Hüznlü "Rübai" - Qərib MEHDİ

Mərhum şair Rübailin əziz xatirəsinə

Esse

Nizami Gəncəvinin mənəvi nəvəsi, gəncəli şair Rübail dəvət olunmaq aşiqi deyildi. Ciddi, özünə hörmət qoyan elitar mədəniyyətli bu qələm sahibi hər dəvəti qəbul etməzdi. Ona hörmət etdiyindənmi və ya onunla çəkişməyin mənasızlığını dərk etdiyindənmi, ölümün dəvətini qəbul etdi və onun qoluna girib bu dünyadan çıxıb getdi, amma çoxlarından fərqli olaraq özünü yerində qoyub getdi. Yəni, qiymətli ədəbi-bədii kitabları, elmi əsərləri onu həmişəlik əvəzlədi.

Hələ ünlü gəncəli şair Bahadur Fərmanın ili tamamlanmamış, Rübail də qələm dostunu təklikdən qurtarmaq qərarına gəldi. Son bir ildə çağdaş poeziya aləmi adıbəlli iki ədəbi generalını itirdi. Bu çəkili itkilərin nəticəsi dərhal göz önünə gəldi. Ədəbi mühit xeyli solğunlaşdı. 10 ilə, 50 ilə, 100 ilə yeni Bahadur Fərman, yeni Rübail yetişəcəkmi? Cavab vermək çətindir…

Rübail bir evdə doğuldu, bir küçədən keçdi, bir şəhərdə böyüyüb sevdalandı, bir universitetin alimi, müəllimi oldu. Sonralar onun şairlik istedadı, elm sahəsində inadlı axtarışları, onların dərsliklərə, şeir kitablarına çevrilməsi sayəsində bu imza bir evə, bir küçəyə, bir müəssisəyə, bir şəhərə sığmadı. Bu halal zəhmətlə qazanılan şöhrətin sədası bütün respublikaya yayıldı, hətta sərhədləri aşıb xarici ölkələrə də qanad açdı.

Tanrı ona bilik qapısını həmişə açıq saxlamağı məsləhət bilmişdi. O da buna həvəslə əməl edirdi. Məntiqli danışığı, gözəl natiqliyi, yüksək pedaqoji ustalığı da Tanrı töhfəsi idi. Bir tərəfdən də ilham pərisi qəlbinin başında yuva bağlamışdı. Bu çalışmalar, bu ətalar hədər gedərdimi? Yox, getmədi. Çox keçmədən elm sahəsindən onun halal şöhrət daxılına əməkdar müəllim, professor fəxri adları; poeziya dünyasından Prezident təqaüdçüsü, müsabiqələr qalibi; ədəbiyyatımızın ali mətbu orqanı "Ədəbiyyat qəzeti" redaksiya heyətinin məlum məşhurlarından biri kimi xoş müjdələr daxil oldu.

Poeziya öz imkanlarını, ənənəvi mövzularını səxavətlə onun qarşısında açırdı -  Vətən, Ana, təbiət, sevgi mövzuları ilə. O, az halda bu mövzulardan istifadə edirdi. Əksərən ilham pərisindən üzr istəyib elmi şeirə, şeiri elmə gətirirdi. Bu hal ona qələmdaşlarından seçilmək, fərqlənmək şəraiti yaradırdı. Nəticədə, öz üslubunu ortalığa qoyub standartlardan, təkrarçılıqdan, kiməsə oxşamaqdan yan dururdu. Bu səbəbdən şair mövzu qıtlığı çəkmirdi. Bir çox dünya ölkəsini gəzmək, müşahidə etmək onun orijinal söz - fikir xəzinəsini daha da zənginləşdirirdi. O, kitablarını bu yollarla ərsəyə gətirir, hazırlıqlı oxucusunun zövqünü, mənəvi dünyasını daha da zənginləşdirirdi.

Mən bu orijinal dəst-xətli şairin yaradıcılığına, kitablarına dönə-dönə müraciət etmiş, özəlliyindən xəbər verən fikirlər söyləməyə çalışmışam. Yazılarımın birində onu "Gəncəmizin Jül Verni" adlandırmışdım. Zənn edirəm ki, Fransanın məşhur elmi-fantastik yazıçısı ilə həmyerlimizin yaradıcılığında oxşarlıq əlamətlərinin olması qənaətimdə yanılmamışam.

Dünyanın və kainatın ən narahat olayları - Dağlıq Qarabağın və ona adekvat olan başqa məkanların doğurduğu işğalçılıq iştahı, kosmosda ozon dəliyinin açılması, təbiətin daşqını, zəlzələsi ilə insanları sınağa çəkməsi onun yaradıcılığında öz əksini tapıb.

Xalqda bir deyim var: "Acda nə var ki, gicə də nə versin". Bu deyimdən olduğu kimi istifadə edənlər də var. Qəbahət deyil. Bununla belə, Rübail öz orijinal poeziyasına sadiq qalaraq fikri saxlamaqla başqa yol seçir. O, məqsədi az qala sonsuza qədər qloballaşdırır. Göydən Yerə vaxtaşırı uçan boşqablar gəlir. Ola bilsin ki, onların başqa niyyəti var. Getdikcə Yer kürəsinin əhalisi artır, maddi təminat isə azalır. Boşqab pay, umacaqlı yemək qabıdır. Şair yad planetdən gələn boşqaba və boşqab sahiblərinə mesaj göndərir: Yerdə nə var ki, göyə də nə versin? Görün hazır fikrin orijinal dairəsini o, nə qədər genişləndirir?!

Rübail nümunəvi, el demişkən, ağırtaxtalı ailə başçısı idi. Şair övladlarını cəmiyyət üçün yararlı vətəndaşa çevirə bilmişdi. Bəzi şairlərimiz ailə üzvlərini sənət aləminə çəkib, obrazlaşdırır. Bu halı dostumun yaradıcılığında sezmirdim. Bir dəfə bu "qüsuru" ona xatırlatdım:

- Şair olasan, xanımına şeir həsr etməyəsən… Bu, heç olan iş deyil.

Gülüb dedi:

- Mən də belə şairəm də…

Sən demə, o, "belə" şair deyilmiş. O da ənənəni pozmamış, Bərdə hökmdarı Nüşabənin adını daşıyan xanımına - Nüşabəsinə gözəl, mənalı bir rübai yazıbmış. Rübainin məzmunu belədir: fateh İsgəndər yerişi yerimək istəyən şair bir gün Nüşabə xanımla üz-üzə gəlir. O, daş-qaşla İsgəndəri qarşılayan Nüşabədə fərqli olaraq öz qızlıq ləyaqəti, isməti ilə "gəncəli İsgəndərin" - şair Rübailin qəlbini fəth edir.

Rübail doğma şəhəri çinarlı Gəncəni çox sevirdi. Qələmi Nizami, Məhsəti yadigarlı bu şəhəri vəsf etməkdən yorulmurdu. Hara gedirdisə, xəyalında, ürəyinin başında Gəncəni də ora aparırdı. Hansı ölkədə olurdusa, gözləri ilk növbədə əzəmətli çinar ağacı axtarırdı. Və çinarların hesabına vətənin ərazisini qiyabi də olsa genişləndirirdi: "Harda çinar varsa, ora Gəncədir".

Təsəllimiz budur ki, Rübail özünü öz yerinə qoyub gedib. Görkəmli sənət adamları kimi o da sağlığında dəyərli əsərləri ilə ölməzlik qazanıb.

Harda çinar varsa, orda Rübail var…

Kimin əlində Rübailin bir kitabı varsa, deməli, Rübail yaşayır…

Kimin dilində Rübailin bir bənd şeiri varsa, deməli, Rübail yaşayır…

Kimin yaddaşında Rübail özünə yer eləyibsə, deməli, Rübail yaşayır…

Bu yazı, şairin yaradıcılığından nümunələr çəkiləcək təhlili yazı deyil.

Bu yazı - bir elegiya, rekviyem, ağı, hüznlü rübai timsalındadır. Onun fərqli, orijinal yaradıcılığına işıq salmaq xatirinə bu yazıya ehtiyac duydum.

Qərib Mehdi

05.11.2017

 

 

 

 

 

 

 

 

 

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!