Böyük fəxr hissilə xatırlayıram - Firuzə Məmmədli yazır

 

 

Tarixin fenomen dövlət rəhbərləri sırasında özünəməxsus liderlik şəxsiyyəti olan ulu öndərimiz Heydər Əliyev elmə, təhsilə, mədəniyyətə, əhalinin sosial-ictimai vəziyyətinə daim diqqət yetirən, ağsaqqala, ağbirçəyə, uşağa, böyüyə hörmətini, ehtiramını, qayğıkeşliyini əsirgəməyən yüksək mədəniyyət, mənəviyyat, mərifət, insanpərvərlik, təvazökarlıq nümunəsi idi.

Onun orta məktəb müəllimi olmuş Sona xanım adlı yaşlı müəlliməsinə qayğıkeşliyi, ehtiramı yaddaşlarda dərin iz buraxmışdır. Bu böyük ürəkli şəxsiyyət böyükdən-kiçiyə, hamının səsini eşidir, sözünü dinləyirdi. 1995-ci ilin gərgin siyasi-ictimai hadisələri zamanı Ulu Öndərin əvvəlki fəaliyyətini işıqlandıran "Rəhbər və xalq" adlı silsilə məqalələrimi "Səs" qəzetində çap etdirmişdim. Bu gün də böyük fəxr hissi ilə xatırlayıram ki, bu böyük insan məqalələrin hamısını oxumuş və mənə çatan məlumata görə, razılıq hissi ilə mənim şəxsiyyətimlə maraqlanmışdır.

Bir dövlət başçısı olaraq, onun daxili siyasətində xalqının sosial-ictimai vəziyyətinin daim yüksələn xətt üzrə inkişafı, xarici siyasətində dost ölkələrlə inam, etibar, səmimiyyət, düşmənlərlə ehtiyatlılıq, səbr, dözüm, siyasi manevrlər, diplomatik gedişlər bir-birini yaxşı tənzimləyirdi.

Ölkə daxilində əlində hədsiz imtiyazlar toplamağa həris olanları daim şəxsi nəzarətində saxlayır, onların yolunu azmasına imkan vermədən vaxtında ipini yığırdı.

Onun daxili siyasətində elm, təhsil, ədəbiyyat və incəsəntin milli özül üzərində bəşəri dəyərlərə hesablanması istiqaməti mühüm yer tuturdu. Ana dilimizin saflığı, qorunması, yeniləşməkdə olan dünya dəyərlərində öz yerini möhkəmləndirməsi kimi, tarixi varlığımızı dünyaya sübut edən bir nömrəli amili bir an da olsun nəzərdən qaçırmırdı. Ulu öndərin ana dilimizin Dövlət dili olması istiqamətində misilsiz əməyi olmuşdur. 1978-ci ildə SSRİ Konstitusiyasının yenilənməsi zamanı bu sənəddə Azərbaycan dilinin Dövlət dili olması barəsində heç nə yazılmamışdı. Bu o demək idi ki, Dövlət idarələrində daim işlək olan rus dili Dövlət dili kimi möhkəmləndirilməlidir. Elə bu zaman Ulu Öndərin uzaqgörən düzgün siyasəti və möhkəm iradəsi öz gücünü göstərdi. Bu böyük şəxsiyyət məsələnin Respublikamızın və varlığımızın xeyrinə həll olunması yolunda nüfuzlu ziyalı intellektini hərəkətə gətirdi. Müzakirələr, etirazlar, təkliflər öz bəhrəsini verdi. Heydər Əliyev iradəsi qalib gəldi.

Bir həqiqəti də heç cür danmaq olmur ki, ölkəmizdə nə vaxt siyasi-ictimai ab-hava gərginləşirdi, quruluş dəyişikliyi baş verirdi, dərhal dil məsələsini ortaya atan yetiklər peyda olurdu. XX əsrin əvvəllərində olduğu kimi, XXI əsrin əvvəllərində də, yəni 1995-ci illərdə də belə bir cəhdlə üzləşməli olduq: Dilimizin adı Türk dili, yoxsa Azərbaycan dili olsun? Rəhbərin bu məsələ barəsində, əlbəttə, şəxsi qənaəti var idi. Yəni dilimiz türk dilləri ailəsinə məxsusdur. Özbək, qazax, qırğız, tatar, türkmən, qaqauz və s. dillər kimi. Ümumtürk kontekstindən şaxələnib milli dillər kimi lokallaşan bu dillərdə danışan xalqların heç biri dilinin adını dəyişmək barəsində iddia qaldırmır. Bununla belə, Ulu Öndər özünəməxsus demokratik iradəsi ilə məsələni geniş ictimaiyyətin müzakirəsinə çıxartdı. AMEA-nın böyük iclas zalında keçirilən geniş müzakirədə "Azərbaycan dili" adının saxlanılması qərara alındı.

Ulu Öndərin ədəbiyyat, mədəniyyət xadimlərinə qayğısının bir təzahürü də iki ildən bir bu sahə adamları üçün bina tikdirmək, onların sosial vəziyyəti ilə vaxtaşırı maraqlanmaq, yubileylərində şəxsən iştirak etmək, hətta məruzə eləməkdə özünü büruzə verirdi. Belə şəxsiyyətlərin xahişi ilə şəxsi görüşlər keçirərkən onların yaradıcılığı ilə əvvəlcədən şəxsən özü tanış olur, onların əsərləri barəsində elə qiymətli fikirlər söyləyirdi ki, bu sahə mütəxəssislərinin özü heyran olurdu. Ulu Öndər hətta xəstə sənət adamlarını belə, xəstəxanada ziyarət edirdi. Qayğı və ehtiyaclarını onların öz dilindən dinləyirdi.

Budur, artıq bu dahi şəxsiyyətin - xalqımızı, Vətənimizi bir çox qaranlıqlardan işıqlığa çıxaran, çox bəlalardan xilas edən ulu rəhbərin anadan olmasının 100 ili tamam olur. Və tarixin müxtəlif dövrlərində ad təkmilləşməsi keçirə-keçirə bu gün Azərbaycan adı ilə parlayan ölkəmizin müasir yaşam istiqaməti, sabitliyi, əmin-amanlıq da Ulu Öndərimizin idarəçilik proqramını, dövlətçilik kursunu uğurla davam etdirən möhkəm əllərdədir.

Allah Ulu Öndərimizə qəni-qəni rəhmət eləsin. Məkanı cənnət olsun.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!