Şeir hisslərin, duyğuların ən gözəl şəkildə sözə çevrilmiş halıdır. Şeir dili ilə ən böyük dərdini də deyəndə səni alqışlayırlar. Çünki şeir dili dərdi də isidir, yumşaldır və hətta gözəlləşdirir. Sayman Aruz şeirlərində sanki dərdlərinə əzizləmə deyir, layla çalır, sığal çəkir. Qarşımda dayanan və bayaqdan maraqla oxuduğum bu şeirlərdən misallar da göstərəcəm, amma öncə deyim ki, bütün şairlər bir-birinə oxşasalar da, Sayman Aruzun şeir taleyi, şeir nəfəsi tamam fərqlidir. Onun şeirlərindən xalq səsi gəlir. Sanki hər misranın, hər sözün küncündən insan boylanır, "azadlıq, ədalət" deyə bağıran insanlar. Bu da mənə Güney Azərbaycanda yaşayan soydaşlarımızın hazırkı vəziyyətini xatırladır. Bütöv Azərbaycana səslənən, hamını bütövlüyə, tamlığa, birliyə səsləyən insanların həm də "atıb getdiyin yerdəyəm, gəlginən" deyə nalə çəkməsini poetik dildə xatırladır.
Məni atıb getdiyin o tindəyəm, gəlginən,
Çünki cahan dövr edir yerində pərgar kimi.
Sayman Aruzun yaradıcılığında əsas qayə bütövlük, birlik, milli kimlik, milli ruh, milli düşüncədirsə, din, fəlsəfə, elm və əsasən də tarixi kimliyimizə bağlılıq da məharətlə özünü göstərməkdədir. Şair bir qəzəlində deyir:
Babək, Hələbə kimsə aparmır səni mehman.
Niyətləri var qanına qəltan eləsinlər.
Yusif, quyudan çox da sevinmə ki, çıxıbsan,
Misrə aparırlar səni zindan eləsinlər.
Bu misralar eləcə tarixi özündə əks etdirən sadə beytlər deyil, Sayman Aruz bu misralarla, yəni tarixi və dini hadisələrlə bu günümüzün faciələrindən, acılarından, zülmlərindən danışır. Sözügedən qəzəlin son beytində şair belə deyir:
Arxanda sənin qəddi əyilməz Savalan var,
Hər nə eləyirlər de ki, Sayman, eləsinlər.
Bu misralar zalimə, zülmə qarşı şair üsyanıdır. Sayman Aruz xalqın dərdini öz dərdi kimi sadalayır və sonda "nə edirlər, qoy etsinlər" deyir, xalqının dərdini deyən şairin xalqa-Savalana söykəndiyini bilir. Növbəti qəzəldəki bu misraların isə məncə izaha ehtiyacı yoxdur, çünki bu misralar bir şairin tarix qarşısında fəryadıdır:
Bayquş kimi hər gecə dil açıram şeirlə,
Söyləyirəm dərdimi, həm Allaha, həm sənə.
Bu bəndin növbəti misraları insanla danışır, xalq dilində danışır, vətən dilində üsyan edir, tarixi şəxsiyyətlər dilində susur, din, fəlsəfə dilində oxucuya mesaj ötürür:
Ah, İsmayıl, qoç kimi gah oluram qurbanın,
Gah da Kəbə yanında oluram Zəmzəm sənə...
Mənə bir tar verginən ki, ifşa etsin məni,
Bu sevginin sirrini çalım zilü-bəm sənə...
Hürr olmağa "Quran"ı oxumağa gərək yox,
Bəs eyləyər inan ki, hətta bir ayəm sənə...
İçimdəki vulkanım partlayacaq haçansa,
Yanımda olsan yəqin, dəyəcək qəlpəm sənə...
Məndən uzaq dur, ey dost,
yoxsa qəmim bir gecə,
Ya olacaqdır Əfşin, ya İbni-Mülcəm sənə...
Bu kədərin mənşəin soruşma məndən əsla,
Elə sirlər vardı ki, danışa bilməm sənə...
Məncə, bu misralar Sayman Aruzun ağır missiyasını, məsuliyyətini, vətəndaş mövqeyini göstərməklə yanaşı, özü dediyi kimi, şeir dili ilə belə danışa bilmədiyi məqamları, şair çarəsizliyinin önündəki vətəndaş mübarizəsini göstərir.
Sayman Aruzun şeirlərini tam izah etmək üçün gərək Sayman Aruz olasan. Çünki bəzən bir misrasında bir əsr gizlənir, bir xalqın taleyi yatır, bir meşənin ağacları yaşayır.
Mən Sayman Aruzu onda-bir əsrdir ki, tanıyıram, bizi şeir birləşdirib, O, mənə universitetdə dərs deyib, mən ona "ustad" deyirəm. Onu şair kimi, ziyalı kimi, filosof kimi yaxından tanıyan adam kimi deyə bilərəm ki, Sayman Aruz dövrümüzün böyük alimlərindən biridir. Onun dövlətçi, millətçi ruhu, vətəndaş mövqeyi həmişə biz gənclərə nümunə olub. Poetik düşüncə və bütövlük yolunuz mübarək olsun, ustad.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!