Paşa QƏLBİNUR
ATU-nun oftalmologiya kafedrasının müdiri
ANA! Öz tutumuyla bu varlıqla müqayisə olunası iki ruhi-müqəddəs tanıyıram: Çörək, "Qurani-Kərim". Bu sözün - varlığın bütün canlılarda gücü, anlamı eynidir. Bala - övlad yolunda, dünyaya gətirdiyinin yolunda həyatından belə keçmək qüdrəti. Mütləq məhəbbətin bir nümunəsi. Gəlin etiraf edək ki, bu qan yaddaşından gələn məhəbbətin də dərəcələri olur, belə deyək ki, daha böyükləri, nəhəngləri olur. Və bu nəhəng hisslər, sevgilər zərif analarımızın qəlbində olur. Analar övladlarını laylalarla, bayatılarla oxşayırlar. Övladlar analarını (Cəfər Cabbarlının) "Ana" şeiriylə...
Zərifə xanım haqqında bir Ana kimi danışanda öz müşahidələrimdən başqa, xatirəsi həmişə mənə əziz olan iki gözəl insanın - müəllimələrimin sözləri yada düşür. Professor Zəhra xanım Quliyeva və dosent Ləzifə xanım Əliyeva. (Ləzifə xanım Zərifə xanımın böyük bacısı idi). Onlar danışırdılar ki, Zərifə xanım övladlarına fanatik məhəbbətli bir Ana idi. İşdə müxtəlif otaqlardakı telefonlardan (çox nəzərə çarpmasın deyə) saysız dəfələr zəng edib evdə qoyub gəldiyi ciyərparalarını soruşardı. Və bu telefon danışıqlarından yalnız birini dinləyən adam heç vaxt onu unutmaz, bir ananın övladlarına olan məhəbbətinin ifadəsini ömrü boyu özüylə gəzdirərdi...
Onun həyat yoldaşı - o zamanlar Azərbaycan KP MK-nın birinci katibi Heydər Əlirza oğluna olan münasibətindən bir anın şahidi olmuşdum: Ləzifə xanımgildə balaca nəvəsi Eminin ad günündə (anam İldız xanımla mən də orada idim) dünənki televiziya ilə verilən iclasda Heydər Əlirza oğlunun böyük çıxışından söhbət düşəndə Zərifə xanımın gözlərini, üzünün ifadəsini heç zaman unutmaram. Bircə onu dedi ki, mən nəfəsimi dərmədən bütün çıxışı dinlədim, heyran olmuşdum.
Zərifə xanım yeri gələndə çox incə yumorla danışardı. Gülarə xanım da doğmaları, çox yaxınları ilə şux zarafatlar edərdi. O məclisdə Ləzifə xanım azca soyuqlamışdı, Gülarə xanım bunu görcək gülə-gülə dedi ki, Ləzi bacı (o Ləzifə xanımı mehribancasına belə çağırardı), eybi yoxdu, keçib gedəcək, təki xəstələnək, ancaq ölməyək. Zərifə xanımın zərif, olduqca yerində olan yumorundan Zəhra xanım, Ləzifə xanım, kafedramızın onunla həmyaş olan dosentləri Səkinə xanım, Rəfiqə xanım saatlarla gözəl xatirələr danışardılar. Səkinə xanım və Rəfiqə xanım indi də danışırlar. İncə, zərif, yerinə düşən yumor, yüksək zövq sahiblərinə, geniş dünyagörüşünə əsilzadələrə məxsus əlamətdir və çox təəssüf ki, bu dünyada bütün yaranmışlara nəsib olan xoşbəxtlik deyil. Bu səadət Zərifə xanımın saysız bəzəklərindən, tale vergilərindən biriydi.
Allah-təala onu valideynlərindən də yarıtmışdı. Dünyanın ən gözəl kişilərindən biri, xeyirxahlarından biri, alimlərindən biri, siyasi xadimlərindən biri, ləyaqət sahiblərindən, seçilmişlərindən, tanınmışlarından biri, varlığıyla Azərbaycanın tarixi bir mərhələsi olan Əziz Əliyevin ailəsində dünyaya gəlmişdi Zərifə xanım. Anası Leyli xanım xanımlar xanımı, ağlı, zəkası bir dünyanı idarə edəcək bir güc, nur idi. Leyli xanımın da söhbətləri heç vaxt unudulmayacaq gözəllikdə idi. O söhbətlərdən bir epizodu, bir yarpağı xatırladım. Leyli xanım danışırdı ki, həyat yoldaşı Əziz müəllim uzun müddət vətəndən uzaqda işləyirmiş. O vaxt uşaqların böyüyü Ləzifənin (Leyli xanımın dilindən deyirəm) əlindən tutub Mircəfərin (Mircəfər Bağırov) qəbuluna getdim, xahiş elədim ki, Əzizi (Əziz Əliyev) Azərbaycana qaytarsın, nə iş verir-versin, lap adi iş olsun. O da qayıtdı ki: Leyli xanım, Əziz Azərbaycana gəlsə, o heç bir işdə işləyə bilməz, ona layiq olan yer ancaq mənim yerimdir, onu da mən tutmuşam. Bunu deyib bir xeyli susdu. Mən də gözləmədiyim cavabdan sonra heç bilmədim nə deyəm, sağollaşıb gəldim evimizə.
Zərifə xanımın böyük qardaşı professor Tamerlan Əziz oğlu Əliyev Tibb Universitetində terapiya kafedrasının müdiri idi. Ürəyimdə bir kitablıq söz, məhəbbət var onun ünvanına. İnşallah, ömür vəfa eləsə yazacağam. Ancaq bircə onu deyim ki, bu yaşıma qədər doğmalarım, dostlarım, müəllimlərim qarışıq lap yaxından tanıdığım müqəddəslərimin bir siyahısı var ürəyimdə. Mən Allahımı heç vaxt unutmaram, ancaq o adamların Tanrı dərgahındakı hörmətlərinə güvənib dara düşəndə yalnız ürəyimdə pıçıltıyla Allahdan sonra köməyimə çağırıram. O kiçik siyahıda Hüseyn babam var. Var olanlardan biri də Tamerlan müəllimdir. Böyük, çox böyük ləyaqət sahibi, nur daşıyıcısı professor Tamerlan Əziz oğlu Əliyev! Mənimçün həmişə canlı olan müqəddəs İnsan!
Bu böyük ailənin, nəsil-səcərənin Zərifə xanımla bağlı hər bir üzvü - Dilbər xanım, akademik Cəmil Əliyev haqqında saatlarla danışmaq imkanım var. Ancaq bu xatirə yazının qəbul olunmuş reqlamentinə uyğunlaşmalıyam.
Bir ailənin iki üzvü - olduqca böyük şəxsiyyətlərdən dünyaya gələn övladların genetik varisliyi valideynlərin və övladların böyük xoşbəxtliyidir.
Sevil xanımın qeyri-adi çoxşaxəli istedadı, savadı, təvazökarlığı, mədəniyyətin bu səviyyədə olmasında atasının və Zərifə xanımın müstəsna rolu olmuşdur. Uzun illər bundan əvvəl Zərifə xanımla anamın arasında olan bir söhbəti heç cür unuda bilmirəm. O söhbət Ləzifə xanımgilin evində Ləzifə xanım, qızı Svetlana xanım, Gülarə xanımın yanında olmuşdu. Zərifə xanım deyirdi ki, Sevil (mənim yaddaşımda o vaxtlar Sevilin 16-17 yaşı olardı) bir tikə çörəyi (arasında pendir) qalanda belə atmır, tullamır, büküb qoyur ki, sonra yeyərəm. Atası ölkənin birinci yox, lap yüzüncü adamı olan qız, ya oğlan uşağından bu cür nümunə, hətta deyərdim ki, müqəddəs davranış nadir hadisəydi, lap elə indinin özündə də heyrət və qibtə doğurardı...
Zərifə xanım alim idi. Adı böyük hərflərlə yazılan ALİM. Zamanı qabaqlayan. Onun bir neçə istiqamətdə apardığı işlər illər keçəndən sonra daha da aktuallaşır, gərəkli olur, qiyməti daha da artır. Məsələn, gözün peşə xəstəlikləri ilə əlaqədar Sovetlər birliyində yaradılan ilk sanballı elmi laboratoriya. Onun rəhbərlik etdiyi, böyük ideyaları reallaşdıran bu kollektivin gördüyü işlərin elmi nəticələri bütün dünyada qəbul olunurdu. Əslində, akademik Zərifə xanım Əliyeva dünyada bu elmi istiqamətin pioneridir. Heç də təsadüfi deyil ki, o SSRİ Tibb Elmləri Akademiyasının yüksək Averbax mükafatına layiq görülmüşdü. Akademik Zərifə xanım Əliyevanın məşğul olduğu elmi istiqamətlərdən biri də iridodiaqnostikaya həsr olunan ilk elmi monoqrafiyanın aparıcı müəlliflərindən olması idi.
Zərifə xanım bu günü uzun illər əvvəl görüb, tibbi deontologiyaya aid qiymətli elmi-fəlsəfi əsərlər yazıb mərkəzi mətbuatda çap elətdirirdi.
O, Moskvada nəşr olunan o zamankı Sovetlər birliyinin ən nüfuzlu oftalmoloji elmi dərgisi "Vestnik oftalmologii" jurnalının redaksiya heyətinin üzvü idi. O jurnalın baş redaktoru Ümumittifaq Göz xəstəlikləri institutunun direktoru, akademik M.M.Krasnov idi. Həmin illərdə mən bu elm ocağında aspiranturada, sonra isə doktoranturada təhsil alırdım. Zərifə xanımla vaxtaşırı həmin elmi mərkəzdə, müxtəlif elmi toplantılarda, ya da jurnalın redaksiya heyətinin yığıncaqlarına gələndə görüşərdik. Bu qısa görüşlərdə o həmişə çox səmimi olardı, qayğılarımla maraqlanırdı.
Bir dəfə mənə dedi ki, Heydər Əliyeviç də sənin boyartımını izləyir, uğurların haqqında bizim evimizdə söhbətlər olur. Mən bir az utanaraq ona və Heydər Əlirza oğluna təşəkkür etdim. Bir müddət sonra Ümumittifaq Göz xəstəlikləri institutunun təqdimatıyla elm sahəsində Ümumittifaq Lenin komsomolu mükafatına layiq görüləndə Heydər Əlirza oğlu məni Moskvadan Bakıya telefonla şəxsən təbrik elədi.
Heydər Əlirza oğlu sonralar, illər keçəndən sonra mənfur Qorbaçovun həsədinə tuş gəlib Bakıya dönüşündə (yerli hakimiyyətlə də müxalif mövqedə olanda), Filarmoniyada yazıçıların qurultayında təsadüfən mənə yaxın oturacaqda əyləşdi. Xəlil Rzayla birgə idilər. Görüşdük. Fasilədə həmin İdrak ətri (esselər) 77 zəngə görə bir daha təşəkkür etdim. Və bir də dedim ki, Siz Moskvadan məni təbrik etdiniz, ancaq burada Kamran Bağırov heç elə bil ki, yoxuymuş. Gülümsündü: "Fikir vermə, hamı bir olmaz ki", - dedi.
Akademik Zərifə xanım Əliyevanın elmi-pedaqoji, ictimai fəaliyyəti haqqında yazılanlardan fərqli qısaca öz müşahidələrimi qələmə aldım. O, bir övlad kimi, bir evin, bir kişinin xanımı kimi, bir ana kimi, alim, müəllim, vətəndaş kimi, həmişə ucalardan ucadaydı. Elmi konfranslardan sonrakı toplantılarda, ya bayramlarda, ad günlərində əksər hallarda unudulmaz Gülarə xanım da iştirak edərdi, həmişə birinci mahnı sifarişi "Anamın anasısan, Azərbaycan" olardı. "Ana" və "Azərbaycan" sözlərini heç kim onun kimi tələffüz elə bilməzdi.
44 günlük müharibəmizin, qələbə ilə şərəflənən günlərində onun da ruhu şad oldu!
Akademik Zərifə xanım Əliyeva prezident qızı*, xanımı, prezidentin Anasıdır. Bu, onun taleyi idi. Böyük, olduqca böyük həssaslıqla duymaq, görmək, heyran olmaq, zəhməti sevmək, insanları, Vətəni sevmək onun böyük istedadı idi.
Böyük sevgidən yaranıb, böyük məhəbbətlə insanları, Vətəni sevənlər əbədi yaşayanlardır...
2023
* - Z.Əliyevanın bioqrafları unudurlar ki, Dağıstanın Mərkəzi Komitəsinin I katibi indiki meyarlarla prezident demək idi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!