Qardaşım Elçin!
Səksən yaşın mübarək.
Sənin Timuçin kimi doğma qardaşın var.
Mənim sözün müstəqim mənasında, fiziki anlamda qardaşım yoxdur. Amma mən özümü o xoşbəxtlərdən sayıram ki, müqəddəs ədəbiyyat, sənət ailəsində doğma qardaş bildiklərim olub və var. Onlardan çoxunu amansız və vaxtsız ölüm apardı.
Qardaşdan yetim qalmaq böyük dərddirsə, diri qardaşının varlığı həm böyük təsəlli, həm də böyük səadətdir. Səndən beş yaş böyük olsam da, həmişə səni kiçik qardaşım deyil, əkiz qardaşım saymışam. Heç vaxt bir-birimizə bəlağətli, amma içi boş sözlər deməmişik. Amma təlatümlü ömrümüzün ən çətin anlarında bir-birimizin etibarına, sədaqətinə sığınmışıq.
Həyatımın ən ağır günlərində ilk yadıma düşən dostum sən olmusan. Bu barədə azı qırx neçə il bundan qabaq yazmışdım və bütün ötən illərdən sonra bunu yenə təkrar edə bilərəm.
Məndən sənə, səndən mənə deyilənləri heç vaxt eynimizə almamışıq. Aravuranların bütün səyləri boşuna gedib. Eyni peşə sahibləri arasında səmimi duyğulara inanmayanlar heç vaxt belə hissləri yaşamamış biçarələrdir.
Dostluqda etibar, sədaqət çeşid-çeşid dedi-qodulardan, kiminsə uğurunu qısqanmaqdan nəinki qat-qat üstündür, həm də könül arxayınlığının təməl şərtidir.
Vaxtsız itirdiyimiz dostlarımızın - qardaşlarımızın nisgilini yalnız sənin kimi sözü diri, qələmi iti sənətkarın varlığı ovuda bilir.
Arzum budur ki, Allah qoysa, beş ildən sonra mənim doxsan yaşım tamam olanda yenə də haqqımda yazasan və bu gələcək yazın dərc olunandan iki ay sonra mən də sənin 85 yaşını ürəkdən gələn bir yazıyla təbrik edim.
Hərdən-birdən şairliyim tutanda yazmışdım ki, "yazıçı ömrünün iki vaxtı var - yaşamaq zamanı, yazmaq zamanı".
Yaşamaq zamanımız da bitib tükənməsin, yazmaq həvəsimiz də bizi daima yaşatsın.
Bir daha təbriklər, əziz qardaşım.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!