Hörmətli Vəliyəddin müəllim,
Mən də Sizin kimi o xoşbəxt insanlardanam ki, mənə Ulu öndərimizin hakimiyyətdə olduğu bütün zamanlarda onun titanik fəaliyyətini izləmək və Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu dahi şəxsiyyətin xalq qarşısında, dövlət qarşısında misilsiz xidmətlərinin şahidi olmaq qismət olub. Hətta ümummilli liderimiz və möhtərəm Prezidentimiz İlham Əliyev haqqında "Xilaskarlar" adlı kitab da yazmışam.
Heydər Əliyev Azərbaycan tarixində böyük hadisə, epoxadır.
Lakin yaxın keçmişə nəzər salmadan Heydər Əliyev epoxasını dərk etmək, Azərbaycan xalqının gələcəyi naminə həyata keçirdiyi möhtəşəm işləri təsəvvür etmək çətindir. Bu baxımdan möhtərəm Prezidentimiz İlham Əliyevin xüsusi sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi təsadüfi deyildir. Bu, bizə imkan verir ki, Ulu öndərimizin gördüyü möhtəşəm işlərə bir daha nəzər salaq, onun böyüklüyünə və müdrikliyinə heyranlığımızı nümayiş etdirək.
Sizin "Nəsillərə örnək insan" kitabınızın əlyazmasını oxuyaraq qəti qənaətə gəldim ki, böyük şəxsiyyətlər haqqında mötəbər sözü böyük həyat təcrübəsi olan, dünyanın keşməkeşlərindən başı çıxan, ziyalı kimi xalq arasında nüfuzu olan, ictimaiyyət arasında söz sahibi olan, buna mənəvi haqqı olan adamlar deyəndə daha mötəbər olur.
Bununla belə, bir daha dərk etdim ki, Heydər Əliyevə kitab həsr etmək üçün yuxarıda sadaladığım keyfiyyətlər kifayət deyilmiş. Bunun üçün Ulu öndərə dərin məhəbbət də əsas imiş.
"Nəsillərə örnək insan" kitabınızın əlyazması, məqalələriniz, ona ünvanladığınız teleqram və məktublarla, tərtib etdiyiniz Qarabağ və Azərbaycanın digər işğal olunmuş rayonlarının, siz daxil görkəmli şəxsiyyətlərinin Heydər Əliyevə həsr olunmuş "Xalqın səsi - haqqın səsi" adlı məqalələr toplusu ilə tanışlıqdan sonra o dahi şəxsiyyətə məhəbbətinizi dərindən duydum. Hiss etdim ki, bu məhəbbət kor-koranə məhəbbət deyil. Bu məhəbbəti qazanana qədər uzun bir həyat yolu keçibsiniz. S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Zaqafqaziya Komsomol Məktəbini, sonra Bakı Ali Partiya məktəbini bitiribsiniz. Partiya, təsərrüfat sahəsində çalışmısınız. Ulu öndərin xeyir-duasından sonra Kəlbəcər rayon Xalq Nəzarəti Komitəsinin sədri kimi Azərbaycanın ictimai-siyasi həyatında məktəb keçmisiniz.
Ulu öndərin qəbulunda olmağınızı necə də səmimiyyətlə qələmə alıbsınız. Kitabınızda bu barədə geniş danışdığınızdan burada təkrara ehtiyac duymadım.
Vəliyəddin müəllim, 1982-ci ildə baş verən, iştirakçısı olduğunuz iki əlamətdar hadisədən yerli-yataqlı danışmağınız oxucuya düşünmək üçün zəngin material verir. Yazırsınız:
"1982-ci ilin sentyabr ayının 26-da bizi Bakıya, "Azərbaycan SSR-ə "Lenin ordeni" təqdim olunmasına həsr edilmiş təntənəli iclasa dəvət etmişdilər. Tədbir indiki Heydər Əliyev adına sarayda keçirilirdi. Çox təntənəli tədbir idi. O vaxtlar respublikanın bu yüksək ordenlə təltif edilməsi tarixi bir hadisə idi. Bu ordenin ardınca respublikaya külli miqdarda vəsait daxil olurdu, iqtisadiyyat güclənirdi. Respublika əhalisinin maddi-rifah halı yüksəlirdi. Zəhmətkeşlərə çoxlu sayda minik maşınları, məişət avadanlıqları və s. verilirdi. Bu, Heydər Əliyevin İttifaq miqyasındakı nüfuzundan, ölkə rəhbərinin ona olan inamından, etimadından irəli gəlirdi".
Nə gizlədim, sizin yazınıza qədər Respublikamıza "Lenin ordeni"nin verilməsinin əhəmiyyətini o qədər də dərindən dərk etmirdim.
Vəliyəddin müəllim, 1982-ci ilin oktyabr ayının 22-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Plenumuna dəvət olunduğunuzdan, bir çoxları kimi ikili hisslər keçirdiyinizdən söz açırsınız.
Heydər Əliyevin Politbüronun üzvü olaraq SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini kimi yüksək vəzifəyə çəkilməsinə bir tərəfdən sevinir, digər tərəfdən qəhərləndiyinizi gizlətmirsiniz. Bu barədə sonralar yazıbsınız: "Azərbaycan dövlətçiliyinin son bir qərinəlik (25 illik - Q.P.) tarixinin məntiqə söykənən təhlili göstərdi ki, öz vətənimizdə didərgin, köçkün düşməyimizin başlıca səbəblərindən biri 1982-1993-cü illərdə Azərbaycanda güclü və qətiyyətli dövlət başçısının olmaması olub".
Onu da əlavə edək ki, Heydər Əliyevdən sonra hakimiyyətə gələnlərdə rəhbərlik etmək keyfiyyətlərinin olmaması da az rol oynamadı.
Vəliyəddin müəllim, tərcümeyi-halınıza nəzər salanda gördüm ki, qaçqınlıq, köçkünlük dövründə də bir gün belə ölkəmizin ictimai-siyasi həyatından ayrılmamışsınız. Müxtəlif vəzifələrdə xalq qarşısında gərəkli işlər görübsünüz.
1998-ci il prezident seçkilərində Azərbaycan Respublikasının prezidentliyinə namizəd Ulu öndər Heydər Əliyevin Mərkəzi Seçki Qərargahının üzvü, Qarabağın və digər işğal olunmuş - Kəlbəcər, Laçın, Şuşa, Ağdam, Xocalı, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Xocavənd, Ağdərə rayonlarının seçicilərinin təşəbbüs qrupunun rəhbəri olmusunuz.
Şəhriyar adına Mədəniyyət sarayında təşəbbüs qrupunun yaradılması və namizədliyin irəli sürülməsi üçün Əliş Ləmbəranski, Süleyman Ələsgərov, Arif Babayev, Rizvan Paşayev, Ramiz Quliyev, Vasif Adıgözəlov, Qəmbər Qurbanov kimi ağsaqqalların, elm və mədəniyyət xadimlərinin iştirak etdiyi yığıncağı aparmağın sizə həvalə olunması ictimaiyyət arasında böyük nüfuzundan xəbər verir.
Təsadüfi deyil ki, 1998-ci il Prezident seçkilərində sizə Ulu öndərimizin səlahiyyətli nümayəndəsi olmaq kimi məsuliyyətli və şərəfli bir iş etibar edilmişdi.
Mərkəzi Seçki Komissiyası səlahiyyətli nümayəndənin qeydə alınması haqqında 1№-li Şəhadətnaməni sizə təqdim etmişdi. Siz o xoşbəxt insanlardansınız ki, sizə o təkrarsız şəxsiyyətlə təmasda olmaq qismət olmuşdur. Prezidentliyə namizəd Heydər Əliyevlə ilk görüşlərdən birini, Ulu öndərin dediklərini fəxrlə, qürurla xatırlayırsınız. Nə yaxşı ki, onun fikirlərini olduğu kimi kitabınıza daxil edibsiniz:
- Heç bir xarici qüvvələrin bizim işimizə, demokratik seçkilərimizə müdaxilə etmək haqqı yoxdur. Prezident seçkilərinin taleyini xalq həll edir. Mənim prezidentliyə ilk namizədliyimi barınmış, təmənnalı adamlar, iqtidar yönümlü təşkilatlar yox, sadə xalq kütləsi, torpağını itirmiş məcburi köçkünlər, əzab-əziyyətlər çəkən Qarabağın əhalisi verdi. Mən "Qarabağın və digər işğal olunmuş rayonların seçicilərinin təşəbbüs qrupu"nun toplantısına televiziyada baxdım. Xalqın dövlətə, dövlətçiliyimizə və mənə olan istəyini bəzi qüvvələr görmədimi?
Təşəbbüs qrupunun rəhbəri İsmayılov bizim "Mərkəzi Seçki Qərargahı"nın üzvüdür. O, bizim dövrdə gənclər təşkilatında, partiya, təsərrüfat orqanlarında böyük həyat yolu keçmiş adamdı. Sağ olsun!
Vəliyəddin müəllim, Ulu öndərin haqqınızda xoş sözlər deməsi, əməyinizi qiymətləndirməsi çox mətləblərdən söz açır.
Qardaşım, "Nəsillərə örnək insan" kitabının ən yaxşı məziyyətlərindən biri də Mərkəzi Seçki Qərargahının üzvü kimi Ulu öndərin seçicilərlə bütün görüşlərində iştirakınız zamanı diqqətinizi çəkən bəzi məqamlar - onun qeyri-adi yaddaşı, hər adama qismət olmayan dinləmək qabiliyyəti, yeri gələndə hadisələrə ibrətamiz müdaxiləsi və s. ümummilli liderin mənəvi keyfiyyətlərinin üzə çıxarılmasında yardımçı olur.
Ulu öndərə ünvanladığınız məktub və teleqramlardan da hiss olunur ki, yazdıqlarınızın hamısı ürəyinizin səsi və istəyinizlə yazılıb.
Azərbaycan tarixinə qızıl hərflərlə yazılan dahi şəxsiyyət Heydər Əliyev elə bir əbədi abidədir ki, onun daha davamlı, daha möhkəm, daha möhtəşəm olmasında bir kərpic qoyanın da, yüz kərpic qoyanın da xidməti təqdirlə yad edilməlidir.
"Nəsillərə örnək insan" kitabınızı bu baxımdan təqdir edir və yüksək qiymətləndirirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!