Xocalı Soyqırımının 31-ci il dönümündə bu faktları oxuculara təqdim etməyi vacib saydım. Bu ona görə lazımdır ki, ermənilərin cinayətlərini unutmayaq. Və dünyanın ermənipərəst qüvvələri də onların bu vəhşiliyindən məlumatlı olsun. 1992-ci ildə - hadisə baş verən günlərdə Ağdama getdim, xocalılarla görüşdüm, rəhmətlik Allahverdi Bağırovla Naxçıvanik istiqamətindən meyidləri toplamaq üçün erməni quldurları ilə danışıqlarda iştirak etdim, meyidlərin Ağdam məscidinə daşınmasının şahidi oldum. Sonra xəstəxanalara gedib yaralı xocalıları tapdım, onların faciələri ilə bağlı faktlar topladım. Topladığım bu faktlar sonradan rəsmi sənədlərdə də təsdiqləndi. Həmin faktlardan bəzilərini oxuculara təqdim edirəm.
"Ermənilər dırnaqlarımı qoparırdılar"
Zülmün, işgəncənin hər formasını sınaqdan çıxarırdı ermənilər. Kimsəsiz, köməksiz xocalılara odlu nifrətlə yanaşır, istədikləri hərəkəti edirdilər. Bizim nağıllardan eşitdiyimiz işgəncə üsullarını ermənilər böyük müvəffəqiyyətlə dinc camaata - ağsaçlı anaya, köməksiz qadına, qocaya, körpəyə tətbiq edirdilər.
Xocalı sakini Cəmil Məmmədovun başına min bir oyun açıblar. 14 min manat pulunu alıblar. Naxçıvanikdə pəyəyə salıb 4 gün ac saxlayıblar. Sonra Əsgərana gətirib nəvəsini orda əlindən alıblar. Nə nəvəsindən, nə də arvadı və qızından xəbər tutmayan, nigaran qalan Cəmil Məmmədovun başına elə müsibət açıblar ki, ağrısı indi də canından çıxmır.
Cəmil Məmmədov: - 4 gündən sonra məni nəvəmlə Əsgəran rayonuna gətirəndə başımıza elə oyun açdılar ki, Naxçıvanikdəki pəyəni cənnət sandım.
Erməni muzdurları ayaq barmaqlarımın dırnaqlarını çəkib çıxartdılar... Bir neçə saat davam edən işgəncələrdən sonra məni həbs edilmiş bir erməni ilə dəyişdilər .
"Erməni qəbiristanlığında başlar kəsilirdi"
Ermənilər həmin o məşəqqətli gündə əsir tutduqları azərbaycanlılarla istədikləri rəftarı edir, istədikləri işgəncəni verirdilər. Ermənilər neçə yüzilliyin ürəklərində yığılıb qalan nifrətini dinc camaatın üstünə tökürdülər. İnsanların diri- diri başını kəsirdi ermənilər.
Səriyyə Talıbova: - Bizi erməni qəbiristanına gətirdilər. Burada baş verənləri danışmağa çətinlik çəkirəm: 4 nəfər gənc mesxeti türkünü və 3 azərbaycanlını bir erməni yaraqlısının qəbri üstündə qurban kəsdilər... Bundan sonra əsgərlər və yaraqlılar valideyinlərinin gözü qabağında uşaqlara işgəncə verib öldürməyə başladılar. Sonra buldozerlərin köməyi ilə meyidləri dərəyə tökdülər. İncan cildinə girmiş bu vəhşilərin ürəyi bununla da soyumadı. Onlar əynində milli ordunun forması olan iki azərbaycanlı gətirdilər və vintaçanla onların gözlərini dəldilər...
Azərbaycanlıların gözləri çıxarılırdı
Bəli, ermənilər həmin o hadisədə insanları dünyada ən şirin nemət olan göz işığından məhrum edir, sonra qətlə yetirirdilər. Ermənilər qəsdən belə zülmü edirdilər. Doğrudan da, əgər insanı öldürəcəksənsə, onda niyə işgəncə verib gözlərini çıxarırsan?
Həsənova Fitat, Xocalı sakini. - Yazıq qadına ermənilər görün hansı işgəncəni veriblər!
Başına vurub zədələyəndən sonra əl-qolunu bağlayıb bədbəxt qadının gözlərini çıxarıblar.
Məmmədova Məhruzə, Xocalı sakini. - Yazıq qadına verilən işgəncələr daha dözülməzdir. Ermənilər qadını necə əzabla öldürüblər! Baxın, diqqət edin, bu zülmə, bu vəhşiliyə! Əvvəlcə qadının gözlərini çıxarıb, işığa həsrət qoyublar köməksiz qadını. Sonra kinli ermənilərin ürəyi bununla da soyumayıb. Sonra qadının döş vəzilərini və burnunu kəsiblər.
Yandırılanlar
*Hüseynov Şakir Mustafa oğlu -
Şakir milli orduda döyüşürdü. Xocalı faciəsində ermənilər onu bütövlükdə yandırıblar.
*İmani Ağayar -
Ağayar milli orduda döyüşürdü. Xocalı faciəsində ermənilər onu da yandırıblar.
*Məmmədov Saday -
Saday milli orduda döyüşür, doğma torpağını qoruyurdu. Ermənilər Sadayı da yandırıblar.
*Hüseynov Allahverdi Qulu oğlu -
Heç bir günahı olmayan Allahverdini də qəddar ermənilər yandırıblar.
*Rəcəbov Cəbrayıl Mehdi oğlu -
Ermənilər Xocalıya girəndə Cəbrayılı əsir alıb əl-ayağını məftillə bağladılar. sonra üstünə benzin töküb yandırdılar.
*Fərzəliyev Cahan Hümbət oğlu - Ermənilər qəddarlıqla onu yandırıblar.
*Kərimov Firuz - Ermənilər onu da işgəncə ilə öldürüb yandırıblar.
Qadınların döşlərini kəsirdilər
Ermənilərin əsir qadınlara olan münasibəti insan rəftarından tamam uzaq idi. Əsir Xocalı qadınlar istənilən təhqirə və şəxsiyyət alçaqlığına məruz qalırdılar. Əsir qadınların gözü qabağında övladını öldürür, qətlə yetirirdi ermənilər. Qadınları ən ağır işlərdə işlədir, olmazın işgəncə verirdilər. Onların namusunu ləkələyir, ismətinə toxunurdular. Bununla da bu alçaq hərəkətlərlə də sakitləşmirdi ermənilər. Ürəklərindəki kin soyumurdu. Yazıq Xocalı qadınlarını işgəncə ilə öldürürdü ermənilər. Qadınların döşlərini kəsirdilər.
*Kərimova Firəngül -
Döşünü kəsdikdən sonra qulaqlarını kəsmişdilər. Sonra gözlərini çıxarıblar. Sonra da bədənini doğrayıblar.
*Əzimova Dilarə Seydulla qızı -
Döşü kəsilmiş, güllələnmişdir.
*Məmmədova Tamara Səlim qızı -
Döşləri kəsilmişdir. Gözləri çıxarılıb. Bədənində güllə yarası vardı.
Cinsiyyət üzvləri kəsilirdi
Erməni vəhşiliyini sübuta yetirən bir cəza üsuludur bu. Ermənilər dünyada ən qəddar və qatil adamların belə qəbul etmədiyi vəhşi "cəza üsulunu" azərbaycanlılara tətbiq edirdilər. Köməksiz, günahsız adamları içəridən qırıb məhv edir, sonra qətlə yetirirdilər.
Ermənilər əsir azərbaycanlıların cinsiyyət üzvlərini kəsirdilər.
Səlimov Bahadur. Xocalı sakini.
l Cinsiyyət üzvü kəsilmiş, sonra yandırılmışdır.
l Behbudova Sürəyya Yusif qızı.
l Cinsiyyət üzvünə çoxlu güllə vurulmuşdur.
Öldürülüb tanınmaz hala düşən çoxlu xocalının cinsiyyət üzvü kəsilmişdir.
"Atamı diri-diri yandırdılar"
...Onlardan biri qabdakı benzini atanın ayaqlarına tökdü. Qəfildən hadisənin nə yerdə olduğunu anladın. Yerdən sıçrayıb dəli bir qüvvə ilə özünü atanın üstünə atdın. Onu əllərinlə qucaqlayıb qorumaq istədin. Ürəkparçalayan bir səslə dedin: "Dəyməyin, dəyməyin atama! Buraxın onu!". Yenə səni heç kim eşitmədi. Xain və xalım əllər bu dəfə səni daha uzağa tulladı. Yerə döşənmiş halda əzilən bədəninin əzabına bürünmüş vəziyyətdə nigarançılıqla atana baxdın. Ermənilər ayaqlarına benzin tökülmüş atanı yandırdılar. Yandırmazdan qabaq atana dedilər: "Ucadan de ki, bu torpaq ermənilərindir!" Atan qətiyyətlə dedi: "Yox, bura bizim torpaqdır!".
Atanı yandırdılar. Əvvəl ayaqlarını yandırdılar. Atan dözə bilmədi. Məftilə sarınmış bədəni bir neçə dəfə çırpınıb, çırpınıb dayandı. Başı çiyninə düşdü. Sonra ermənilər benzin töküb atanı bütöv yandırdılar. Artıq atan yox idi. Sarınmış məftildə onun meyidi görünürdü. Sən hıçqıra-hıçqıra bu dəhşətli hadisəyə baxırdın. Sənin göz yaşların axırdı. Ata həsrətli acı göz yaşları. Amma ermənilərin üzü gülürdü, təbəssümlü idilər. Elə o xoş təbəssümlə sənə yaxınlaşıb dedilər: "İndi çıx get, indi gedə bilərsən! Səni öldürmürük!" Sən yazıq bir halda sakitcə ayağa qalxdın. Son dəfə bayaq atan bağlanan ağaca baxdın. Sevimli atan yox idi artıq.
Onun qaralmış, qorxulu görkəmə düşmüş meyidi görünürdü. İçini acı neştər doğraya-doğraya dönüb bir də təbəssümlə gülümsünən ermənilərə baxdın. Hər şeyi başa düşdün. Hər şey sənə bəlli idi. Ermənilərin niyə təbəssüm içində olduğunu da anladın . Ermənilər türk atanı, mərd Təvəkkülü öldürdüyünə görə sevinirdilər.
Qırx doqquz qohumun ağrısı
Ələkbərov Vəkili bayaqdan gözləyirəm. Söhbəti hardan başlayacağımı, hansı suallar verəcəyimi isə bilmirəm. Çoxdandır ki, xocalılarla söhbət edirəm, ağır dərdlərini dinləyirəm. Həmişə də ilkin anda böyük sarsıntılar içində qalıram. Çünki yaralı, zavallı xocalılar o ağır günün müsibətini elə bircə sözlə deyirlər: qardaşım ölüb, anamı öldürüblər, oğlum güllələnib, qızım donub, qohumlarım girovdadır və s. böyük müsibətlər içində yanan xocalılar əzab çəkir fevral faciəsini xatırlamağa.
Ana balasını boğur...
Dəyişir, dəyişir ruhi bəşər! Dəyişir bütün varlıq, yer, dünya, insan! Dəyişir gördüyümüz aylı, ulduzlu kainat! Dəyişib sönür, solğun çırağa dönür hər alovlu istəyimiz, müqəddəs arzumuz! Bəs öyrəşdiyimiz ruhu bəşəri dəyişən, hökmü verən kimdir, kim! O qüvvətə, o gücə sahib kimdir axı! Əlbəttə ki, insan! Əlbəttə ki, onun istəyi, əqli, düşüncəsi, zülmü, rəhimdilliyi. İnsanı dəyişən də, başqalaşdıran da onun özüdür, öz hökmüdür!
...Bax bu qadın da insanın zülmkar hökmü ilə dəyişib. Sevinmə, cocuğunu bayaqdan bağrına basıb duz kimi yalayan bu qadın əsrin ən böyük cinayətini edib. Məcburiyyətdən, min bir işgəncənin, namusun toxunulmazlığından atıb bu addımı qadın!
Müşgünaz əsəbi halda deyir: - Bəli, öz əllərimlə bax bu beşikdə yatan qızımı boğmuşam. Başqa çıxış yolum yox idi. Nə qədər ağır olsa da, işgəncəli olsa da mən bu addımı atdım. Öz doğma övladımı, iki yaşlı qızımı boğdum. Camaatı və özümü murdar ermənilərin əlinə verməməkdən ötrü uşağımı boğdum əllərimlə. Çünki uşağ ağlayır, qışqırırdı, sakitləşmək bilmirdi. Baxdım ki, belə getsə ermənilər gəlib gizləndiyimiz yeri tapacaqlar. Yazıq uşaqda da günah yox idi. O şaxtanın, soyuğun qabağında ac-susuz necə dözəydi? Evdən də elə tələsik çıxmışdıq ki, heç bir şey götürə bilməmişdik.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!