Zaman-zaman qərinələr, əsrlər gəlib keçə-keçə türk dünyasının unutmayacağı böyük övladlarından biri də heç şübhəsiz Turan sevdalısı, azadlıq, hürr aşiqi və aşiq olduğu o azadlıq, hürr uğrunda istər sözü, istərsə də əməli ilə mücadilə aparb, təqiblərlə üzləşə-üzləşə SSRİ adlı keçmiş bir imperiyanın təkcə adı gələndə cana vic-vicə salan DTK-nın Lefortovo adlı bir zindanında aylarla məhkum yatan Azərbaycanımızın bir böyük vətəndaşı, Xalq şairimiz Xəlil Rza Ulutürk olacaq!
Nə az, nə çox, indi aradan yarım əsr, əlli il keçən bir vaxtlardı. Qələmə aldığım ilk hekayələrim dövrü mətbuatda təzə-təzə işıq üzü görürdü. Bakıdakı ali məktəblərdən birinin sonuncu kurs tələbəsi olsam da, paytaxtdan kənarda doğulub böyüyən iyirmi bir yaşlı bir cavan kimi əyalət ədəb-ərkanı mühitinə uyğun böyük-kiçik yeri bilmək, utancaqlıq hələ də mənə xas idi. Elə bu sıxıntı ucbatından da o vaxt Xəlil Rza ilə şəxsən üz-üzə qaldığım o ilk görüşdə mən böyük sənətkara minnətdarlığımı məqamında çatdıra bilmədim.
...Elə bil lap dünən idi. Halbuki indi aradan 55 iləcən bir müddət keçib. 1973-cü ilin sonlarında yaradıcılıq yollarında ilk kövrək addımlarını atan gənc yazarlara dəstək olmaq, yeni istedadları üzə çıxarmaq məqsədi ilə o illərdə AYB-ə sədrlik edən Xalq yazıçısı, böyük sənətkar Mirzə İbrahimovun təşəbbüsü ilə bir vaxtlar keçirilən ənənəvi "Gənclər günü"nü bərpa edildi. Qəzetlərdə də bu haqda elanlar verildi. O zaman ali məktəbin sonuncu kurs tələbəsi, 21 yaşlı bir gənc olan mən də ədəbi həyatımızda mühüm hadisəyə çevrilən o "Gənclər günü"nün ilk iştirakçılarından biri oldum.
Növbəti tədbirdə Mirzə müəllim:
- Kim hekayə yazır, - deyə soruşdu. Ayağa qalxdım.
Özümlə 2-3 hekayə götürmüşdüm ki, hərəsinin də həcmi səhifə yarım, heç iki makina səhifəsi də deyildi. Oxuduğum bir hekayə "Ümid" adlanırdı.
Davadan xeyli keçsə də oğullarının "itkin düşmüş" xəbərini almış, ancaq hələ də yol gözləyən, onların nə vaxtsa bir gün geri dönəcəklərinə inanan və günlərin bir günü gecə qatarı ilə itgin düşmüş bir əsgərin qayıdacağını qəflətən eşidib, hər biri də özlüyündə onu öz oğlu hesab edən, səhəri ümidlə dirigözlü açan analardan söz açan səhifə yarımlıq o hekayəmdə belə bir məqam var: darvazanın döyüldüyünü eşidən ana "Gəldim, gəldim..." deyib özünü qapıya səsindən tez çatdırır.
O tədbirdə iştirak edən, istedadlı cavanlara dayaq duran və hekayəm haqqında da yerindən qalxıb ilk söz deyən Xəlil Rzanın çıxışını yəqin ki, ömrüm boyu unutmaram. Geniş qəlbli sənətkar vəcdlə: - Hələ də səsdən iti sürət yoxdur. Görün Aydın nə yazıb: "Gəldim, gəldim... Qapıya səsindən tez çatdı." Ümidlə yol gözləyən ananın oğul həsrətini bundan təsirli necə təsvir etmək olar?!
Sonra da Xəlil Rza üzünü yaşlı qələm ustalarına tutub:
- Gəlin Aydının qədrini bilək, - dedi.
Sonralar bu hekayəm Vətən müharibəsində qələbənin 70 illiyi ilə bağlı görkəmli sənətkarlarımızın əsərləri toplanmış bir almanaxda da çap olundu.
Xatırlayıram ki, ötən əsrin 70-ci illərində Xəlil Rza oxucuların hər sayını, xüsusən də, biz cavanların intizarla gözlədikləri "Ulduz" jurnalında gənc ədəbi qüvvələrin yaradıcılığı haqda qələminə xas, sanballı, geniş bir məqalə yazıb çap etdirmişdi.
O yazıda şair-alim, həm də imzaları görünməyən "unudulanları" da unutmamışdı. O unudulanlardan biri də o zaman indiki Siyəzən rayonunun da tərkibində olduğu keçmiş Dəvəçidə (indiki Şabran) yaşayan bir kənd məktəbində Azərbaycan dili və ədəbiyyatı müəlliməsi işləyən Məryəm Həsənova idi. Xəlil Rza isə onun şeirlərini unutmamışdı.
Sözümün bu yerində hələ o vaxtlar Xəlil Rzanın unutmayıb oxucuların yadına saldığı Məryəm Həsənovadan müxtəsərcə söz açmaq istəyirəm.
İndiki gənc nəsl Məryəm xanımı bəlkə də tanımır. Məryəm xanım ötən əsrin sonlarında Azərbaycanımızın suverenliyi, müstəqilliyi uğrunda mübarizə aparan xalq hərəkatının öncüllərindən biri idi. Bu, o Məryəm xanımdır ki, hələ total rejimin hökm sürdüyü, demokratiyanın dilimizə təzə-təzə daxil olduğu bir vaxtda Azərbaycan SSR Ali Sovetinə seçkilər zamanı Siyəzən dairəsindən o illərdə adlı-sanlı, nüfuzlu, vəzifə yiyələri olan digər namizədlər arasında yekdil səs çoxluğu ilə deputat seçilmişdi. Ali Sovetin sessiyasında respublikamızın müstəqilliyinə səs verən millət vəkillərindən biri olmuşdu.
Qeyrətsiz "kişi"lərimiz tərəfindən bu xanım bacımız müstəqilliyimiz uğrunda keçirilən mitinqlərin birində döyülərək hətta xəstəxanaya düşmüşdü.
Təbriz, Cənubi Azərbaycan kəlmələrinin yasaq edildiyi 60-cı illərdə tələbə qızın əlyazma halında gizlicə əl-əl gəzən bir şeirindən yadında qalan misraları nümunə gətirmişdi.
1957-ci ildə yazdığı o şeiri 1990-cı ildə Məryəm xanım öz dəsti-xətti ilə yazıb mənə vermişdi:
Günəş bir, səma bir; aləm bilir ki,
Səmanı ikiyə bölə bilmərəm.
Ölüm bir, məzar bir, Vətənsə iki,
Mən belə dərd ilə ölə bilmərəm.
Nə yazıqlar ki, Məryəm xanım belə bir dərd ilə dünyadan köçdü.
Xəlil Rza haqqında söhbətimin bu yerində unudulmaz dostum, dünyasını dəyişmiş Səyavuş Sərxanlının onunla Dəvəçidə (indiki Şabran) qəfil görüşü və bu görüşlə bağlı danışdığı xatirə düşür.
Səyavuş Sərxanlının dedikləri:
...1969-cu ilin martı idi. O vaxt Vətən bildiyimiz SSRİ-nin sərhədlərinin toxunulmazlığı uğrunda həlak olmuş sərhədçi Tofiq Abbasovdan çalışdığım "Ulduz" jurnalına yazı hazırlamaq üçün doğulub böyüdüyü Dəvəçidə ezamiyyətdə idim. Elə Bakıda eşitmişdim ki, bir vaxt Tofiqin oxuduğu məktəbin direktoru Nurulla müəllim respublikamızın tanınmış, adlı-sanlı maarif xadimlərindəndir, ali məktəbdə unudulmaz Şıxəli Qurbanovla bir qrupda oxuyub, yaxın dost olublar.
İşimi qurtarmadığımdan Dəvəçidə qalası oldum. Mehmanxanada yerləşsəm də, axşam Nurulla müəllim təkidlə məni evinə dəvət etdi. O ara jurnalistlərin ayağı Dəvəçiyə yaman açılmışdı. İşini qurtarıb geri qayıda bilməyən qonaqları, müxtəlif mətbuat orqanlarının nümayəndələrini qəlbi geniş, süfrəsi açıq Nurulla müəllim yarı xoş, yarı zor evində saxlar, mehmanxanada qalmalarına razı olmazdı.
Lap bugünkü kimi yadımdadır. Qubadan Bakıya qayıdan ulu şairimiz Xəlil Rza yolüstü Dəvəçidə dayanmış, köhnə dostu Nurulla müəllimdən hal-əhval tutmaq üçün onlara düşmüşdü.
Söz-sözü çəkirdi və şair yenə də kürsüyə sığmırdı: - Araz, Təbriz, Savalan, Şəhriyar... - deyə az qala nərə çəkir, göy kimi guruldayırdı. - Tanrı hamıya Tofiq kimi mərd oğullar qismət eləsin, - deyirdi (İlahi, o vaxt Xəlil Rza haradan biləydi ki, dünyaya onun da TƏBRİZİ gələcək və... Vətən yolunda şəhid olacaq?!)
Çay süfrəsi arxasında Nurulla müəllim Xəlilin od, işıq dolu alma gözlərinə heyranlıqla baxaraq: - Xəlil, qardaş, sən çox gələcəkli şairsən, - dedi, - sən deyənlər mütləq olacaq, inan mənə! Müstəqil də olacağıq, əvvəl-axır bütöv də olacağıq. Geci-tezi var.
Nurulla müəllim qəti bir inamla sözünü tamamladı:
"- Hə, sənin isə, qardaş, yerin, - Şıxəlinin yanında, Fəxri Xiyabanda olacaq!.." Demə, o vaxt Haqdan gələn bir nidaymış...
Aradan illər, qərinələr keçəndən sonra Xəlil Rza öz axirət dünyasına köç edəndə indi xalqımızın ziyarətgah yerlərindən biri olan bir qəbiristanlıqda - Fəxri Xiyabanda torpağa tapşırılacaqdı...
Sonralar taleyin hökmü-qisməti ilə Xəlil Rza şabranlılarla qohum oldu. Şairin böyük oğlu, şəhidimiz, Milli Qəhrəmanımız Təbriz Xəlilbəyli bölgənin ən nüfuzlu, mötəbər, əsilli-nəsilli ailələrindən olan Tamara Aşurova və Xudabaxış Bayramovun aman-zaman övladları ilə, həkim Sevinc xanımla ailə qurdu.
Xəlil Rza toyda-bayramda, imkan tapıb bir başqa vaxt da öz qudalarıgilə qonaq gələndə balaca əyalət mərkəzi olan keçmiş Dəvəçidə, indiki Şabranda yerli sakinlər ən əziz, doğma qonaqları kimi onu evlərində, ocaqlarının başında görmək arzu-istəyi ilə az qala növbəyə durardılar.
Bir vaxt evlərində, ocaqları başında onu əziz qonaq kimi görmək istədikləri Xəlil Rzanın yeri indi onların xatirələrində, yaddaşlarındadır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!