"Təcnis" havasında incə gülləri - Təcnis şeirimizin son ustası Məmməd İlqarın yaradıcılığı əsasında - Bəsti Əlibəyli yazır

 

 

Təcnis poeziyanın incəsənət əsəridir. Cinas sözlər və eyni səslərin ritmik düzümündən yaranan bu əsərin çox dəqiq ölçü-biçiylə tərtib olunmuş formasını dəyişmək olmaz. Dəyişdinsə, təcnis olmaz. Düzgün oxuyub, söyləmədinsə, yenə olmaz. Ona görə yaranınca öz oxu şərtlərini və havacatını da yaradıb sazda; ağır - səngin "Təcnis" havasını.

Təcnisi saz qədər heç bir musiqi alətinin müşayiətində və "Təcnis" qədər heç bir havada mükəmməl ifa etmək mümkün deyil. Bunun əyani təsdiqini Aşıq Şəmşir, İmran Qasımov, Ədalət Nəsibov, Xanlar Məhərrəmov, Cahangir Gədəbəyli, Kövrək Murad kimi görkəmli sənətkarların "Təcnis" üstündə təcnis oxuları və əldə olan digər nümunələr də təsdiqləyir.

Bu, həm də onun təsdiqidir ki, ilkin təcəllisi bayatılarımızda və aşıq yaradıcılığında görülən təcnisin ən çox və ən kamil nümunələri xalq təfəkkürünün məhsuludur. Ən böyük müəllifi də xalqdır. Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Nəbati, Məlikballı Qurban, Aşıq Ələsgər, Hüseyn Bozalqanlı, Molla Cuma, Növrəs İman kimi böyük el sənətkarlarıdır.

Doğrudur, təcnis sonralar yazılı ədəbiyyatımızda da yetərincə yayılıb. Təkcə müasir dövrə aid olan, İsmayıl Sadıqlı, Əli Qurbanov, İsmixan Məmmədov, Bəhmən Kəlbəcərli, Hüseyn Kürdoğlu, Şamil Əsgərov, Məmməd Aslan, Zəlimxan Yaqub, Şücaət kimi tanınmış şairlər tərəfindən yaradılan çoxlu sayda təcnislər məlumdur.

Yəni, dörd yüz illik tarixi olan bu qədim şeirin müəlliflik hüququnu bəlkə də xalq şeiri və yazılı ədəbiyyat olmaqla hər iki ünvana vermək olar. Amma bu, subyektiv bir bölgü olardı. Çünki əsl təcnis ancaq mükəmməl forma quruculuğundan ibarət deyil, eyni zamanda, mütləq şərtlər daxilində mükəmməl poetik mətn yaradıcılığıdır. Sözün və sazın mahiyyətidir. Nəhayət, klassik təcnis yarandığı dövrün, təfəkkürün, dilin və o zaman zərfində mövcud olan qavramların, anlayışların, bənzətmələrin, bədii təsvirlərin məcmusudur.

Demək ki, şəkilcə eyni olmasına rəğmən, bugünkü təcnis dörd yüz il və yaxud yüz əlli il öncəki təcnis deyil. Təcnisin əsas daşıyıcısı xalqdır, elin şairi, aşığıdır. Heç təsadüfi deyil ki, "cığalı", "ayaqlı", "dodaqdəyməz", "gedər-gəlməz" kimi fərqli təcnis şəkilləri də əsasən el sənətkarları tərəfindən yaradılıb.

Şərtləri çətin olduğundan, təcnis yazmaq saz, söz mühitində uzun zamanlar böyük məharət sayılıb. Yəqin bu səbəbdəndir ki, bir çox aşıqların və qoşma şairlərinin yaradıcılığında ən azından, bir-iki təcnis nümunəsinə rast gəlinir. Amma istisnalar da mövcuddur. Məsələn, el arasında təcnis İsmayıl kimi tanınan Cilovdarlı İsmayıl Sadıqlının (Cilovdarlı-Tovuz rayonunun Qaraxanlı sovetliyinə aid bir para kənd) yaradıcılığı demək olar ki, təcnislərdən ibarət olmaqla, həm də təcnis poetikasının bütün şərtlərini ehtiva edən ciddi bir yaradıcılıq örnəyidir.

İkinci belə bir örnək təcnis şeirimizin son ustalarından olan Məmməd İlqarın yaradıcılığıdır. Doğrudur, o, sələfi İsmayıl Sadıqlı qədər təcnis yazmamışdır və təcnisləri ilə bərabər, həm də ənənəvi qəlibdə gözəl qoşmaları, gəraylıları ilə tanınır. Bununla belə, bir şair olaraq Məmməd İlqarın da əsas yaradıcı potensialı, sənətkarlıq səviyyəsi ilk növbədə, təcnisləri ilə müəyyənləşir. Elə saz-söz mühitində, xiridarlar arasında da "Nə gözəl çəkir", "Dərdindən belə", "Gül, gülə - gülə", " Bir olmur", "A göyçək", "Baş - başa düşməz", "Nərgiz dərən Tərtərli qız Nərgizə" və bu kimi məşhur təcnisləri ilə tanınıb sevilir. Müəllifin şah əsərlərindən olan "Nə gözəl çəkir" təcnisinə baxaq:

 

İlahi, belə də gözəl olarmı? -

Kimdi qələm çəkən, nə gözəl çəkir?!

Üz-üzə, göz-gözə sehrlənmişik,

Nə mən göz çəkirəm, nə gözəl çəkir.

 

Güney gözlüm, gözəllikdə bircəsən,

Bu güllükdə bir mən olam, bircə sən...

Gül üstündə arıya bax, bircə sən -

Gör gülün nazını nə gözəl çəkir...

 

Salma gəl Məmmədi gözündən, gözəl,

Gözüm gözmü görüb, gözündən gözəl!..

Mən ölmüş neynim ki, gözündən, gözəl,

Nə bir könül doyur, nə göz əl çəkir!

 

Bunu da qeyd edək ki, şairin qismətinə tarixi Azərbaycan torpaqlarında baş verən məlum hadisələr və digər səbəblərdən böyük aşıq mühitlərinin və milli poeziyamızın mühüm qollarından birini təşkil edən aşıq yaradıcılığının (dastan, müxəmməs, divani, təcnis, deyişmə, qıfılbənd və s.) ciddi tənəzzülə uğradığı bir zaman kəsiyi düşüb. Lakin maraqlıdır ki, onun yaradıcılığı bu qədim şeirin qürubu barədə deyil, daha çox üfüqləri barədə düşündürür.

Mükəmməl təcnis yaratmaq yüksək bədii istedadla yanaşı, usta bir söz mühəndisliyi tələb edir. Məmməd İlqarın yaradıcılığında bu şərtlər bir-birini elə tamamlayır ki, poetik mətnlə şeirin qəlibi ruhla bədən kimi qovuşur:

Ən gözəl dərdimsən dərdlər içində,

Dərdindən düşmüşəm dərdə mən, gözəl!

Dərd gözəl çəkilir-əgər gözəlsə,

Gözəl dərd diləsən, dərdəm-ən gözəl!

 

Sərdim gülşənini dərdə mən ömrün,

Dər, gülüm, gülünü dər də, mən- ömrün.

Hər günü ölümdü dərd əmən ömrün -

Ölərmi sən kimi dərd əmən, gözəl?!

 

Məmməd könül sevdi, kimə nə, dərdi?

Özgə kim sevdirər ki, mənə dərdi?..

Bilməm bu sevginin kimə nə dərdi? -

Mənə dərd gözəldi, dərdə mən gözəl.

 

Türk dünyasının Borxesi, böyük filosof, esseist və şair Cəmil Mericə görə, şeir, xüsusən də qafiyə şeiri "məna ilə ahəngin izdivacı"dır.Təcnis kimi xüsusi şərtləri olan dəmir qəlibli şeirdə uğurlu bir izdivaca nail olmaq üçünsə həm yüksək poetik təfəkkür, həm də zəngin dil yaddaşı tələb olunur. Dil yetərli olmayanda məna ahəngə uduzur ki, nəticə etibarı ilə söz oyunundan ibarət olan belə formalizm hallarına istər klassik, istər müasir təcnislərimizdə çox rastlanır.

Lakin istənilən halda, dil individual bir faktordur və bədii, poetik dil etalonlarını da fərdlər yaradır. Səməd Vurğun mərhələsindən sonra qoşma şeirimizə damğa vuran Məstan Günər və Zəlimxan Yaqub kimi. Böyük poetik istedada və zəngin leksik imkanlara malik olan bu ustad şairlərin dili ilə müqayisə edilə biləcək bir nümunə də Məmməd İlqarın dil yaddaşıdır.

Dilin hər üç qaynağına (ədəbi dil, el ağzı və ehtiyat fondunu təşkil edən dialekt sözlər), qədim və müasir qatlarına, sözün yeddi rənginə vaqif olan şair (hansı ki, cinas yaradıcılığında bu rəngləri - oxşar şəkilli əksmənalı sözləri bilmək olduqca vacibdir) məhz belə bir yaddaş və istedadla məna ilə ahəngi mükəmməl bir izdivaca qovuşdurur. Həm də poetik və üslubi cəhətdən bir-birinin yanına yaraşan, Vaqif Bayatlı Odərin təbirincə desək, "bir-biri ilə gözəl yola gedən" ən uyğun və estetik ifadələr seçməklə:

 

Göyçək günlər gözləməkdən yoruldum,

Gələcəkmi göyçək günlər, a göyçək?

Cənnətdiklər çəkəmmədi cəfanı,

Culadılar, sən çəkərsən, a göy, çək.

 

Fağır canım bir də dönüb baxdı nə...

Nolasıydı bir cünunun baxtı, nə?

Görən dedi, göydən düşüb baxtına,

Mələkdisə, mələyini a göy, çək!

 

Məmməd İlqar, baxma bağrın yaradı,

Ad çəkməsən, bu söz nəyə yaradı?..

Beşcə göyçək hərfdi-olub yar adı,

Dörd göyçəyin axırında "a" göyçək.

 

Təcnisdə avazın təmin edilməsində fonetik vasitələr (alliterasiya, ahəng, eyni və ya oxşar hecalar və s.) birgə iştirak etsə də, rolun mühüm hissəsi alliterasiyaların (eyni səslərin ritmik təkrarı) üzərinə düşür. Hətta bəzən bu ritm elə yüksək səviyyədə təzahür edir ki, mətndən öncə onun melodiyası, səs effekti çatır qulağa. Məmməd İlqarın "Nərgiz dərən Tərtərli qız Nərgizə", "A Daşdı", "Baş - başa düşməz" təcnislərində olduğu kimi. Xüsusən də şairin "Nərgiz dərən Tərtərli qız Nərgizə" təcnisi çox uğurlu poetik kombinasiyalar və unikal səs effekti ilə seçilən əsərlərdəndir:

           

"Elə bil bu gecə çırpıblar göyü -

Ulduztək səpilib Tərtərə nərgiz.

Sən də bu çəməndə bir ağ çiçəksən -

Çiçək sərgisimi Tərtər, ə Nərgiz?

 

Tərtərin gülü də sən, çiçəyi də,

Mat qoydun gülü də sən, çiçəyi də!

Gül-çiçək qarışıq sən çiçəyi də

Dərəm təzə-təzə, tər-tər, ə Nərgiz!

 

Bağ barnan tanınar, el - adətinnən,

Ölüncə əl çəkməz el adətinnən!

"Hə" de, elçilərim el adətinnən

Yol alsın Qazaxdan Tərtərə, Nərgiz.

 

Məmmədin ilqarı - dəryalar təki!

Tən gəlsin eşqinə dəryalar, təki...

Gün olsun, qovuşan dəryalar təki

Tel-telə qarışsın, tər-tərə, Nərgiz!"

 

Məmməd İlqar ümumi ədəbi mühitdən daha çox, Qazax mahalında uzun zamanlar mövcud olmuş böyük mənəvi atmosferin yetirməsidir. Onun poetik dünyagörüşü, yaradıcı təxəyyülü məşhur təkkələrin, doğulub boya-başa çatdığı İncə dərəsində irfan işığını bu gün də yaymaqda olan Hacı Mahmud Qarani ocağının, dövrünün savadlı irfan adamlarından Şıxlı Dərya Məhəmmədin, aşıq poeziyamıza "Avdı və Mehriban" dastanı, "İncəgülü" kimi zərif saz havası bəxş etmiş Qaymaqlı Aşıq Avdının, Cəlal Qəhrəmanovun, Aşıq Ədalətin təsiri ilə formalaşıb. El şeirindən, aşıq yaradıcılğından qidalanıb. Bir sözlə, sazın köynəyindən çıxıb. Bu səbəbdən də qoşmaları mövzu, zaman, nəbz etibarı ilə günümüzə aid olsa da, ədəbi şəcərə, dil, ruh etibarı ilə xalq şeir ənənələrinin davamı və yeni qiyafədə təcəllisidir. Amma təəssüf ki, belə qiymətli bir şairdən bircə kitablıq şeir var əlimizdə. Çünki illərdir yaxasını buraxmayan namərd xəstəlik bu usta qələm sahibinə poeziyamızdakı qiymətli missiyasını davam etdirməyə aman vermir. Təqdir ilahidəndir, bizə qalansa dualar. Uca Tanrıdan şairimizə əzəlki kimi sazlı-sözlü bir sağlıq lütf etməsi diləkləriylə sözümüzü, həm duamızı onun öz sözüylə bitirmək istərdik:

 

Köhnə dostdu, təzə kədər,

Ömür nədi? - qəza-qədər.

Bir də gələn yaza qədər,

Dağlar, Məmməd amanatı!

 

Buludlar boşalar, gedər,         

Həvəsi baş alar, gedər,

Dumana qoşular, gedər,

Dağlar, Məmməd amanatı!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!