuzlə o onların aşağıdan, eyvandan gələn səslərini eşidirdi. Lyuz çarpayının kənarında əyləşmişdi. Qız gecə bürküsündə təravətli və şux görünürdü. Lyuz üçüncü ay idi ki, gecə növbəsinə qalırdı. Bu işi məmnuniyyətlə ona həvalə edirdilər. Lyuz özü onu əməliyyata hazırlayırdı; birlikdə rəfiqə və fincan haqqında qəribə bir əhvalat da uydurmuşdular. Narkoz veriləndə öz üzərində nəzarəti qoruyub saxlamağa çalışır, tutması başlayanda çərənləyib artıq-əskik danışmaqdan çəkinirdi. Ona qoltuq ağacıyla gəzməyə icazə verilən kimi özü termometri yaralılara aparırdı ki, Lyuzun yataqdan qalxmağına ehtiyac olmasın. Yaralılar az idi və onlar da məsələnin nə yerdə olduğunu bilirdilər. Onların hamısı Lyuzu sevirdi. Dəhlizlə geri qayıdarkən ağlında bircə fikir vardı - Lyuz onun yatağında uzanıb. Cəbhəyə qayıtmaq vaxtı çatanda birlikdə dua etmək üçün Duomoya getdilər. Ora sakit və alaqaranlıq idi, onlardan başqa da dua edənlər vardı. Evlənmək istəyirdilər, amma bunu bəyan etməyə vaxtları çox azdı, bir yandan da doğum haqında şəhadətnamələri əllərində deyildi. Özlərini ər-arvad kimi hiss edirdilər, hamının bundan xəbər tutmağını və bu məslənin ciddiləşməyini istəyirdilər. Lyuz ona çoxlu məktub yazmışdı, həmin məktublar ona sülh bağlandıqdan sonra çatmışdı. Məktubları cəbhədə almışdı, on beşini birdən, tarixlərinə görə ardıcıllığı tutuşdurub hamısını bir-birinin ardınca oxumuşdu. Məktublarda hospitaldakı təzə xəbərlərdən söz açılır, bir də Lyuzun onu necə çox sevdiyi, onsuz yaşaya bilmədiyi, gecələr onun varlığına ehtiyac duyduğundan bəhs olunurdu.
Sülh bağlandıqdan sonra qərara aldılar ki, o, əvvəlcə, vətənə qayıdıb özünə iş tapmalı, sonra evlənməlidirlər. Lyuz da yalnız o özünə yaxşı bir iş tapandan və onu Nyu Yorkda qarşılamağa imkan tapandan sonra qayıtsın. O, içkini atmalı və ümumiyyətlə, Ştatlarda köhnə tanışlarının heç biriylə görüşməməliydi. Hər şeydən əvvəl isə iş tapıb Lyuzlə evlənməliydi. Paduqadan Milana gedərkən yolda qızın onunla birlikdə evə qayıtmaq istəməməsi üzündən sözləri çəp gəlmişdi. Ayrılıq məqamı çatanda Milandakı vağzalda öpüşmüşdülər, amma aralarındakı söz-söhbət unudulmamışdı. O, bu cür ayrıldıqları üçün təəsüflənirdi. Genuyada Amerikaya gedən paraxoda mindi. Lyuz isə Pordenona, təzə açılan hospitala yola düşdü. Ora rütubətli və çox yağışlı yer idi, Ardittinin batalyonu isə şəhərdə məskunlaşmışdı. Qışda həmin bu palçıqlı və yağışlı şəhərdə batalyonun mayoru Lyuzə girşməyə başlamışdı, o vaxta qədər qızın italyan tanışı olmamışdı və axırda qız Ştatlara məktub yazıb aralarında olan sevginin uşaq əyləncəsindən başqa bir şey olmadığını bildirmişdi. Məsələnin bu yerə çatmağından çox məyus olduğunu yazmış və onu başa düşməyəcəyini yəqin bildiyini qeyd etmişdi, amma bəlkə də nə vaxtsa onu bağışlayacaq və təşəkkür edəcək, indi isə yazda ərə getməyə hazırlaşmağı özünə də qəribə gəlir. Onu yenə əvvəlki kimi sevir, amma dəqiq bilir ki, bu uşaq sevgisidir. Qarşılarında böyük bir gələcək olduğuna şübhə etmir və buna əmindir. Dəqiq bilir ki, bütün bunlar işin xeyrinədir.
Mayor onunla nə yazda, nə başqa vaxt evləndi. Lyuz isə Çikaqoya yazdığı məktublara cavab almadı. O da universal mağazanın satıcısı ilə Linkoln-parkda taksidə süləndiyindən süzənək xəstəliyinə yoluxdu.
Rus dilindən tərcümə edən:
Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!