Ulu öndər Heydər Əliyevin qələm əhliylə çox sıx əlaqəsi olduğu, onlara xüsusi münasibət bəslədiyi hamıya məlumdur. Onu tanıyan, onunla həmsöhbət olan hər bir yazıçının mərhum prezidentlə bağlı xoş xatirələri var. Mənim də belə xatirələrim az deyil, belə düşünürəm ki, onlardan bəzilərini oxucularla bölüşsəm, bu böyük şəxsiyyətin portretinə bəzi ştrixləri əlavə etmiş olaram.
Dahilər barədə söhbətlər həmişə maraqlı olur, bu cür qeyri-adi fenomenlər, bir qayda olaraq diqqəti özünə çəkir. Amma etiraf edək ki, bizim üçün fenomenal şəxsiyyətlər nə qədər maraqlı olsa da, dünya şöhrətli siyasi xadim, Ümummilli liderimiz Heydər Əliyev fenomeni daha maraqlıdır.
Heydər Əliyev XX əsrin ən parlaq siyasətçilərindəndi. Onunla olan görüşlər hesab edirəm ki, həyatımın ən şərəfli məqamlarındandır. Bir müddət komandasında çalışdığım Eduard Şevardnadze onunla dostluğundan həmişə fəxarət hissi ilə danışardı. Heydər Əliyevi özünə böyük dost bilirdi, deyirdi, çətin anlarda həmişə onun dəstəyini hiss etmişəm, onunla məsləhətləşmişəm: Bölgəmizin böhranlı dövründə Güney Qafqazda yerləşən üç dövlət başçısı Rusiya Federasiyasının o zamankı prezidenti Boris Yelsinlə görüşərkən, Yelsin köməkçisinə Gürcüstanın "yeni xəritəsini" gətirdib Sevardnadzeyə deyir: "Budur, Gürcüstanı iki yerə bölmüşük, şərqi Gürcüstana - sən, qərbi Gürcüstana Zviad Qamsaxurdia başçılıq edər". Bu dəhşətli anları xatırlayan Şevardnadze deyirdi, hirsimdən donub qaldım, qəhər məni boğdu, bilmədim onun cəfəng təklifinin cavabında nə deyim. Ermənistan prezidenti də müəmmalı şəkildə susmuşdu. Bu əsnada Heydər Əliyev təşəbbüsü öz əlinə alıb ona xas olan kəsərli tərzdə dedi: "Siz hansı haqla müstəqil ölkənin işinə müdaxilə edirsiniz. Sizin ixtiyarınızda olsa, Azərbaycanla da beləcə davranarsınız! Gürcüstan da, Azərbaycan da Rusiya kimi müstəqil dövlətlərdir, və siz müstəqil dövlətin daxili işinə müdaxilə edə bilməzsiniz!" - Azərbaycan Prezidentinin cavabında udqunan Yelsin təkcə bunu deyə bildi ki, özünüz bilərsiniz, gedin problemlərinizi həll edin.
Yəqin oxucular bilirlər ki, Böyük İpək Yolunun bərpası, Əsrin müqaviləsi, Qafqazda sülh və sair nəhəng layihələr məhz Ulu öndərin adıyla bağlıdır. Belə bir şəxsiyyətlə tanışlığımdan necə qürurlanmayım!
Mən onunla da fəxr edirəm ki, Şota Rustavelinin bilavasitə orijinaldan tərcümə etdiyim "Pələng dərili cəngavər" poeması möhtərəm Heydər Əliyevin və Eduard Şevardnadzenin müqəddimələri ilə açılır.
Həmin illərdən yadda qalan hadisələr çoxdur. İstərdim ki, yeri gəlmişkən bir neçəsini də xatırlayım:
2000-ci ildə Ulu öndərimizin təşəbbüsü ilə Bakıda Dünya Azərbaycanlıların I qurultayı keçirildi. Bütün dünya ölkələrindən diaspor nümayəndələri Bakıya axışdılar. Xoşbəxtlikdən mən də həmin qurultayın nümayəndə heyətinin tərkibində idim, sonradan İdarə Heyətinə də seçildim. Qurultay yekunlaşandan sonra Azərbaycan prezidentinin adından qonaqlara ziyafət verildi. Həmin tədbirdə Ulu öndərimiz tarixi söz söylədi. O, üzünü salondakılara tutub dedi: "Siz dünyanın müxtəlif ölkələrindən gəlmisiniz. Həmin ölkələr çox inkişaf etmiş də ola bilər, son dərəcə firavan da. Ancaq həmin ölkələrdə ayağınız altındakı torpaq Azərbaycan torpağı kimi etibarlı ola bilməz, çünki bu, sizin hər biriniz üçün vətən torpağıdır". Əlbəttə, bu belədir.
Onun mən müşahidə etdiyim bir xüsusiyyətini vurğulayım: Heydər Əliyevin ən əziz dostu həqiqət idi. Bir dəfə, görüşlərin birində Şevardnadze üzündə xoş təbəssüm Heydər Əliyevə dedi ki, sizdən bizə neft axırsa, bizdən də sizə su-çay axır. O, Kür çayını nəzərdə tuturdu. Aradakı mehriban münasibətə rəğmən, Ulu öndər onun cavabında söylədi: "İcazə ver, sənin bu fikrinə cüzi düzəliş edim. Neft bir türk dövlətindən (yəni Azərbaycandan) baş alıb sizin ölkənizdən keçməklə bir başqa türk dövlətinə (Türkiyəyə) axır; Kür çayı da həmçinin, başlanğıcını o başdakı türk məmləkətindən alır, sizin ərazinizdən keçərək başqa bir türk ölkəsində dənizə qovuşur. Belə ki, siz hər iki halda tranzit ölkəsiniz. Əlbəttə, etibarlı tranzitin də böyük əhəmiyyəti var. Buna görə də sağ olun".
Bir dəfə, hər iki ölkənin nümayəndə heyətinin üzvləri Bakıda Opera və Balet Teatrında prezidentlərin - Heydər Əliyev və Şevardnadzenin yolunu gözləyirdik. Onlar Prezident iqamətgahında görüşdükdən sonra Opera və Balet Teatrında baş tutacaq tədbirə qatılmaq üçün bura gəlməli idilər. Birdən teatrın qapısı açıldı və Azərbaycanın o zamankı mədəniyyət naziri Polad Bülbüloğlu daxil oldu. Polad müəllim Aparatdakı görüşdən gəlirdi. O, məni görcək dedi: "Möhtərəm prezident Eduard Sevardnadzedən səni soruşdu". Əminliklə deyə bilərəm ki, dünyamiqyaslı siyasətçi bir yazıçını görmək arzusu ilə soruşmayıb. Ulu öndər çox incə siyasətçi idi, sadəcə, məni soruşmaqla həmkarına işarə edib ki, Gürcüstanda yaşayan hər bir soydaşım mənim üçün əzizdir. Buna bənzər bir əhvalat Tiflisdə də baş vermişdi: Cənab Heydər Əliyev qeyri-rəsmi səfərlə Eduard Şevardnadzenin yubileyində iştirak etmək üçün Tiflisə təşrif gətirmişdi. Mən də orda idim. Hər ehtimala qarşı özümü toparlamışdım ki, tərcümə lazım olsa, layiqincə edim. Ulu öndər bunu duymuşdu. Vaxt az idi, Azərbaycan nümayəndə heyəti həmin gün vətənə qayıtmalı idi. Odur ki, Ulu öndər üzünü tədbir iştirakçılarına tutub dedi: "İmir Məmmədliyə olan hörmətimə rəğmən, belə qərara gəldim ki, vaxta qənaət etmək məqsədi ilə rus dilində danışım..." Onun, "İmir Məmmədliyə olan hörmətimə rəğmən" kəlməsi də nəvaziş xətrinə deyilməmişdi. Ulu öndər bu kəlməsi ilə qonşu dövlətin məmurlarına deyirdi ki, sizinlə çiyin-çiyinə işləyən soydaşım mənim diqqət mərkəzimdədir... Belə əzəmətli şəxsiyyət tərəfindən deyilən bu sözlər isə arif insanlar üçün hər şey demək idi.
Bu xatirələri söyləyərkən bir şeyə də aydınlıq gətirim: çox adam elə bilir ki, mən Eduard Şevardnadzenin tərcüməçisi olmuşam. Tərcüməçisi deyil, müşaviri idim. Əlbəttə, lazım gəldikcə onun şifahi çıxışlarını canlı tərcümə də etmişəm. Tərcümədən söz düşmüşkən, doxsanıncı illərin sonu olardı, Ulu öndərimiz Gürcüstanda rəsmi səfərdə idi. Gürcüstan parlamentində çıxış etməli idi. Niyəsə onun şəxsi tərcüməçisi gecikmişdi. Gəlib ona məlumat verdilər ki, tərcüməçi gəlib çıxdı. Prezident təəccüblə soruşdu: "İmir Məmmədli burda deyil ki?" Dedilər, burdadır, ancaq sizin öz tərcüməçiniz gəldi, İmir Məmmədliyə ehtiyac qalmadı. Onda Heydər Əliyev dönüb dedi: "Mən istəyirəm, Gürcüstan parlamentarilərinin qarşısındakı çıxışımı İmir Məmmədli tərcümə etsin, çünki fikir vermişəm, o, adamın hiss və emosiyalarını da tərcümə edir." Sözsüz ki, Ulu öndərin bu sözləri məni çox ruhlandırdı, bildim ki, bu sözləri də məqsədyönlü dedi və onun həmin çıxışını canlı olaraq ruh yüksəkliyi ilə tərcümə etdim.
Bu yerdə onu da deyim ki, dünyada, bəlkə də yeganə yazıçıyam ki, üç prezidentlə birlikdə nahar etmişəm. Bu, belə baş verib. Bakıda mühüm tədbir keçirilirdi, buna görə də Gürcüstan prezidentinin rəsmi səfəri Türkiyənin o zamankı prezidenti Əhməd Necdət Sezərlə üst-üstə düşmüşdü. Nahar zamanı belə qərara gəldilər ki, hər üç prezidentin arasında dil ünsiyyəti yarada biləcək bir nəfər də onlarla birlikdə olsun. Məsələ burasındadır ki, Sezərlə Şevardnadzenin arasında tərcüməçiyə ehtiyac var idi. Belə ki, bu missiya mənim öhdəmə düşdü və prezidentlərlə birlikdə nahar etməli oldum. Həmin məclisdə mənim üçün son dərəcə xoş oldu ki, Ulu öndərimiz məni Əhməd Necdət Sezərə təqdim etdi və timsalımda Türkiyə prezidentinə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar barədə dolğun məlumat verdi.
Bir dəfə görüşlərin birində Ulu öndər belə bir əhvalat danışdı: O, Moskvada istefaya gedəndən sonra axşamlar çıxar, qaldıqları evin yaxınlığındakı bağda gəzərmiş. Belə axşamların birində görür ki, qarayanız bir oğlan bağda onu addımbaaddım izləyir. O düşünür, bu təxribat planı ola bilər, yəqin, rəqiblərim belə qərara gəliblər ki, məni öz soydaşımın əli ilə aradan götürsünlər. Məlum məsələdir ki, Ulu öndər həddindən artıq cəsur bir şəxsiyyət idi. O, ölümün gözünə baxırmış kimi, həmin oğlana üz tutub yanına çağırıb. Oğlan onun yanına gələndə soruşub: "A bala, kimsən, bu parkda nə gəzirsən?" Oğlan onun cavabında deyib: "Möhtərəm Heydər Əlirza oğlu, mən gürcüstanlıyam, gəldim ki, deyim, bu çətin günlərinizdə bütün Borçalı camaatı sizinlədir". Ulu öndər həmin əhvalatı xatırlayarkən əlavə etdi ki, heyf, mən onun adını, soyadını soruşmadım...
Mən isə xatirələrdən ibarət bu yazıya son olaraq deyərdim ki, həmin oğlanın adını, soyadını soruşmağa ehtiyac yoxdur, o, istənilən Borçalı azərbaycanlısı ola bilərdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!