Hələ ki yoldadı ömür karvanım, Çox şükür, builki qışı da gördük... - Rafiq Yusifoğlunun şeirləri

 

Rafiq Yusifoğlu

 

 

 

Çox şükür,

builki qışı da gördük...

 

Çırpıb qanadını qara buludlar,

Səpdi başımıza ağ lələkləri...

Gördü qəlbim əsir zirvədən ötrü,

Mənə qonaq gəldi dağ küləkləri.

 

Kəpənək qanadlı qarın altında

Könlümdən keçdi ki, bir az tək qalım.

Həsrət sazağında titrədi qəlbim,

Sevindi ağaran saçım, saqqalım...

 

Qoşulub göylərdən ələnən qara

Qərib kəndimizə enmək istədim...

Gözlərim yol çəkdi kəndimdən ötrü,

Ağ atlı oğlana dönmək istədim...

 

Birdən doğma yurda çata bilmərəm,

Macalım qalıbmı nəfəs dərim mən?

Minib köhlənimi çapdım xəyalən,

Qayalar səksəndi nal səslərindən...

 

Dünya başdan-başa müəmma olub,

Əzəmət gətirib qara sirr qəmə!

Gümanım tək sənə qalıb, ay bulud,

Həsrət ürəyimdən qar əsirgəmə!

 

Ağartdı bir anda kirli dünyanı,

Deyəsən, qarlı qış eşitdi məni...

Onun şaxtası yox, sevdiklərimin

Soyuq baxışları üşütdü məni...

 

Ocağı soyuyan qərib kəndləri,

Yuvası boş qalan quşu da gördük.

Hələ ki yoldadı ömür karvanım,

Çox şükür, builki qışı da gördük...

 

 

Xatirələr qışı

 

Unuda bilmirəm

kəndimizin dağlarında gəzdiyim

qarlı günləri -

xatirələr axın-axın,

xatirələr qoşun-qoşun...

İçimi göyüm-göyüm göynədir,

sızım-sızım sızıldadır,

Qarı heç zaman əriməyən

xatirələr qışı...

Atalarımızın, analarımızın,

babalarımızın, nənələrimizin

məzarı üşüyür o qarın altında...

Görəsən, son günlərini yaşayan

ayaq izlərimiz nə düşünür

o qarın altında?

O yerlərdə doğulan insanların

sırası yamanca seyrəlib...

Gözləri yollarda qalanların isə

hamısı qocalıb, kövrəlib...

Yaşamaq lazımdı

bu həsrətin axırına

daş atmaq üçün...

Yaşamaq lazımdı

mərdliyi, qeyrəti,

kişiliyi, ləyaqəti,

saflığı, sevgini, məhəbbəti,

bir də o doğma yurda

dönmək ümidini

bir az da artıq

yaşatmaq üçün...

 

 

Hər gecə yuxuma

dağ özü gəlir

 

Mənim doğma yurdsuz günüm olmayıb,

Həsrət mizrab olub könül tarıma.

Duyur ki, dizimdə təpər qalmayıb,

Dağlar özü gəlir yuxularıma...

 

Bənd vurmaq mümkünmü həsrət selinə? -

Bilmirəm onunla necə davranım?

Minib təpələrin dəvə belinə

Hər gecə yol gedir ömür karvanım...

 

Çarə yox bəsirət gözü bağlıya, -

Təpələr önündə dağlar mat olub?!

Bizim dalımızca hər gün ağlayan

Doğma bulaqların gözü tutulub...

 

Kəsilib bu yurdun səsi-səmiri,

Həvəsi qalmayıb danışa bizlə...

Ocaq yerimizdə qalan kömürü

Gərək köz eləyək nəfəsimizlə...

 

Dağların başından çəkilir duman,

Xəyallar dərdimə bir əlac olur.

Doğma bulaqlardan su içən zaman

İlham bulağımın gözü açılır...

 

Viranə qəlbimi gərək bəzəyə

Geriyə döndərə illər yazımı. -

Dağların köksündə saza bənzəyən

Şəlalə kökləyər könül sazımı...

 

Vüsal arzusuyla göynəyir içim,

Qızaran gözümdə dan üzü gülür...

Könül dağlarımı sağaltmaq üçün

Hər gecə yuxuma dağ özü gəlir...

 

 

Qürub günəşi

 

Bir az soyuq olur qürub günəşi,

Qarlı zirvələri isidə bilmir.

Günbəgün azalır odu, atəşi,

Hara getdiyini özü də bilmir...

 

Ümidlər, arzular dönür səraba,

Həyatın işləri nə qəribədi!

Hamımız gedirik üzü qüruba,

Günəşin də yönü üzü Qərbədi...

 

Anidir insanın deyib-gülməsi,

Ağrılar, acılar qəlbimə köçüb...

Ömür xalımızın əcəl ilməsi

Hardasa, kiminsə əlinə keçib...

 

"Qürub" bənzəyir "qürbət" sözünə,

Qəribi qürbətdə isitmir Günəş...

Qəlbimiz yansa da həsrət közünə,

Xoşbəxt yaşamağa bəs etmir Günəş.

 

Aldandıq ilğıma, uyduq səraba,

Ömür ipimizi gizli əl sökür...

Hər axşam enəndə günəş qüruba,

Nurlu dünyamıza qaranlıq çökür...

 

Qırmızı görürük biz üfüqləri,

Çalır qan rənginə qızılı atəş...

Üzümüzə düşən son şəfəqləri

Götürüb özüylə aparır Günəş...

 

Dünyanın işini dərd etmə, kişi,

Bu dünyadan köçən təkcə bizikmi?

Gecələr də yanır sevgi günəşi,

Sevən ürəklərə zülmət üzükmür...

 

Zaman müdrik edir körpə uşağı,

İnsan Haqq nurunu tapıb yaşayır.

Təmiz qəlbimizin nuru, işığı

Sevgi nəğməmizə hopub yaşayır...

 

Şikayət etməyək biz qocalıqdan,

Dağlara qar düşüb, zirvə soyuqdu...

Aşağı enməyək o ucalıqdan, -

Sevgi günəşinin qürubu yoxdu...

 

Sevib-sevilməkdi insanın işi,

Ürək sevgi ilə coşur, qabarır...

Yerin bu üzünün qürub günəşi,

Yerin o üzünə səhər aparır...

 

 

Hələ ki

 

Başımın üstündə şimşəklər çaxır,

Xoş ətir gətirir səhər yelləri.

Çat-çat ürəyimə yağışlar yağır,

Köksümdə çağlayır sevgi selləri...

 

Könlü göydə olan baxmaz aşağı,

Zamanın selləri axıb durular.

Gözümdə bərq vurur iman işığı,

Hələ ki qəlbimdə sevgi nuru var...

 

Bir eşq ocağıyam, çətin sönəm mən,

Sanma ki, dünyanı tərk eləyirəm.

Ulu Yaradanın sevgisini mən

Hər gün zərrə-zərrə dərk eləyirəm...

 

Ömrümə nur saçan eşq günəşim var,

Zərrəsi əvəzdi zərə, altuna!

Hələ yer üzündə xeyli işim var,

Köçmək istəmirəm yerin altına...

 

Hələ ki his etmir sevgi çırağım,

Nə yerdən, nə göydən doya bilirəm.

Çox şükür, hələ ki insan olmağın

Şirin ləzzətini duya bilirəm.

 

Özümü nahaqdan öyə bilmərəm,

Qəlbimdə yer yoxdu fəqana, aha! -

Sabah nə olacaq, deyə bilmərəm,

Bu gün bəxtəvərəm, şükür Allaha!

 

 

Selfi

 

Dərdi dərd çəkənə verir bu dünya,

Verir kef çəkənə kefi çəkməyi...

Bu cavan yamanca ütük cavandı,

Yamanca xoşlayır selfi çəkməyi...

 

Ona yaxınlaşır, bunu yanlayır,

Şan-şöhrət axtarır gözü həmişə.

Ağsaqqal, ağbirçək qalır arxada

Durur ön planda özü həmişə...

 

Guya vunderkinddi, guya dahidi

Həmişə hazırdı qisas almağa.

Özü xoşlasa da gözə girməyi,

Çalışır özgəni gözdən salmağa...

 

Düşüb ürəyinə paxıllıq çatı,

Bu qədər ağrıya necə dözür o?

Özündən yüz addım öndə olanın

Özünə, sözünə ağız büzür o...

 

Heç kəsi bəynmir, keçir qabağa,

Gözünə işıq yox, kölgə görünür.

Özü cılız olan, dəyərsiz olan

Şəkildə hamıdan yekə görünür...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!