Fəridə Səfiyevanın təqdimatında
Akademik Zərifə Əliyevanın xatirəsinə
İnsan var, onunla bir görüş kifayət edir ki, ömrü boyu hafizənə hopub ürəyində əbədi məskən salsın. Qəlbində yandırdığı işığın şöləsi onunla bağlı xatirələri zaman-zaman oyatsın, içinə bir istilik, hüzur, məhəbbət gətirsin. Özü də bu məhəbbəti təkcə özünün yox, ətrafındakıların da hafizəsinə ötürə bilsin. Belə insanlardan idi Zərifə xanım. Anamın ürəyində yandırdığı xatirə işığı bizim hamımızın qəlbinə hopdu, orada əbədi izini qoydu.
Mən o günləri dünən olmuş kimi çox gözəl xatırlayıram. Zərifə xanımla hər görüşdən daha böyük təəssüratla qayıdırdı anam. Atamla, bizimlə eşitdikləri, öyrəndikləri, örnək bildikləri ilə bölüşürdü. Zərifə xanımın sadəliyi, təvazökarlığı və qayğıkeşliyi barədə ağızdolusu danışırdı.
O dövrdə akademik Zərifə Əliyeva haqqında yazmaq bir çox jurnalistlərin arzusu idi. Bu missiyanı həyata keçirmək isə anama - əməkdar jurnalist Svetlana Nəcəfovaya qismət oldu. Professionallığı, gözəl qələm sahibi, jurnalist duyumu idimi buna səbəb, ya taleyin hökmümü? Bunu demək çətindir. Axı anam da Zərifə xanım kimi Qərbi Azərbaycanın İrəvan şəhərindən idi. Erməni xislətini, deportasiya ağrısını, vətən torpağının həsrətini hamıdan yaxşı bilirdi, taleyindən, qismətindən keçirmişdi.
Zərifə xanımla anamın söhbətləri həyatın hər sahəsini əhatə edirdi. Ailə qurduğu ilk illərdə çəkdiyi çətinliklərdən, qürur yeri olan övladlarından, sevimli işindən və ona daim dəstək olan vəfalı həyat yoldaşından. Ancaq məqalədə bir çox məqamların əks olunmasını istəmirdi Zərifə xanım. Təvazökarlıq və H.Əliyev kimi böyük bir şəxsiyyətin həyat yoldaşı olması kimi məsuliyyəti var idi çiyinlərində.
Anam isə Zərifə xanımı təkcə elm adamı kimi deyil, hərtərəfli - səmimi, mehriban, bütün varlığı ilə sevə bilən və sevilən, dəyərli sözü ilə ürəklərdə əbədi yaşamaq haqqı qazanan böyük şəxsiyyət kimi göstərmək istəyirdi. Odur ki, çox sonralar, Zərifə xanım həyatda olmayanda yenidən o gözəl xatirələrə qayıtdı və bir neçə görüşdən aldığı təəssüratlarını kağıza köçürtdü.
İndi anam həyatda yoxdur və mən akademik Zərifə Əliyevanın 100 illik yubileyinin respublikamızda və onun hüdudlarından kənarda keçirildiyi bir vaxtda anamın bu səmimi, böyük məhəbbət və ehtiramla yazdığı xatirələrini oxuculara təqdim etmək istəyirəm.
Fəridə Səfiyeva
Professor
Svetlana NƏCƏFOVA
Əməkdar jurnalist
Əsilzadələr ailəsinin yetirməsi
Qəribədir insan ömrü! Əvvəl bitib-tükənməz bir yola bənzəyir. Sanırsan, uzandıqca uzanacaq, heç axırı, sonu olmayacaq. Hər şey irəlidədir. Sevgi də, məhəbbət də, səadət də... Elə ki yolun sonuna gəlirsən, elə bir sürət birə beş artır. Günlər, aylar, illər qum dənələri kimi barmaqlar arasından axıb gedir, yol sona yaxınlaşır. Həyata keçən və keçməyən arzular, çin olan və olmayan istəklər, sevincli və kədərli anlar geridə qalıb! İrəlidə səni nə gözləyir?.. Bu barədə düşünməməyə çalışırsan. Ancaq nə yaxşı ki, ömrümüzü-günümüzü bəzəyən xatirələr var... Bizi keçmişə qaytaran, keçirdiyimiz ən gözəl günləri, ən gözəl hissləri bir də yaşamağa vadar edən xatirələr. Onlar bu günümüzdən dünənimizə körpü salır, duyğularımızı təzələyir, qəlbimizi kövrək nostalji hisslərlə ovundurur.
Görkəmli alim, mehriban insan Zərifə xanım Əliyeva ilə görüşlərim mənim üçün unudulmaz, həzin bir xatirəyə çevrilmişdir. Yaxşı insan belədir. Özü dünyada olmasa da, sözü-söhbəti, xatirəsi insanların qəlbini isidir, xeyirxah işləri, əməlləri unudulmur, yaddan çıxmır.
Üç görüş, bir müsahibə
Təbii ki, belə gözəl alimə qarşı respublikada böyük maraq və səmimi məhəbbət vardı. O vaxtlar respublikaya rəhbərlik edən Heydər Əliyevin həyat yoldaşı olmağı bu maraq və məhəbbəti daha da artırırdı. Respublikanın tanınmış jurnalistləri Zərifə xanımdan müsahibə almaq, haqqında nəsə yazmaq istəsələr də, onun razılığını ala bilmirdilər. Azərbaycanın demək olar ki, bütün görkəmli qadınlarına öz səhifələrində yer verən "Azərbaycan qadını" jurnalı da Zərifə xanım Əliyevaya dəfələrlə müraciət etsə də, müsahibə üçün razılıq ala bilməmişdi.
1981-ci ildə Azərbaycanın bir qrup görkəmli aliminə "Əməkdar elm xadimi" adı verilmişdi. Yüksək ad alanların siyahısında Zərifə xanımın da adı vardı. "Azərbaycan qadını" jurnalının baş redaktoru yazıçı Xalidə Hasilova bu münasibətlə Z.Əliyevaya zəng edib, nəhayət, intervü üçün razılıq aldı. O vaxt mən "Azərbaycan qadını" jurnalında baş redaktorun müavini vəzifəsində işləyirdim. Zərifə Əliyeva haqqında mənim yazacağıma qərar verildi.
Zərifə xanımla üç dəfə görüşdük. İlk görüşümüz Zərifə xanımın çalışdığı "4 nömrəli xəstəxana"nın göz xəstəlikləri şöbəsində oldu. Sadə davranışlı, mülayim görkəmli bu qadın ətrafında çox səmimi ab-hava yaratsa da, təkbətək qalanda özümü çox gərgin hiss etdim. Dərhal bunu duyub ilk sualı özü verdi. Jurnalda nə vaxtdan işlədiyimi, ailə vəziyyətimi soruşdu. Aramızda səmimi bir ünsiyyət yarandı. İşgüzar sualların arasında adi söhbətlər edir, qadın qayğılarından danışırdıq. Təəssüf ki, bu barədə qeydlər götürməyimə icazə vermirdi.
"Azərbaycan qadını" jurnalının 1981-ci il oktyabr nömrəsində dərc olunan yazım Zərifə Əliyevanı bir həkim, bir alim kimi oxuculara tanıtsa da, bu qadının zərifliyi, insanlara qarşı hədsiz həssaslığı barədə yəqin ki, lazımi təsəvvür oyatmırdı. Bunun da obyektiv səbəbləri vardı. Əvvəla, o zamanlar rəhbər işçilərin ailəsi barədə mətbuatda yazı dərc etdirmək bir qədər etikadan kənar sayılırdı. Mən yazımda Zərifə xanımın gözəl bir ailənin övladı olduğunu qeyd etsəm də, onun məhz Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin ömür-gün yoldaşı olduğunu yazmamışdım. Halbuki bunsuz Zərifə xanımın həyatını bütövlükdə təsvir etmək qeyri-mümkün idi. Axı hər bir qadının həyatında onun qurduğu ailə, həyat yoldaşı, övladları ilə münasibəti çox mühüm yer tutur, onun mənəvi keyfiyyətlərini açıqlamaq üçün əsas rol oynayır.
O vaxtın tələblərindən başqa, Zərifə xanım özü də yazıya müəyyən "qadağalar" qoyurdu. Qeyri-rəsmi şəraitdə danışdığımız təfərrüatlardan, ailə qurduqları ilk illərin çətinlik və qayğılarından bir-iki qeyd götürmək istəyəndə mülayim bir təkidlə "bunlar lazım deyil, - deyirdi. - Cavanlıqda hamı çətinlik çəkib".
...Gözəl bir ailədə doğulub boya-başa çatmışdı Zərifə xanım. Atası Azərbaycan səhiyyəsinin təşkilində böyük xidmətləri olmuş professor Əziz Əliyev bir müddət Azərbaycan Tibb İnstitutunun ilk rektorlarından biri olmuş, ömrünün sonunda uzun illər həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru vəzifəsini daşımışdı. Ə.Əliyevin həyat yoldaşı Leyli xanımın ailəsi İrəvanın ən əsilli-nəcabətli xanlarından birinin qızıdır.
Xeyirxahlıq, qayğıkeşlik, qarşılıqlı hörmət hökm sürən belə bir ailədə böyüməsi Zərifə xanımın bütün hərəkətlərində, mülayim baxışında, insanlara qayğılı münasibətində özünü büruzə verirdi. Xalqa xidmət, kasıba əl tutmaq, yıxılana arxa olmaq bu ailənin üzvləri üçün xüsusi bir xidmət sayılmırdı. Bu, daxili bir tələbat, həyat tərzi idi.
Ailə qurduqdan sonra da bu prinsiplərlə yaşayırdı. Tale elə gətirmişdi ki, bu həyat yolunda elə özü kimi fədakar, ömrünü xalqına həsr etmiş bir adamla rastlaşmışdı. Odur ki, həyatın ağır sınaqlarından büdrəmədən keçdiyi kimi, ən çətin imtahandan - şöhrət imtahanından da ləyaqətlə çıxmışdı. Özündən razılıq, xudbinlik ona da, övladlarına da tamam yad idi. Üzərində əməliyyat apardığı, gözlərinə işıq verdiyi xəstələr mehriban doktorlarının şəfalı əllərindən çox, onun məhəbbət dolu ürəyinə, qayğı dolu gözlərinə inanır, talelərini tərəddüdsüz ona həvalə edirdilər.
Zərifə xanım göz həkimliyini professor Umnisə Musabəyovanın təkidi ilə seçmişdi. "Dövlət imtahanı götürən komissiyanın tərkibində idi, - deyə Zərifə xanım mənə danışırdı. - Bilmirəm cavablarım xoşuna gəldi, yoxsa əvvəldən məni nəzərində tutmuşdu, göz həkimliyi üzrə ixtisaslaşmağımı təklif etdi. Mən də razı oldum".
...Acılı-şirinli illərdi o illər. Qazandığı hər müvəffəqiyyət, başqasına bəxş etdiyi səadət onun üçün tükənməz sevinc mənbəyinə çevrilirdi. Başqasının ağrısını, kədərini duymaq, bu ağrı ilə yaşamaq, onu öz ürəyindən keçirmək bacarığı xəstələrlə bu gənc həkim arasında görünməz bir əlaqə yaradır, müvəffəqiyyətini birə-beş artırırdı.
Bütün bu illərdə Zərifə Əliyeva yalnız praktiki müalicə həkimi olmaqla kifayətlənməyib. Öz üzərində işləyib, axtarışlar aparıb, oftalmologiya elminin inkişafında böyük xidmətlər göstərib.
Bütün bunlardan irəli və ən əsası isə iki övlad anası idi. Ailəsinə, uşaqlarına bütün qəlbi ilə bağlı olan mehriban, qayğıkeş bir ana. Analıq adını Zərifə xanım fəxri adların hamısından yüksək, şərəfli bilirdi. Elə ona görə də, hər yerdə başını uca edən, xalqına bağlı, ömür-gün yoldaşı Heydər Əliyevə layiq övladlar yetişdirmişdi.
Yeganə laboratoriyanın rəhbəri
70-ci illərin ortalarında professor Zərifə Əliyeva artıq Ümumittifaq miqyasında tanınmış bir mütəxəssis idi. O, enişli-yoxuşlu həyat yolunu şərəflə keçərək elmin yüksək zirvəsinə ucalmışdı. Lakin bununla da kifayətlənməmişdi. Arxayınlaşmaq onun xarakterinə yad idi.
Yeni axtarışların nəticəsi kimi 1977-ci ildə Bakı Məişət Kondisionerləri zavodunda Z.Əliyevanın başçılığı ilə xüsusi elmi laboratoriya yaradıldı.
Həmin laboratoriyanın işindən Zərifə xanım həvəslə danışırdı. Hiss olunurdu ki, böyük zəhmət sərf etdiyi bu laboratoriya onun iftixar yeridir. Mütləq oranı görməli olduğumu bildirdi. İki gündən sonra "4 nömrəli xəstəxana"nın qarşısında görüşüb Kondisionerlər zavoduna yola düşməyi qərara aldıq. Düz deyilən vaxtda görüşdük. Şəkilləri çəkəcək fotoqrafımız qabaqda - sürücünün yanında, bizsə arxa oturacaqda yan-yana əyləşdik. Bir-birimizdən hal-əhval tutduq...
Hər cür müasir avadanlığı olan səliqəli laboratoriyada bizi elmi işçilər Tahir Mirzəyev, Nazim Tağızadə qarşıladılar. Zərifə xanım onlarla söhbət edib bəzi tapşırıqlar verənə qədər kiçik elmi işçi Svetlana Talışskaya laboratoriyanın işi barədə mənə müəyyən məlumat verməyə çalışdı. Görmə orqanı üzvlərində nadir tədqiqatlar aparılan belə bir laboratoriya təkcə Azərbaycanda deyil, bütün İttifaqda yeganə idi. Laboratoriya əməkdaşları zavod işçilərinə müntəzəm olaraq tibbi yardım göstərirdilər. İl ərzində 1200 nəfər tibbi müayinədən keçirilirdi. Profilaktik tədbirlərdən, müalicədən başqa, burada xəstələrə laboratoriya şəraitində cərrahi yardım da göstərilirdi.
Üçüncü görüşümüz evlərində oldu. Ardımca redaksiyaya maşın göndərdi. Jurnal üçün seçdiyimiz şəkillərə baxmaq istəyirdi. Təkidimə baxmayaraq, jurnalın üz qabığında şəklini verməyimizə qəti etiraz etdi. İçəridə dərc etmək istədiyimiz şəkillərdən də bir neçəsini kənara qoydu. Mənim pərt olduğumu görüb yumşaq tərzdə "Siz mənim sözümə baxın, belə yaxşıdır" - dedi.
Şəxsi söhbətlərimizdən iki epizod yaxşı yadımda qalıb. Zərifə xanım danışırdı ki, atası Əziz Əliyev Heydər Əliyevlə elə ilk görüşündən, ilk söhbətindən bu gəncin fitri istedadını, iti zəkası və dəmir məntiqini hiss edib qiymətləndirmişdi. "Bu oğlan əsl qızıl külçəsidir - demişdi. - Onun çox parlaq gələcəyi var". Zaman böyük həyat təcrübəsinə, dərin biliyə malik olan professor Əziz Əliyevin necə haqlı olduğunu sübuta yetirdi... Bundan başqa, Zərifə xanım cavanlıqda Heydər Əliyevin İçərişəhərdə yaşadığını, çətin və zəhmət dolu bir həyat sürdüyünü də danışmışdı...
O, yaddaşlarda yaşayır
Zərifə Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş yazım "Azərbaycan qadını" jurnalında dərc olundu. Jurnal satışa çıxandan sonra Zərifə xanım zəng edib təşəkkürünü bildirdi. Yazını bəyəndiyini dedi. Doğrusu, mən özüm bir müəllif kimi məqalədən elə də razı qalmamışdım. Dəftərçəmdəki maraqlı faktlara, ünsiyyətimizdəki səmimiliyə, mehribanlığa rəğmən yazım mənə xeyli quru, rəsmi gəlirdi. Üç görüşdə tanıdığım mehriban, müsahibinə qarşı açıq, isti, xoş münasibətli qadın əvəzinə yazımdan xeyli soyuq, ciddi bir alim obrazı boylanırdı. Ancaq nə etmək olardı? Həddən artıq təvazökar olan Zərifə xanım hər addımını, hər sözünü təkcə öz yüksək ləyaqəti ilə deyil, həm də həyat yoldaşının tutduğu ali mövqe ilə ölçüb-biçirdi. Buna görə də çox faktları çözələməyə, həyatının onu oxucuya tanıda biləcək önəmli anlarına toxunmağa icazə vermirdi...
Zərifə xanımla bir daha görüşmədik. Təbii ki, hamı kimi mən də onun taleyindəki sonrakı dəyişikliklərdən xəbərdar idim. Moskvada yaşadığını, sonra ağır xəstə olduğunu eşitmişdim. Ölüm xəbəri respublikada çoxlarını ürəkdən kədərləndirdi. "Sənsiz"in sədaları altında dəfn edilən bu qadını çoxları yalnız Heydər Əliyevin sevimli, etibarlı, ləyaqətli həyat yoldaşı kimi tanıyırdı. Mənim üçün isə dünyadan, həmçinin, gözəl, mülayim təbiətli bir insan, rastlaşdığı, təmasda olduğu hər kəsin qəlbində işıqlı iz buraxmış sadə bir qadın köçürdü...
...Tale hərənin alnına bir ömür payı yazır. Akademik Zərifə Əliyevanın da alnına qısa bir ömür payı yazılmışdı. Ancaq, hamımızın müvəqqəti olduğumuz bu həyatda bir qədər çox, bir qədər az yaşamağın elə böyük fərqi yoxdur. Təki yaşadığın bu illər mənalı olsun. Yaddaşlara hopsun. Səndən sonra gələnlər sənin bu dünyada yaşadığına bir dəlil-sübut tapsınlar. Əməllərinin izini, nəticəsini görsünlər. Onda sən ölümündən sonra da yaşayacaq, xatırlanacaqsan. Akademik Zərifə Əliyeva kimi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!