"Ustad"ın çiləsi çıxdı - Şəmil SADİQ

 

 

"Ədəbiyyat və mədəniyyətimizin qarma-qarışıq bir durumunda dərgi çıxarmaq arzumuz, axır ki, gerçəkliklə görüşdü. Əgər bu görüşdən zövq alan mədəniyyət olarsa, gerçəkliyin övladları arzuların övladları kimi daha böyük, daha yaraşıqlı, daha kamil olarlar". (1 fevral 2016)

Düz yeddi il öncə - 2016-cı ildə "Ustad"ın ilk nömrəsini bu cümlələrlə başlamışdım.

Əslində, yenə eyni fikirlə başlayacaqdım ki, keçmişə bir göz atım, dedim və gördüm ki, dəyişən heç nə yoxdur.

"Ustad" ədəbiyyatın elə bir dövründə yaranmaq zərurətini hiss etdi ki, o zaman ədəbiyyatımızı çoxdan basdırsaq da, onu tək-tük ziyarət edənlər nəql edirdilər ki, qəbirdən səs gəlir, onu diri-diri basdırmışıq. Buna inananlar da vardı, inanmayanlar da. Bir kiçik qrup yaranmışdı ki, ətrafına daşdan sərhəd hörüb, tayfabazlıq edib başqa heç kəsi yaxın buraxmır, üsyan qaldırır, qəbirdən ədəbiyyat səsi-filan gəlmədiyini deyir, bu fikri dəstəkləyən ölünün dostlarını, tərəfdaşlarını daş-qalaq edir, tənqid atəşinə tutub onların da ölü canlar olduğunu deyirdi.

Ölü canlar deyilən kəsim isə sanki bu qrupu heç eşitmir, reaksiya vermir, çığırdıqca səslərinin batacağına inanırdı. Uşaq-muşaq nə qanır, bu gələn səs nə səsdir?! "Ədəbiyyat ölməyib, o bizimlədir, hər yandan onun səsi gələ bilər", - deyir, gələn səsin avazı ilə öz dövranlarını yaşayırdılar.

"Ustad"ın ikinci sayında isə, "Onlar çoxdan var idilər. Və elə bilirdilər ki, onlardan başqa heç kim yoxdur, heç vaxt olmayacaq da. Amma bir gün Bunlar gəldilər. Çox uzaqdan yox, elə Onların öz yanından, düzünə qalsa, "şinellərinin altından..." Amma eyni şineldən çıxsalar da, çox keçmədi ki, başladılar Onlara daş atmağa, tənqid etməyə, hətta məqamı gəldikdə üz döndərməyə" - yazmışdım. (2 mart 2016)

Hə, bir də Onlardan və Bunlardan başqa təzəcə doğulub "inqə" deyən çağalar, həm Onlardan, həm də Bunlardan incik düşən kimsəsizlər vardı ki, heç kim onlara yaxın durmurdu. Necə deyərlər, Əliağa Ağayevin "Bizim Cəbiş müəllim" filmində canlandırdığı Əbülfəz obrazı kimi hinduşkaya sahib çıxan yox idi. Onlar da qalmışdı ortada, o səs-küydə, o yana-bu yana gedib-gəlirdilər. Bütün sahələr kimi ədəbiyyat da monopoliyalaşmışdı sanki. Bu zaman "Ustad" çıxdı meydana. Dedi ki, nə sağçıyam, nə solçu, futbolçuyam, futbolçu. Və beləcə, həm Onlardan olan Unudulmuşları, həm də Bunlardan olan çağaları öz qanadı altına almağı hədəf seçdi və söz verdi ki, tərəfsiz olacaq.

"Ustad" gəlməmişdən əvvəl qarşımıza şərtlər qoydu:

- sağçı və solçuların birliyini, barışığını təmin edib onları səhifələrimizdə qonaq etmək;

- milli başları namilli başlardan fərqləndirib gözləri, şüurları sadəcə milli başlara yönləndirmək;

- yolunu yanlış gedənlərə yol göstərmək;

- gəncliyi ağsaqqalların səhvindən nəticə çıxarmağa, düzündən yararlanmağa yönləndirmək;

- sabahları dünənin cahil, mövhumatçı qoynundan alıb bu günün həqiqətləri ilə tanış etmək;

- ədəbi həqiqətlə əbədi həqiqəti təcəssüm etdirmək;

- bacarıqlı şagirdləri Ustad etmək.

"Ustad" ulu və amiranə səslə onu da dedi ki, əgər şərtlərə əməl etməyi bacaracaqsınızsa, adımı tutub işə başlayın, yox, bacarmayacaqsınızsa, gedin özünüzə başqa ustad tapın". (1 fevral 2016)

"Ustad" nə etdi?" - sualına belə cavab verim ki, qısa müddətdə milli barışığı təmin etdi. Yenə elə "Ustad"ın arxivinə müraciət edib deyim, necə oldu:

"Bir gün isə... Onlar bir də onda ayıldılar ki, vay, dədəm, vay, sən demə, Bunlar o qədər də balaca deyillərmiş. Bunları görməzdən gəlmək də yanlış iş olub... Beləcə... Günlər keçdi, ay dolandı, Bunlar Onların bəzilərindən aldıqları dəstəklə böyüdülər. Və başladılar, prosesi özləri yönləndirməyə. Həm də Onlara bənzəməyə. Onlar da bəyənmədiklərini daha modern, postmodern, "nyupostmodern", ən "nyupostmodern" kimi metodlarla özləri həyata keçirməyə başladılar. İlk öncə, yalançı şöhrətlərinə büründülər, sonra dəstə yaratdılar, sonra 150 qrama məqalələr yazdılar, sonra Bunların ardınca gələnləri bəyənməməyə, araya-bərəyə qoymamağa çalışdılar. Sonra da özləri özlərini təriflədilər. Bir sözlə, Onların etdiklərini "ananın dalınca budaq-budaq gəzən bala kimi" daha qəşəng, dünya və Avropa standartlarına daha uyğun, texnologiyalardan daha çox bəhrələnərək təkrarladılar. Beləcə, Onların qocalmış şir kimi uzanıb Bunlara baxmaqdan başqa çarəsi qalmadı. Hətta iş o yerə çatdı ki, Onlar bəyənmədikləri Bunlara müsahibə vermək üçün növbəyə durdular. Amma öz aramızdır, bunu da deməsək, olmaz: Onların verdiyi müsahibələr Bunların hesabına yaxşı-yaxşı oxundu da, maraqla qarşılandı da... Hətta heyrətlə əldən-ələ, gözdən-gözə ötürüldü də... Bunu görənlər isə dərk etdilər ki, Onlar və Bunlar arasında fərq, əslində, bir hərfin yaratdığı fərq qədər imiş... Bircə hərfin..."

Bəli, bu gün artıq o parçalanmanı görmürük, çünki Onlar və Bunlar bir-birilərinə elə bənzədilər ki, artıq ayırd etmək mümkün deyil.

Artıq nə, "Qəbirdən səs gəlir" - deyən var, nə də buna etiraz edən. Hərə öz qınına çəkilib xımır-xımır yazdıqlarını yavan-yavan yeyir.

"Ustad" özünü Bilgə Qoca kimi aparsa da, bu prosesdə bitərəfliyini, obeyktivliyini qorusa da, ədəbiyyatın öldüyünü qəbullanan xalq artıq onun da yanında yox idi. Çünki hamı əlini üzmüşdü. "Dədə Qorqud" filmindəki kimi satqın qardaşın xəyanəti nəticəsində qırılan oğuz igidlərinin daşa dönmüş kimsəsiz məzarları başında o yana-bu yana gedib-gəlir, saz çalıb, söz söyləyirdi:

 

"Əcəl aldı, yer gizlədi.

Fani dünya kimə qaldı?

Gəlimli-gedimli dünya!

Son ucu ölümlü dünya!"

 

Bəli, bu gün, təəssüf ki, nə kitab oxunur, nə qəzet-jurnal. Özümüzü aldadıb, "İnternet əsridir" - deyir, elə bilirik, saytlardakı ədəbiyyat oxunur, amma orda da vəziyyət burdakı kimidir. Səbəbləri çoxdur. Onun üçün ayrıca yazmaq lazımdır.

Yenə "Ustad"ın 6 sentyabr 2016-cı il sayında "Gəlin Vaqif Ucataya nifrət edək" adlı ironik yazımdan bir parça yadıma düşdü: "Türk insanı çağdaş sanata İŞİD kadar değer vermiyor". Tanınmış türkiyəli rəssam Bədri Baykan bu fikri "Sözçü" qəzetinə müsahibəsində deyib. İlk dəfə oxuyanda, "Çox sərt ifadədir" - deyib keçə bilərik. Hətta müəllifi daha sərt tənqid də etmək mümkündür. Amma sonrakı izahı adamın ürəyini elə sıxır ki, geniş mənzərə axtarırsan - baxıb dərindən nəfəs alasan. Sənətkar deyir ki, İŞİD sənətin dəyərini bildiyi üçün ona nifrət edir, onu məhv etməyə çalışır. Amma türk insanı sənətin dəyərindən xəbərsiz olduğu üçün buna laqeyd qalır. Nə sevir, nə də məhv edir. Sadəcə görmür və lazımsız şey kimi yanaşır, daha doğrusu, yanaşmır".

Bəli, bu günlərdə "Ustad" dərgisinin yeddi ili tamam olur və 40-cı sayı nəşr edilir. Bu çətin prosesdə Hədəf-XAN komandası usanmadan, yorulmadan, həvəsdən düşmədən dərgini ayaq üstə saxlamağı bacardı. Biz bu sayımızla qırxımızı - çiləmizi çıxarırıq. Qarşımıza qoyduğumuz məqsədlərə populizm olmadan, çığır-bağır salmadan, asta və sabit qədəmlərlə yeridik. Hə, bir az ehtiyatlı da olduq ki, ayağımıza daş dəyməsin, yıxılmayaq. Belə görünür, bacardıq da.

Könül istərdi ki, məhz bu yazı optimist tonlarla başlayıb-bitsin, amma arxivə baxdıqca dəyişən heç nəyin olmadığını gördüm. İki ildir, dərgimiz müasir formada dizayn və tərtib edilir. Amma nə fayda, Azərbaycan oxucusu Azərbaycandilli ədəbiyyatdan elə diksinib ki, nə illah edirsən, üzünü bu tərəfə döndərmir. Əlbəttə, bunun günahkarları çoxdur. Keçən əsrin 90-cı illərindən qırılan əlaqə bitişmir, amma yenilənir deyə bilərik. Bu günlərdə bir statistik məlumat eşitdim ki, Azərbaycanda oxunan ədəbiyyatın cəmi otuz faizi Azərbaycandillidir, qalanı Türkiyə türkcəsi və rusca mətnlərin payına düşür. Bu, bütün olub-bitənlərin cavabıdır. Yeddi il bundan öncə beş yüz tirajla başlayan nəşrə dərgi elə həmin tirajla da çap edilir. "Ümid ən sonda ölür" deyirlər. Ona görə də ümidini itirmədən gözünü bir gün çıxacaq ədəbiyyat günəşinin gələcəyi yollara dikib. Ümid və arzu edək ki, o günəş bir gün parlayacaq. Bir nəfər durub deyəcək: "Ay biçarələr, bu nə jurnaldır, çap edirsiniz, gedin, başqa işlə məşğul olun, özünüzə iş tapın, bu sənət sizlik deyil". Heç olmasa, bunu eşitmək üçün belə yaşamaq gözəldir! Yoxsa bizi laqeydlik öldürəcək!

Əziz sadiq oxucularımızı təbrik edir, ümidlərini itirməmələrini rica edirəm!

P.S. Bu yazını 11 yanvar saat 06:37-də, yox, 06:38-də bitirdim. Bir azdan günəş çıxacaq, amma mən yatmağa gedirəm. Bax bizim işlər belə olduğundan o çıxan günəşi də görə bilmirik!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!