Heydər Əliyev mənə qəzet barədə, qəzetçilik işi barədə qiymətli tapşırıqlarını - tövsiyələrini verdi.
Bu tövsiyələr uzun müddətli iş planım, yaradıcılıq proqramım oldu.
O söhbətləri bu gün də minnətdarlıqla xatırlayıram. O, ədəbiyyatımızı, yazıçılarımızı, mətbuat işçilərini qiymətləndirir, onların əməyinə, şəxsiyyətinə hörmət edirdi. Onun yanından insan böyüyüb çıxırdı.
Adamlarımız sağlam adamlardır. Bizim gündəlik mübarizədə həm müsbət tərəfləri, həm də mənfilikləri açıb demək lazımdır;
Oxucu bilməlidir ki, o kimi sevməlidir, kimə nifrət etməlidir. Yəni yazıçı mövqeyi aydın olmalıdır;
O, bu fikrini bir də incələdi ki, mənə aydın olsun.
Çox incə, zərif olmalıdır, - dedi. - Bu fikirlər əsl yazıçı kimi, bədii sözün gücü ilə deyilməlidir. Mən şablonun əleyhinəyəm.
Siz gərək özünüz bir-birinizə xeyirxah olasınız;
Qəzetdə gedən materiallarda üslub müxtəlifliyinə diqqət verin;
"Mən yazdığım kimi yazmırsansa, demək şair, yaxud yazıçı deyilsən" - bu, düzgün münasibət deyil;
Tənqid - kəskin, düzgün və xeyirxah olmalıdır. Əsəri yerə vurmaq, müəllifi öldürmək üçün yox, kömək üçün yazılmalıdır. Təəssüf ki, tənqid bəzən sinfi düşmənçilik yaradır. Sağlam şərait isə qalır kənarda.
Rus dilini gərək yaxşı biləsiniz. Rusca yazanlar da gərək azərbaycanca yaxşı bilsinlər. Beləliklə, dünya ədəbiyyatını, rus ədəbiyyatını öyrənmək lazımdır.
Azərbaycançılıq - yanlız adda yox, xarakterdə olmalıdır;
"Ədəbiyyat və incəsənət" qəzeti yaradıcılıq ittifaqlarının qəzetidir.
"Literaturnaya qazeta"nı (SSRİ Yazıçılar ittifaqının ədəbi orqanı idi) etalon götürün. Həmin qəzetin səhifələrində gedən materialların bəzilərini oxuyanda, elə bilirsən ki, ədəbiyyata aid material deyil, amma çox lazımlı və maraqlıdır. Çunki ədəbiyyatçı mövqeyindən yazılmışdır;
Tariximizi, ədəbi irsimizi daima diqqət mərkəzində saxlayın;
Bu gün respublikada gedən hərəkat qəzetdə öz əksini tapmalıdır. İctimai-siyasi hadisələrdən qəzet kənarda qala bilməz;
İşlərinizi bu istiqamətdə davam etdirin;
Ümumittifaq miqyasda materiallar verin; (keçmiş SSRİ məkanı nəzərdə tutulurdu)
Cəmiyyətimizə yad ünsürlərlə mübarizə, antipodlarla mübarizə məsələlərinə aid materiallar verin;
Beynəlxalq həyatı qəzet işıqlandırmalıdır. Xüsusilə bu, rus dilini bilməyən oxucularımız üçün daha çox lazımdır;
Azərbaycan dilinin gözəlliyi məsələsi ayrıca bir söhbətdir. Bu, qəzet səhifələrində deyilməlidir;
Tərcümə əsərlərinin dili ağırdı, zəifdir, oxumaq olmur. İkrah hissi oyadır. Kim gəldi, tərcümə edir. Bu düzgün deyil;
Ümumiyyətlə, ədəbi dil barədə çox az danışılır. Dilçilərimiz, ədəbiyyatçılarımız dilin gözəlliyi barədə çıxışlar etməlidir;
Dil mədəniyyəti, ədəbi dil, tərcümə dili barədə söhbət keçirmək lazımdır. Bu, böyük problemdir;
Qəzet tərcüməçi kadrların yetişməsinə kömək məqsədilə materiallar verməlidir;
Əlbəttə, qəzetdə keyfiyyət məsələsi birinci yerdə olmalıdır;
Tənqid obyektiv, köməkedici olmalıdır. Şit, hədsiz təriflərdən qaçın, epitetləri az işlədin. "Görkəmli", "Böyük" kimi epitetləri nəzərdə tuturam. Həm də bu epitetlər alimlər haqqında deyilir. Bəs, Maksim Qorki haqqında yazsanız, hansı epitetləri işlədərsiniz?
Materiallarda forma rəngarəngliyinə, təqdimat yeniliyinə fikir artırın.
Redaksiya heyətini yeniləşdirin, işləyən adamları cəlb edin. Fəxri adamlar bir-iki nəfər oldu, bəsdir.
İşləməyən işçiləri azad eləyin.
Hamı haqqında eyni məqalələr verməyin. Hamı təriflənir. "Eyniləşdirmə" məsələsindən qaçın;
Qəzetin səhifələrində ədəbiyyatın inkişafına kömək edən canlı, maraqlı diskussiyalar açın;
Abidələrin qorunması və tariximiz barədə verdiyiniz materialları davam etdirin;
Səriştəsi ("kompetensiyası" işlətmişdi) olmayan adamları redaksiyaya yaxın qoymayın. Çünki onlar ayrı-ayrı sahələrə aid çıxış edəcəklər və sizin qəzetin profilinə uyğun olmayacaq;
Respublikada çoxlu miqdarda qəzetlər çıxır, gərək onlar bir-birini təkrar etməsinlər;
Bunu da nəzərə almaq lazımdır ki, cəmiyyət yalnız oğrulardan, əyrilərdən ibarət deyil, müsbət cəhətləri də vermək lazımdır. Bütün hər şeyi qaralamaq da düzgün olmazdı;
Təəssüf ki, bizdə dil mədəniyyəti ilə yoldaşlar az məşğul olurlar. Bəzən qəzet səhifələrində elə qəribə cümlələr, keçidlər olur ki, həm bilmirsən, bu nə istəyir;
"Ədəbiyyat və incəsənət" qəzetində də ağır dillə yazılmış materiallar gedir;
Dilçilərimiz, ədəbiyyatçılarımız dilimizin gözəlliyi, eləcə də ədəbi dil barədə az danışırlar. Məlumdur ki, ədəbiyyatda və incəsənətdə subyektivlik daha çoxdur. Bu, böyük xəstəlikdir. Hamıya elə gəlir ki, o, böyükdür. Hədsiz təriflər deyilir. "Krupneyşiy", "vıdayuşşeysya" kimi epitetlər, özü də adi alimlər haqqında deyilir. Bundan kənara qaçın;
"Qlavlit"lə də (senzor, mətbuata dövlət nəzarətçisi) dil tapmaq lazımdır. Bundan böyük faciə yaratmaq lazım deyil;
Gənclərə geniş yer verilməlidir. İyirminci illərdə ilk dəfə çıxış edən gənclər, indi bizim sovet ədəbiyyatımızın əsasını qoyanlardı. Gərək geniş imkanlar verilsin, bu qəzetin səhifələrində müxtəlif fikirlər söylənsin, rəylər deyilsin, canlı diskussiyalar olsun ki, bizim ədəbiyyatın və incəsənətin inkişafina xidmət etsin.
Təbiidir ki, respublika rəhbərinin belə bir xeyir-duasından sonra biz redaksiyada işə böyük həvəslə başladıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!