Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir.
Bir sıra xalqlar qədim zamanlardan yaz fəslinin gəlişini təbiətin canlanması ilə əlaqələndirib, bu münasibətlə şənliklər keçirib yazın gəlişini yeni ilin başlanğıcı kimi bayram ediblər. Ölkəmizlə yanaşı, İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bir çox Şərq ölkələrində baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. “Novruz” – hərfi mənada “yeni gün” deməkdir. Amma ifadə etdiyi mərasim semantikasına görə keçidin bitməsi və yeni nizamın başlanğıcıdır. Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və s. də deyilib. “Novruz” anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir.
Xalqımız əsrlərdir ki, bahar fəslinin gəlişini bayram kimi qeyd edir. Novruz bayramının xalqımızın tarixində, mədəniyyətində, məişətində mühüm yeri var. Ölkəmizin hər yerində qeyd edilən bayram hər bölgədə özünəməxsus şəkildə qeyd edilir. Novruz şənliklərinin oxşarlıqları və fərqli cəhətləri çoxdur, belə olması Novruz adət-ənənələrinə zənginlik qatır. Tarix boyu Novruz bayramının bu zənginlikləri, gözəllikləri, fərqlilikləri yazarların, şairlərin, sənət adamlarının da diqqətindən kənar qalmayıb.
Novruz bayramının adət-ənənələri, Novruz şənliklərinin necə keçirilməsi, atributları haqqında ədəbiyyatımızın klassikləri ilə yanaşı çağdaş yazarlarımız da yaradıcılığında çoxlu nümunələrə rast gəlmək mümkündür. Xəqani Şirvani şeirlərində, Nizami Gəncəvinin “İsgəndərnamə”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemalarında, Qazi Bürhanəddinin qəzəllərində, Kişvərinin yaradıcılığında, Məhəmməd Füzulinin, Molla Vəli Vidadinin, Molla Pənah Vaqifin, Hüseyn Cavidin, çağdaşlarımızdan Mikayıl Müşfiqin, Fikrət Qocanın, Ramiz Rövşənin yaradıcılığında Novruzla, İlaxır çərşənbə ilə bağlı nümunələr var. Orta əsr şairlərimizdən Həqiri, Sururi yaradıcılığında, Qətran Təbrizi “Divan”ında, Ömər Xəyyamın “Novruznamə”sində, Nizamülmülkün “Siyasətnamə”sində, Mirzə Fətəli Axundzadənin “Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-müsyo Jordan həkimi-nəbabət və dərviş Məstəli şah-caduguni-məşhur”, “Sərgüzəşti-vəziri-xani Lənkəran” əsərlərində Novruz bayramından bəhs edilib.
2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i Beynəlxalq Novruz Günü elan edilib.
Azərbaycan ədəbiyyatının Novruz bayramı və onun atributlarına həsr edilmiş çoxlu ədəbiyyat nümunəsi var...
İmadəddin Nəsimi
“Oldu yenə”
Mövsimi-novruzü neysan aşikar oldu yenə,
Şəhrimiz şeyxi bu gün xoş badəxar oldu yenə.
Qönçədən gül baş çıxardı, saldı üzündən niqab,
Bülbülü-şeyda xətibi-lalazər oldu yenə.
Əski dünya yengi xələt geydi bu mövsümdə uş
Çöhrəsi dövrü bu gün nəqşü nigar oldu yenə.
Nərgisi gör cam əlində mey sunar ariflərə,
Cümləsin məst eylədi, kəndi xumar oldu yenə.
Badə içmək rövzədə gər sən dilərsən hur ilə,
Yar əlin tut, bağçaya gir, novbahar oldu yenə.
Saqiya, cami gətir kim, mən uşatdım tövbəmi,
Əski təqvimim mənim bietibar oldu yenə.
Sən Nəsimi razini, ey dan yeli, yarə yetir.
Kim anın halı pərişan, biqərar oldu yenə.
Məhəmmədhüseyn Şəhriyar
“Heydərbabaya salam” poemasından bir hissə
Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.
Şal istədim mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaçdım, şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.
Heydər Baba, Mirzəmmədin bağçası,
Bağçaların turşaşirin alçası,
Gəlinlərin düzmələri, taxçası
Hey düzülər gözlərimin rəfində,
Heyimə vurar xatirələr səfində.
Bayram olub, qızıl palçıq əzərlər,
Naqqış vurub, otaqları bəzərlər,
Taxçalara dizmələri dizərlər
Qız-gəlinin fındıqçası, hənası,
Həvəslənər anası, qaynanası.
Baxıcının sözü-sovu, kağızı
İnəklərin bulaması, ağızı,
Çərşənbənin girdəkanı, mövizi
Qızlar deyər: “Atıl-matıl, çərşənbə,
Ayna təkin bəxtim açıl, çərşənbə”.
Yumurtanı göyçək, güllü boyardıq,
Çaqqışdırıb sınanların soyardıq,
Oynamaqdan bircə məgər doyardıq,
Əli mənə yaşıl aşıq verərdi,
İrza mənə novruzgülü dərərdi.
Mikayıl Müşfiq
“Bayram axşamı”
Yadımdadır çocuqluqda
Əziz bayram gecələri...
Anam, atam, üç qardaşım,
Qoca nənəm, bir də əri.
Toplaşırdıq bir süfrənin
Gülə-gülə dövrəsinə.
Nənəm derdi: -Qurban olum
Yaradanın süfrəsinə.
Bir sininin kənarında
Yaxılırdı iki-üç şam,
Qarşımızda şəkərbura,
Noğul-nabat, püstə-badam.
Hələ üskü axşamları,
Qiyamətdən nişanədir.
Oynamaqçın çocuqlara
Böylə günlər bəhanədir.
Ocaq yaxıb, od qalayıb
Üzərində atlanırdıq.
Oynayırdıq yorulduqca,
Yorğunluğa qatlanırdıq.
“Gün çıx” deyə, “gün çıx” deyə
Çalxanırdı sevincimiz.
“Kəhər atı min çıx” deyə
Qışqırırdı ən dincimiz.
Əynimizdə təzə paltar,
Başımızda təzə papaq.
Odlu məşəl əlimizdə
Dolaşırdıq soqaq-soqaq.
Qışqırırdıq, bağırırdıq
Ölçə-ölçə küçələri.
Söz qısası, xoş keçirdi
Bizə bayram gecələri.
Sabah Novruz bayramıdır
Deyə-deyə yatıyorduq,
Çəkdiyimiz acıları
Sevinclərə qatıyorduq.
Bu axşamsa mən yalnızam,
Ətrafımda yox bir kimsə.
Qapdırmıyor bu yalnızlıq
Fəqət məni qeyri-hissə.
Mən bu gecə sabahı bəkliyorum səbirsiz,
Sabah məndən xəbərsiz
Anlamıyor həycanımı, duyğumu;
Zəncirləyib gözlərimdə uyğumu.
İçində bir yatağan qıvrılıb gərinmədə,
Xəyalən xəyalıma al şəfəqlər sinmədə.
Yox, bu gecə mən özümdən fərqliyəm.
Qarşımda bir kalendar...
Baxmaqdayım, baxınmaqda haqlıyam.
İstiyorum bir ruzgar
Pəncərəmdən əsə-əsə
Birnəfəsə,
Bu gecəyi unudulmuş gecələrə çevirsin.
Bir ruzgar ki, şəffaf barmaqlarilə
Bir vuruşda devirsin
Son dəmini yaşayan bu yaprağı,
Bir ruzgar ki, büllur dırnaqlarilə
Tırmalasın otuz deyə mana baxan varağı.
Bu varağın arxasında
Çünki şanlı bir mayis var,
Bir mayisin yaxasında
Qıpqırmızı bir köküs var.
Bir köküs ki, yeni həyat
Sevdasilə dalğalanır.
Üfüqlərdə çalıb qanat
Şəfəqlərdə yırğalanır.
Odur ki, mən sabahı bəkliyorum səbirsiz,
Sabah məndən xəbərsiz
Anlamıyor heycanımı, duyğumu;
Zəncirləyib gözlərimdə uyğumu
İçində bir yatağan qıvrılıb gərinmədə,
Xəyalən xəyalıma al şəfəqlər sinmədə.
Mirvarid Dilbazi
“Bahar bayramı”
Salamladıq bülbülü,
Açıldı novruzgülü.
Bağlarda quşlar ötdü,
Nərgiz, bənövşə bitdi.
Gəldi bahar bayramı,
Şənlik etdi el, hamı.
Günəş öpdü çəməni,
Evdə qoyduq səməni.
Qarşıladıq Novruzu,
Şamlar sarı, qırmızı.
Gəldi bahar bayramı,
Şənlik etdi el, hamı.
Süfrələr bər-bəzəkli,
Üstü şirin çörəkli….
Nimçələrdə yer-yemiş,
Şəkərçörəyi, kişmiş.
Gəldi bahar bayramı,
Şənlik etdi el, hamı.
Pıçıldaşdı bülbüllər,
Bəzədi bağı güllər.
Saldı zoğal və alça
Yerə çiçəkdən xalça.
Gəldi bahar bayramı,
Şənlik etdi el, hamı.
Abdulla Şaiq
“Bahar bayramı” və ya “Səməni”
Ey səməni, saxla məni
Hər il göyərdərəm səni.
Ayaq basdın ölkəmizə,
Bol-bol şənlik gətir bizə.
Çatır-çatır yansın ocaq,
Şadlıq etsin oğul-uşaq.
Sünbül saçlı tarla, əkin
Parıldasın qızıl təkin.
Bağlar bəzək vursun yenə,
Quşlar məclis qursun yenə.
Budaqlarda axşam, səhər,
Şəfəq saçsın şux meyvələr.
Sevincimiz başdan aşsın,
Bahar, günəş qucaqlaşsın.
Fikrət Qoca
“Bayram axşamlarında”
Yollar əlvan boyanar,
Evlərdə arzu yanar,
Gözlərə sevinc qonar,
Bayram axşamlarında…
Nəğmə olur dalğalar,
Qış dönüb olar bahar.
Göydən məhəbbət yağar,
Bayram axşamlarında…
Hər tərəf işıq olur,
Başqa yaşıllıq olur.
Göy yerə aşıq olur
Bayram axşamlarında.
Hazırladı: Nilufər Hacılı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!