Ulu öndərimiz barədə qeydlərimə Çin mütəfəkkiri Sin Tzsinin müdrik kəlamlarını başlıq seçməyim təsadüfi deyil. Çünki o, elə bil Heydər Əliyev şəxsiyyətinə əla bələd olduğundan fikirlərini məhz ona yönəlik söyləmişdir. Heydər Əliyevin keşməkeşli ömür kitabını vərəqləyəndə bunu aydın sezmək mümkündür. Sin Tzsinin dediklərinə bir daha nəzər salaq.
"Hərgah, özünü də, düşmənini də tanıyırsansa belə olan təqdirdə həmişə qalib gələcəksən. Hərgah özünü tanıyırsansa düşmənini tanımırsansa həm qalib, həm də məğlub olacaqsan.
Hərgah, özünü tanımırsansa və düşmənini də tanımırsansa o zaman hər bir döyüşü uduzacaqsan".
İndi ulu öndərin "ömür kitabından" bəzi səhifələrə diqqəti yönəldəcəyəm. Və Sin Tzsinin söylədiklərinin məntiqi dəyərini bir daha dərindən dərk edəcəyik. Heydər Əliyevin Mixail Qorbaçov, eyni zamanda bütünlükdə erməni separatçıları üzərində böyük mənəvi-psixoloji və tarixi-siyasi qələbələrə nail olması danılmaz bir faktdır. Özünün qanı-canı bahasına qurduğu yeni Azərbaycanımızın 44 günlük vətən müharibəsində şanlı qələbəsi, ordumuzun misilsiz şücaəti, ümumilikdə isə doğma Odlar yurdunun vüsətli varlığı, yüksəlişi, qüdrəti və nüfuzu məhz onun strategiyasının, uzaqgörənliyinin böyük təntənəsinin bariz nümunəsidir.
Qəzetin mənə verdiyi imkandan istifadə edərək taleyin qisməti ilə ulu öndərimizlə unudulmaz görüşlərimizin, yaddaşıma həkk olunmuş məqamların cüzi bir hissəni - onun şanlı yubileyi ilə bağlı "Ədəbiyyat qəzeti"nin oxucuları ilə bölüşməyə ehtiyac duydum.
Heydər Əliyev 1969-cu ildə ilk dəfə respublikamıza rəhbər vəzifəyə təyin olunandan cəmi bir neçə gün sonra onu "Xalq qəzeti"nin xələfi "Kommunist"in 50 illik yubileyi ilə bağlı təntənəli toplantıda gördüm.
Az müddət sonra mənim çalışdığım "Bakı" və "Baku" qəzetlərində "Həqiqətə çevrilmiş lətifə" adlı tənqidi bir məqaləm eyni gündə həm azərbaycanca və həm də rusca oxuculara təqdim olundu. Həmin yazıda Bakı filarmoniyasında hökm sürən hərc-mərclik, maliyyə vəsaitlərinin mənimsənilməsi, özbaşınalıqlar, bir sözlə, bu möhtəşəm mədəniyyət ocağının adına və nüfuzuna xələl gətirən neqativ hallar və sair çatışmazlıqlar barədə çox kəskin danışılırdı. Elə qəzet satışa buraxılandan az sonra redaktor Nəsir İmanquliyev məni yanına çağırdı. Məlumatlandırdı ki, Heydər Əliyev yazını oxuyub və çox əsəbləşib. Dərhal da göstəriş verib ki, sabah təcili olaraq Mərkəzi Komitədə geniş bir yığıncaq keçirilsin.
Nə isə, elə ertəsi gün səhər Nəsir müəllimlə mən toplantıya qatıldıq.
Heydər Əliyev məqalə üzərində çox ciddi danışdı və aidiyyəti olan qurumların başçılarının diqqətini filarmoniyaya yönəltdi, oradakı mövcud vəziyyəti diqqətlə araşdıran mətbuatın tənqidi çıxışına haqq qazandırdı.
Qısası, elə həmin toplantıdan dərhal sonra filarmoniyanın rəhbərliyi dəyişdirildi, bir neçə adam vəzifədən kənarlaşdırıldı. Sonradan mədəniyyət naziri də işindən uzaqlaşdırıldı.
İclasın sonunda Heydər Əliyev üzünü redaktora tutub bildirdi: "Şəxsən Sizə və qəzetinizə də "sağ ol" deyirəm ki, bu vacib məsələni obyektiv arayıb-araşdırmısınız və ictimaiyyəti məlumatlandırmısınız"
...1975-ci il. Ulu öndər Azərbaycan jurnalistlərini iki qrup halında qəbul etdi. Həmin qruplara gənclər və orta yaşlılar, ikinci dəstəyə isə veteran qələm sahibləri daxildilər. O, yaşından və təcrübəsindən asılı olmayaraq hamı ilə çox qəlbi söhbət apardı. Lazımi tövsiyyələrini bildirdi. Bəzi sualları cavablandırdı, tövsiyyələrini verdi.
Mənim "Gənclik" nəşriyyatında buraxılmaqda olan bir kitabımda "Ağlama, Təbrizim!" adlı şeirimin çapı yasaqlanmışdı. Səbəbini də belə izah edirdirlər. "Bizlik deyil. Qlavlit şeirin çapını yasaqlayıb..."
Ulu öndərimizlə həmin görüşdə həmin məsələ ilə bağlı açıqlama verdim, narazılığımı bildirdim.
Dedi:
- O şeiri əzbər bilirsənsə söylə eşidək.
Dedim: "Bəli". Və şeiri oxumağa başladım:
Demə yollar uzaqdır,
Araya bir çay düşüb.
Vüsal kimin qisməti,
Bizə həsrət pay düşüb.
Birimizə göz yaşı,
Birimizə toy düşüb.
Danış, ucadan danış,
Sən dilini bağlama,
Ağı dediyin bəsdir.
Ağlama Təbrizim, ağlama.
Bir torpağın üstündə
O taylı, bu taylıyıq,
Torpaq ki, ömür deyil
Necə gəldi paylayaq,
Nə qədər "qardaş" deyib
Uzaqdan haraylayaq.
Ağlama, Təbrizim, ağlama...
Heydər Əliyev təəccüblə başını yellədi:
- Burada nə var ki?!.
Dərhal da köməkçisinə tapşırdı:
- Mətbuat Komitəsinin rəhbərliyinə mənim adımdan zəng vur. Bu şeirin nəşrinə əngəl törətməsinlər.
Sonra üzünü mənə tutdu:
- Həmin şeiri bir vərəqə yaz, ver mənə, lazımımdır.
Hə, redaksiyaya təzəcə qayıtmışdım ki, telefonum səsləndi. Komitənin kitab nəşri şöbəsinin müdiri, yazıçı dostum Əlfi Qasımovdu danışan.
- Səni kim incik salıb, qardaş?! Şikayətini nə əcəb bizə bildirməmisən?
- Daha keçib, Əlfi müəllim. Kitabın nəşrini dayandırmaq istəmədim. Sağlıq olsun, çapdan çıxacaq növbəti kitabımda həmin şeirimi oxuculara çatdıraram.
Belə də oldu.
Ulu öndərlə növbəti görüşümün də maraqlı tarixçəsi vardır. "Yol" kitabımın ikinci hissəsi üçün materiallar toplamaq məqsədi ilə yenidən Amerika qitəsinə səfərə çıxdım. Yeri gəlmişkən, "Yol"un birinci cildini Prezidentə avtoqrafımla çatdırmışdım və cavab olaraq "Sağ ol"unu da mənə yetirmişdilər.
Nə isə, Kanadadaydım. Torontoda bir soydaşımızla tanış oldum: Səid Karimi. Əslən Cənubi Azərbaycanın Marağa şəhərindən olan Səid bəy də ilk baxışdan alicənablığı, mədəniyyəti, tarixi vətəninə, xalqına sıx bağlılığı ilə adamda xoş təəssürat oyadırdı. Mətləbi uzatmayım. Söhbət əsnasında məlum oldu ki, o, Torontoda böyük tikinti şirkətin sahibidir. Soydaşımız həsrətini çəkdiyi Şimali Azərbaycana gəlmək, burada yeni bir binanın inşasına başlamaq arzusunu dəfələrlə bəyan edirdi.
Ona dedim ki, Kanadadan geriyə dönəndə Vaşinqtonda olacağam. Səfirimiz, yaxın dostum Hafiz Paşayevlə görüşümdə bu barədə söhbət açaram. Yəqin ki, müvafiq hökumət üzvlərini məlumatlandırar. Görək nə olar...
Doğrudan da Hafiz müəllimlə görüşüb Səid Nəfisinin istəyini ona çatdırdım. O da söz verdi ki, həmin məsələ ilə bağlı rəsmi dairələri məlumatlandırar. İnanıram ki, xeyirxah məqsədli bu soydaşımız Bakıya dəvət olunar.
Son nəticədə Hafiz Paşayev mənə bildirdi ki, Səid Karimi Bakıda olsa cənab Heydər Əliyev onu mütləq qəbul edəcək.
Bir sözlə, müəyyən vaxtdan sonra Kanadalı soydaşımız Şimali Azərbaycana varid oldu. Və Möhtərəm Prezidentimiz Heydər Əliyev onu qəbul etdi.
Heydər Əliyev çox uzaqgörən bir siyasi xadim kimi də fərqliydi. İkinci dəfə Azərbaycan dövlətinin rəhbərliyinə qayıtdıqdan dərhal sonra o, xarici ölkəyə ilk səfərini İrandan başladı. Bəziləri haqlı düşünürdülər ki, bəs niyə Türkiyədən yox, İrandan?
Bu sualın cavabı bir qədər sonra oxucuya bəlli olacaqdır.
Mən də jurnalist qismində Prezidentimizi İrana müşayiət edən nümayəndə heyətinin tərkibindəydim.
Azərbaycanın xarici işlər naziri Həsən Həsənov mənə telefon zəngində bildirdi:
- Xahiş edirəm, təcili yolunu nazirliyə sal. Xarici pasportun da yanında olsun. Prezidentin İrana rəsmi səfərində onu müşayiət edəcək jurnalist heyətində sən də varsan...
...Təyyarədəyik. Hava gəmisi yerindən tərpəndi. Öz qaydası ilə yüksəkliyə qalxdı. Nəhayət, Tehrana istiqamət götürdü. Prezident adəti üzrə təyyarədəki xüsusi kabinetindən çıxdı. Təyyarədəkilərlə bir-bir görüşüb salamlaşdı. Hal-əhval tutdu. Mənimlə də görüşdü və dedi:
- Qulaq as, sənin "Yol"un üç gecə məni yatmağa qoymayıb. Çox nəcib bir yaradıcılıq işi görmüsən...
Məmnun oldum. Azər.TAC-ın xüsusi fotomüxbiri Yaşar Xəlilov da xidməti vəzifəsini yerinə yetirməkdəydi.
O, Prezidentlə qısa söhbət anını gözdən qaçırmadı və bu məqam fotoşəkildə əksini tapdı.
Oxuculara təqdim olunan ikinci fotoşəkil də elə İran səfərindən yadigardır.
Prezident İsfahanda bir sənaye müəssisəsində idi. Tanışlıq başa çatdıqdan sonra zavodun önündə fotomüxbirlərin xahişi ilə ulu öndərimiz ayaq saxlamalı oldu. Bu zaman mən bir qədər aralıda təkbaşına dayanıb mənzərəni seyr edirdim. Birdən Prezidentin gözü mənə sataşdı. Dərhal da cangüdəni Mahir Əbilovu yanına çağırıb ona nəsə dedi və o da sürətli addımlarla mənə yaxınlaşıb bildirdi:
- Cənab Prezident Sizi yanına dəvət edir.
Doğrusu, bu dəvətdən həm sevindim, həm də bir qədər karıxdım. Yaxınlaşanda Prezident xarici işlər nazirimizə işarə ilə bildirdi:
- Keç dur dostun Həsənin yanında.
Beləliklə, Prezidentin İran səfərində lentə alınmış hər iki fotoşəklin "həyata" vəsiqə almasının qısa tarixcəsi belədir. Evdə - iş otağımda əziz xatirə kimi divardan asılan həmin fotoşəkillər buraya daxil olarkən sanki məni canlı olaraq salamlayır və o unudulmaz səfəri yadıma salır.
Bir qədər öndə ulu öndərimizin yenidən ölkəmizin başçısı seçiləndən sonra nə üçün ilk xarici səfərinə Türkiyədən deyil, İrandan başlaması məsələsinə indi aydınlıq gətirmək istəyirəm. Məsələ burasındadır ki, İran nə qədər pərdələnsə də, Ermənistanın Azərbaycanla münaqişəsində bizi deyil, əlaltından qonşu respublikanı dəstəkləməsi, ekstremistlərə, daşnaklara qahmar çıxması, erməni terrorçulara hər cür yardım göstərməsi və sonradan erməni silahlı dəstələrinin Şuşanı qəsb edərək xalqımızı misilsiz fəlakətlərə düçar etməkləri, Xocalı soyqırımını törətmələri məhz İran hökumət dairələrinin ciddi köməyi sayəsində mümkün olmuşdu. İranın bu "ikibaşlı" oyunu 44 günlük vətən müharibəsində və şanlı ordumuzun misilsiz qələbəsindən sonra da bütün çılpaqlığı ilə özünü büruzə verdi.
Bununla bağlı son 30 ildə regionda baş verən hadisələrdə ermənilərin xeyrinə molla rejiminin həyata keçirdiyi çirkin oyunlar, hadisələrə ikibaşlı siyasi yanaşmaları yaxşıca bəlli idi. Ulu öndər isə hadisələrin lap ilk başlanğıcından bütün bunlardan yaxşı xəbərdardı. Məhz bu və digər səbəbdən də O, Prezident seçildikdən sonra dövlətimizə, məmləkətimizə ən ciddi təhlükə olan İran molla rejiminin mübəlliğləri ilə üzbəüz görüşüb münasibətlərə aydınlıq gətirməyi vacib sayırdı.
Ulu öndər İrana getdi. Çox şeyi özü üçün bir daha aydınlaşdırdı. Bir el məsəlini də yenidən yada saldı: "Bəli, qurdla xoş münasibət qursan da çomağını da əldən qoyma!".
Doğrudan da bir daha təkrar edirəm, Heydər Əliyev "özünü də, düşmənini də yaxşı tanıyırdı..." sözlərini məqaləmizə təsadüfi başlıq seçmədim. Çünki onun bütün həyatını və dövlət işindəki fəaliyyətini təhlil etdikdə başlıqdakı sözlərin həqiqiliyi yenidən bütün çalarları ilə göz önündə canlanır. Bir məsələyə diqqəti yönəltməklə bu böyük insan barədə qeydlərimi bitirmək istəyirəm. Və... həqiqətən də bu dahi şəxsiyyət özünü də, düşmənini də yaxşı tanıyırdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!