Elçin müəllimi Azərbaycan Yazıçılar Birliyində katib işlədiyi zamandan tanıyıram. Yüksək mədəniyyəti, dərin zəkası, analitik təfəkkürü, istedadlı gənclərə qayğıkeş münasibəti ilə bizim yetmişincilər nəslinin yadında, yaddaşında məxsusi iz qoyub. Onun çoxşaxəli yaradıcılığında klassik və müasir düşüncənin vəhdəti mənəvi mədəniyyətimizin yüksəlişinə öz payını verib. Elçin haqqında danışmaq dünyavi təfəkkürdən doğulan böyük bir elm və ədəbiyyat adamı haqqında danışmaq qədər məsuliyyətlidir.
İlk hekayələrindən tutmuş romanlarına, dramlarına qədər, ilk məqalələrindən başlamış monoqrafiyalarına kimi Elçin imzası müasirliyin, yeni düşüncənin ehtiva etdiyi rəmz kimi yadda qalıb. Onun canlı, koloritli xalq dilində yaratdığı bədii əsərlərindəki obrazlar xarakter səviyyəsinə yüksəldiyi üçün oxucu və tamaşaçı təəssüratı unudulmaz olur.
Təbii ki, nasir, dramaturq, tənqidçi ədəbiyyatşünas, ictimai və dövlət xadimi Elçin haqqında, onun çoxşaxəli yaradıcılığı barədə söz demək, fikir söyləmək, öncə vurğuladığım kimi, o qədər də asan deyil. Onun "Açıq pəncərə", "Bir görüşün tarixçəsi", "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü", "Qarabağ şikəstəsi" kimi nəsr əsərləri milli və müasir proza təfəkkürümüzdən uluslararası oxucu auditoriyasına çıxmağa layiq və çıxmış mükəmməl sənət nümunələridir. Yazıçı Elçinin təhkiyə leksikonuna diqqət yetirəndə onun folklora, xalq ədəbiyyatına, milli-mənəvi dəyərlərə nə qədər bağlı olduğunu görürük. Eldən gələn obrazlı deyimlər, frazeoloji birləşmələr, metaforalar onun nəsr dilinə poetik ovqat gətirir.
Sovet dönəmində şəhər nəsri, kənd nəsri deyilən yanlış bir bölgü vardı. Əyalətdə yaşayan yazıçılar daha çox mövzularını kənddən, təbiətdən götürürdülər. Mərkəzdə yaşayanlar isə şəhərli tematikasından çıxa bilmir, yaxud da çıxmaq istəmirdilər. O üzdən belə bir formalist yanaşma mövcud idi. "Şəhərli" Elçinin isə əsərlərində həm şəhər, həm də kənd həyatı, bu həyatı yaşayan insan obrazları sözügedən bölgünün sınırlarını əridir. Yəni xalq yazıçısı istər şəhərdə olsun, istərsə də kənddə xalqın içindədir. Dediklərimi onun teatrlarımızın repertuarından düşməyən dram əsərləri də təsdiq edir.
Tənqidçi, ədəbiyyatşünas Elçinin ədəbiyyatımızın problemləri ilə bağlı (istər klassik, istər müasir) sanballı monoqrafiyaları elmi auditoriyanın hər zaman diqqət mərkəzində olub. Yeni meyillər, çağdaş istiqamətlər və bunların milli zəmində, klassik bazada inkişaf etdirilməsinə alim kimi öz töhfəsini verən Elçinin "Tənqid və ədəbiyyatımızın problemləri", "Şəxsiyyət və istedad", "Ədəbiyyatımızın yaradıcılıq problemləri", "Tənqid və nəsr" kimi monoqrafiyalarında ədəbiyyatımızın mənzərəsinə həm tənqidçi, həm də ədəbiyyatşünas kimi müdaxilənin şahidi oluruq. O, hər hansı bədii əsərin təhlilini verərkən həm tənqidçi, həm də ədəbiyyatşünas kimi mətni görə bilir. Ona görə də tənqidçi Elçindən hançı yazıçınınsa incidiyini eşitməmişəm.
Filologiya elmləri doktoru, professor Elçinin araşdırmalarında zaman və məkan, köhnə və təzə anlayışı yoxdur. "Klassiklər və müasirlər" əsəri buna canlı nümunədir. O, təkcə yazılı ədəbiyyat müstəvisində deyil, şifahi örnəklər istiqamətində də dəyərli və sanballı araşdırmaların, monoqrafiya və məqalələrin müəllifidir.
"Klassik aşıq ədəbiyyatında dünya obrazı" əsərində Elçin folklorşünas kimi diqqəti çəkir. Bir sözlə, Tanrının ona bəxş etdiyi təfəkkürün və istedadın universallığı qələmindən çıxan müxtəlif janrlı əsərlərində aydın görünür.
Sonda vurğulayım ki, Elçin dövlət xadimi kimi tutduğu vəzifələrdə həmişə müstəqil dövlətimizin mədəni, mənəvi və iqtisadi yüksəlişinə bir vətəndaş kimi öz enerjisini verməkdən zövq alıb. Bu enerjinin sahibini Tanrı qorusun!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!