Bu barədə həmişə düşünmüşəm. Rayonda orta məktəbdə ədəbiyyat müəllimi işləyən İmamverdi Əbilovun Bakıda bir yubiley tədbirinə, o cümlədən Mirzə İbrahimovun 60 illik yubiley tədbirinə dəvət olunması təbii hal idi. Onu hələ 29 yaşı olanda Səməd Vurğunun da 50 illik yubiley tədbirinə dəvət etmişdilər. Dəvətnaməsi də indiyə qədər yazı masasının siyirtməsindədir... 1954-cü ildə Səməd Vurğunla Neftçaladakı görüşdə çəkilmiş şəklində məruzə edir və onda hələ 27 yaşı var...
1960-cı illərdə isə o, təkcə orta məktəb müəllimi deyildi, respublikanın tanınmış ədəbi tənqidçilərindən biri idi. Onu müasir Azərbaycan ədəbiyyatının klassikləri Rəsul Rza, Süleyman Rəhimov, Süleyman Rüstəm, Cəfər Cəfərov, İlyas Əfəndiyev dəyərləndirirdi. SSRİ Yazıçılar İttifaqının üzvü olmaq isə ya heç ağlına gəlmirmiş, ya da bu istəyini dilə gətirməyə çəkinirmiş... 1976-cı ildə Yazıçılar İttifaqının üzvü olması üçün Süleyman Rəhimovun, Nigar Rəfibəylinin, Məmməd Cəfərin və Bəxtiyar Vahabzadənin yazdıqları zəmanətlərin surəti indi də şəxsi arxivindədir. Bəs necə olurmuş, o, İttifaqın üzvü olmaya-olmaya Yazıçıların qurultaylarına nümayəndə seçilirmiş, bəzi qurultaylarda hətta çıxış edirmiş?
Bu həftə onun anım günüdür. Keçən dəfə gündəliyini vərəqləyirdim. Orada Mirzə İbrahimovun 60 illiyi ilə bağlı qeydlərə rast gəldim. Möhtərəm bir yubiley tədbirində Neftçaladakı 1 saylı orta məktəbin ədəbiyyat müəllimi dövrün böyük fikir və sənət adamları ilə Rəyasət heyətində yanaşı əyləşir, "Böyük dayaq" romanında təsvir olunan Muğanın, Salyanın ziyalıları adından çıxış edir...
1971-ci ildə Mirzə İbrahimovun 60 illik yubiley tədbirindən sonra yazdığı gündəlik qeydlərini, Mirzə İbrahimovun 1974-cü ildə ona yazdığı və Xalq yazıçısının ədəbi kredosunu dərindən ifadə edən, hətta oxuculara və elmi-nəzəri fikrə məlum olmayan "Mayak" romanının da adının keçdiyi bir məktubunu təqdim edirəm...
Azər TURAN
İ.Əbilovun gündəliyindən
6 dekabr 1971.
İndicə Mirzə İbrahimovun 60 illik yubileyindən gəlirəm.
Dünən 3:30-da Yazıçılar İttifaqında oldum. Yuxarı qalxarkən İmran Qasımovla rastlaşdım. Dedi ki, yuxarıda Kubra xanıma dəy, dəvətnamə ondadır. II mərtəbədə Kubra xanımla görüşdüm, Cabir Novruz da orada idi. Hər ikisi dedi ki, Rəyasət heyətində oturmalı, çıxış etməli və Mirzə İbrahimovun banketində iştirak etməlisən.
Saat 18:05-də iclasın keçiriləcəyi Dram Teatrın binasında olduq. Məni arxa otağa apardılar və qonaqlarla bahəm səhnəyə qalxdıq. İclası Akademiyanın prezidenti Həsən Abdullayev açdı. Məmməd Arif yubilyar haqqında məruzə etdi. Mirzo Tursunzadə, Müseyib Dadaşov, Süleyman Rüstəm, mən - İmamverdi Əbilov, Rəsul Həmzətov, özbək yazıçısı Şöhrət, Vitali Vasilevski (Moskva), Arşavir Darbini (Ermənistan), gürcü nasiri Givi Qogiçayşvili, türkmən Qılınc Quliyev çıxış elədik.
Qonaqlardan ilk söz məşhur tacik şairi Mirzo Tursunzadəyə verildi. Qonaq hərarətlə danışdı, Mirzə müəllimin ədəbi ictimai fəaliyyətindən məhəbbətlə söz açdı, sonra isə gətirdiyi hədiyyələri təqdim elədi. Dörd küncünə "60" rəqəmi hörülmüş qiymətli xalı, Bədəxşan daşlarından hazırlanmış qələmdan dəsti və rübab.
Rəsul Həmzətov da hərarətlə danışdı: "Bir-birindən ayrı və uzaq görünən dağların yeraltı əlaqələri var və onları yaşadan da bu görünməz yollar, çeşmələrdir. Dağıstan dağları Kəpəzlə, Qoşqarla doğma qardaşdır." Rəsul Həmzətov hədiyyə gətirdiyi qiymətli yapıncını Mirzə İbrahimovun çiyninə saldı.
Görkəmli özbək şairi Şöhrətin çıxışı da maraqla dinlənildi. O, öz hədiyyəsini - bir dəst özbək kostyumunu səhnədəcə Mirzə müəllimə geyindirdi, başına araxçın qoyub, belini məxsusi qurşaqla bağladı.
İnqilabçı Müseyib Dadaşovun "hədiyyəsi" qəribə oldu. Özünəxas tələffüzlə yubilyara müraciət edib ona ən "ali" hədiyyə verdi: "Yoldaş Mirzə, - deyib sağ əlini yuxarı qaldırdı. - Mən bu əlimlə dahi Leninin əlini iki dəfə sıxmışam. İndi də icazə ver, səni təbrik edib böyük Leninin sıxdığı əlimlə əlini sıxım".
Mustafa Topçubaşov SSRİ Sülhü Müdafiə Komitəsinin Fəxri Fərmanını, Mətbuat Komitəsinin sədri İsrafil Nəzərli "Qızıl Qələm", Maarif naziri Mehdizadə "Qabaqcıl Maarif xadimi" döş nişanlarını təqdim etdilər.
MK-nın katibi Danil Quliyev, Nazirlər Soveti sədrinin müavini Kamran Hüseynov, Mərkəzi Komitənin şöbə müdirləri Teymur Əliyev, Azad Şərifov, Komsomol MK-nın I katibi Rafiq Əsgərov, Tahir Salahov, Əfrasiyab Bədəlbəyli, İsmayıl Şıxlı, Mehdi Məmmədov və başqaları ilə birlikdə prezidiumda idik.
İclas 22:50-də qurtardı. Bədii hissə başlandı.
Saat 23:10 da Cabir Novruz, Arşavir Darbni ilə birlikə "Volqa"da "İnturist"ə getdik. "İnturist"in ikinci mərtəbəsi bayram ovqatında idi.
Banket gecə saat 3-30-da qurtardı. Gözəl məclis oldu. Mirzə İbrahimov, Rəsul Həmzətov Əminə Dilbazinin təhriki oynadılar. Qonaqlıqda süfrəmiz Yusif Əzimzadə, İsa Hüseynov, İsmayıl Şıxlı, Cabir Növruz, Vidadi Babanlı, Xalidə Hasilova, Mirvarid Dilbazi, Balaş Azəroğlu ilə birlikdə idi.
Tamada Məmməd Rahim idi.
Mirzə İbrahimovun
İ.Əbilova məktublarından
Əziz qələm yoldaşım və dostum İmamverdi müəllim!
Mən diqqətlə Sizin yazılarınızı oxuyuram və onlarda həqiqət üçün, xalqın səadəti və idrakı inkişafı üçün çırpınan əsil vətəndaş ürəyinin səsini eşidib sevinirəm. Siz bilirsiniz ki, mən ədəbiyyat və sənətə insanların həyatını, fikrini, əxlaqını yaxşılaşdıran qüdrətli və lazımlı, faydalı bir mübarizə silahı kimi baxanlardanam. Bədii sözü əyləncə, oyunbazlıq vasitəsinə çevirən, böyük məna və mündərəcədən məhrum edən cərəyanlar və onların gözqamaşdıran tapıntılarını, forma oyunlarını, ədəbazlığını daxilən qəbul edə bilmirəm. Sizin yazılarınızda da mən ədəbi yaradıcılığa ciddi münasibət, klassik və xalq ənənələrinə dərin hörmət hiss etdiyimdən onlar məni sevindirir.
Mənə elə gəlir ki, hərgah, biz və bütün bəşəriyyət, bütün başqa xalqlar gəncliyi, gənc nəsli lap uşaq çağlarından bu yüksək sənət nümunələri ilə, həqiqi fikri, mənəvi, əxlaqi, estetik gözəllik əsasında tərbiyə edə bilsəydi, insan həyatı bəzən kal, bəzən pozğun və dağıdıcı ehtirasların ifadəsi olan şirnikləndirici, zəhərləyici ədəbiyyat, kino (xüsusən, kino və televizor) və sair əsərlərindən qoruya bilsəydi, insanlıq arzu etdiyi "ümumi birlik, əmin-amanlıq, dostluq, xeyirxahlıq və səadət dünyasına" daha tez gedib çıxardı...
Ədəbiyyat insanın içini, ürəyini, beynini yumşaldıb - pis fikirlərdən, alçaq hisslərdən, heyvani ehtiraslardan təmizləməlidir, yaxşı, nəcib, ağıllı, həyatdan baş açan, düz yola düşüb, axıracan o yolu getməyi bacaran vətəndaşlar tərbiyə etməlidir. Mən inanıram ki, siz şagirdlərinizi məhz bu cür tərbiyə edirsiniz. Qoy idrakın, ağlın, sağlam şüurun məşəlini heç zaman əlindən yerə qoymayan, həmişə vicdanın və namusun hökmüylə hərəkət edən gənclər Sizdən gələcəyə yadigar olsun! Bu, ədəbiyyatımız üçün də şərəfdir.
Xahiş edirəm bütün müəllim yoldaşlarınıza, bütün şagirdlərə mənim salamımı yetirib, ən yaxşı gələcək arzularımı bildirin. Onu da deyin ki, Yəmən xatirələri, Ümumdünya sülh konqresi barədə qeydlər və sair bu kimi xırda yazılarla yanaşı bu il mən onlara mütləq "Mayak" romanımı vermək fikrindəyəm. "Pərvanə" barədə nigaran olmayın. "Mayak"ı qurtaran kimi "Pərvanə"nin ikinci kitabını yazacağam. Sağlıq olsun.
Əlini sıxıram.
Hörmətlə
Mirzə İbrahimov
20 fevral 1974
Bakı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!