Bədii sözün keşikçisi
Vaqif Yusifli haqqında düşünəndə yadıma bir rəhmətlik şairin sözü düşdü: "Mənə deyirlər təvazökar ol. Təvazökar olaram e, amma bunu kim biləcək?"
Vaqif Yusifli bu sözün ən müstəqim mənasında təvazökar insandır, amma təvazökarlığının dəyərləndirilməsi onu heç vaxt qayğılandırmır. Vaqif səs-küysüz, gurultulu şüarlarsız, şok iddialarsız, sensansion bəyanatlarsız, sadəcə, ədəbiyyata xidmət edir. Mən onu söz sənətində həqiqi dəyərlərin keşikçisi adlandırardım. Bəzən elə olub ki, hansısa bir şairin ya nasirin yaradıcılığı diqqətini Vaqifin onun haqqında yazdığından sonra çəkib. Məsələn, nə yazıq ki, erkən itirdiyimiz çox istedadlı şairə Nisə Bəyimin şeirləriylə mən ilk olaraq Vaqifin onun haqqında yazısından tanış oldum, sonra şairənin başqa kitablarını oxudum və mən də onun haqqında yazı yazdım.
Həmişə bu fikirdə olmuşam və bunu dəfələrlə demişəm, yazmışam ki, tənqid - ədəbiyyatın ən çətin sahəsidir və tənqidçi istedadı ən nadir istedadlardandır. Ancaq mən "tənqid" sözünün özünü qəbul etmirəm. Məndən olsa "tənqidçi" sözünü "təhlilçi" sözüylə əvəz edərdim. Çünki bədii əsərə obyektiv qiymət verərək "tənqid" adıyla kimisə yıxıb-sürümək deyil. Və eyni cür kimisə yersiz, şit təriflərlə göylərə qaldırmaq deyil. Bu peşəni seçənlərin müqəddəs vəzifəsi "düzü düz, əyrini əyri" yazmaqla ədəbiyyatı tənzimləməkdir, ədəbi əsərləri TƏHLİL etmək, açmaqdır. Tənqidçi, ya tərifçi yox, təhlilçi. Bəzən əsl təhlilçi yazıçının özünün belə dərk etmədiyi, amma sövq-təbii duyğularla əks etdirdiyi mətləbləri açıb müəllifin özünə göstərə bilər. Təhlilçinin müqəddəs vəzifəsi, ümumən, ədəbi prosesi diqqətlə izləmək, milli söz sənətini başqa ədəbiyyatlarla, başqa sənət sahələriylə, ilk növbədə teatr və kinoyla müqayisədə şeirin, nəsrin inkişaf yollarını araşdırmaq, ədəbiyyatı hər növ büdrəmələrdən qorumaqdır. Bir sözlə bədii sözün keşiyində durmaqdır. Artıq yarım əsrdən artıqdır ki, Vaqif Yusifli məhz bu işi şərəflə, namusla, gündəlik zəhmətiylə görməkdədir.
Vaqif Füzuli şeirinin pərəstişkarıdır, saatlarla Füzuli qəzəllərini onların mənasını dərk edə-edə, sirlərini aça-aça əzbər deyə bilər. Mənə elə gəlir ki, Füzuli Vaqifçün ədəbiyyatda bir növ məhək daşıdır. Əlbəttə, bu o demək deyil ki, hamı - şair də, nasir də, dramaturq da Füzuli üslubunda yazmalıdır. Yox. Füzuli yaradıcılığının dərinliyi və içdənliyi bütün türkcə yazanlarçün örnəkdir, əlçatmaz örnək.
Xəlqə ağzın sirrini hərdəm qılır izhar söz.
Bu nə sirdir kim, olar hər ləhzə yoxdan var söz?
Artıran söz qədrini sidqilə qədrin artırar
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.
Mənə elə gəlir ki, Füzulinin bu beytlərini Vaqif Yusiflinin bütün yaradıcılığına epiqraf qoymaq olardı. Tənqidçilərlə bağlı belə bir lətifə var. Deyir, tənqidçinin özü üçün nə daha faydalıdır: bir yazıçını kəskin tənqid etmək, ya tərifləmək, mədh etmək? Cavab verirlər: Əlbəttə, kimisə sərt tənqid tənqidçi üçün daha faydalıdır. Niyə? Ona görə ki, birin tərifləyəndə tək bir o özü razı qalır, bütün başqaları rəncidə olurlar. Amma kimisə amansız tənqid edəndə o özü, əlbəttə, pəjmürdə olacaq, amma bütün başqa həmkarları ləzzət alacaqlar. Bu sözlər, əlbəttə, zarafatdır. Yazıçıların əksəriyyəti, kimisə, başqasını tərifləyəndə qısqanmırlar ya kimisə əsassız tənqid edəndə sevinmirlər. Və həqiqi sözün keşiyində duranlar da heç vaxt bu "müdrik" məsləhətlə davranmırlar.
Vaqif Yusifli ədəbi əsərlərə məhz yüksək bədii zövq, professionallıq, insaf və ədalət naminə qiymət verməyi, təhlil etməyi bacaran, xeyirxah və tələbkar ədəbiyyat keşikçisidir.
Sənə yeni-yeni uğurlar, Vaqif!
Həmişə əsl ədədiyyatın keşiyində belə sayıq dayan.
ANAR
Daimi axtarışda...
Müasir ədəbi mühitdə yüksək nüfuz sahibi, yorulmaz tədqiqatçı-alim, şeirimizin, sözümüzün xiridarı, sadə və təvazökar bir insan kimi tanıdığımız, hörmət etdiyimiz görkəmli tənqidçi Vaqif Yusiflinin 75 yaşı tamam olur.
Bu mötəbər qələm əhlini yaxından tanıyanlar bilər ki, bu illər ərzində onun əlyazmalarını və yazdığı kitabları toplayıb bir yerə yığmaq mümkün olsaydı, yəqin görərdilər ki, indi fəaliyyət göstərdiyi bir şöbənin yox, bəlkə institutun gördüyü iş qədər iş görüb.
Başqa qələm dostlarımda olduğu kimi, mənim də şeir yaradıcılığımı Vaqif müəllim tədqiq eləyib, kitablar yazıb, müdrik tövsiyələrini verib.
Vaqif müəllim işgüzardı, xeyirxahdı, daimi olaraq, elmi, ədəbi axtarışdadı. Bu dediklərim təkcə mənim kənardan müşahidələrim deyil, həm də nisbətən olsa da, tanımağımdır. Axı, mən də Vaqif müəllimin oxucusuyam. Ədəbi mühitdə gedən müxtəlif ədəbi-ictimai prosesləri onun yazılarından da öyrənirəm. Nə öyrəndim, qənimətdi - misalını xatırlayın.
Son vaxtlarda Vaqif Yusifli ədəbi problemlərin tədqiqi ilə yanaşı, paytaxtda və regionlarda yaşayıb-yaradan istedadlı gənclərin də axtarışlarına aid yazılar çap etdirir.
Vaqif müəllimlə bizim dostluq münasibətlərimiz mənimlə bərabər 80 illik yubileyim zamanı bizim Qazaxa gəlməsi oldu. O, Göyəzən dağını yaxından gördü, qədim Damcılı bulağının sehrkar səsini eşitdi, suyundan içdi. Bizim "Ana" çağırdığımız Kür çayının sahillərini doyunca seyr elədi. Böyük Vurğunu yetişdirən Qazax camaatının görüşlərində iştirak etdi. Onların Vaqif Yusifli kimi qonağı necə qarşılamasının canlı şahidi oldu. Mərhum Aşıq Ədalətin "Yanıq Kərəmi" saz havasının da poetik əsərlər sırasında seçildiyini özü gördü. Şair dostumuz Barat Vüsalın mənim yubileyimə həsr etdiyi şeirdən də xoşu gəldi. Vaqif müəllimi arzuolunan qonaqlar sırasında alqışlayırdıq.
Hörmətli qələm qardaşım, sizi yenə alqışlayıram, bu dəfə Bakıda, sizin şərəfli 75 illik yubiley gününüzdə.
Mübarək!
Nəriman HƏSƏNZADƏ
Xalq şairi
Hörmətli Vaqif Yusifli!
Sizi anadan olmağınızın 75 illiyi münasibəti ilə ürəkdən təbrik edirəm.
Azərbaycan elmi-ədəbi ictimaiyyəti Sizi görkəmli tənqidçi və tanınmış tədqiqatçı alim kimi qəbul edir. Siz ədəbi tənqid sahəsindəki çoxillik ardıcıl və səmərəli fəaliyyətinizlə ustad tənqidçi adını qazanmışsınız. Müasir ədəbi prosesin təhlil edilib qiymətləndirilməsi və istiqamətləndirilməsində Sizin böyük zəhmətiniz vardır. Monoqrafik tədqiqatlarınız və çoxsaylı məqalələriniz ciddi araşdırılmaların, əhəmiyyətli təhlil və müqayisələrin nəticəsində meydana çıxmış samballı elmi əsərlərdir.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bacarıqla rəhbərlik etdiyiniz ədəbi tənqid şöbəsi respublikamızda ədəbi tənqidimizin əsas inkişaf mərkəzlərindən biridir. Yetirmələriniz və davamçılarınız Azərbaycan ədəbi tənqidinin daha da inkişaf etdirilməsinə səylə xidmət edirlər.
Sizə Azərbaycan tənqid və ədəbiyyatşünaslıq elminin inkişafı yollarında daha böyük uğurlar və möhkəm cansağlığı arzulayıram.
Dərin hörmətlə
İsa HƏBİBBƏYLİ
AMEA-nın prezidenti, akademik
Vaqif Yusiflinin ədəbiyyat sevgisi
Tanınmış ədəbiyyat tənqidçisi, filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin 75 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, uzun ömür, can sağlığı arzulayıram.
Vaqif müəllim ciddi ədəbiyyatçı olmaqla yanaşı, xeyirxah insandır, ziyalıdır, gənc istedadların üzə çıxarılmasında xidmətləri danılmazdır. Şəxsən məni ədəbi cameəyə ilk təqdim edən də Vaqif Yusiflidir. Demək olar ki, bütün əsərlərimə münasibətini bildirib, onları təhlil edib. İşgüzarlığına, nəinki ədəbiyyatşünaslar və tənqidçilər, hətta ən məhsuldar yazıçı belə, həsəd apara bilər.
Diqqət cəlb edən əsərlərin heç biri onun nəzərindən yayınmır və mənim fikrimcə, onun bu humanistliyi, geniş ürəkliyi ədəbiyyatımıza yaxşı mənada təsir edir.
Elə bilirəm ki, Vaqif Yusiflinin enerjisi, ədəbiyyat sevgisi hələ uzun müddət ədəbiyyatımıza xidmət edəcək...
Uğurlar, Vaqif Yusifli!
Elçin HÜSEYNBƏYLİ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!