(Olmuş əhvalat)
Lap çoxdan, gəncliyimin bığı burma çağlarında kəndimizə getmişdim. Kəndimiz Qarayazı meşəsinin yaxınlığında yerləşirdi. Kür çayı boyunca uzandıqca uzanan sıx meşədə çinar, palıd, qarağac, söyüd, tut, vələs və adlarını unutduğum neçə-neçə ağac vardı. Onların yan-yörəsində bitmiş iydə, zoğal, göyəm, yemişan, zirnik kolları meşəyə xüsusi yaraşıq verirdi. Aprel ayının ortaları, may ayının əvvəllərində meşədə gəzmək adama çox xoş gəlirdi. Ağacların üstünə qonmuş quşların cəh-cəhi, şən avazı könül oxşayırdı. Göyərçinlər, bildirçinlər, alabaxtalar, dolaşalar, sağsağanlar, torağaylar, leyləklər, sığırçınlar, anadillər meşənin daimi sakinləri idi. Onların bir ağacdan uçub başqa ağaca qonaraq oxumaqları, qıy çəkməkləri qulaq oxşayırdı, xoş simfoniya təsiri bağışlayırdı. Kənddə olarkən meşəni gəzmək, o gözəl simfoniyanı bir daha dinləmək həvəsinə düşdüm. Bu həvəsimə ayrı bir səbəb də vardı. Dayım qızı Şahnabatgil meşədə yaşayırdılar. Onun əri Sirac meşə gözətçisi idi. Kənddəki evlərindən köçüb yaz-yay aylarında meşədə qalırdılar. Dayım qızı da, onun əri də hədsiz dərəcədə mehriban və qonaqpərvər insanlar idi. Xətrimi də çox istəyirdilər.
Meşəyə getmək istəyimi yaxın bir qohumuma bildirdim. O, yəhərli-yüyənli iki at təşkil elədi, bir nəfər bələdçi ilə məni yola saldı.
Günorta çağı idi. Bu vaxtlar meşədə adətən sakitlik olurdu. Quşların ağacdan-ağaca uçuşu, şirin nəğmələri az eşidilirdi. Buna baxmayaraq, meşənin dərinliklərinə getdikcə vəziyyət dəyişirdi. Quşların uçuşu, ürəyəyatımlı səsləri artırdı. Yolu xoş əhvalla başa vurduq. Dayım qızı və əri bizi sevinclə qarşıladılar, yaxşı qonaqlıq verdilər. Axıra yaxın "Qara Nabat" adlı bir qadın gəldi. O, qonşuluqda yaşayırdı. Mənimlə əl tutuşub "oy, bu Vidadi nə yaxşı oğlan olub, çoxdan - balacalıqda görmüşdüm" - dedi. Şahnabat him-cimlə yanımı qaşımağımı işarə etdi. Əhəmiyyət vermədim. Gözdəyməsinə inanmırdım. Elə-belə ara sözü sayırdım.
Kəndə qayıtmaq zamanı çatanda atları gətirdilər. Yol yoldaşım bir sıçrayışla atının belinə qalxdı. Mən ayağımı yəhərin üzəngisinə qoyan kimi üzəngi qırılıb yerə düşdü. Sirac yeznə üzəngini bağlayıb mənə yəhərin üstünə qalxmağa kömək etdi. Yüyəni atın başından keçirib əlimə verdi. Yüyəni dartıb atı mahmızlamaq istəyəndə yüyən dibdən qırıldı. Sirac yenə onu da düzəltdi. Yola düşdük. Bir az getmişdik ki, yorğa yerişli at birdən büdrədi. Qabaq dizləri üstə aşağı çökdü. Məni üstündən yerə atdı. Sağ qolumun biləyi altımda qalıb bərk burxuldu, ağrısından ayağa qalxa bilmədim. Dayım qızıgil yüyürüb köməyə çatdılar, məni qaldırıb evlərinə apardılar. Şahnabat bacı iki-üç yumurtanın sarısını bir əskiyə yaxıb biləyimi sarıdı. Atlara minib yenidən yola düşdük.
Axşam çağı idi. Meşəyə sərinlik çökmüşdü. Quşlar yuvalarından çıxıb dəstə-dəstə olub havada cövlan edirdilər. Səsləri bir-birinə qarışmışdı. Bəzisi cükküldəyir, bəzisi çığırışır, bəzisi qarıldayır, bir qismi də qıy çəkirdi. Səslər bir-birinə qarışıb qeyri-adi nəğmə kimi qulaq oxşayırdı. Çox heyif ki, mən xoşladığım bu nəğmələri dinləməkdən zövq ala bilmədim. Biləyimin sızıltısı amanımı qırmışdı. Bu ağrı on gündən çox əziyyət verdi. Odur-budur yaman nəzərdən bərk qorxuram. Bir az haqqımda tərif deyiləndə, xoş sözlər söylənəndə "Qara Nabat" yadıma düşür, gizlindən əlimi aparıb yanımı qaşımağa çalışıram. Neyləyim? "Ehtiyatlı igidin anası ağlamaz" - deyib dədələr.
Bu anda ürəyimdən bir vacib dilək də keçdi. Ulu Tanrımız bizə qonşu olan pis niyyətli dövlətlərin şərindən və bəd nəzərindən millətimizi - Odlar yurdu Azərbaycanımızı qorusun! Amin, yenə də Amin!!!
20.05.2023
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!