Ağıllı dəlilər və dəli ağıllılar arasında - Nizaməddin ŞƏMSİZADƏ

Nizaməddin ŞƏMSİZADƏ

 

Nizaməddin ŞƏMSİZADƏ

Əməkdar elm xadimi, professor

Gəncliyimdə müxtəlif formatlı məclislərdə tez-tez eşidərdim: "Mərd kişilər atlara minib getdilər". Bu sözü, adətən, qadınlar söyləyərdi. Elə o vaxtdan 50 ildir fikirləşirəm ki, bəs heç qayıdan olmadı? Tək-tük qayıdan oldu; onlardan biri də Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Elçin - Elçin İlyas oğlu Əfəndiyevdir. Elçinin mübarək 80 yaşı ilə bağlı bu yazını ona görə belə qeydlərlə başlayıram ki, oxuyanlar bilsin - mən görkəmli yazıçı, itifəhmli alim, qəlbi atəşlə dolu türk oğlu olan dostum barəsində ənənəvi yubiley məqaləsi yazmaq fikrində deyiləm. Ənənə gözəldir, xalqın və millətin, mənəvi həyatın, xüsusən, bədii ədəbiyyatı keçmişdən gələcəyə yönələn təkamülü üçün vacibdir. Elçin həyatda və ədəbiyyatda vaxtı keçmiş, köhnəlmiş, əntərə çevrilmiş ənənələri zamanında dəf etməyi bacaran, yeni ənənələr yaradan, novator bir yazıçıdır.

Elçinlə mənim tanışlığım 1983-cü ildən başlanır, yəni 40 illik bir tarixə dayanır. Bu tanışlıq belə bir əhvalatla bağlıdır: Yaşar Qarayevin "Poeziya və nəsr" kitabı haqqında məqalə yazmışdım. Bu yazı "Azərbaycan" jurnalında çap olunaraq böyük maraq doğurdu. Hamı yeni mövqedən yazıldığına görə məqaləni tərifləyirdi. Yaşar müəllim isə susurdu. Mənim üçün onun fikri maraqlı idi, bu maraqla 6 ay gözlədim. Münasibət çox müəmmalı oldu: "Məndən çox özünü təqdim etmisən". Əslində, mütəfəkkir tənqidçi və nəzəriyyat olan Yaşar müəllim düz tapmışdı. Bu yazını oxuyan kimi Elçin Yaşar Qarayevə zəng vurur: "Nizaməddini niyə gizlətmisən orada, göndər gəlsin yanıma". Yazıçılar İttifaqının 40 yaşlı katibi ilə mənim, yeni başlayan tənqidçi, 29 yaşlı Nizaməddin Şəmsizadənin sonralar dostluğa və qardaşlığa çevrilmiş tanışlığı belə başladı. Elə ilk görüşdə o mənə hazırlamaqda olduğu çox qiymətli bir kitab - "Fikrin karvanı" məcmuəsi üçün "Bəkir Çobanzadə" və "Əli Nazim" oçerklərini yazmağı etibar etdi. Elçin Yazıçılar İttifaqının katibi olanda da, sonralar da mənim və bir çox istedadlı gənclərin qayğıkeşi oldu. Elçinin şəxsiyyətinə işıq salan bir olayı da müxtəsər qeyd etmək istəyirəm. 1986-cı ilin payızında Moskvada SSRİ Yazıçılar İttifaqında Sov.İKP MK-nın "Gənclərlə iş haqqında" 1976-cı il qərarının 10 illiyinə həsr olunmuş Ümumittifaq müşavirəsi keçirilirdi. Azərbaycan Yazıçılar İttifaqını mən təmsil edirdim və orada bizim gənc ədəbiyyat haqqında uğurlu bir məruzə etdim. Bu zaman Moskvada doktoranturada olan böyük alim-türkoloq Aydın Məmmədov mənə dedi ki, Elçin müəllim bizi qonaq çağırıb. Məmnuniyyətlə müəyyən olunmuş görüş yerinə - Arbata getdim. Elə bildim ki, Elçin müəllim bizi restorana aparacaq. O, məni iradla qarşıladı. Bu zaman mənim filosof tənqidçi Asif Əfəndiyev haqqında bir yazım çıxmışdı. Elçin müəllim özünə, daha doğrusu, qüdrətli ədibimiz İlyas Əfəndiyevə xas sərtliklə (və əlbəttə, ərklə!) dedi: "Sən bu Asif Əfəndiyevi arxivdən çıxarmaqla nə demək istəyirsən?!".

Aydın göy gözləri ilə işarə elədi ki, cavab vermə, özümü saxlaya bilmədim: "Asif Əfəndiyev filosof tənqidçidir"... Əlqərəz, Elçin müəllim bizi bazara gətirdi, qəssabın yanında dayanıb yarım saat onun ət doğramağına baxdı, biz də müntəzir. Handan-hana ətin yağlı və qığırdaqlı yerlərindən 5 kq aldı və onun qaldığı evə gəldik, Elçin müəllimin iki məharətini də burada gördüm. Xörək bişirmək və qurmanlıq məharətini.

Elçin müəllim tənqid etməyi bacaran, tənqidə hörmətlə yanaşan yazıçıdır. Bizim yazıçı-tənqidçilər M.Hüseyn, S.Rəhimov, R.Rza, B.Vahabzadə kimi klassik müəlliflərin sırasında Elçinin öz xüsusi mövqeyi var. O, istər yazıçılıq sahəsində, istərsə şairlikdə və xüsusən, ədəbi tənqid sahəsində istedadları görür və səmimiyyətlə qiymətləndirir.

Mən ötən illər ərzində Elçinin yaradıcılığı haqqında 10 məqalə yazmışam. Dostum, Əfəndiyevlər nəslinin təəssübkeşi, sənətşünaslıq doktoru Vəfa Xanoğlanla şərikli "Ədəbi proses və ədəbi nəsil" (2008) kitabını çap etdirmişik. 70 yaşının tamamında Elçinə "Canlı klassik" adlı geniş bir yubiley məktubu yazmışam və o məktub məbuatda və "Estetik meyar və bədii mahiyyət" (2022 s.124-136) kitabımda çap olunub. Onun barəsində ədəbi məclislərdə, televiziya və radioda çoxlu çıxışlar edib, bir dost, tənqidçi və ədəbiyyatşünas olaraq mövqeyimi bildirmişəm. Elçin müəllim mənim 50 yaşım olanda "İstedad+zəhmət" məqaləsini yazıb, üç cildlik "Seçilmiş əsərləri"min II cildinə "İstedad veriləndə" adlı ön söz yazıb...

Elçinin 50 yaşı 1993-cü ildə çətin bir dövrdə tamam olub, onda mən onun zəngin və çoxcəhətli fəaliyyəti haqqında "Müdrik fikirlər kahini" adlı məqalə yazdım. O zaman məqaləni bu adla çap etdirmək mümkün olmadı. Başqa adla, ixtisarla çap olundu. Mən onu "Mənəvi iztirablar kahini" adıyla "Ədəbi proses və ədəbi nəsil" (2008) kitabımda çap etdirdim.

Elçin bir yazıçı kimi şəksiz istedadlı, şəffaf və aydın şəxsiyyətdir. O, müxtəlif məsul, ictimai vəzifələrdə işləyəndə də kağıza-qələmə sədaqətini bir qram da azaltmadı, əksinə, həyat təcrübəsi ictimai təzadları müşahidə sayəsində bir az da artırdı.

Elçin yaradıcılığa hekayə ilə başlayıb. Anarın, İ.Hüseynovun, Ə.Əylislinin, M.Süleymanlının, İ.Məlikzadənin hekayələri ilə bərabər onun "Baladadaşın ilk məhəbbəti" hekayəsi də məşhur 60-cı illər ədəbiyyatının ilki oldu.

Məhz bu yazıçıların, o cümlədən də Elçinin hekayə və povestləri ilə ədəbiyyatımız pafosdan, süni bəzək-düzəkdən, bayağı təsbitlərdən ayrılıb təhlilə keçdi. Ədəbiyyatda bədii-fəlsəfi, lirik-psixoloji analitik üslub bərqərar oldu. Elçinin ilk hekayələri barəsində "tənqidimizin vicdan"ı (S.Rəhimov) akademik Məmməd Arif sanballı bir məqalə yazdı. Aerodrom kepkalı, parusin şalvarlı bakılı yeniyetmə Baladadaş eppoletli, "adlı-sanlı" müsbət qəhrəmanları əvəz etdi, parusin şalvarının arxasını çırpa-çırpa dəbdəbəli, zər-zibalı qəhrəmanları da çırpıb atdı və ədəbiyyata daxil oldu. 60-cıların sayəsində ədəbiyyat saxta qeyri-adilikdən adiliyə, yorucu təfərrüatdan təsvirdə dəqiqliyə endi.

Dəbdəbəli təsvirləri detallar əvəz etdi: Məsməxanımın gecənin qaranlığında par-par yanan (və Məmmədağanı yandıran) göy gözlərinin sehri oxucunu özünə cəzb etdi.

Ədəbiyyatımızda povest janrı 60-cıların sayəsində "hakimiyyəti ələ aldı": Elçinin "Gümüşü furqon", "Toyuğun diri qalması", Anarın "Ağ liman", İ.Məlikzadənin "Quyu", S.Əhmədovun "Yamacda nişanə", İ.Hüseynovun "Teleqram", "Saz", "Quru budaq", S.Azərinin "Dalanda" və s. əsərlər 60-cıların ədəbiyyatda "boyartımını ucaltdı", mövqeyini möhkəmlətdi.

Elçinin yaradıcılığı bu ədəbi-tarixi kontekstdə daha aydın görünür. Məhz bu ədəbi axtarışlar məcrasında Elçinin "Bir an və əbədiyyət", "Qatar. Pikasso, latur", "Beş qəpiklik motosikl" əsərlərinin, Anarın "Əlaqə"sinin bədii-fəlsəfi mahiyyəti açılır, reallıq və irreallıq arasındakı dialektik-psixoloji münasibət üzə çıxır. Elçinin zəngin və çoxcəhətli yaradıcılığını bir neçə cür təsnif etmək olar:

1. Yazıçı, 2. Tənqidçi və ədəbiyyatşünas alim. 3. İctimai xadim. 4. Fəal dramaturq. 5. Esseist. 6. Ssenarist.

Bir adam üçün bunlar çox deyilmi? Elçin bütün bu sahələrdə (və janrlarda) eyni səviyyədə, eyni istedadla yazıb-yaradıb. Yazıçı və alim Elçini tərəziyə qoysaq, tərəzinin hər iki gözü bərabər gələr: Elçin alim-yazıçı və yazıçı-alimdir!

60-cılar ədəbiyyatının ən iri janrlarında - "əlahəzrət roman" janrında da Elçin müstəsna yer tutur. Bu əsərlərdən danışarkən mən indi tarixə çevrilmiş Ümumsovet ədəbiyyatı kontekstini nəzərdə tuturam. Hər şey böyük ədib M.Şoloxovun "İnsanın taleyi" (1957) əsərindən başlandı. İnsan ədəbi fikrin diqqət mərkəzinə keçdi, bədii tədqiqatın əsas obyektinə çevrildi. Azərbaycan nəsrində eyni vaxtda M.Hüseynin "Yeraltı çaylar dənizə axır", M.İbrahimovun "Böyük dayaq", İ.Əfəndiyevin "Söyüdlü arx" əsərləri insanın daxili-mənəvi aləmində gizli surətdə baş verən psixoloji prosesləri, mənəvi kataklizmləri ədəbiyyatın təmiz havasına çıxardı. Mücərrəd ictimai borc amilini konkret insan amili əvəz etdi.

Və bu zəmində 60-cıların nəsri formalaşıb, vüsətlə inkişaf etdi. İ.Hüseynovun "Yanar ürək", "Məhşər", S.Əhmədlinin "Görünməz dalğa", "Dünyanın arşını", Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi", M.Süleymanlının "Köç" və Elçinin "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü", "Baş" əsərləri müasir dünya romanlarının çox gözəl nümunələridir.

"Mahmud və Məryəm" dastan poetikasına əsaslanan, romantik-tarixi əsərdir. Burada Elçinin lirik-psixoloji, analitik-fəlsəfi üslubu romantik məcrada inkişaf edir. Romanın başlıca uğuru "Camaat" obrazı ilə bağlıdır. "Camaat" M.F.Axundzadənin "nuxulular", Mirzə Cəlilin "Ölülər" və "dəlilər" obrazları kimi monumental "Toplum obraz"dır. "Camaat" Səfəvilərin süqutundan sonrakı Azərbaycan xalqının düçar olduğu milli faciəni əks etdirir. Elçinin "Ağ dəvə" romanı isə üç müstəvi çərçivəsində qələmə alınıb: 1. Ağ dəvə ilə bağlı əfsanə. 2. Balaca Ələkbərin yaddaşındakı tarix 3. Müasir-real həyat.

Roman işıqlı bir sonluqla bitir. Xanım xalanın cəbhədən qayıtmamış altı oğlunun simvolu kimi karvanlaşıb gedən altı ağ dəvənin ləpirlərində bitən ağ çiçəklər ümid dolu gələcəyə yönəlib.

"Baş" isə təkcə Elçinin, ancaq müasir Azərbaycan ədəbiyyatının deyil, çağdaş dünya nəsrinin bədii-fəlsəfi cəhətdən ən dəyərli bir uğurudur. Mən bu bədii-fəlsəfi, tarixi-psixoloji roman haqqında, onun müəllifinin uca milli mövqeyi barəsində fikirlərimi romanın hələ əlyazmasını oxuyub yazdığım rəydə, gənc yazıçı Fərid Hüseynin "Sevdiyim əsər" layihəsi ilə bağlı "Həqiqət yalnız bizim xəyallarımızdadır" adlı müsahibəmdə geniş şəkildə söyləmişəm (Bax. Fərid Hüseyn. Sevdiyim əsər: 101 ədəbi söhbət, Bakı, 2019, s.214-220)

"Baş" başsızlıq haqqında romandır. Hansı cəmiyyətdə harada başsızlıq var, orada faciələr var. Millətin başında o millətin tarixini bilən, mənəvi həyatına dərindən bələd olan qeyrətli kişi dayanmalıdır... Romanın əsas nailiyyəti "O"nun romanı ilə bağlıdır. Bu, roman içində romandır. "O" bənzərsiz, mürəkkəb psixoloji obrazdır, Elçinin filosof yazıçı kimi uğurlu tapıntısıdır, bu obraz heç bir bədii-psixoloji parametrlərə uyğun gəlmir, ədəbi tənqid (o cümlədən mən!), hələ bu obrazı, onun fəaliyyət göstərdiyi mühiti ("Şəffaf və görünməz, sərhədsiz!") açmayıb...

Elçinin dramaturgiyası da xüsusi tədqiqat və analitik-psixoloji təhlilin mövzusudur.

Bu dramaturgiya "Poçt şöbəsində xəyal"dan başlanır. "Ah Paris, Paris!..", "Mən sənin dayınam", "Dəlixanadan dəli qaçıb...", "Mənim ərim dəlidir", "Şekspir", "Teleskop" və s. müasir dramaturgiyanın maraqlı nümunələridir. Elçin bu əsərlərlə müqtədir yazıçımız, böyük dramaturq İlyas Əfəndiyevdən sonra Azərbaycan teatrının yeni bir qolunu - öz teatrını yarada bildi.

Dəlilik mövzusunun müəyyən ənənələri vardır: Mirzə Cəlilin "Dəli yığıncağı" faciəsi buna nümunə ola bilər. Elçin bu əsərlərlə belə bir fikir aşılayır ki, cəmiyyətdə ağıllılıqla dəlilik arasında sərhəd itəndə bir boşluq, faciə baş verir. Elçini küll halında belə bir sual narahat edir: Əcəba, görəsən, ağıllı olmaq yaxşıdır, yoxsa dəli olmaq?! Tamaşaçı özü bu sualın cavabını tapmalıdır, çünki bu, dövrümüzün sualıdır.

Tələbə vaxtı Neftçala bazarında bazarın dəlisi məni hərbi formada görüb yaxınlaşdı və gülə-gülə dedi: "Ağlımız olmadı ki, özümüzü dəliliyə qoyub başımızı saxlayaq". Bu yerdə Xalq yazıçısı Elçinin müasiri Anarın "Anlamaq dərdi" yada düşdü. Məncə, anlamaq dərsinin bir adı da Dəlilikdir! Sən özünü dəliliyə vurmasan, səni dəli eləyəcəklər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!