Kimi bilər, kimi bilməz
Bu dünya sevgi üstədi,
Kimi bilər, kimi bilməz.
Allah da bilən istədi,
Kimi bilər, kimi bilməz.
Desinlər xoş qılığından,
Qalmaz ol yaxşılığından,
Ummaz ol qarşılığından,
Kimi bilər, kimi bilməz.
Yalın əynin geyindirmək,
Bir xoş dil ilə dindirmək,
Olar yetim sevindirmək,
Kimi bilər, kimi bilməz.
Quşu cələdə görsən aç,
Qurdu tələdə görsən aç,
Qarnın doyur görəndə ac,
Kimi bilər, kimi bilməz.
Bu küçədi, bu da divar,
İlham dolanıb o ki var,
Yaxşı işdə gül ətri var,
Kimi bilər, kimi bilməz.
Xoylu körpəyə
Siz tərəfə baxmaz oldu,
Kor olsun gözü dünyanın!
Ədalət deyilən yerdə
Qalmayıb üzü dünyanın.
Axşamları oynayardın
Yorğan-döşəyin üstündə,
Anan təzə yer açacaq
Qardan döşəyin üstündə.
Evlər dağılıb tanınmır,
Uşaqlar məhlə axtarır.
Ac qarnına anan qurban,
Gözlərin təhnə axtarır.
Bəxtinə şairlik düşən
Belə şeir yazmaz, balam,
Üşüyən körpə əllərin
Hoxurarsan qızmaz, balam.
Sizin də dövlətiniz var,
Qayğı, keşiyiniz hanı?!
Bu sual yıxar dünyanı:
- Ana, pişiyimiz hanı?!
Bir gələn yoxdu, qapının
Zəngini yenə gəzirsən.
Öləndən kürrüy edirsən,
Hələ də nənə gəzirsən.
Atana de pəncərəni
Çıxartsın uçqunun altdan,
Bir gün görərsən doğmalar
Gəldilər düşdülər atdan!
Etdim
Sədi üçün
Vəhy salamını çox aldım,
Şeir yazdım, əleyk etdim,
İçimdə qəmin eşqi var,
Bütün eşqləri tərk etdim.
Sözlə dünyanı unutdum,
Həmi mutlu, həmi qutdum,
Haqq qapısına üz tutdum,
Bircə Allaha ərk etdim.
İlham bir dərd ötürmədi,
Bağları bar gətirmədi,
On qoydum, bir götürmədim,
Aləmə bunu görk etdim.
Ocaq kimi
Mən də ömrümü xərclədim
Yanıb sönən ocaq kimi.
Gün görmədim bu sarayda
Bir künc kimi, bucaq kimi.
Bəxdən görəcək adamam,
Unudulmuş qara damam,
Tərin içindəyəm tamam,
Nehrədən çıxmış yağ kimi.
İlham, bir bazara düşdüm,
Çox dərdə, azara düşdüm,
Nə öldüm məzara düşdüm,
Nə də diriyəm sağ kimi.
Adım
Sən yazanda xoşum gəlir,
Adımı bir kağıza yaz,
göndər mənə...
Deyim agah ol qəsdimdən, -
Balacalığımda nənəm
köynəyimdən asdığı dua kimi
sancaqlayıb asacam üstümdən.
Dərziyə xitab
Ey dərzi, mənim oxşarımdı
əlindəki iynə, bəlkə də əkiztayı...
Mən də o iynə kimi
naxış işlədim, köhnə yamadım,
it-batları gün işığına çıxartdım,
Nələr yazdım, yaratdım.
O iynə gəlin bəzəyi vurdu,
mən el bəzəyi.
İndi o iynəyə də bax, mənə də.
Aqibətdə fərqimiz yoxdu məncə...
Ey dərzi, iş bununla bitmir,
bunu düşünmək də bir işgəncə.
Qara mağara
Təcnis
Qoşulub qaçana çöl evi olub,
Sevənlər gizlədib qara mağara.
Mən ki bura qədər bir gün görmədim,
Çətin indən belə qaram ağara.
Reyhandı, nanədi göyün arası,
Tutmaz səxalıyla göyün arası,
Görünmür Yer ilə Göyün arası,
Tamam üstü-başı qaram, a Qara.
Sarının butası Yaxşı deyənlər,
Haqqın buyruğuna "Yaxşı!" deyənlər,
Gələndə üz-üzə yaxşı deyənlər,
İlham, söylədilər qarama qara.
Çəkə başını
Təcnis
Könül istəyir ki, bir rəssam ola,
Eləcə dağların çəkə başını.
Əhdim var bir usta yar gələnətən,
Gələ bu divarın çəkə başını.
Məclis tutmayanda heç baş açmadım,
Qışı soyuq keçdi, heç baş açmadım,
Bir işə mat qaldım, heç baş açmadım,
Kimsə də demədi: - Çək, ə, başını!
Nə bağa dolmusuz, "mollaharaydı?"
İlham, biz tərəfdə molla hər aydı,
Getdiyin evi de, molla, haraydı?
Yedəkçi atının çəkə başını.
Çox alacaqlar
Təcnis
Əsgər, hesaba bax, qisas adına -
Düşməndə qalıbdı çox alacaqlar.
Qara günümüzə marığa yatan
Payını çox alıb, çox alacaqlar.
Atlanan atından düşüncə, baba!
Adamda gərəkdi düşüncə, baba,
Bu yurd qaydasına düşüncə, baba,
Başımız çəkibdi çox olacaqlar.
Ay İlham, o gələn ağırayaqdı,
Yüngüldən götürüb ağıra yaxdı,
Tükəzban yenə də ağırayaqdı,
Nə gözəl! Tirəmiz çoxalacaqlar.
Can avardılar
Təcnis
Türk ilə qol-qola halay vurubdu -
Can ləzgi, can talış, can avardılar,
Yağı dinc durmasa, cınqırı çıxsa,
Hər biri şirdilər, canavardılar.
Könül bu sözünü türkə car elər -
Türkün əlindədi türkə çarələr,
Bizə soyuq dəysə, türkəçarələr
Keçinin piyiylə can ovardılar.
Bir yiyə tapmışam - nə yiyəsidi?!
Təknə boş - on ağız nə yeyəsidi?!
İlham baş sındırır nə yiyəsidi,
Qəmlər ariz olub cana vardılar.
Yapış açana
Təcnis
Gülə gül dərəndə mərhəmət eylə,
Qönçəni bağışla, yapış açana.
Canın qədrini bil - seçim anında
Kim sənə can desə, yapış o cana.
Ov anı səssiz ol - ov sənə gəlməz,
Göl dolu ördək, qaz - ov sana gəlməz,
Harın yediyindən ovsana gəlməz,
Ehsan süfrəsində yapış acana.
Plovda bir qazmaq, bir də istə dad,
Çox umsunma, İlham, bir qab istə, dad.
Bir az vergi ola, bir az istedad,
Yazanda sözlərin yapışa cana.
Ya daya qola
Təcnis
Hazır süfrə üstə çıxanda, çoban,
Çomağı yerə qoy, ya daya qola.
Davada qorxaq dost ağlın kəsməsin
Ya irəli dura, ya dayaq ola.
Oynayıb hamını a yordunuz a,
Uşaq lopux vursun ay ordunuza,
Canımız qurbandı ay ordunuza,
Qoymaz bu torpaqda yad ayaq ola.
Gəl, yalan söyləmə, iştə halısan,
Haldan hala düşür - iştə halı san,
Bu səhər, ay İlham, iştahalısan,
Bal üstə ya qaymaq, ya da yağ ola.
Qulağa, yata
Təcnis
Durub ağlayanda çağa yuxudan
Məlhəmi qoyasan qulağa, yata.
Yoxsa çığıracaq səhərə kimi
Dəng olar baş-beyin, qulaq, ay ata.
Adına deyilə qələm adamı,
Nə günə qoyurmuş qələm adamı?!
Qəlbinə damanlar qələmə damı
Söz də şirin ola, qulağa yata.
Sevgisiz ürəkdə bayquş gecələr,
İlhama xoş günü Fələk gec elər,
Yarın vədə verə bağa gecələr,
Sən bağa girəndə qul, ağa yata.
Bu şəhərdən çıxıb getsəm
Bu şəhərdən çıxıb getsəm,
Görən heç darıxarsanmı?!
Dolanıb küçəbəküçə
Adımı çağırarsanmı?!
Girinc qoyacaq bir sual -
Adam hara getmiş ola?!
Səni peşman görən deyə:
- Gəmiləri batmış olar!
Ha baxasan şəhər boşdu,
Gözə dəymir inni-cinni.
Yadına düşə o günlər
Şəhər vardı sənni-mənni.
Yatıb vayğada görəsən
Çayda bir adam axırdı.
Səhər duranda görəsən
Yastıq sal kimi ağırdı.
Məəttəl qalasan, - fələk,
Yastığı kim suya çəkib?!
Bax qızarmış gözünə de,
- Yəqin şeytan boya çəkib.
Söz
Dülgər taxta yonur, mən söz yonuram,
Misranı göz qıyıb milləyirəm də.
Çörək bişirənlər sac külləyəntək
İlhamdan qələmi külləyirəm də.
“Şair kimdir” deyən yanıma gəlsin,
Söz necə qayıdır mənzilə görsün.
Arını çiçəklə görən gözünüz
Eynilə şairi söz ilə görsün.
Sözlər qat-qat olur - bəzisi ruhdan,
Bəzisi ağıla bilikdən gəlir.
İliyə işləyən sözlər ki var ha,
Yol alır şeirə ilikdən gəlir.
Sözünkü odur ki, qanad verəsən,
Sonra da durnatək səfə salasan.
İlahi lütfüdür bir şair kimi
Şeir havasında nəfəs alasan.
Elə bil bu canım söz bulağıdı,
Canımda ilhamın durur yuvası,
Yaxşı söz şairi göyə ucaldar,
Yaxşı söz şairin qürur yuvası.
O gün kitabımı oxuyan biri
Necə dolanırsan? - məndən soruşdu...
Nə bilsin şeirlər qanım bahası,
Alıcı yanında qəpik-quruşdu.
Qələm miyanadı, qələm dartınır,
İstəyir arada söz sözdən düşə.
O uca cəlalın xətrinə, Allah,
Qoyma bu ölkədə söz gözdən düşə!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!