Neft və milyonlar səltənətinin faytonçusu - Hekayə. Həmid Piriyev

 

 

Hələ günorta olmamışdı. Faytonu Persidski küçəsinin[1] tinində, Nevski kilsəsinin[2]  yanında saxlamışdım. Arpa kisələrini atların başına salıb qozlada oturmuşdum. Atlar arpadan yeyə-yeyə fınxırır, arada quyruqlarını, qulaqlarını oynadırdılar. Noyabr ayıydı, amma hava çox soyuq deyildi.

Mən həmişə şəhərin bu tərəflərində dayanıram. Faytonum yaraşıqlıdı deyə ağalar, xozeyinlər çox minir. Çarxlara da rezin saldırmışam, gedəndə çox səs-küy salmır. Atlarım da ki, cins atlardı. Yaraşıqlarına baxdıqca baxmaq istəyirsən. Ağaların xoşu gəlir belə faytonlardan. Qabaq, köhnə faytonumun vaxtında vağzal tərəfdə dayanırdım. Sonra bu faytonu aldım, yerimi də dəyişdirdim. Şəhərdə konka da var, tək-tük avtolar da. Amma fayton bir nömrədi.

Bir azdan Murtuza ağanın prikazçiki evdən çıxıb əliylə məni çağırdı[3]. Arpa kisələrini atların başından çıxartıb faytonun sandığına qoydum, atları fitləyib evin qabağına sürdüm. Prikazçik oturub dedi:

- Sür Birjavoy küçəsinə[4].

Yola düşdük. Prikazçik əlindəki kağız-kuğuza baxırdı. Birjavoyda yaraşıqlı binalardan birinin qabağında saxlatdırıb düşdü.

- Gözlə, gəlirəm bir azdan.

On-on beş dəqiqədən sonra gələndə yanında iki rus da vardı.

- Sür qəstinə.

Yolda rusca nəsə danışırdılar. Onları başa düşmürdüm, amma söhbətləri mehriban gedirdi. Qəstinə çatanda üçü də faytondan düşdü. Prikazçik onları içəri yola salıb yenə faytona mindi.

- Apar məni kantora.

Murtuza ağanın kantoruna sürdüm. Prikazçik düşüb mənimlə haqq-hesabı üzdü. Sonra dedi:

- O ruslar yadında qaldı?

- Hə, ağa, - dedim.

- Ay sağ ol. Sabah səhər ertədən gedərsən qəstinə, onları götürərsən, hara desələr apararsan. Sabahdan sən olursan onların faytonçusu. Hər gün səhərdən-axşamacan onları gəzdirəcəksən. Başa düşdün? Haqq-hesabını mən verəcəyəm, narahat olma.

- Baş üstə, ağa.

- İndi get evə, özün də dincəl, atlar da dincəlsin. Bax a, sabah atlar yorğun olmasın. Çox gəzəcəksiniz yəqin.

- Yaxşı, ağa, nigaran qalma.

Faytonu tərpədib birbaş evə getdim. Yolda bir-iki nəfər saxlatmaq istədi, amma qışqırdım ki, iş dalınca gedirəm. Əslində, axşama hələ çox vardı, işləyə bilərdim. Atlar da gecə dincəlib səhərə gümrah olardı. Amma qorxdum yolda prikazçik görər, ya da Murtuza ağanın adamlarından hansısa görüb prikazçikə xəbər verər, iş əlimdən çıxar. Hazır çörəkdi də.

Səhər prikazçik deyən kimi qəstinə gəldim. Rusları götürüb əvvəlcə Birjavoya apardım, dünən prikazçiki apardığım idarəyə. Sonra çıxanda yanlarında başqa adam da vardı. O da əcnəbiydi, amma rus deyildi, nəsə qeyri millətdəndi. Mən rusca bilmirdim, amma bəxtimdən şəhəri yaxşı tanıyırdım, bütün küçələrin adını bilirdim. Oturan kimi hansı küçəyə getmək lazım olduğunu deyirdilər, mən də rusca bildiyim iki-üç sözdən birini - "xaraşo" deyib atları fitləyirdim.

Üç-dörd gündən sonra bizə bir müsəlman uşağı da qoşuldu. Adı Məmməd[5] idi, hardasa on beş-on altı yaşı olardı. İndi işim lap rahatlaşmışdı. Məmməd rusca bilirdi, ruslar nə dedi mənimçün tərcümə eləyirdi.

Bir dəfə Məmmədi Birjavoydakı idarəyə aparanda soruşdum:

- Ay Məmməd, bu nə idarədi belə?

- Kinoçəkənlərin idarəsidi - "Filma" cəmiyyəti.

- Tağıyevin pasajında göstərirlər e, gəzən şəkillər, ondan?

- Hə. Onun adı kinodu.

- Bəs bu ruslar kimdi?

- Biri rejissordu, biri də operator[6]. Kino çəkməyə gəliblər Ursiyetdən.

Rusların kino çəkmək üçün durub Bakıya gəlməkləri məni çaşdırdı.

- Ursiyetdə çəkə bilmirlər? - soruşdum.

- Bizdən çəkəcəklər, - Məmməd dedi, - neftxudalardan.

- Murtuza ağa kimi neftxudadan?

- Yox. Bizdə bir müəllim var, İbrahimbəy Musabəyov. O, bir dənə kitab yazıb. Adı "Neft və milyonlar səltənətində"di.

- Səltənət arvad adı deyil?

- Hə, arvadlara da qoyurlar. Amma mənası "diyar" deməkdi. Yəni neft və milyonlar diyarında. İstəyirsən danışım səninçün kitabı.

- Danış.

- Deməli, Cəlil adında kasıb uşaq olur. Atası ölür, anası bunu tək böyüdür. Sonra bunun həyətindən nöyüt çıxır, Cəlil varlanır, olur Cəlil ağa. Dostu Lütfəli bəyin bunun arvadına gözü düşür...

- Lütfəli lap oğraş imiş ki...

- Hə... Nəsə, Lütfəli Cəlili öyrədir qumara, içkiyə. Cəlilin hər şeyi əlindən çıxır. Axırda da ölür.

- İndi ruslar bunu çəkəcək?

- Həri. Hələlik artistləri seçirlər, bir də yer axtarırlar.

Hardasa ay yarım onları gəzdirdim. Şəhərdə getmədikləri yer qalmadı, Binəqədiyə, Balaxanaya, Zığa da apardım onları. Sonra çəkməyə başladılar. Operatorun iri qutusu var idi. Hara çatdı quraşdırırdı, qutunun dəstəyini fırlatmağa başlayırdı. Məmməd demişdi ki, bu qutu kinoçəkən aparatdı. Nəsə ağlıma batmırdı bu qutuya necə kino çəkmək olar, amma işləyirdilər. Hər gün çəkiliş gedirdi. Artistləri ruslardan seçmişdilər. Bizimkilər az idi. Lütfəlini Ərəblinski oynayırdı. Murtuza ağanın mülklərindən biri guya Cəlil ağanın eviydi. O evdə çəkdilər, Bayıl tərəfdə xalça-palaz yuyan arvad-uşağı çəkdilər, qala divarlarının yanında, Qubernator bağında[7] çəkdilər. Hardasa bir on gün də Balaxanada qaldıq. Orda mollaxananı çəkdilər. Məmməd də mollaxana uşaqlarından birini oynadı. Bir gün Balaxanada olanda uzaqdan tüstü çıxmağa başladı. Kinoçəkənlər qutunu da götürüb hövlnak faytona mindilər, dedilər sür tüstü gələn yerə. Demə Binəqədidə nöyüt mədəni yanırmış. Mədəndə bir qarğaşa vardı ki, Allah göstərməsin. Alov göyə dirənmişdi. Fəhlələr qum kisələrini çiyinlərində daşıyıb alovun üstünə atırdılar. Mədənin yiyəsi Səlimov da ordaydı. Səlimov ağanı tanıyırdım, şəhərdə bir-iki dəfə faytonuma minmişdi. Ruslar mədən yanğınını da çəkdilər.

Bakıda işləri qurtarandan sonra Tiflisə getdilər. Artistlərdən əlavə Qaryağdıoğlunu, mizrabzən Qurbanı, bir də kamançaçı Məşədi Qulunu da özləriylə apardılar[8]. Məmməd dedi ki, çalıb-oxumaqlarını kinoya çəkəcəklər.

Bir-iki aydan sonra şəhərdə Məmmədi gördüm. Dedi ki, kino hazırdı, mayın 14-ü göstərəcəklər.

- Axşamüstü gələrsən Parapetə[9], - dedi.

Ayın 14-ü günorta evə getdim. Atları açıb tövləyə bağladım. Bayırlıq pal-paltarlarımı geyindim, çəkmələrimi yağlayıb parıldatdım. Gəzə-gəzə getdim Parapetə. Məmməd bir neçə həmtayıyla bağda idi. Uzaqdan məni görüb yaxınlaşdı.

- Kinonu Azadovla İsgəndərovun evinin birinci mərtəbəsində göstərəcəklər[10]. Gedək səninçün bilet alım.

Kassadan bilet alıb mənə verdi.

- Gir otur içəridə, yerini sənə göstərəcəklər.

- Bəs sən gəlmirsən? - soruşdum.

- Kinoya ancaq böyükləri buraxırlar, bizim yaşımız çatmır, - dedi.

Qapıdakı kişi biletimi alıb cırdı. Yerimi göstərdi, keçib oturdum. Camaat yavaş-yavaş yığışırdı. Saat 6 tamamda Keçəçi Ələsgərlə mizrabzən Bala çalıb-oxumağa başladılar. Muğamla təsnifdən sonra zalın işığını söndürdülər. Divardakı ağ yerə işıq düşdü. Əvvəlcə yazılar görsəndi, savadsız olduğum üçün yazıları qanmadım. Sonra kino başladı. Aylarla faytonumda daşıdığım adamları indi divarda görürdüm. Cəlil əvvəlcə uşaq idi. Atası öldü, anası onu oxutdurdu. Cəlil mollaxanaya getdi. Sonra Cəlil böyüdü, həyətindən neft fontan vurdu. Cəlil ağa şəhərə köçdü. Yaraşıqlı mülkdə yaşamağa başladı. Şəfiqəylə evləndi. Lütfəli bəylə dostluq etməyə başladı. Faytonum Cəlil ağanın mülkünün qabağında dayanmışdı. Cəlil ağa evdən çıxıb faytonuma oturdu.

Mən camaatın arasında oturub divarda özümə, faytonu yerindən tərpədib yola düşməyimizə baxırdım.

Bu, möcüzə idi...

 

26 mart 2023

 

 

 

 


[1]  Persidski küçəsi - indiki Murtuza Muxtarov küçəsi

[2] Aleksandr Nevski kafedralı - 1936-cı ildə bolşeviklər tərəfindən sökülüb, yerində məktəb tikilib

[3] Murtuza Muxtarovun evi - indiki Səadət sarayı

[4] Birja küçəsi - indiki Üzeyir Hacıbəyli küçəsi

[5] Gələcəyin aktyoru və rejissoru Məmməd Əlili

[6] "Neft və milyonlar səltənətində" filminin rejissoru Boris Svetlov, operatoru isə Qriqori Lemberq idi

[7] Qubernator bağı - indiki Filarmoniya bağı

[8] Cabbar Qaryağdıoğlu, Qurban Primov və Məşədi Qulu filmin "Toy" və "Kazino" bölümlərində çəkilib

[9] Parapet - indiki Fəvvarələr meydanı

[10] Azadov və İsgəndərovun evi sonralar "Araz" kinoteatrı oldu

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!