Türkoloji qurultayı - Xalid Səid Xocayev

X. Səidin "Yeni əlifba yollarında əski xatirə və duyğularım" kitabından. ( Bakı - 1929)

 

 

…Sabah oldu. Mənim üzərimə qoyulan… vəzifəni əda etməli idim. Bunun üçün "Yeni Avropa" otelinə getməli idim, çünki türk ədəbiyyatının iki böyük alimi … burada yerləşdirilmişdi. Fuad bəylə birinci dəfə tanış olmayırdım…. Fuad bəy zəif və nazik vücudu ilə masa arxasında oturmuş dodaqları arasında sıxışdırılan papirosundan həlzunlu dumanlar duraxaraq, əlindəki jurnal ilə məşğul idi. Məni görər-görməz "ay əfəndim, buyurunuz, buyurunuz, rica edirəm, buyurunuz" — deyə ayağa qalxdı. Bir neçə addım irəliləyərək bərk-bərk əllərimi sıxdı… Hənuz əllərimi buraxmamış, masanın o biri tərəfində, pəncərə önündə kitab mütaliəsi ilə məşğul olan gözü çeşməkli, ağ saqqallı, bəyaz saçlı, ixtiyarca bir adamın yanına qədər gətirdi:

— Əli bəy — dedi, sizə əski dostlarımızdan Xalid Səidi təqdim ilə şərəfyab olmaq istəyirəm"  — dedi. Mən də:

— Aman əfəndim, məhcub ediyorsunuz,  — deyə müqabilə etdim. Əli bəy əlindəki kitabı buraxaraq, ixtiyarlara məxsus bir tövr ilə yavaş-yavaş ayağa qalxdı, sevimli çöhrəsinə xüsusi bir əda verən təbəssümlə mənə əllərini uzadaraq: — "Müşərrəf oldum", — dedi. Əli bəy… mənim üzərimə dərin bir təsir buraxmış, Azərbaycan ədəbi həyatında mühüm işlər görmüş məşhur Hüseynzadə Əli bəy idi. Əlini iki əlimlə tutmuş, bir dürlü buraxmaq istəmirdim.

Əli bəy oxumaqda olduğu kitabın arasına çeşməklərini qoydu, stulunu masa yanına çəkdi. Otaqda üç adamdan başqa kimsə yoxdu, necə gəldiklərindən, yolda əziyyət çəkib-çəkmədiklərindən bəhs edən ufaq bir müqəddimə müsahibəsindən sonra mövzunu yeni əlifbaya çevirməyə tələsdim, çünki gəlib-gedənlər çoxalırsa bu barədə müsahibə etmək, bəlkə mümkün olmayacaqdı.

— Fuad bəy, — dedim, — təbii yeni əlifba məsələsindən dolayı təşrif etdiniz. Bu xüsusda Türkiyə əfkari-ümumiyyəsilə, siyasi dairələrinin fikirləri sizcə məlum olduğundan şübhə yoxdur.

Fuad bəy yanındakı qurşun qələmi əlinə alaraq, masa üzərindəki bloknotuna bir taqım işarələr qoyduqdan sonra:

— Əfəndim, — dedi, Türkiyənin bugünkü vəziyyəti həpimizə məlumdur; məğlubiyyətlə nəticələnən ağır və uzun müharibələrdən çıxdıq, iqtisadi vəziyyətimiz bizi məmnun edə biləcək bir halda deyil, bilxassə, böyük bitr inqilab həyatı yaşayırız, zehnimiz hənuz daha mühüm məsələlər ilə məşğuldur. Bununla bərabər elmi müəssisələrimiz, Azərbaycan tərəfindən ortaya atılan yeni əlifba məsələsinə də biganə deyillər. Bu yaxınlarda Maarif Nəzarəti tərəfindən xüsusi bir komision təşkil edildi. Bu komision imla və hürufatı tətbiq ilə məşğul olur, hənuz qəti bir fikir və qərara gəlmədilər. Zənn edərəm bu tətbiqat yenə bir kaç ay davam edəcəkdir.

— Şu halda — dedim qurultayda Anadolu türkləri namına yeni əlifbanın lehinə və  ya əleyhinə bir fikir verəmiyəcəksiniz?

— Təbii deyilmi? Ancaq şurasını ərz edəlim ki, yeni əlifbanın əleyhinə rəy vermək üçün əlimizdə bir əsas yoxdur, lehinə rəy vermək üçün də — maaləsəf — hənuz hazırlığımız olmadığı kibi hökumət tərəfindən də bu xüsusda əlimizdə bir təlimat yoxdur.

— Çox gözəl, — dedim, — bu xüsusdakı öz fikrinizi öyrənə bilərmiyəm?

— Əfəndim, — dedi, əsas etibarı ilə mənim fikrim yeni əlifbanın lehindədir, ancaq ümumi vəziyyətimizlə hesablaşmaq məcburiyyətindəyəm. Bizim halımız başqa; Şərqdə yaşayan ayrı türk xalqlarının vəziyyəti bam-başqadır. Türkiyə ədəbiyyatı — təbii Avropa ilə müqayisə etməyirəm, o qədər fəqir deyildir, yeni əlifbaya keçdiyimiz təqdirdə bir çox kitablarımızı yeni əlifbaya keçirməyə məcbur qalacağız, bunun üçün iqtisadi vəziyyətimiz müasaid olmadığını yuxarıda ərz etmişdim. Əlifba məsələsi bizdə çox əskidir, bunun üçün müxtəlif zamanlarda müxtəlif komissiyalar təşkil edildi, hətta Cahan hərbi zamanında Ənvər paşa tərəfindən də əsgəri işlərdə bir yeni əlifba təcrübəsi yapıldı, ancaq həyata keçiriləmədi. Mən də bu nöqteyi-nəzərdən öz fikrimdən də ehtiyatla davranmağa məcburam..

— Fuad bəy, — dedim, — müsaidə edərsəniz yenə bir şey də soruşmaq istəyirdim.

Xəfif bir təbəssümlə:

— Rica edirəm, — dedi, yenə bir şey deyil, daha bir çox suallar verə bilərsiniz, vaxtımız da müsaiddir.

— Dediyiniz kibi, biz Şərq türkləri yeni əlifbaya daha qolay surətdə keçə biləriz, keçməyə də şiddətli surətdə lüzum görüyoruz… Şayəd Şərq türkləri yeni əlifbaya keçərlərsə, Anadolu türkləri yenə əski əlifba üzərində qala bilərmi?

Fuad bəy bir az düşündü.

Əli bəy:

— Zənn edərəm, — dedi, — bu iş mümkün olmayacaq; Fuad bəy təsdiq etdi:

— Əvət, — dedi, — o halda bütün çətinliklərə, iqtisadi ağırlıqlara qatlanaraq yeni əlifbaya keçməyə məcbur olacağız (bu təbii, mənim öz fikrimdir. Hökumət dairələrinin bu xüsusda nə düşündüklərinə aid bir şey deyəməm). Çünki əsrimizdəki mətbuat mədəniyyəti geniş sahələr, çox miqdarda oxucular istəyir. Bundan dolayı Şərq türkləri ilə mədəni münasibətimizi saxlamaya məcburuz, vaqiən hürufatın ayrı olması dilcə olan münasibəti kəsməz, ancaq çocuqlarımıza, gənclərimzə, ayrı-ayrı hərfləri öyrətməyə məcbur qalacağız, bu da bir çox vaxtımızı boş yerə sərf etməyə səbəb olacaq… Bugünkü texnika da yeni əlifbaya keçməyi tələb edir. Ərz etdiyim kibi, buna bizim iqtisadi şəraitimiz hənuz müsaid deyildir. Bu xüsusda çalışmaqda olan komision lazım görürsə, bizim də keçməmiz ehtimaldan uzaq deyildir, ancaq hənuz rəsmi, qəti bir şey deyəməm.

Müsahibəmiz həmən-həmən qurtarmış idi, qapı döyüldü, qapıçı:

— Ziyarətinizə gəlmişlər, — dedi.

Mən də gələn qonaqlar üçün oturduğum stulu boşaltmaya məcbur oldum…

***

… Səməd Ağa ilə görüşərək Fuad bəyin fikirlərini anlatdım:

Səməd Ağa gözlüyünü çıxararaq, bir az düşündü, barmaqları ilə çal saqqalını qarışdırırkən:

— O da düzdür — deyərək Fuad bəyin fikirlərini təsdiq edirmiş kibi oldu, sonra: — Mən Anadolu türklərinin yeni əlifbaya keçəcəklərinə arxayınam, ondan ötrü ki, Mustafa Kamal inqilabı kəskin bir yolda aparır, inqilabın ən böyüyü də bizim üçün əlifba inqilabıdır. Görəcəksən ki, M. Kamal yaxın zamanda birdən-birə yeni əlifbanı keçirəcəkdir.

Səməd Ağa tamamilə arxayın olmuş, qurultayda yeni əlifbanın qələbə çalacağına əmin olmuşdu.

 

 

"Ədəbiyyat qəzeti” 12 sentyabr 2008

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!