Cemal Süreyanın "Üvercinka"sı, Orhan Velinin məşhurluq sevdası... - Eminquey

 

"Üvercinkanın qasıqları" ədəbiyyat dünyasının arxa küçələrində dolaşan şeirlərin, hekayələrin və romanların əslində necə yazıldığını izah edən bir kitabdır. Muhsin Kızılkaya gördükləri, dinlədikləri və oxuduqları əsasında türk ədəbiyyatında iz qoymuş ustadların maraqlı hekayələrini esselərində bir araya gətirib.

Cemal Süreyanın məşhur "Üvercinka" şeirinin əslində "Göyərçin qanadı"nın abreviaturası olduğunu və şeirində istinad etdiyi coğrafiyanın qadın bədəninə uyğun gəldiyini bilirdinizmi?

Yaxud da Yəhya Kamalın ən izdihamlı ədəbi dəfn mərasimlərindən biri olan Orxan Vəlinin dəfnində reklamı olmasın deyə iştirak etməməsini...

Kitaba adını verən ilk məqalə Cemal Süreyanın "Üvercinka" şeiri ilə bağlıdır. 1956-cı ildə çap olunmuş şeirdəki "Laləlidən dünyaya gedən tramvaydayıq" misrası İkinci Yeni hərəkatın manifesti kimidir:

Laleli'den dünyaya doğru giden bir tramvaydayız

Birden nasıl oluyor sen yüreğimi elliyorsun

Ama nasıl oluyor sen yüreğimi eller ellemez

Sevişmek bir kere daha yürürlüğe giriyor

Bütün kara parçalarında,

Afrika dahil...

 

Cemal Süreya 1954-cü ildə Ankarada Mülkiyyə məktəbini bitirdikdən sonra məktəbin son kursunda oxuyarkən evləndiyi Seniha xanımla Əskişəhərdə məskunlaşaraq vergi idarəsində məmur kimi işləməyə başlayıb. Ancaq orta məktəbi təzəcə bitirən gənc qız var ki, universitet imtahanlarına hazırlaşır. Cemal Süreya bu qıza aşiq olur.

O sətirlərdən başqa dərdini heç kimə deyə bilməz. Qızın adını "Göyərçin qanadı" qoyub və söz oyunu ilə "Üvercinka"ya çevirib.

Həmçinin kitabda ən izdihamlı ədəbi dəfnlərdən biri olan Orxan Vəlinin dəfn mərasimində Yəhya Kamalın niyə iştirak etmədiyini də belə izah edilir:

"Cənazəsi ən çox izdihamlı olan şairlərdən biri də Orxan Vəlidir. Salah bəyin təbirincə desək, həmin gün "bütün İstanbul dəfnə qaçdı". Onun dəfn günü İstanbulun bütün kitab mağazaları şairə hörmət əlaməti olaraq satışı dayandırır. Bəyazıt məscidinin həyəti səhər saatlarından dolmağa başlayır".

Yaşadığı müddətdə heç bir riskə girməyib rahat həyatını yaşayan köhnə toplumun ağıçısı Yəhya Kamal dəfn mərasiminə gedib-getməmək arasında var-gəl edir. Əvvəlcə getməyə qərar verir, sonra bu fikirdən daşınır. Getməməyinin səbəbini isə dostu Cahit Tanyola belə açıqlayır:

 "İndi onlar mənim bu dəfn mərasimində iştirak etməyimdən sui-istifadə edəcəklər. Ola bilsin ki, qəzetlər Yəhya Kamalın da dəfn mərasimində olduğunu yazar. Bu da onların poeziya anlayışı üçün bir reklam ola bilər."

Birsel 1941-ci ilin aprelində Ankaradan İstanbula gələn şairlə Nisuaz Şirniyyat dükanında tanış olur.

"Orxan Vəli nadinc bir adam idi. Məşhurlaşmaq üçün gecəsini gündüzünə qatardı, planlar qurardı. Qəzetlərdə xəbərə çevrilmək üçün qırx dəfə salto vurmuşdu. Məsələn, Kadıköy Halkevində danışarkən masanın üstünə uzanır, Ahmet Hamdi ilə Sarıyerdə qayıq gəzintisinə çıxanda qayığı aşırıb dənizə düşürlər, canlarını boğulmaqdan güclə qurtarırlar. Ahmet Hamdi Tanpınar olmasaydı, bu xəbər qəzetlərə çıxmazdı".


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!