Şəhidlərin əmanəti
Lirik poema
Qartal, o zirvədən belə düş, belə,
insanam, zirvədə mən olmalıyam.
Günəş yandıranda ana torpağı,
duman olmalıyam, çən olmalıyam.
Mahir Dadaşzadə
Baş leytenant
Oxucum, şəhid Mahir Dadaşzadənin həyat yoldaşı Lalə
xanım Hüseynovaya
"...Hörmətli Xalq şairi
Nəriman müəllimə.
Beyləqan şəhər, Gəncə küçəsi,
dalan 3, ev 7 ünvanında yaşayan Birinci Qarabağ müharibəsinin
iştirakçısı, şəhid baş leytenant
Dadaşzadə Mahir Qərib
oğlunun atasıyam...
Ailəmiz və gəlinim, şəhid Dadaşzadə Mahirin həyat yoldaşı Hüseynova Lalə sizin kitablarınızı çox oxuyur. Bu gün ayaq üstə Lalə xanımın durması bəlkə də, sizin kitablarınızın sayəsindədir. Bu sevgi bizi sizin evinizə
getməyə vadar etdi və getdik...
İstərdim ki, şəhid baş leytenant Dadaşzadə Mahir Qərib oğlunun
xatirəsinə əsər yazasınız"
Təhməzov Qərib Dadaş oğlunun məktubundan
Beyləqan,
Cərcis Peyğəmbər,
müqəddəs
Vətən torpağı
Torpaqların ən oyağı!
Bəlkə də ən yuxusuzu!
Səngərdə doğulan həyat,
yaşamaq eşqi, arzusu.
Qərib kişi,
Qərib ata,
danış bir sinə dolusu.
Şəhid Mahirin atası,
özün bu yerin oğlusan,
həm də bu yerin atası.
Əlinlə yola salırsan,
gözünlə hey axtarırsan.
Axtaran tapar, - deyiblər,
bəlkə xətrinə dəyiblər,
axtarıb tapa bilmirsən,
sınırsan,
yox, əyilmirsən.
O, elə bir zirvədədir,
zirvə nədir? -
əlim çatmaz, ünüm yetməz.
Əbədiyyət deyilən bir
Abidədir,
səsim getməz!
Mahir orda qərar tutub,
öz ünvanı, öz adı var.
O yerin yeddi qatı var,
Oğlunuzun,
halal mənəviyyatı var.
Sinəmdə bir bayatı var.
"Oğul odur, atlana,
atı minə atlana!
Ad qazana döyüşdə,
hər ağrıya qatlana!"
Biz gedənik,
qalan odur!
Torpaq odur,
Vətən odur,
Qalib Azərbaycan odur!
Lalə qızım,
anam-bacım,
sinəmdə bir hüzn qalıb,
istəyirəm sənə deyim,
sənə açım.
Ev oldunuz,
evinizdən
gəlmədi
bir körpə səsi.
Tanrının halal
töhfəsi!
Bələyini bələmədin,
beşik yürüyəmmədin.
Heç bilmədin
dünyanın
oyunu nəydi,
sən, ay qızım.
Neçə ayın
gəliniydin,
sən, ay qızım?!
Yadigardı Vətən bizə,
sənin Mahirindən, bizə.
Vətən qızı,
sən də ondan
yadigarsan.
Gözümüzün üstündədi,
şəhidlərin əmanəti.
Bu nəsildən - o nəsilə
tapşırırıq
biz ilahi
bir ülfəti!
İlahiydi Mahir özü,
Mahirin dediyi sözü,
andı,
inadı, səsi də,
uşaq "qəsdi-qərəzi"də.
Dörd yaşında vəhy gəlibmiş,
haqqdan ona
ürək verir on dörd yaşlı
bir Füzuli
qaçqınına;
- Qoy böyüyüm,
mən də əsgər
gedəcəyəm,
Füzulini
özüm azad edəcəyəm.
Ümid deyil,
vəd verirdi,
o, qaçqına,
sığışmırdı qılınc qına!
Baş qoymurdu
anasının
yastığına!
Mahir daha il-il deyil,
saat-saat
böyüyürdü.
Həyatda bir yeni həyat
böyüyürdü.
Adı Mahir, özü mahir,
igid əsgər böyüyürdü.
Hər səfərə,
bir səfərbər
böyüyürdü!
Füzulini
azad edən,
Füzulidə həlak olur.
Niyə yerin qulağı kar,
göyün gözü oyaq olur?!
Xeyirin xeyir-duası,
şərin oyunu buydumu?
Dünya bir hünər meydanı,
ya əbədi yuxuydumu?!
Mahir getdi,
məktub gəldi
Türkiyədən.
Ora Vətən, bura Vətən.
Qərib kişi,
Qərib ata!
Bu nə sirrdi,
belə birdən?!
Kipr uğrunda
həlak olan,
təyyarəçi o qəhrəman,
yazırdılar,
qardaş olub Mahir ilə.
Hardan belə?!
Belə oxşar ekiztayı?!
Yoxdu Mahirdən savayı,
bir də Çingizdən savayı.
Əlli altı il öncədən,
şəhid olub,
Vətən uğrunda,
ey Vətən!
Orda yunan hasar çəkdi,
burda erməni car çəkdi.
İki igid,
iki şəhid,
Azərbaycanlı, bir də türk.
Çiyin-çiynə, ömürlük
sinə gərdi,
Ana türkün Oğuz yurdu,
türk yaşadı, türk qorudu.
Bir soyadın iki qolu,
biri Çingiz Pioladı,
biri Mahir
Qəriboğlu.
Qəhrəmanın anasından,
eşitdim mən,
bu söhbəti.
Dediyini ürəyinə dərd elədi.
Sən ey gözü
odlar görən,
mehribanım!
Doğmamsan,
Ofelya xanım!
Gör harda mən,
Siseronu
xatırladım.
Deyim niyə,
Düz min ildi
ömr eləyir
bu fərziyə?!
Deyir: adlar
təqib edir
sahibini,
öz-özünə
rəqib edir
sahibini.
Ofelyanın taleyini
yaşayır o ad,
yenidən.
Qədim Roma alimidi
bunu deyən.
Yox, təəssüf
eləmə sən,
anam mənim,
bacım mənim.
Səndən mənə yadigardı
başımda ağ
saçım mənim.
Dostlara bu sədaqətim,
düşmənlərə kinim mənim!
Səbrim, ya təmkinim mənim!
Sən Mahirin,
sən şəhidin
anasısan.
Anaların hər əsrdə
duasısan.
Bir millətin abırısan,
həyasısan.
Sən gör kimin,
gör kimin
Ofelyasısan!
Ey səbirli, ey qürurlu,
analarım!
Həyatımda, taleyimdə
qalanlarım!
"Dahi", "Böyük",
"Əfsanəvi"
olanlarım.
Nəsillərə tapşırıram,
mən tarixi
bir söhbəti.
Sən hifz elə, ulu Tanrım,
bu torpaqda
bu milləti.
Yerin, yerdə soyumasın
od nəfəsi,
ey kimsəsizlər
kimsəsi!
Qaytar bu dünyaya
Əməkdar incəsənət xadimi,
heykəltaraş Görüş Babayevə
Görüş, xahişimi çıxarma yaddan,
onsuz da etibar yoxdu dünyaya.
O, yetmiş yaşında getdi nagahan,
qaytar,
Mir Cəlalı sən bu dünyaya.
Bizi görməsə də, biz onu görək,
insan ömür boyu tamarzı qalmaz.
Qoy adlar içində adını çəkək,
dəyişib,
qoy biz də dəyişək bir az.
Görüş, unutma ki, o Mir Cəlaldı,
özü könüllərdə qoyub büstünü.
Ana südü kimi ona halaldı,
yada sal,
"Bir gəncin manifesti"ni.
Atan Nurəddinlə ata-balaydı,
onda arxamız da Tanrıydı, Görüş.
Onda, deyilən söz bir az bahaydı,
sözün çəkisi də
varıydı, Görüş.
Köhnə tələbələr onu unutmur,
üzdədi,
bir-iki nəfəri üzdə.
Onun kafedrası indi də durur,
öz adı yazılıb qapının üstə.
O hələ dərs deyir, könül bağlayır,
qəbul otağıydı bu, müəllimin.
Burda tələbələr gümrah saxlayır,
bu da
BDU-nun sirridi yəqin.
Deyirlər, Mir Cəlal otuz yeddidə
dustaq şairlərdən bir-iki kərə,
kurs işi yazdırıb tələbələrə,
KQB
izləyib onu get-gedə.
Açıq qapılarda gizli nəzarət! -
düşüb şübhəlilər siyahısına.
Mir Cəlal özü də,
gəlib nəhayət,
qara bayquşların bəd duasına.
İllər qarşısında, tarix önündə,
neçə şah vüqarı zaman əyirdi.
Sonralar,
ədibin bir ad günündə,
bizə Püstə xanım nəql eləyirdi.
- Bir maşın siqnalı gəldimi, dərhal,
sel kimi, qəfildən səbri daşırdı.
- Çantamı hazırla! - deyir Mir Cəlal,
mənimlə,
görüşüb vidalaşırdı.
Görüş, xahişimi çıxarma yaddan,
onsuz da etibar yoxdu dünyaya.
O, yetmiş yaşında getdi dünyadan,
qaytar
Mir Cəlalı sən bu dünyaya.
Hacı Şahinin xatirəsi
O dərk eləmişdi dünyanı artıq,
o, rahat deyildi cəmiyyətdə də.
Düzlük axtarırdı, bir də halallıq,
özündə,
ətrafda,
məişətdə də.
Haqqa çağırırdı o, birər-birər,
çağırış, daimi tövsiyyəsiydi.
Tanrı kəlamıydı dediyi sözlər,
özü də,
Tanrının bir töhfəsiydi.
Deyirdi, uymayın şöhrətə, ada,
nə bir iddiası, nə bir qüruru.
Deyirdi, yaxşılıq, xeyirxahlıq da
insanın,
insanda kəşfidir, qoru!
Ürəyində Vətən, dilində Vətən,
tanındı, seçildi söz əhli kimi.
Yüz min əl qaldırdı Hacını yerdən,
millətin,
şərəfli bir oğlu kimi.
Bəzən danışırdı o yana-yana,
hamıyla doğmaydı, hamıyla sirdaş.
O sözlər məscidin hasarlarına
Hacının xəttilə
yazılaydı kaş.
Ümid eləməyin xeyiri yoxdu,
deyirdi, dünyanın yazı-qışı var.
Alın yazısı da deyirdi, yoxdu,
insanın
pis-yaxşı davranışı var.
Görüşə bilmədim heyif, həyatda,
sağımdan-solumdan bəzən bixəbər!
Niyə yandırıldı Nəsimi odda? -
ondan soruşardım,
yananlar bilər.
O da şahin kimi uçdu, şığıdı,
yerdən istəyirdi qalxsın, ucalsın.
Deyirlər,
hər yaşda o, oyağıydı,
bir gözüyuxulu qoymadı qalsın.
İnsan bir qıfıldı, ağıl bir açar,
yaşayın xətadan, bəladan uzaq.
Kişidə - qüruru,
sındırma, bacar,
qadının qəlbini sındırma, heç vaxt.
Sual verirdi ki, sənin nəyindi,
kürsüdən-kürsüyə o əvəz olan?!
Atadı,
anadı, valideyindi,
Allahdan sonrakı müqəddəs olan.
Hacı ayırırdı xeyirdən şəri,
seçib bir hədisi nəql eləyəndə.
Gərək inciməsin din xadimləri,
heç kəsi danmadım,
Hacı deyəndə.
Böyüyə, kiçiyə daimi hörmət! -
ilk əlifbasıdır bu, ibadətin.
Vergiydi,
vermişdi ona təbiət,
təbiət Hacıya qısqandı yəqin!
İnsanlar yaşayacaq
Ədibə xanım Paşayevaya
Gördüm səni, Ədibə,
anan düşdü yadıma.
Sizin evdəki o gün,
o an düşdü yadıma.
Püstə xanım deyirdi:
- Heç bilmirəm nə sirrdi,
Nəriman bir söz demir,
çay içmir, çörək yemir.
Mən deyirəm hər dəfə...
Biz yeyib,
Mir Cəlalla,
təzə qalxmışdıq evə.
Mir Cəlal müəllimin
çörəyini kəsməyən,
nə bir aspirant olub,
nə evə gəlib-gedən.
Mənə - ata əvəzi,
taleyimin töhfəsi.
Bir şeyi kəşf elədim,
Ədibə, bu gün ancaq, -
necə oxşayır, Allah!
Sən - anana, Ədibə,
mən kiməsə, həyatda,
bu adda, başqa adda.
İtələyib, yerində,
durubsan, elə bil ki, -
mən gördüyüm, Ədibə,
Püstə xanım deyil ki?!
Dünya sərgi salonudu
Yaşa, şair,
yaşa, nolar!
Deyəcək sözlərin var.
Tanrıdan al gücünü,
eldən də - el gücünü.
Başda - saçın işığı,
gözdə - laçın işığı.
Xəyyam Davudoğlu
Yaşamaq gözəldi, şair,
dünya - səs-küylü dünyadı.
Günəşli,
Aylı,
Ulduzlu,
bu yerli-göylü dünyadı.
Bulaqlar bu dünyadadı,
küləklər də bu dünyada.
Adətimiz-ənənəmiz,
xeyir-şər də bu dünyada.
Bağlar-bağatlar burdadı,
meyvələri şirin, acı.
Dünya sərgi salonudu,
biz də orda - tamaşaçı.
Bir gözəlin baxışında,
bir ananın nəfəsində,
bir körpənin gülüşündə,
dünya səndə, dünya məndə
qərar tutub,
dünya bizik.
Bu günü mən, sabahı sən,
bəlkə elə ikimizik.
Dünya - bizik.
Arzuyla keçən ömür
Aydın Abutalıbova
Aydın yetişib artıq
aktyor sənətində.
Bir od var, bir alov var,
qaynar təbiətində.
Səhnədə yox, həyatda
oynayır o, həyatda.
Tamaşa göstərsələr,
ekranda,
o baxacaq.
Şimşək kimi çaxacaq.
Səhv eləsə aktyor,
özü rola girəcək.
Tez dərsini verəcək,
ələkdən keçirəcək.
Məşhur aktyorları,
bir-bir salacaq yada,
bəzən əli havada!
"Səhnəni silkələdi,
hər ləhcədə o səslər..."
Aydının deyimində,
pafosludu cümlələr.
Onu bir tamaşaçı
hələ alqışlamayıb.
Asta-usta nitqləri
əzəldən xoşlamayıb.
Ali məktəb bitirib,
Aydın xeyli dərs deyib.
Aktyorluq həvəsi
çıxmayıbdı yadından.
Onun istedadından
deyib tanıyan-bilən,
biri elə burda mən.
Bir balı çatmayıbdı,
deyirlər imtahanda.
Aktyorluq sinfinə,
qəbul olmayıb onda.
Yanında mehribanı,
şahanə Səyyarəsi, -
Tükənmir Aydının da,
sözlə dolu sinəsi.
Yaşı çatıb səksənə.
Nə o ürək soyuyur,
nə o baş, nə o sinə.
İndi nə demək olar, -
bir ustad, bir sənətkar,
qurban gedib bəlkə də,
bir imtahan balına.
Vay kiminsə halına, -
istedadlı bir kəsin,
kəşf elə,
kəsilməsin!
Sən gələndə
Nəğmə mətni
Sənin bizə gəlməyinə hələ var,
gecə keçib, səhərə bir xeyli var.
Göydə Ayın seyr eləmək meyli var,
ulduzlarla bitməyibdi söhbəti,
yerin ayrı, göyün ayrı söhbəti.
Sən gələndə, göydə günəş yanacaq,
pəncərədən bir gözəl boylanacaq.
Oyağamsa, qapımızı açacaq,
yatmışamsa, dinməz geri dönəcək,
gecə yəqin şeir yazıb - deyəcək.
Mələklərtək pakdı, safdı nəfəsi,
o da yerdə - mələklərin əvəzi.
Yerin-göyün bəlkə də son töhfəsi,
düz deyiblər - səsli-soraqlı dünya!
Biz haqsızıq, sən yenə haqlı, dünya!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!