Əkbər Qoşalının 50 yaşına
Əkbər Qoşalının həm xalq şeirindən, folklordan qaynaqlanan, həm də sərbəst şeirimizin ənənələrinə söykənən poeziyası öz oxucusu ilə asanlıqla dil tapıb. Bəzən lirik səciyyəli, bəzən Vətənə, torpağa sevgidən ilhamlanan maraqlı şeirləri oxucularının qəlbini oxşayıb. Əkbər Qoşalı həm də o ədəbi isimlərdəndir ki, ömrünün düz yarısını yazıb-yaratmaqla yanaşı, ardıcıl və məhsuldar şəkildə ədəbiyyatımızın təbliğinə, türkdilli ölkələr və xalqlar arasında ədəbi mübadilə işinin təşkilinə həsr edib. Bu işdə çoxlu uğurlar qazanıb.
Əsərləri onlarla dilə tərcümə edilərək nüfuzlu dərgilərdə, ayrıca kitablar kimi nəşr edilib. Prezident təqaüdünə layiq görülüb. Əkbər həm ədəbiyyata, sözə, həm də həqiqi vətəndaş və ziyalı kimi dövlətə və xalqa səmimiyyətlə xidmət edib.
Çağdaş Azərbaycan şeirinin istedadlı nümayəndəsi Əkbər Qoşalının 50 yaşı tamam olur. Əkbəri təbrik edirəm. Qoy ömrü bundan sonra da elə əvvəlki kimi dolğun, yaradıcılıq coşqusu ilə keçsin.
Hörmətlə,
ANAR,
Xalq yazıçısı,
Azərbaycan Yazıçılar Birliyinin sədri
Ömrün ən gözəl çağları
İş elə gətirib ki, Əkbər Qoşalının ədəbiyyata gəlişi hardasa mənim ölkədən gedişimə təsadüf edib. Onun ilk ədəbi addımlarını atdığı otuz il bundan əvvəlin o başında mən artıq Respublika gənclik ədəbi birliyininə rəhbərlik etmirdim. Belə bir vaxtda qəzetlərin ədəbiyyat səhifələrində mənim ədəbi birlikdən tanımadığım yeni bir imza da boy göstərməyə başlayacaqdı: Əkbər Qoşalı. Yəni beləcə mən hardasa Əkbərin özüylə şəxsi tanışlıqdan əvvəl sözüylə tanış olacaqdım. Şeirlərindən haralı olduğunu kəsdirmək elə də asan deyildi. Çünki onun oxucularına təqdim etdiyi ilk qələm təcrübələri Qoşalı soyadının məndə oyatdığı Tovuz aşıq-saz mühitinə uyğunlaşmırdı. Həm də bu gənc şairin imzası qonşuluğunda Dünya Gəncləri Türk Yazıçılar Birliyinin başqanı ünvanı da çox şey deyirdi. Elə gənc yaşda belə bir təşkilat haqqında düşünmək və yaratmaq 20-23 yaşlı bir gənc üçün qeyri-adi hadisə idi. Bəlkə belə bir təşkilat haqqında düşünmək olardı, amma bu təşkilatı yaratmaq, onu işlək hala gətirmək hardasa bir adamın işi deyildi. Əkbər Qoşalı zaman içində bu düşüncəni kağızdan həyata da keçirəcəkdi. Bəlkə bu fikrim birilərinə qəribə gələ bilər - günümüzün reallığına çevrilən Türk Dövlətləri Birliyinin ilk addımları, bəlkə elə Əkbər Qoşalının ilk təşəbbüsündən başlayacaqdı, kim bilir. Belə olmasa da, o keçid dönəmində Türk Dünyası birliyi təşəbbüslərindən biri də, heç şübhəsiz, Əkbər Qoşalıya aiddir. Zaman içərisində onun yaratmış olduğu təşkilat gerçəkdən də Türk dünyasında nüfuzlu bir yerə sahib olacaqdı. Maddi imkanların qısıtlı olduğu o dönəmlərdə Türk dünyası ədəbi gəncliyini bir araya gətirmək, onların şeir səhifələrini hazırlamaq, almanaxlarını buraxdırmaq elə də asan iş deyildi. Bunu axına qarşı üzən balıq misalı, ancaq Əkbər kimi təşəbbüskar bir gənc bacara bilərdi. Heç də təsadüfi deyil ki, bu gün onun bu yöndəki xidmətləri Türk dünyasında yetəri qədər dəyərləndirilir, ayrı-ayrı ödüllərə, mükafatlara layiq görülür.
Əkbərlə ilk şəxsi tanışlığımız da elə onun Dünya Gəncləri Türk Yazıçılar Birliyinin fəaliyyətə başladığı ilk zamanlarda baş tutacaqdı. Onda biləcəkdim ki, biz Əkbərlə eyni məkanın övladlarıyıq. O zaman Birliyin Azərbaycandakı üzvləri ilə görüşüm olacaqdı. Bu ilk görüşümüz başlanan bu yolun ciddiyyətini də mənə inandıracaqdı. Və onların bir çoxunun şeirlərini Türkiyənin köklü "Çağrı" dərgisində ön sözümlə birlikdə çap etdirəcəkdim.
Dedim ki, "Qoşalı" soyadı hələ şəxsi tanışlığımızdan əvvəl ilgimi çəkmişdi və bu ilgi şübhələrimi doğruladacaqdı. Biz Əkbərlə eyni dərənin suyunu içmişik. Əkbərin doğulduğu bir kitabın iki səhifəsi kimi üz-üzə açılmış bir dağ yamacının iki yaxasında qərar tutan Qoşa kəndi həqiqətən də təbiəti ilə Tovuzun ən seçkin kəndlərindən biridir. Təbiətinin gözəlliyi öz yerində amma oradan - dağların, qayaların, meşələrin keçilməz qoynundan deyil dünyaya açılmaq, heç aşağılara - rayon mərkəzi Tovuza getmək də asan iş deyildi. Amma Əkbər əzmin zəfəri ilə deyil Tovuza, Bakıya, yavaş-yavaş dünyaya açılmağa başladı. Bitməsi çətindi daşda ağacın, Bitdimi əbədi göyərəcəkdi. Eloğlum bir şair kimi də, bir təşkilatçı kimi də bu keçən illər ərzində bir çox uğurlara imza atıb. O artıq Azərbaycanda yox, Türk dünyasında seçilib-sayılan bir fiqura çevrilib, səsi-sorağı Türk dünyasının çeşitli mərkəzlərindən gəlir...
Öz təcrübəmdən bilirəm, 50 yaş ömrün ən gözəl çağlarıdır. Bu yaş olsa-olsa gələcək uğurların sağlam özülü sayıla bilər. Hələ bu sağlam özül üzərindən nə qədər yeni ucalıqlar başlayacaq, çünki harda başlanğıc var, orda davamiyyət də olacaq. Əlli yaşın mübarək, eloğlu, daha böyük başarı və uğur diləkləriylə, sənin Məmməd əmin.
Məmməd İsmayıl
Türk dünyasında tanınan və sevilən imza: Əkbər Qoşalı
Beynəlxalq "Alaş" Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının ədəbi yaradıcılığı və ictimai fəaliyyəti qoşa qanad kimi bir-birini tamamlamaqda, necə deyərlər, tarazlıq yaratmaqdadır. Tarazlıq dedikdə ilk növbədə nəyi nəzərdə tuturam? - Söhbət fiziki parametlərdən deyil, ideyadan, ideyalı ədəbiyyatdan gedir, əlbəttə. Əlbəttə, ədəbiyyat başda olmaqla, ümumən hər bir yaradıcılıq aktı ideyaya əsaslanmasa, ideyalı olmasa, yaşarılı ola bilməz. Əkbər Qoşalının şeirləri, poemaları, hekayələri ilə, esseləri, məqalələri, müsahibələri ilə tanışlıq onu 90-cılar ədəbi nəsli içində ideyalı ədəbiyyatın ən əsas təmsilçilərindən biri, bir sıra göstəricilərə görə birincisi kimi səciyyələndirməyə əsas verir.
Əkbər Qoşalının irihəcmli əsərlərinin - "Dərvişin nağılı", "Çobanbayatı" poemalarının və "Türk dünyasında ədəbiyyat... Ədəbiyyatda Türk dünyası" məruzələrinin bu baxımdan daha təsirli olduğunu düşünürəm. Təsadüfi deyil ki, adıkeçən mövzuda məruzələr Azərbaycan Yazıçılarının son iki Qurultayında məhz ona etibar edilib və o da bu etibarı yüksək səviyyədə doğruldub. Xalq yazıçısı, AYB sədri Anarın Əkbər Qoşalının məruzəsini model məruzə adlandırması, məruzələr haqqında çoxsaylı təqdiredici rəylərin meydana çıxması, habelə ciddi alimlərin elmi əsərlərində həmin məruzəyə istinad olunması da dediklərimizi təsdiq edir.
Əkbər Qoşalı ilə yol yoldaşı olmuşam, uzun illərdir yaradıcı əməkdaşlığımız, ailəvi münasibətimiz var. 2020-ci ilin sentyabrından isə bir yerdə işləyirik. Onun, sədri olduğum Mədəniyyət Komitəsinin eksperti olaraq məhsuldar çalışmaları, məsuliyyəti şair-yazıçı kimliyi ilə yanaşı, dövlət qurumlarında uzunmüddətli və səmərəli iş təcrübəsindən, bu təcrübənin yüksək əyarından xəbər verir.
Onu Türk dünyasının hər yerində tanıyır, bilirlər, yaradıcılığına, ictimai fəaliyyətinə sayğı duyurlar. O, Türk dünyası gənc yazarlarının Azərbaycan mərkəzli beynəlxalq platformasının - Dünya Gənc Türk Yazarlar Birliyinin qurucusu və ilk başqanı olub. Azərbaycan Yazıçılar Birliyi, Milli QHT Forumu və CASCFEN-nin İdarə heyətinin, Azərbaycan Jurnalistlər Birliyinin, bir sıra digər uyğunprofilli qurum və quruluşların üzvü yaxud fəxri üzvüdür. 2022-ci ildə Türk Ədəbiyyatı Vəqfinin şərəf üzvü, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü seçilib. Özbəkistanın "Kitab dünyası" qəzetinin Azərbaycan təmsilçisidir.
Əkbər Qoşalı Azərbaycan dövlətinin, qardaş respublikaların, ortaq türk qurumlarının, digər çoxsaylı qurum və quruluşların mükafatları ilə təltif olunub. Bu, onun yaradıcı və ictimai fəaliyyətinə, xidmətlərinə verilən dəyərin ifadəsidir.
Dəyərli qardaşımızın 50 illik yubileyi münasibəti ilə təbrik edir, ona yeni yaradıcılıq uğurları diləyirəm!
Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri
Əkbər Qoşalının 50 yaşına...
Şairlər var obrazlarla danışır, təşbeh və məcazlarla; şairlər var hikmətlə danışırlar; şairlər var sükunət halıyla ətrafa sarılırlar, buna ruslar "sozersaniye" deyirlər; şairlər var nitqə sarılırlar, həmişə istənilən şairdən böyük olan xalqın dilinə-bir növ öz kiçik, məhdud reallıqları ilə böyük dilin arasındakı maneəni götürüb yazır, "canbir" olurlar dillə (bu o şeydi ki, "şüuraxını" deyir ədəbiyyatşünaslıq buna), bilmirəm, bilirlərmi-bilmirlərmi ki, obraz da, təşbeh də, məcaz da, hikmət də, ətraf da elə nitqdədir, lap düzü, sözüylə özü bir olan xalqın dilində. Əkbər Qoşalının "Çobanbayatı" poemasını oxuyar-oxumaz ağılma ilk gələn elə indiyəqədərki bu fikirlər oldu.
***
Biz poeziyanın "poemasız" dövründə yaşayırıq. Və xatırlamağa çalışıram, son iyirmi ildə hansı poemaları oxumuşam? Yaddımda nələr qalıb? Qeyd dəftərçəmi, yaddaşımı vərərəqləyə-vərəqləyə sevdiyim poemaların natamam siyahısını çıxa-rıram: Zəlimxan Yaqubun, Vaqif Səmədoğlunun, Kəramət Şükürovun, Çingiz Əlioğlunun, Mübariz Məsimoğlunun - "Sürgün", "Şəffaf balıq", "Atamın məktublarına cavab", " Bayquş", "Diaspora", "Mühacir" poemalarını xatırlayıram... Biri də elə indi əlavə olundu: "Çobanbayatı".
Heç vaxt bu qədər dərin bədii-etnoqrafik yükü olan poetik əsər oxumamışam. Özü də təcrübəm məni aldatmırsa, 3-4 fraqmenti çıxmaq şərtilə bütünlüklə birnəfəsə yazılıb əsər, sərbəstlə hecanın qəribə kombinasiyalarıyla təzahür edib.
Fikirləşirəm ki, əgər "Azərbaycanşünaslıq" üzrə təhsil proqramı olsaydı, axıcı, müasir və eyni zamanda xəlqi dillə yazılan bu əsəri "mütləq oxu" siyahısına salmaq lazım gələcəkdi. Burda nələr yoxdu?! Aşıq sənətinin "minimumları", milli mətbəxin böyük bir "süfrəsi", müxtəlif nəsillərin uğurlu-uğursuz taleyi, unudulmuş sözlərin dirçəlişi, iman, inam, liriklik, epiklik...
Və fikirləşirəm ki, şair Əkbər Qoşalı yalnız bu əsəri, yalnız və yalnız bir bu əsəri yazmış olsaydı, bəs edərdi. Əziz Əkbər Qoşalını bu gözəl əsər münasibətiylə təbrik edirəm, inanıram ki, bizim "ədəbi tənqid" adəti üzrə gecikməyəcək, əsər haqqında fikrini deyəcək.
***
Əziz həmkarım Əkbər Qoşalının 50 yaşı ərəfəsində yazdığım bu yazıda xatırlamağa borc bildiyim ikinci əsəri "Əziz Şuşa" şeiridir (bu əsərlə poemadan daha əvvəl tanışam). Gözəl Şuşa haqqında son iki ildə çoxlu bir-birindən fərqli, iste-dadlı, səmimi poetik əsərlər yazılıb və yenə də yazılacaq; bu əsərlərin hamısı bizim üçün əz azı Şuşanın xətrinə əziz olacaq. Amma Əkbərin şeirində qəribə bir deyiş vardı:
Mənim qədim ölkəmin
hər şəhəri əzizdir.
Şəhərlər inciməsin,
ancaq bu söz elə bil,
sənin üçün yaranıb,
sənin üçün biçilib:
Əziz Şuşa!
İlk baxışdan poetik anlamda adi görünən bu sətirlərdə çoxumuzun şahidi oldu-ğumuz undulmaz bir fakt təsdiq tapırdı;Şuşa alınan gün və sonrakı günlər Ali Baş Komandanın dilindən səslənən "Əziz Şuşa" xitabının xüsusi bir enerjisi vardı ki, Əkbərin şeiri, misraları həmin enerjini özünə hopdurub sankı. Məhz bu xüsus şeiri "dokument" olmaqdan həm xilas edir, amma eyni zamanda o "fakt və dokumentlə" əlaqəni qırmadan onu bədiiləşdirir.
***
"Sözlərim yol çəkir, yol...", "Sevinə bilirəm, Tanrım", "Əlini ver əlimə" və başqa şeirlərini xatırlayıram Əkbər Qoşalının. Fikirləşirəm ki, ilk növbədə şair olan Əkbər Qoşalının sözləri yalnız yol çəkmir, həm də vətəndaş olmağın "yol xəritəsi"ni çəkir, necə ki, indiyəqədər bəlkə də tən yarısını ədəbiyyata, sözə bağladığı 50 illik ömründə həmişə çəkib.
***
Bu gün, şükür Allaha, Türkiyə ilə, digər türk dövlətləri, topluluqları ilə hamımızın əlaqəsi, ədəbi "get-gəli" var; sanki bir az hamı da qədimdən qədim "türkçü"dür, olsun, nolar. Amma mən 90-ların sonunu, 2000-ci illərin lap əvvəlini xaıtrlayıram. Və o illərdə türk arealının ədəbiyyat meydanları arasında tək bir körpüsalan görürəm. Ardıcıl, məqsədyönlü, həqiqi vətəndaş və istedadlı şair, ədəbiyyatçı kimi çalışan Əkbər Qoşalını.
Əziz dostum, səni 50 yaşın münasibətilə təbrik edirəm. Uzun və xoşbəxt yaşa!
Qoy vətəndaşlıq və şairlik adındakı kimi ömrünün bundan sonrakı illərində də qoşa olsun. Qalan sözlərimi şifahi deyərəm; bilirsən ki, şeir şifahi hadisədir, hətta yazılsa belə.
Səmimiyyətlə,
Səlim BABULLAOĞLU
Milyon illik sevginin əlli illik taleyi
Hamımız gənc idik, həm də çox gənc. Ədəbi mühitdə bizi heç gənc yerinə də qoyan yox idi. Onlarla gənc, eyni nəsil, təcrübəsiz və kiçik addımlarla hara gedirdiksə, bizi mədəni şəkildə qovurdular. Təzə-təzə yeriyən uşaqlar kimi, ilantutan vaxtımız idi, əlimizi nəyə uzadırdıqsa "cız, olmaz", - deyib əlimizin üstündən vururdular. Düz-əməlli şeir də yaza bilmirdik, amma içimizdə dəli bir sevda var idi, söz sevdası. Yekə-yekə ədəbiyyat adamları bizi görəndə burnunu yan çevirib gedirdi. Birdən bir adam gəldi... O adam Əkbər Qoşalı idi. Bütün gəncləri bağrına basdı.
O vaxtlardan illər keçib. İndi o gənclərin hərəsi bir vəzifədə, bir mövqe sahibidir. Əksəriyyəti ədəbi mühitdə özünə ad-san qazanıb. Əkbər Qoşalı təkcə bizi bağrına basıb böyük qardaşlıq etmədi, bizə həm də şeirdə, hekayədə vətəni sevməyi, xalqı sevməyi öyrətdi, millətə bağlılığı, türkçülüyün böyüklüyünü göstərdi. Təbii ki, hamını bağrına basa bilmək, hamıya sevgisini çatdırmaq, bölmək Əkbər Qoşalının xalq, millət, vətən sevgisindən irəli gəlirdi, milli dəyərlərə bağlılığından, azərbaycançılıq, türkçülük sevdasından qaynaqlanırdı.
Əkbər Qoşalı bir insan kimi də, vətəndaş kimi də, yazıçı, şair kimi də öz yanaşması, öz tərəfi olan ziyalıdır. Onun şair taleyi, şeir dili həmişə fərqliliyi ilə seçilib:
Bəlkə də bir gələn var,
Gözlərim yol çəkir, yol;
Ölü dillər kimiyəm,
Sözlərim yol çəkir, yol...
Göy ulu, yer yağızdı,
Hər dua bir ağızdı;
Bu - qələm, bu - kağızdı,
Özləri qol çəkir, qol...
Uzaq yolum təngiyir,
Uzun qolum ləngiyir;
Sağ gözümdü səyriyir,
Ürəyim sol çəkir, sol...
Təbii ki, ürəyi sol çəkən şairin gözləri də yol çəkər, sözləri də. Çünki ürəyimiz solumuzdadır, içində isə vətən var, millət var, eşq var, sevdiklərimiz, doğmalarımız var.
Əkbər Qoşalı obrazı təkcə ədəbiyyatda deyil, cəmiyyətdə də sevgi elçisi kimidir. Əkbər Qoşalı Tanrıdan sevgi gətirib. Sevgi paylamaq, sevgi yaymaq din yaymaqdan da çətindir. Çünki onu sən yox, sol tərəfin edir, ürəyin. Bu mənada Əkbər Qoşalı sevgi ənamçısıdır. Yolda qarşısına çıxan dilənçi uşağa bir təbəssüm sədəqə vermək, kefsiz dostunun bir kəlmə xoş sözlə könlünü açmaq, hamını bağrına basa bilmək, sevmək elə sevgi peyğəmbəri olmaq demək deyilmi? Şair özü də bir şeirində belə deyir:
Dindən əvvəl Sevgi özü Din idi,
Onda aşiq - yardı, onda yar - aşiq.
Əvvəl sözün susma idi, din idi,
İndi isə susmaq olub yaraşıq.
Böyük düşünən və böyük sevən insanlar üçün vətən sevgisi alidir. İnsan böyük sənətkar ola bilər, mütəxəssis ola bilər, böyük ixtira sahibi ola bilər, amma cılız düşünər. İnsanın böyüklüyü böyük düşünən və böyük sevənliyindən görünür. Bu mənada, Əkbər Qoşalı vətən sevgisi ilə yoğrulmuş şeirlərinin birində Şuşaya xitabən deyir:
Biz səni tərk etmişdik,
Sən bizi tərk etmədin.
Biz səndə olmasaq da,
Can, Şuşa, sən bizdəydin!
Əkbər Qoşalı hər gün yenidən aşiq olan adamdır. Yazında çiçəyinə, yayında günəşinə, payızında yarpağına, qışında qar dənəsinə aşiq olmaq torpağı, havanı, suyu, odu sevməkdir, yəni vətənə aşıq olmaqdır. Tanrı sevgisi, bəndə sevgisi də bunların içindədir. Şair özü belə deyir:
Mən ona hər gün aşiqəm,
O mənə... - bilə bilmirəm.
Xəyalıyla dərdləşirəm,
Özünə... - dinə bilmirəm.
Can deyirəm, canım olmur,
Sevirəm sultanım olmur,
Olmur, bə, ay canım, olmur,
Könlümdən silə bilmirəm.
Necə ki, vətəni nə qədər sevsək də azdır, çünki sevgi sevdikcə çoxalır, Əkbər Qoşalı haqqında nə qədər yazsaq da azdır. Çünki Əkbər Qoşalı bir məktəbdir. Eşq məktəbi, sevgi məktəbi, insanlıq məktəbi. İndi Əkbər müəllimin 50 yaşı tamam olur. Milyon illik sevginin əlli illik taleyi Əkbər Qoşalıda cəmlidir. Yarım əsrlik sevgin mübarək olsun, abi.
Elşad BARAT
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!