Qiymət MƏHƏRRƏMLİ
AMEA Folklor İnstitutu "Cənubi Azərbaycan folkloru" şöbəsinin aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru
...Göy üzündə, qərib durnam,
Neçin qaldın öz dəstəndən bunca geri?!
Xatirinə dəyənmi var,
Yoxsa səni üşüdübdü
payızın boz küləkləri?!
Qanadların yoruldumu, durnam mənim,
Bəlkə sənə xoş gəlibdi
öz isticə od-ocağın,
çöl-çəmənin...
Sənin incə ürəyini bir oxuyan tapılmadı?!
Anan getdi, bacın getdi, durnam mənim,
Qəlbindəki bu nisgili
neçin duyan tapılmadı?..
Qərib-qərib ötən durnam,
Uç, dəstənə qoşul görüm!
At qəlbindən incikliyi,
kövrəkliyi -
Bir az könlü xoş ol görüm!
Kol dibində bənövşəni xatırlatdın
bir az mənə...
Boynu bükük... bir az qəmgin...
bir az əzgin...
bir az küskün...
taleyinə
Şükr eləyib yaşayandı bənövşələr,
Qərib, qəmgin könüllərə
aşiyandı bənövşələr...
Nədən mənə xatırlatdın bənövşəni?!
Göy üzündə boynubükük gördüm səni,
Bir az dalğın...
Bir az ürkək gördüm səni...
Boylanırsan dörd bir yana,
Qatarından qalan dürnam.
Uç, qanadın yorulmasın,
Öz dəstənə qoşul görüm,
Bir az könlü xoş ol görüm,
Xoş ol görüm!..
Böyük üzüntü və kədərlə yaddaşımda bitkin hala gəlmiş bu yazıya girişi bir qədər uzun, kövrək notlu, duyğulu şeirlə başlamağımın səbəbini yanlış anlamayın, əziz oxucularımız. "Qərib durna" adlı bu şeirim tələbəlik dövrümdə - 1995-96-cı illərdə yazılıb. Şeir mənim sevimli, unudulmaz müəllimim Sadiqə xanıma həsr olunub. Bu xanımı çox sevirdim. Həddən ziyadə mehriban, həlim, xoşxasiyyət, ziyalı bir xanım idi. Tələbələrinə əsl ana qayğısı və sevgi ilə yanaşardı. Sonradan hardansa öyrəndik ki, bizim əziz Sadiqə müəllimimiz ailə qurmayıb, bütün mənalı ömrünü əzizlərinə, doğmalarına və çox bağlandığı biz tələbələrinə "xərcləyib". Bunu eşidən günün gecəsi yuxum ərşə çəkildi. Gecənin bir aləmində isə bu şeir yarandı beynimdə və mən səhəri "Qərib durna" ilə açdım. Oyanan kimi kağız parçasına köçürdüyüm şeiri gündüz dərsdən sonra sevimli Sadiqə xanımıma verdim. Həmin an müəllimimin necə kövrəldiyini, necə səmimiyyətlə məni qucaqladığını bir görəydiniz! "Qızım, sən mənim həyatımı necə yaxından duyub, necə ürəkdən yazmısan bu şeiri... Doğrudan da, mən elə qərib durnayam bu həyatda!.." Hər ikimiz bir-birimizə sarılıb elə ağlamışdıq ki onda...
Həmin gün müəllimimin keçirdiyi sevincqarışıq kövrək anları heç vaxt unutmuram. Sonralardan həyatın hər üzünü gördükcə şahidi oldum ki, mənim Sadiqə müəllimim - mənim "qərib durnam" heç də tək deyilmiş, dünyada əksər insanlar dünyaya elə qərib durna kimi gəlib, həyatı qərib durna kimi də tərk edirlərmiş. Əsasən də, yaradıcı, içi dolu, mənəviyyatı saf, zəngin insanlar elə qərib durna həyatı yaşayırmışlar bu dünyada...
Bu gün eşitdiyim gözlənilməz, üzücü, acı xəbərdən sarsıldığım andaca ilk xatırladığım da nədənsə "Qərib durna" oldu. Daha bir qərib durnanın həyatdan köç etməsinə üzüldüm, ağladım, göynədim.
Süsən xanımı Təbrizdə, elə rəhbəri olduğu "El Bilimi" dərgisinin redaksiyasında görüb tanış olmuşduq. Redaksiya heyətinin və digər ziyalıların da toplandığı bu səmimi görüşü Bakıdan gedən kiçik ezamiyyət qrupumuzun üzvləri heç zaman unutmayacaqlar. Olduqca xoş, mehriban, ziyalı bir ortam yaranmışdı. Otaylı-butaylı şeir-sənət aşiqləri, alim və tədqiqatçılar, söz-musiqi biliciləri, aşıq və xanəndələrin, şair və yazıçıların çıxışları bir-birini elə ahəngdar tamamlayırdı ki... "El Bilimi" heyəti üzvlərinin qurduğu folklor səhnəcikləri, Süsən xanımın bir-birindən maraqlı şeir və hekayələrinin bədii qiraətçinin dilindən səslənməsi hər bir məclis iştirakçısını heyran qoyurdu. Beləcə bizim xoş ünsiyyətimizin, səmimi və işgüzar əlaqələrimizin əsası qoyuldu.
Ertəsi gün Təbrizli dostumuz, qardaşımız Seyid Məhəmməd Çavuşi və Süsən xanımın müşayiəti ilə biz Təbrizin çox məşhur, qədim muzeylərindən birinə getdik. Günümüzün əhəmiyyətli bir hissəsini bu muzeyin eksponatları ilə tanışlığa sərf etdik, eyni zamanda dostlarımızın dadlı-duzlu söhbətləri, verdiyi bilgilərdən çox şey qazandıq, desək, səhv olmaz. Gəzinti zamanı Süsən Nəvade Rəzinin necə məlumatlı, millətini, tarixini içdən sevən, dil və ədəbiyyatı, folklor və milli-mədəni dəyərləri yüksək səviyyədə bilən, təbliğ edən bir xanım olduğunun bir daha şahidi olduq. Bu səmimi ziyalı xanımda öyrənməli, əxz etməli yüksək mənəvi dəyərlərin olduğunu görəndə inandıq ki, Güneyimizin milli-mənəvi xəzinəsinin açarı etibarlı əllərdədir. Bu gün isə həmin etibarlı əllər sahibinin "etibarsızlığı"nı eşidəndə çox üzüldüm. Axı, biz - çox dəyərli akademikimiz, Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu və Mətanət xanım Maşallahqızı başda olmaqla, "Cənubi Azərbaycan folkloru" şöbəsinin bütün üzvləri son dövrlərdə elmi müəssisəmizdə işıq üzü görmüş çoxcildlik "Güney Azərbaycan folklor örnəkləri" kitablarında gedən materiallara görə, məhz Süsən xanıma və onun məslək yoldaşlarına borcluyuq. Artıq 15-ci cildi nəşr olunmuş bu topluların çap olunmasında Süsən Nəvade Rəzinin şəxsən özünün və baş redaktoru olduğu "El Bilimi"nin müstəsna xidməti vardır.
Ruhun şad, məkanın cənnət olsun, işıqlı, nurlu xanım! Haqqını halal et! İçimizdə bir boşluq yaranıb. Sənin o nurlu siman, işıqlı şəxsiyyətin, zəngin mənəvi dünyan, bu dünyadan boy verən gözəl şeir və hekayələrin üçün qəribsəyəcəyik, bizim "Qərib durnamız!" Sən Haqq dünyasındasan. Qoy bu qəfil uçuşun cənnətin əsrarəngiz gözəlliklərini daha da mənalandırsın, daha da nurlu etsin!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!