Ədəbiyyatımızın, əlbəttə ki, çoxlu möhtəşəm zirvələri vardır. Onların arasında Elçin zirvəsi xüsusi yer tutur. İlk növbədə, ən azından onun üçün ki, o, bir simurq quşu kimi iki qanadının ikisi ilə də uçur - həm bədii yaradıcılığı öz möhtəşəm sanbalı ilə göz önündədir, həm də ədəbi dərinliyi fikrimizə, şüurumuza daim nüfuz etməkdədir. Buna görə də Elçin sözü, Elçin fikri ədəbiyyatımız üçün, bütövlükdə mədəniyyətimiz üçün son dərəcə qiymətli olub və bu gün də qiymətlidir.
Filoloji savadı olan yazıçılar - nə qədər desən... Amma dərin və sərrast gözlə ədəbi mahiyyətin dərininə nüfuz etmək, onun sambalını bu məqamda çox mühüm olan kontekstdə müəyyənləşdirmək, yəni, onun həm doğma məkanda, həm də uzaq məkanda səsləşdiyi ədəbi dəyərlər içində yerini-yurdunu dəqiqləşdirmək hər yazıçıya qismət olmur. Tək yazıçıya deyil, hər alimə də qismət olmur. Elçin istisnadır. Mən hələ də özüm üçün birmənalı şəkildə müəyyənləşdirməyə çətinlik çəkirəm ki, Elçin hansı intellektual məkanda daha güclü və daha müqtədirdir? Amma bəlkə də bunu müəyyənləşdirməyə cəhd eləməyin özü doğru deyil. Bir dolğun səhifənin iki üzündən hansını seçə bilərsən ki?! İllah da ki, səhifə, dediyim kimi, dolğun, bütöv və tam olarsa?! Bu ipostazlardan hər biri o birini tamamlayır, o birinin mənasını və siqlətini qabarıq edir, üzə çıxarır və qoruyur. Ədəbi yaradıcılıq bədii yaradıcılığın, o da ədəbi yaradıcılığın bəlkə Elçinin özündən də xəbərsiz müdafiəsində, əslində, müdafiəyə ehtiyac da yoxdur, keşiyində, amma keşikdə durmağa da ehtiyac yoxdur, yanında qardaş kimi dayanıb.
...Yaxşı yadımdadır, 1985-ci il idi. Elçin Yazarlar Birliyində tənqid üzrə katib, mən də indi çalışdığım universitetdə kafedra müdiri idim. Ədəbi tənqidlə məşğul olurdum. Tənqidi yazılar, resenziyalar, "Dədə Qorqud"la bağlı məqalələr yazırdım. Bir dilçi kimi mənə də, mənim dilçi dostlarıma da (xüsusilə, rəhmətlik Aydın Məmmədovu xatırlayıram) elə gəlirdi ki, ədəbi prosesə nə isə bir yeni nəfəs - dilçilik sahillərindən əsən yeni hava gətirə biləcəyik. Bəlkə də sadəlövhcəsinə belə düşünürdük. Amma bunlar, sən demə, elə də sadəlövh fikirlər deyilmiş. Günlərin bir günü heç gözləmədiyim halda müasir ədəbiyyatımızın bir nömrəli tənqidçisi Elçin mənə zəng elədi və görüşmək təklifi etdi. Mənimlə bir yaxınlığı, yoldaşlığı olmasa da, aramızda çox səmimi söhbət baş verdi. Mən təəccüblə anladım ki, o mənim yazdıqlarımı oxuyur və təqdir edirmiş. Görüşün əsl məqsədi söhbətin sonunda bilindi. Elçin dedi.
- Nə qədər ədəbiyyatla bağlı yazın varsa, yığ gətir, çap edəcəyik. Ön sözü də özüm yazacağam.
Düzünü desəm, mən bunu gözləmirdim. İndi bu hərəkətin qiymətini, bəlkə də kimsə dəyərincə qiymətləndirməz. Bəlkə bu gün bununla hər kəsi təəccübləndirə və yaxud sevindirə bilməzsən. O zaman isə bu, bir yuxu kimi idi. İlk ədəbi kitabım (əlbəttə, dilçiliklə bağlı monoqrafiyam artıq nəşr olunmuşdu) çapdan çıxacaqdı. Tənqidi yazılardan, orda-burda jurnallarda və qəzetlərdə çap edilən məqalələrdən, "Kitabi-Dədə Qorqud" dastanının poetik qatları ilə bağlı fikirlərdən ibarət kitabdan söhbət gedirdi. Bu mənim üçün qiyməti olmayan bir hədiyyə idi. Sonralar Türkiyədə və başqa xarici ölkələrdə çap edilən və bildiyimə görə, böyük rəğbət qazanan "Kitabi-Dədə Qorqud" nəsrinin, şeirinin poetikası ilə bağlı yazılarımı bizim bəzi nüfuzlu ədəbi jurnallarımız çap etmirdi. İnanmıram ki, oradakı "ədəbiyyat fədailərini" məqalənin mahiyyəti əndişələndirəydi. Daha çox onlar mənə bəslədikləri "səmimi" münasibətdən çıxış edirdilər. Nə isə... Bu tamam başqa bir söhbətin mövzusudur. Mən isə indi bütün bunların fonunda onu qeyd etmək istəyirəm ki, o kitab Elçinin təşəbbüsü və ön sözü ilə nəşr edildi. "Müəllif-əsər-oxucu" adlanan bu məqalələr toplusunda həm müasir nəsrimiz, şeirimiz, həm də qədim ana dastanımızın poetikası ilə bağlı məqalələrim işıq üzü gördü. Həmən kitab bu gün də bir sıra ciddi tədqiqatçıların diqqətindədir.
...Elçinin ən çox sevdiyim qəhrəmanlarından biri, bəlkə də birincisi Baladadaşdır. Mən Baladadaşı yaxşı tanıyıram. O, Bakı kəndlərinin son dərəcə tipik bir gəncidir. Baladadaşdan və başqa o cür Baladadaşlardan çox-çox sonralar millətinə layiq ehtiram yiyəsi kişilər yetişdi. Qəhrəmanlar yetişdi. Baladadaşın ilk uğursuz məhəbbəti o zaman məni sarsıtmışdı. İndi isə mənə elə gəlir ki, Baladadaşdan gedən yol bizi bir əsr əvvəl yaşamış (!), bəli, bəli, yaşamış Mirzə Səfərə, onun gəncliyinə aparır. Sarsıntı nahaqdan deyilmiş. Az-az yaşadığım belə sarsıntını pərəstiş etdiyim Haqverdiyevin ölməz əsəri mənim təhtəlşüurumda hələ o zaman yaratmışdı.
Elçinin heç cür unuda bilmədiyim hekayəsi isə "Qatar, Latur və Pikasso" adlı hekayədir. Hekayə böyük kosmik sürətlə bütün Azərbaycan ədəbiyyatının bizə bəlli məkanından sıçrayıb çıxmış, öz ecazkar sürrealist ruhu ilə bəşəri bir kontekstə daxil olmuşdu. Elçinin bu hekayəsi Azərbaycan ədəbiyyatının Borxes deyən yuxusu, fantaziyasıdır.
Elçini bir çox əsərləri - romanları, pyesləri, hekayələri ilə bağlı, sadəcə, təbrik etmək olar. Bu əsərlər Azərbaycan mentalitetini, ruhunu, düşüncəsini xeyli orijinal şəkildə ortaya qoyur. Onlarda bir-birinə keçən, bir-birində qaynayıb-qarışan, oxucusunu təkcə bədii zövq almağa deyil, həm də düşünməyə məcbur edən sərhədsiz bədiilik cığırları var. U.Ekonun dediyi kimi, bu cür çoxcığırlı, potensialı dərin əsərləri "plyaj"da oxumaq olmaz. Və bu sonsuz cığırlar oxucunu nəhayətdə bənzərsiz Elçin dilinə və üslubuna gətirir, dünyaya fəlsəfi baxışın Elçin zirvəsinə aparıb çıxarır.
Onu dostlarına münasibəti və dostlarının ona münasibətilə təbrik etmək olar. Elçinin yaxşılıqlarına daim "düçar" olan Aydın Məmmədovu yadıma salıram. Aydının Elçinlə bağlı söylədiyi minnətdarlıq dolu sözləri heç vaxt unutmaram. Elçin bu gün də həqiqi dostlarının isti münasibətinin əhatəsindədir. Bu münasibət onun halal haqqıdır.
Mənə elə gəlir ki, ictimai xadim, dövlət xadimi, hökumət nümayəndəsi kimi ağır yüklərin altına cəsarət və özünəinamla girmiş Elçin böyük və ləyaqət dolu məsuliyyət hissi ilə ondan gözlənilən bütün işləri bir könül xoşluğu ilə yerinə yetirmişdir. Bəlkə də və yəqin ki, o, bu gün oxucuları ilə görüşə daha çox bədii və ədəbi əsərlə gələ bilərdi. Amma Axundovdan, Haqverdiyevdən, Mirzə Cəlildən gələn yolun layiqli yolçusu olmaq elə bu günə qədər yazdıqları ilə də kifayətdir.
Ədəbiyyatımızın Elçin zirvəsi canlı zirvədir. O, nəfəs alır, yaşayır, onun yamaclarında yamyaşıl, təravətli otlar cücərir, çiçəklər bitir, ağaclar boy atır. Başı qarlı, vüqarlı Elçin zirvəsi bu gün də ölkəmizdə və ondan uzaqlarda apaydın şəkildə görülür. Adı Elçin zirvəsi, mahiyyəti Söz və fikir dünyası olan bu zirvənin ömrü əbədiyyətdir.
İnanıram ki, onu çox sevən və onun çox sevdiyi atası, müqtədir yazıçımız İlyas Əfəndiyevin ruhu bu gün şaddır. Çünki onun kimi Elçin də minnətdar oxucusunun qəlbinə öz adını silinməz şəkildə yazmışdır.
Bu gün mən əziz Elçinə cansağlığı və könül xoşluğu arzulayıram. Hamını sevindirəcək gözəl əsərlərini isə onsuz da o, dostlarının, oxucularının sevincinə cavab olaraq yazmağa davam edəcəkdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!