Nizami CƏFƏROV
Heydər Əliyev haqqında təsəvvürlərim yeniyetməlik illərimdə formalaşmış olsa da, yəqin ki, hələ o qədər də mükəmməl deyildi. Bakıya gəlib Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi, sonra aspirant olduğum dövrdə bir az ixtisasıma, bir az da ümumən təbiətimə görə "milli ziyalılar mühiti"nə düşdüyümdən Heydər Əliyevin şəxsiyyəti mənim üçün daha böyük önəm kəsb etməyə başladı. O mənim bilavasitə iştirak etdiyim həm ədəbi, həm də elmi mühitdə neçə illər idi ki, xüsusi nüfuz qazanmış, çoxlu xatirələrlə məşhurlaşmış, bəzilərinin tərcümeyi-halında isə həlledici rol oynamış böyük lider olmaqda davam edirdi. Və heç bir şübhə yox idi ki, Heydər Əliyev dünyanın ən böyük azərbaycanlısıdır... Ancaq 1987-ci ildə Mixail Qorbaçov onu heç bir əsas olmadan təqaüdə göndərəndə (və bunun ardınca Azərbaycana erməni təcavüzü baş qaldıranda) respublikada müəyyən tərəddüdlər də meydana çıxdı. Bu tərəddüdlərin bir səbəbi Azərbaycanda Heydər Əliyevsiz gedən hərcmərclik proseslərinin günü-gündən dərinləşməsi, ikincisi Heydər Əliyevin siyasi səhnədə görünməməsi idi. Müstəqillik ərəfəsində olan ölkəyə lider axtarışları gedirdi. Və bu axtarışların qrup mənafeləri hüdudunu aşıb geniş xalq müzakirəsi miqyasına çıxmasına imkan verilmirdi. Əslində, ziyalıların çoxu da zahirən demokratiya təsiri bağışlayan, ancaq qrup mənafeləri hüdudundan kənara çıxmayan münaqişələrin ya aktiv, ya da passiv girovuna çevrilmişdilər.
Təqaüdə çıxandan sonra hər nə qədər təmkin nümayiş etdirməli olsa da, Heydər Əliyev 1990-cı ilin yanvar ayının 20-də sovet qoşunlarının Azərbaycana müdaxiləsini sakit qarşılaya bilmədi. Və bu, yalnız Heydər Əliyevin deyil, onun mənsub olduğu (və ona mənsub olan!) xalqın tərcümeyi-halında ciddi dönüş yaratdı. O, təxminən beş illik hərc-mərclikdən (həmin beş ildə ölkə üç "başçı" dəyişdi!) sonra hakimiyyətə gəldi. Və Tarixin hərəkəti təmin olundu.
1997-ci ildə Azərbaycan Yazıçılarının X qurultayı keçirilirdi. Qurultay ərəfəsində Azərbaycan Prezidenti Heydər Əliyev əvvəl yaşlı, sonra isə gənc nəsildən olan yazıçılarla görüşdü. Son dərəcə səmimi keçən bu görüşlərin ikincisində mən də çıxış etdim. Elə bilirəm ki, bu çıxış, eləcə də bir gün sonra qurultayda "Azərbaycan şeiri" barədə etdiyim məruzə Prezidentin diqqətini cəlb eləmişdi... 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görüldüm, eyni zamanda Yeni Azərbaycan Partiyasının zəmanəti ilə Milli Məclisə üzv seçildim.
2001-ci ildə Azərbaycanda Atatürk Mərkəzinin müdiri təyin olunarkən ilk dəfə Azərbaycan Prezidenti Heydər Əliyevin hüzurunda olmaq, onunla söhbət etmək, onun məsləhətlərini dinləmək mənə nəsib oldu. Və bu mənim həyatımın ən unudulmaz dəqiqələrindən idi. Öndə Fatma Abdullazadə, arxada mən Prezidentin geniş kabinetinə daxil olanda elə həyəcanlı idim ki, üstündən iyirmi ildən artıq vaxt keçsə də bu görüşü xatırlayanda həyəcan yenə də mənə hakim kəsilir.
"Sən professorsan, dekansan, əməkdar elm xadimisən, deputatsan... Bir vəzifə də indi verirəm... Çox olmayacaq, səndə başgicəllənməsi əmələ gətirməyəcək?" - deyə özünəməxsus təmkinli, ciddi səslə, eyni zamanda xəfif təbəssümlə soruşdu. Və həmin təbəssüm özümə gəlmək üçün mənə kifayət elədi. "Xeyir, cənab Prezident", - dedim, - "Sizin verdiyiniz vəzifənin məsuliyyətini başa düşürəm"... "O vaxt, yazıçıların qurultayı keçiriləndə tanıdım səni, onda cavan idin, indi neçə yaşın var?" "İndi qırx iki yaşım var, cənab Prezident"... "Həə, indi o qədər də cavan deyilsən" - dedi. Bir az xəyala dalıb sözünə davam elədi: "Son vaxtlar çalışıram cavanlara böyük vəzifələr verəm, inkişaf eləsinlər, irəli getsinlər... Bir də görürəm ki, xalqa, cəmiyyətə xidmət etmək əvəzinə, özünə təmtəraqlı bir kabinet düzəldib oturub yuxarı başda... İşə gələndə, işdən gedəndə bütün idarə onu qarşılayıb yola salır... Maşına minib-düşəndə qapısını polis açır". Bir az düşünüb əlavə elədi: "Sən cavan adamsan, nə olub, maşının qapısını niyə özün açıb örtmürsən?.. Mən də biləndə onu işdən çıxardım. Çünki cavan yaşında belə-belə işlər görən adam yaşlaşdıqca daha da ziyankar olar, özündən başqa heç kimi saymaz... Dedim, qoy cavanlar, gənclər görsünlər ki, dövlət işi, hökumət işi nə deməkdir"...
Prezident danışdıqca özümdən asılı olmayaraq, bəlkə də, onun sözlərinin təsiri altında, ilk dəfə olduğum kabinetə göz gəzdirirdim. Bunu hiss elədi. Və üzünü mənə tutub: "Görürsən mənim kabinetimi" - dedi. "Bəli, cənab Prezident, sadədir, çox sadədir..." Səsini bir az yüksəltdi: "Mən Moskvaya yeni işə göndəriləndə mənim yerimə təyin olunan adam, o adam ki, təyinatında mənim də rolum olmuşdu, mənim işlədiyim kabineti bəyənməyib təmir etdirmiş, hər şeyi dəyişdirəndən sonra içəri girmişdi"... Moskvada əsassız yerə təqib olunanda Azərbaycanda vaxtilə vəzifə başına gətirdiyi adamların ona nəinki laqeyd münasibəti, bir sıra hallarda isə xəyanəti Prezidenti incitmişdi, aradan illər keçsə də, şəxsən ona nankorluq edənləri bağışlasa da, hadisənin özünü - nankorluğu, xəyanətkarlığı unuda bilmirdi, xalqın, camaatın hesabına dəbdəbə ilə yaşamağı, əlavə səlahiyyətlərə can atmağı çox böyük qüsur hesab edirdi.
Söhbət elə gətirdi ki, mən onun İranla, Türkiyə ilə xalq arasında gəzən bəzi əlaqələri barədə soruşdum. "Sən bunları haradan bilirsən?" - deyib gülümsündü, müəyyən düzəlişlər, dəqiqləşmələr elədi. Azərbaycan-Türkiyə, Azərbaycan-İran əlaqələri barədə söhbət açdı, Prezident olandan sonra Təbrizə rəsmi səfər edə bilmədiyini dedi. Və mən bütün dərinliyi ilə anladım ki, Onun daxilində hədsiz-hüdudsuz bir Təbriz nisgili, Təbriz həsrəti var. O vaxtkı İran rəsmiləri onun Təbrizə getməsinə hər cür mane olurdular. Və səbəbi də aydın idi.
"Sən keçmişi, tarixi, Atatürkü öyrənməklə bərabər, bugünkü Azərbaycan-Türkiyə münasibətlərinə də həssas yanaş, hadisələrin mahiyyətinə nüfuz eləməyə çalış. Məsələn, bəzi adamlar söz-söhbət salırlar ki, guya türkiyəli iş adamları Azərbaycanı tərk edir... Ancaq belə deyil. Gedənlər o adamlardır ki, xırda məişət işlərilə məşğul idilər... Biz eyni xalqıq, əvvəl Azərbaycanda elə şeyləri bilmirdilər, baxdıq, öyrəndik, rəqabət yarandı, indi azərbaycanlılar dönər də hazırlayır, gözəllik salonu da işlədə bilirlər... Artıq bizim daha böyük işlər görən, imkanları, fəaliyyəti daha geniş sahələri əhatə edən əsl iş adamlarına ehtiyacımız yaranıb...
Heydər Əliyev cəmiyyət həyatının ən mürəkkəb problemlərinə hər kəsin anlayacağı bir sadəliklə son dərəcə mükəmməl şərh verə, çıxış yolları tapa bilirdi. Onun şərhləri, izahları hər cür konyukturdan, qrup maraqlarından, şəxsi istəklərdən uzaq idi. Yalnız bir məsələdə təəssübkeşliyini güzəştə getmirdi ki, o da xalqın mənafeyi idi. Ona görə də "Azərbaycanın Heydər Əliyevi", "Heydər Əliyevin Azərbaycanı" ifadə-kəlamlarının çox dərin fəlsəfi məzmun-mündərəcəsi var.
2002-ci ildə sədr Murtuz Ələsgərov başda olmaqla Milli Məclisin heyəti Türkiyəyə rəsmi səfərə yollandıq. Murtuz müəllim məni universitetdən tanıyırdı, o rektor, mən də filologiya fakültəsinin dekanı olmuşdum və Türkiyə, Türk dünyası ilə müəyyən elmi əlaqələrimdən xəbərdar idi. Dedi ki, görüşlərdə, danışıqlarda mənə yaxın əyləş, birdən məsləhətləşməyə ehtiyac olar... Sözün doğrusu, elə bir ehtiyac yaranmadı, çünki Murtuz müəllim beynəlxalq münasibətlər, hüquq sahəsində olduqca yetkin bir mütəxəssis idi, ancaq görüşlərdə onun yanında əyləşməyin xeyri o oldu ki, Türkiyənin o vaxtkı prezidentini, baş nazirini, baş nazir müavinlərini və başqa bir sıra mötəbər şəxsləri (məsələn, Bilkənddə İhsan Doğramacını) lap yaxından gördüm.
Rəsmi səfərdən qayıdandan sonra Azərbaycan Prezidenti bütün heyəti qəbul edərək təəssüratlarımızı öyrəndi. Murtuz müəllim səfərin gedişi barədə ətraflı məlumat verdi. Prezident heyət üzvlərinə müraciət edərək daha kimin sözü olduğunu soruşanda ətrafa boylanıb gördüm ki, heç kəsin danışmaq fikri yoxdur. Təcrübəli adamlar idilər, görünür, ehtiyatı əldən vermək istəmirdilər. Əslində, deyiləcək bir söz də yox idi... Bir az təcrübəsizlikdən, bir az özümü Türkiyə üzrə "mütəxəssis" saydığımdan, bir az iştirak etdiyim səfərin təəssüratlarından hələ ayrıla bilmədiyimdən əlimi qaldırsam da, deməyə konkret sözüm də var idi. Əvvəl oradan başladım ki, "mən ilk dəfə rəsmi səfərdə iştirak etdiyimə görə hər bir görüşə xüsusi maraq göstərirdim, çalışırdım ki, nə deyilirsə hamısını, bütün hərəkətləri, münasibətləri yadda saxlayım. Ən çox diqqəti çəkən o idi ki, bizə - Azərbaycan nümayəndə heyətinə xüsusi hörmət göstərilirdi. Və bunun da əsas səbəbi Sizin nüfuzunuza, şəxsiyyətinizə verilən dəyər idi... Həm prezidentin, həm baş nazirin, həm də onun müavinlərinin danışıqlarında Sizə xüsusi hörmət, ehtiram ifadə olunurdu. Hiss edilirdi ki, bu, ürəkdən gəlir... Ancaq baş nazir müavinlərindən biri - Dövlət Bağçalı bir söz dedi, bizdən xahiş etdi ki, Sizə çatdıraq...".
Söhbətin bu yerində başımı qaldırıb gördüm ki, Prezident məni diqqətlə dinləyir. Ürəklənib davam elədim... "Dedi ki, Azərbaycan müxalifətçilərindən Türkiyəyə bəzi şəxslər gəlir, Millətçi Hərəkat Partiyasının sədri kimi mənimlə görüşmək istəyirlər. Mən də məcburam ki, nəzakət xatirinə onları qəbul edəm. Ancaq istəyirəm hörmətli Prezident Heydər Əliyev bilsin ki, mən Azərbaycan hakimiyyətinin başçısı olaraq yalnız onu tanıyıram".
Prezident axıracan dinlədikdən sonra "Dövlət Bağçalı ağıllı adamdır - dedi, - ancaq onun başına bəzi ağılsız adamlar yığışıb imkan vermirlər ki, işləsin... Bax, mən belə şeyləri eşitmək istəyirəm...".
Görüş bitdi, heyət üzvlərindən bəziləri mənim çıxışımı bəyəndi, bəziləri isə artıq söhbət olduğunu dedi... Mən tərəddüd keçirir, danışmaqda haqlı olub-olmadığımı özüm üçün kəsdirə bilmirdim. Təxminən bir aydan sonra bu tərəddüdlərə son qoyuldu. Dövlət Bağçalı Azərbaycana rəsmi səfərə gəldi. Azərbaycan Prezidenti ilə görüşdülər... Səhəri gün Azərbaycan MEA Rəyasət Heyətinin binasındakı akt zalında o, Azərbaycan ziyalılarının qonağı oldu, çox səmimi keçən bu tədbirin təşkilində mən də iştirak edirdim. Və sonda, başqalarını bilmirəm, ancaq mənim üçün yadda qalan, zahirən epizodik də görünsə, bir hadisə baş verdi. Qonaq onu müşayiət edən şəxslərin əhatəsində binadan çıxanda mən irəli getmək istəmədim, düşündüm ki, ehtiyac yoxdur. Bir də gördüm, məni axtarırlar. Yaxınlaşanda qonaq mənə "başkanla xudahafizləşmədən getmək olmaz" deyib maşına əyləşdi.
Həmin günün axşamı Prezident Adminstrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov mənə zəng edib dedi ki, Prezidentlə Dövlət Bağçalının görüşündə Atatürk Mərkəzindən də, səndən də danışıldı, sabah qəzetlərə baxarsan.
Səhəri gün "Azərbaycan" qəzetində möhtərəm Prezidentin Dövlət Bağçalıya dediyi bu sözləri oxudum:
"Çox məmnunam ki, mənim təşəbbüsümlə Azərbaycanda Atatürk Mərkəzi artıq fəaliyyət göstərir... Mən çox böyük bir professoru həmin Mərkəzə başqan təyin etdim. O, bizim parlamentin millət vəkilidir".
Ümummilli Liderin bu sözləri dünyanın ən böyük mükafatıdır ki, bu günə qədər məni yaşayıb yaratmağa ruhlandırır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!