Con höcətləşmişdi, inadından dönə bilmirdi. Vanya ilə hər axşam, hər istirahət günü domino döşəyirdi. Hər dəfə də oyun başlayanda qələbəyə ümid bəsləyirdi, fəqət ümidi hələ ki, boşa çıxırdı.
O, bu binaya köçəndə elə ilk tanış olduğu adam da Vanya olmuşdu. Ona "Tramvay Vanya" da deyirdilər, bəlkə bu, tramvay parkında texnik işlədiyindən idi. Conu öz mənzilinə dəvət etməkdə Vanya qonşuları qabaqlamışdı. Sonrasa Vanya dəvətsiz-filansız Conun kirayələdiyi üçotaqlı mənzilə qonaq gəlmişdi. Daha dəqiq, dominonu da, iri, köhnə mühasib şotkasını da qoltuğuna vurub təzə qonşusugilə təşrif gətirmişdi. Yarımlitrlik araq şüşəsini boşaltdıqdan sonra həmin gün vaxtı "öldürmək" üçün ilk dəfə domino oynamışdılar. Elə o vaxtdan etibarən ara-sıra oyun təkrarlanmışdı. Əzəl başdan pula oynayırdılar. Pula oynasalar belə, oyun həvəssiz gedirdi. Vanyanın sevdiyi bu domino oyunu Conu heç vəchlə həvəsləndirmirdi.
Conun gülərüz, incəbel və sinəsi yarıaçıq arvadı arada bir onların çaylarını, qəhvələrini təzələyirdi. Vanya barmaqlarının ucu boyu düzüb ovcunun içi ilə sıxdığı domino daşlarını nəzərdən keçirə-keçirə çay gətirən ev sahibəsinin üzünə gülümsünür, yeni bir "xod" edirdi.
Gənc qadın Vanyanın xoşuna gəlsə də, ilıq münasibətinin başlıca səbəbi daha dərində idi: onun marağını qıcıqlandıran və bu xanımın daimi təbəssümünü təbəssümlə qarşılamağa təkanlayan qadının əcnəbi olması idi.
Vanya bu qadına oxşar xanımları xarici filmlərdə çox görmüşdü. Onları bir qayda olaraq, o, gah çarpayıda, gah da divan üstündə filmin dəliqanlı baş qəhrəmanlarının ağırlığı altında inildəyən xatırlayırdı. Buna görə də domino oynaya-oynaya Conun xanımına baxdıqca onurğa iliyini çalxalayan xoş bir hiss keçirirdi.
Con ilk dəfə Vanyagildə olanda Vanyanın sarışın, mavigöz arvadını görən kimi gözaltılamışdı. Həm də onun təsəvvüründə Sovet ölkəsindən miras qalan bu yoxsul adamlarda namus-qeyrət, ailə sədaqəti deyilən şey nə gəzirdi. Onun fikrincə keçmiş "kolxozçular məmləkəti"ndə hər şey, hətta adamların şüuru da kollektivləşmiş, kütləviləşmişdi. Sahibkarlığın əleyhinə olan bu dövlətdə səninki, mənimki deyilən şey yox idi. Con, ömür-gün yoldaşı ilə birlikdə sərhədi bu yana keçən kimi gözünə sataşan qadınların hamısına belə baxmışdı.
Buna görə də rus dilində az-maz bildiyini kəkələyib Vanyaya anladırdı ki, sabah sizdə oynayaq.
Vanya hər dəfə razılaşırdı, vədləşirdilər ki, sabah axşam saat 6-da Con Vanyagilə gələcək. Amma hər dəfə də 6-ya beş-on dəqiqə qalmış Vanya Conun kirayələdiyi mənzilin qapısını döyür, domino-şotka qoltuğunda irişə-irişə qapıdan içəri keçirdi.
Con da boğulub qalırdı, amma ümidini üzmürdü, inanırdı ki, gələn dəfə Vanyagildə oynayacaqlar, o da Vanyanın mavigöz xanımına göz-qaş eləyib, him-cimlə onu bəyəndiyini, şəhərin bir xəlvət yerində şam yeməyinə dəvət etmək istəyində bulunduğunu bildirəcəkdir. Olsun ki, heç him-cim də lazım gəlməsin. Kollektiv ruhunda böyüyən bu adamlar, bəlkə də belə şeyə heç pis baxmayacaqlar. Bəlkə də buna Vanyanın özü də heç nə deməz, arvadını bir gecəliyinə domino yoldaşına güzəştə gedəcəkdir.
Con bu cür ümidlərlə yaşayırdı, amma Vanyagilə gedib çıxa bilmirdi.
Bir gün Conun ağlına qəribə fikir gəldi. Həmin gecəni yatmadı, səhərə qədər domino daşları ilə məşğul oldu, gah elə düzdü, gah belə düzdü, bu oyunun müəyyən sirlərinə bələd oldu. Özünü, böyük bir yarış qabağı olduğu kimi hazırladı və Vanya gəlib dominonu stolun üstünə qoyub beş-üç qəpik udmaq ümidi ilə oturanda, Con onun gözünün içinə zillənərək bic-bic gülümsünüb:
- Pulum yoxdu, - dedi.
Vanya əlini yelləyib ona cavabında:
- Eybi yoxdur, elə-belə oynayaq, gələn dəfə pulun olar, pula oynayarıq, götür daşları, - deyə, səmimiyyətlə dilləndi.
- Yox, elə-belə yox! - Con kəkələdi.
- Bəs nə edək, pulun yoxdur axı!
- Pula yox! - Con yenə kəkələdi.
- Bəs nəyə? - Vanya bunu soruşan zaman nəzərləri Conun barmağındakı üzüyə sarı qaçdı.
Con bir daha onun üzünə bic-bic gülümsünüb:
- Bu dəfə arvadlarımıza oynayaq... - dedi.
Vanya əvvəlcə qulaqlarına inanmadı, fikirləşdi, görünür, dili yaxşı bilmədiyindən, fikrini düzgün ifadə edə bilmədi. Odur ki, soruşdu:
- Nəə?..
- Pulun əvəzinə arvadları qoyaq. Kim udsa, onunkudur... - Con bunu deyib yenə bic-bic gülümsündü - Razısan?
Vanyanın dizləri əsdi, boğazı qurudu. Bir istədi durub bu oğraş əcnəbini bərk əzişdirsin, lakin fikrindən daşındı. Əli əsə- əsə domino daşlarını qutuya yığdı, sonra gözü şotkaya sarı qaçdı, onu, üzünə bic-bic gülümsəyən Conun başına geyindirmək istədi, geyindirmədi, polisdən qorxdu, özünü ələ aldı, bədəni əsə-əsə ayağa durdu. Con sırtıqcasına onun üzünə irişə-irişə çiyinlərindən basdı:
- Kollektiv... Mən uduzsam, sən... Sən uduzsan, mən... - deyə barmağını əvvəlcə onun, sonra özünün sinəsinə dirədi.
Bu dəmdə yan otaqdan ipək yay donunda çıxan və yarıaçıq sinəsindən ağ döşlərinin üst hissəsi görünən Conun xanımı həmişəki təbəssümlə onlara qəhvə gətirdi.
Gənc qadını görən kimi Vanya yenə xarici filmləri və tanış iniltiləri xatırladı, əsəbləri bir göz qırpımında qəribə hərarətlə əvəz olundu, bədənində xoşhallandırıcı ilıqlıq hiss etdi.
Vanyanın arvada iştaha ilə baxdığını Con da duydu, amma bu dəfə oyunu özü udacağına əmin idi.
Vanya domino qutusunu və şotkanı stolun üstünə qoyub, gözünü qadının yarıaçıq sinəsindən çəkmədən dilləndi:
- Oynayaq!..
Qadın nəyin baş verdiyini anlasa da, anlamasa da, üzündə xoş təbəssüm qayıdıb getdi. Vanya gözləri ilə onu müşayiət edəndə gördü ki, nazik donun altında köynək yoxdur. Qadının döşlüyünün bağı ilə yay, üçbucaq tumanının zərif cizgiləri sezilirdi.
Con qəhvə fincanını yana itələyib daşın birini şaqqıltı ilə stola vurdu. Sanki bu şaqqıltı dəhşətli bir hadisənin başlanğıcından xəbər verirdi.
Oyun başlandı.
Əvvəlcə oyun elə getdi ki, Con, vaxtı itirməmək üçün Vanyaya - təslim ol - demək istədi. Amma sonra Vanyanın əli gətirdi və get-gedə vəziyyət kökündən dəyişdi.
Con uduzdu. Rəngi qaçdı. Bir müddət dinib-danışmadı, eləcə də yerində qaldı. Vanya də heç nə demir, ara-sıra fincanda soyumuş qəhvədən hortdadırdı. O, bir istədi qalxıb getsin. Lakin sonra hansısa bir qüvvə dartıb onu saxladı. Fikirləşdi, birdən mən uduzsaydım, axı, bu əclaf bağışlamazdı. Beləcə, bu tərəddüd içində qəhvəni dibinə qədər içdi.
Onun fincanını boşaltmağını gözləyirmiş kimi, Con yerindən durdu, halı pərişan gedib yan otağa keçdi, bir müddət əcnəbi dildə arvadla nəsə pıçıldaşdı, xısınlaşdı. Görünür, xanımı bu şərtlə razılaşmırdı, sonra Con səsini ucaltdı, öz-özünə deyindi və nəhayət otağın qapısını arxasınca çırparaq çıxdı. Vanyanın üzünə baxmadan dəhlizə keçib mənzilin qapısını da arxasınca örtdü.
Vanya ağır-ağır qalxıb qadın olan otağa keçdi. Qadın qətiyyən dinib-danışmadan "Tramvay Vanya"ya tabe oldu, çünki o əmin idi ki, kişi bunu doğrudan da qazanıb. Vanya çalışdı ki, hər şey xarici filmlərdəki kimi olsun, çalışdığına görə də hər şey təxminən onun istədiyi kimi baş verdi. Vanya həmin dəqiqələrdə özünü o filmlərin baş qəhrəmanı kimi hiss etdi.
Bundan sonra Vanya daha tez-tez Conun qonağı oldu, Con da gecə məşqlərini artırdı. Hər dəfə Con əmin idi ki, qələbə onunku olacaqdır, amma hər dəfə oyun eyni cür nəticələnirdi.
Conun arvadı get-gedə domino oyunu ilə daha çox maraqlanmağa başladı. Onlar stol arxasında oturub gərgin mübarizəyə başlayan kimi qadın nazik yay donunda üzündə xoş təbəssüm yan otaqdan çıxıb sallana-sallana vannaya keçir, isti suyu buraxıb duş qəbul edirdi.
Suyun şırıltısını domino oynayanlar da eşidirdilər. Sanki bu şırıltı Vanyanı ruhlandırır, rəqibinə qarşı daha əzmlə mübarizə aparmağa, yeni-yeni qələbələrə çağırırdı. Vanya da öz növbəsində suyun şırıltısına domino daşlarının taqqıltısıyla cavab verir, daşları ləpirlər kimi ardıcıllıqla düzür, suyun altında xumarlanan lüt xanıma domino addımlarıyla yaxınlaşırdı. Oyun gərginləşib uzun çəkəndə, qadın vannadan çıxır, üst-başından gül ətri gələ-gələ, ehtirasla gülə-gülə gəlib domino oynayanların başlarının üstünü kəsdirir, oyunun gedişini izləyir, ən başlıcası isə nəticəni böyük maraqla gözləyirdi. Artıq dominonun qaydalarından da başı çıxırdı. Bu da ondan bəlli olurdu ki, Vanyanın qələbəsi yaxınlaşanda, oyunun sonunu gözləmədən gülümsünərək qayıdıb sallana-sallana yataq otağına keçirdi.
Bir azdan oyunu uduzan Con da adəti üzrə ağır-ağır ayağa qalxıb, dinib-danışmadan mənzili tərk edirdi. Hər dəfə də evi tərk edəndə inadcasına inanırdı ki, gələn dəfə qələbə mütləq onunku olacaqdır.
Amma nə qədər qəribə olsa da, məhəllədə hamı Conun Vanyanın arvadı ilə gəzdiyindən, axşamçağı kirayələdiyi mənzildən çıxıb, xalqın gözü qabağında Vanyanın mənzilinə saflandığından danışırdı.
Bu söz-söhbət dəfələrlə Vanyanın qulağına da çatmışdı, amma inanmırdı, əmin idi ki, əsl qalibin kim olduğunu heç kəs bilmir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!