Yüz ilin min il olsun! - Əsəd CAHANGİR

Əsəd CAHANGİR

 

 

 

 Salam, Heydər baba!

Mayın 10-u Sən dünyaya gələn gündür! Sən dünya tarixində ən möhtəşəm qələbə günündən - 9 maydan sonra hər il yenidən doğulursan. Tale səni möhtəşəm qələbələr üçün dünyaya gətirib! Düz 100 il öncə Azərbaycan səni gözləyirdi! Sən zəfərlərimizin dünənisən! Düz 100 il sonra sən Azərbaycanı gözləyirsən! Sən uğurlarımızın səhərisən! Sən doğulmamış doğulmuş, sən dünyanı tərk edəndən sonra ölməmisən! Sən dünəndə, bugündə, gələcəkdəsən!

 

Qabiliyyət

 

Sən şöhrətli ailədə doğulmadın! Çünki şöhrəti özün qazanmalıydın! Qazandın da! Sən dövlətli ailədə doğulmadın! Çünki dövləti özün qurmalıydın! Qurdun da! Sən adi, sadə bir ailədə dünyaya göz açdın! Çünki adi, sadə insanların əzab-əziyyətinin nə olduğunu bilməliydin ki, onların halına yanasan!  Yanırdın da!

Sən - sadə, göygözlü, ağbənizli bir kəndli balası bilmirdin ki, qarşıda necə bir qeyri-adi tale ilə üzləşəcəksən, min bir güzəran, çətinliklərin içində dərslərini hazırlayır, sinif yoldaşın Zəroşla birlikdə ünlü aktyor, Naxçıvan tamaşaçılarının sevimlisi İbrahim Həmzəyevin dərnəyinə gedir; özünü səhnədə görürdün. Sonra o balaca Zəroş Naxçıvan səhnəsinin kraliçası - Azərbaycanın Xalq artisti Zəroş Həmzəyeva oldu! Səni isə başqa tale, başqa gələcək gözləyirdi! Sən Azərbaycan siyasi səhnəsinin kralı olmalıydın! Taleyin seçimi insanın istəyindən güclüdür! Sən taleyin seçimlisi, taleyin sevimlisi idin! Sən tale və hünərin qovuşduğu, ən uzaqların ən yaxınlaşdığı məqamda idin! Sən adidən  aliyə yüksəlməliydin!

Bakıya gəldin, ali təhsil aldın, dövlət təhlükəsizliyi orqanlarında qulluğa girdin, Stalin epoxasının o sərt, çətin illərində xarakterin, ağlın, bacarığın, qabiliyyətin, çevikliyin, intizamınla yuxarıların diqqətini çəkdin, qiymətləndirildin, pillə-pillə yüksəldin! Tale səni ən böyük mənəvi dəstəyin - Zərifə xanımla qarşılaşdırdı. Tale sizi illərlə sürən imtahana, sınağa çəkdi! Dastanlara sığmayan sevgi və sədaqətin, sarsılmaz dözüm və dəyanətin örnəyinə çevrildiniz! Və qalib gəldiniz - göydə talelər, yerdə ömürlər qovuşdu! Övladlarınız dünyaya göz açdı. Onsuz da ilhamlı idin, daha da ilhamlandın, onsuz da sevilirdin, daha da sevildin.

Buracan olanlar Sənin həyatının birinci dönəmi, bura qədərkilər sənin Qabiliyyətin idi! Sən ali bir görəvin, böyük bir missiyanın icrası üçün hazırlanırdın! Bu, taleyin hökmü idi! Bu  sənin hünərin idi!

 

Dəvət

 

...Sonra SSRİ adlı nəhəng imperiyanın başında duranlar gördülər ki, Azərbaycan taxtında əyləşməyə səndən layiqli namizəd yoxdur. Hakimiyyətə dəvət olundun,   birinci hakimiyyət dönəmin   başladı. Qəlbinin də, dilinin də vurğusu bir oldu - Azərbaycan! Sən Səməd Vurğunun sözlə elədiklərini işdə həyata keçirməyə başladın! Kommunist Partiyasının bileti sinənin üstündə, Azərbaycan sevgisi köksünün altında oldu! Sənin dərin zəkanın, yenilməz iradənin gücüylə Azərbaycan adlı qartal öz geniş qanadlarını açıb SSRİ adlı nəhəng səmada pərvaz eləməyə başladı. SSRİ-nin bir sürü şovinisti içində sən Məhəmməd Hadinin nakam bir arzusunu həyata keçirdin: "Qoymuş miləl imzasını övraqi-həyata", var "millətimin xətti ol imzalar içində!"

Sən millətin hadisi oldun! Qeyriləri bizim Yevtuşenkomuz var deyəndə, sən bizim də Vahabzadəmiz var deyirdin. Onlar öz Matevosyanları ilə qürur duyanda, sən Anarla fəxr edirdin. Onlar Kobzonumuz, Zıkinamız, Osparyanımız var deyəndə, sən bizim də Maqomayevimiz, Xanlarovamız var deyirdin. Onlar Rustavelidən, sən Nizamidən, Nəsimidən, Caviddən, onlar "Data Tutaşxia", "Sasunlu David"dən, sən "Koroğlu"dan bəhs edirdin. Onlar gümüşlənmiş öküz buynuzlarını qaldırıb böyük fəxarətlə özlərini şərab, bizi "çay oğlu" adlandıranda sən üzümçülük mədəniyyətini inkişaf etdirirdin! Sən gürcülərlə üzüm, özbəklərlə pambıq yarışına çıxır və qalib gəlirdin. Sən SSRİ-də ilk Kondisioner zavodunu Bakıda tikdirməklə bu birincilik şərəfini Pribaltikanın əlindən alırdın! Sən hər yerdə, həmişə birinci olmaq üçün dünyaya gəlmişdin!

Özünün yorulmaz yarış ruhunla sən daha nələr eləmirdin. Sən SSRİ-ni dindən-imandan eləyir, rus, erməni, gürcü... bütlərini yıxırdın!  Sən SSRİ-yə Azərbaycan adlı yeni bir inanc gətirir və hamını bu yeni inanca baş əyməyə vadar edirdin! Sən Şah İsmayılın "Gülüstan qalası, yoxsa Azərbaycan?" sualına Azərbaycanı gülüstana çevirməklə cavab verirdin! Sənin adın bütün SSRİ ilə bir olmuşdu! Sən Azərbaycanın adını bütün SSRİ ilə bir eləmişdin!

Bu mümkünsüzü necə mümkün eləyə bilirdin? Çünki konkret siyasi mənzərəni, tarixi durumu aydın görən iti zəkanla sağa-sola meyllənməkdən yan keçir, qızıl ortanı tuta bilirdin. Birmənalı kommunist ideologiyası, yoxsa radikal millətçilik?! Sən Nizaminin "Bəhram"ı kimi qələbə tacını bu ifrat və təfrit şirləri arasından götürürdün! Azərbaycanın gələcəyinə dair bəlkə də ən böyük xəyallarla yaşayır, amma nəhəng sovet imperiyasının real gücü qarşısında xülyalara da qapılmırdın! Milli incəsənətə, ədəbiyyata heyrətamiz bir sevgi bəsləyən duyğusal bir insanıydın! Amma bayağı, populist, siyasi uzaqgörənlikdən uzaq "vətənpərvərliyə" də uymurdun! Reallıqla hesablaşmaq və konkret durumda mümkün olanları eləmək! Sənin ildırım sürətli siyasi uğurlarının əsasında bu müdrik qənaət dururdu. Səndə qılınc və qələm birləşmişdi!

Sən içində olduğun SSRİ siyasi mənzərəsinə təyyarə uçuşundan baxır, ən yaxından bildiyini ən uzaqdan görürdün. Bu uzaqgörənliyin, müdrikliyinlə də xalqımızın tarixi taleyində silinməz izlər qoydun, arzularımızı gerçəyə çevirdin!

Buracan olanlar sənin həyatının ikinci dönəmi, bura qədərkilər sənin Dəvətin idi! Daha ali görəvin, daha böyük missiyan hələ qarşıda idi!

 

Hicrət

 

Sonra gördülər ki, daha Azərbaycana sığmırsan. Sonra gördün ki, Azərbaycanı "on beş qardaş" arasında başa çıxarmaq üçün başa keçməlisən. Səni qübbəsinin kölgəsi Şimal Buzlu Okeandan Xəzərəcən düşən, beşguşəli ulduzu dünyanın hər yerindən görünən Kremlə çağırdılar. Doğma, günəşli  Bakıdan yad, qarlı-çovğunlu Moskvaya hicrət elədin. Amma ruhən yox, cismən! Əlin həmişə Azərbaycanın üstündə oldu! Gözün həmişə Azərbaycanın üstündə oldu! Davan həmişə Azərbaycanın üstündə oldu! Bir yığın slavyan-erməni  şovinisti arasında tək qaldın! Tale ən böyük mənəvi dəstəyin olan  Zərifə xanımı da əlindən aldı, amma ürəyindən çıxara bilmədi! Onun əziz xatirəsinə  ömrünün sonunacan sadiq qaldın!

Həyatının bu dəhşətli sınaq dövründə nəhəng bir imperiya qaragüruhu ilə üz-üzə dayandın! Sənin siyasi peyğəmbərliyinə slavyan-erməni Moskvası biət eləmədi! Bakıdan da dalınca daş atanlar az olmadı! Yeganə həyanın, tək dayağın Tanrıya inancın, Azərbaycana sevgin oldu! Azərbaycan sevgisini sənə bağışlamadılar! Ağıllısan, müdriksən, Kremlə rəhbərlik edəcək qədər təcrübəlisən, bir sözlə, dahisən, amma bizdən deyilsən dedilər! Slavyan-erməni mühiti sənin timsalında özünün ən böyük rəqibini gördü və ən böyük səhvə yol verdi - SSRİ-ni Qorbaçov yox, sən qoruyub saxlaya bilərdin! Sən tarixin gedişini dəyişə bilərdin! Tarix bunu duyurdu! Sən dünyanın mövcud mənzərəsini saxlaya bilərdin! Dünya bunu başa düşürdü! Vatikana, Qərbə və Amerikaya özünün bayağı yenidənqurması və dəhşətli yenidənqırması ilə Qorbaçov lazım idi! Əliyevdən xilas olmaq lazımıydı!

Azərbaycan fobiyası, türk fobiyası, müsəlman fobiyası baş qaldırdı! Nərimanovu cismən zəhərləyən slavyan-erməni mühiti səni ev dustağı elədi, mənən zəhərləmək, mənən sındırmaq istədi! Bacarmadı! Topxanadan bir ağac kəsdilər, Azərbaycan dedin! Qarabağ olayları başladı, Azərbaycan dedin! Yanvar qırğını baş verdi, Azərbaycan dedin! Tanrı sənə dayaq durdu! Vətən eşqi sənə güc verdi! Ölümə qalib gəlib Azərbaycana döndün! Həyatımın yerdə qalan hissəsini də xalqıma həsr edəcəyəm dedin!

Buracan olanlar sənin həyatının üçüncü dönəmi, bura qədərkilər sənin Hicrətin idi! Əsas iş, başlıca görəv səni gözləyirdi! Sən Vətəni xilas etməliydin! Vətən səni özləyirdi!

 

Qalibiyyət

 

Qayıtdın! Nələr qoyub getmişdin, nələr gördün! Aclıq, iqtisadi xaos, tüstüsü kəsilən ocaqlar, müharibə, siyasi hərc-mərclik, zülmətə qərq olmuş kəndlər, xarici qüvvələrin təhriki ilə baş qaldıran iğtişaşlar, vətəndaş qarşıdurması ... və yaddan çıxmış Qarabağ, bir sözlə, "Yağı səni nerədən daramış, gözəl yurdum!" Qazan xandan fərqli atın da yoxuydu ki, boynuna sarılasan! Milli ordu quruculuğuna başladın, atəşkəsi bərqərar elədin, siyasi, iqtisadi xaosu, vətəndaş qarşıdurmasını aradan qaldırdın, ümummilli birliyə nail oldun,  torpağı kəndliyə verdin, əsrin neft kontraktını imzaladın,  dünyaya iqtsadi inteqrasiyanın perspektivlərini müəyyənləşdirdin. Qaçanı qovmadın, aman diləyəni öldürmədin! Sonuncu məişət əşyalarını satmağa hazırlaşan sənət adamlarını dilənçiliyin astanasından qaytardın, ədəbi-mədəni həyatı öz ritminə saldın... Və öz tarixi missiyanı başa yetirdin - çağdaş Azərbaycanın iqtisadi, siyasi, hərbi, mədəni bünövrəsini qoydun! Qalib gəldin! Amma qarşılığında ürəyini, həyatını verdin...

Bu, sənin həyatının - dördüncü dönəmiydi! Bu, sənin Qalibiyyətin idi! Sən Azərbaycan siyasətinin peyğəmbəri idin! Sənin Quranın qurduğun Azərbaycan idi! Bu gün üçrəngli, ay-ulduzlu qutsal bayrağımız kimi sənin ölməz ideyaların da Vətən göylərində qürurla, inamla dalğalanır! Sən dünəndə, bugündə, gələcəkdəsən! Sən əbədiyyətdəsən!

Yüz yaşın mübarək, Heydər baba!

Yüz ilin min olsun, Ulu Öndər!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!