Köln, Əhməd Şmide və vəfa - Orxan ARAS

Orxan ARAS

 

 

Kölndə təyyarədən düşəndə üzümə dəyən soyuq yağış damcıları məni ürkütdü. Bu il qar çox yağmasa da, qış yağışı, soyuqluğu və küləyi ilə Almaniyanı hələ tərk etməmişdi. Yaş və qaranlıq yollarda maşınla evə gedəndə Azər Turanın telefonuma göndərdiyi xəbəri oxuyurdum: Əhməd Şmidenin adı layiq olduğu kimi Bakı Dövlət Universitetinin fəxri doktorları siyahısında bərpa edilib.

Evə çatan kimi ilk işim bu şad xəbəri Əhməd Şmidenin Kölndə yaşayan oğlu Hasan Şmideyə çatdırmaq oldu. O da bu xəbəri səbirsizliklə gözləyirdi. Bir neçə həftə əvvəl ona bildirdim ki, Bakıda Əhməd Şmideni unutmayan insanlar bu işdə böyük səy göstərirlər. Ona sadiq dostum Azər Turanın "Ədəbiyyat qəzeti"ndə Hasan Şmidenin atası haqqında bir-birinin ardınca yazdığı iki yazıdan danışanda çox təsirləndi, kövrəldi. İndi bütün bu arzuların həyata keçməsi xəbərini ona çatdırmalı, birlikdə atasının ruhunu şad etməli idik.

Bəlkə də işdədir, narahat olmaması üçün əvvəlcə mesaj göndərdim. Beş dəqiqə sonra mesajıma cavab verdi. Mesajda alman dilində, "Allah sizi qorusun və sevincdən qarnım deşilir" yazmışdı. Onun niyə belə qəribə, anlaşılmaz mesaj yazdığını başa düşə bilmədim. Dərhal zəng etdim. O, atasının səsinə bənzər səslə "salam" dedikdən sonra güldü. "Əziz dostum, bu xəbəri eşitdiyimə çox şadam, sizə nə qədər təşəkkür etsəm azdır" dedi. Bitirdikdən sonra: "Bəs bu nə sözdür? Nə demək istədin? Qarnım deşilir də nə deməkdir?" - deyə soruşdum.

Yenə uzun-uzun güldü. "Deməli, siz Berlincəyi bilmirsiniz" dedi. "Berlin ləhcəsində bu ifadə sizin dilinizdə "Sevincimdən bayıldım" kimi fərqli bir məna daşıyır."

Daha sonra üzünü heç görmədiyi, səsini eşitmədiyi Azər Turan haqqında tərifli sözlər söylədi. O bildirdi ki, dünyada hələ də belə sadiq insanların olması ona ümid verir. Həqiqətən də Azər Turan yazdığı hər iki yazıda Əhməd Şmideni yenidən Azərbaycanın gündəminə gətirdi. Onun 1968-ci ildən başlayan Azərbaycana sevgisi, oradakı Bəxtiyar Vahabzadə kimi dostları ilə münasibəti, mərhum prezident Heydər Əliyevlə dostluğu hər iki yazıda çox gözəl ifadə olunmuşdu. Əhməd Şmidenin Azərbaycan ədəbiyyatının təbliğindəki əhəmiyyətini və yerini çox diqqətlə qələmə alan Azər Turanın zəhməti və ümidləri boşa getmədi və Əhməd Şmidenin adı Bakı Dövlət Universitetinin fəxri doktorları siyahısında yenidən göründü. 

A.Turanın yazısı çap olunandan sonra Bəxtiyar Vahabzadənin oğlu Azər Vahabzadə mənə həyəcan və xatirələrlə dolu telefon açdı. Azər Vahabzadə mənə telefonla Əhməd Şmidenin oğlu Hüseyin Şmide haqqında danışdı. Onun Bakıda uşaqlıq xatirələri Azər Vahabzadənin yaddaşında canlı qalmışdı. Mən Həsənə onun dediklərini də dedim. Gözləri yaşla doldu: "Atamın hər zaman böyük ehtiramla yad etdiyi Bəxtiyar Vahabzadənin oğlu Azər Vahabzadəyə salamlarımı çatdırın" - dedi.

Öz təbirincə desək, "türkdilli prussiyalı" Hasan, atası kimi yazıçı olmasa da, onun üzündə və ruhunda hələ də atasının kəskin izləri vardı. İstanbuldan olan həyat yoldaşı, uşaqları (oğlunun adı Əhməddir) türk adı ilə atası kimi Kölndə türklərlə çox yaxın əlaqələr qurur, dostluqlarını davam etdirir. Peşəsi mühəndis olsa da, atası haqqında çıxan nəşrləri diqqətlə izləyir və yanlış məlumatlara dərhal müdaxilə edərək həqiqəti yazmağa səy göstərir. O, həm də atası haqqında çap etdirmək istədiyi memuar üzərində işləyir.

Mən nəhayət ondan bütün bu səylərlə bağlı hisslərini soruşdum. "İlk öncə, artıq adını əzbərlədiyim Azər Turana, daha sonra Bakı Dövlət Universitetinin rektorluğuna dərin minnətdarlığımı çatdırın". Danışarkən tez-tez ah çəkirdi. Onun emosional olduğunu və fikirlərini ifadə etməkdə çətinlik çəkdiyini görürdüm. Amma Kölndə olsa da, ruhunun Azərbaycanda olduğunu anladım. Mənim üçün də vacib olan bu idi. Hamımızın ruhunu işıqlandıran bir ölkə vardır, uzaqlarda olsaq da, bir gün o işığa yenidən qovuşmaq ümidi ilə yaşayırıq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!