Ötürdüm karvanı payıza tərəf, Düşdükcə yarpaqlar izimin üstə... - Şeirlər. İlqar TÜRKOĞLU

 

 

Qocalırıq

 

Dağların zirvəsi çəndə itibdi,

Yolumu gözləmə sən, "Kəkil" yeri.

Daha pasportumda limit bitibdi,

Üzə gülümsəyir son şəkil yeri.

 

Nə vaxtdı yazıram dostlara bir-bir,

Ötürüb günləri ayı gözləyə.

Yadıma salıram "tost"ları bir-bir,

Baharı gözləyə, yayı gözləyə...

 

Seyrəlib əzəlki şənlik bölgəsi,

Azalıb səs-küyü, qulağı "deşmir".

Çəkilib söyüdün "saqqal" kölgəsi,

Manqalın tüstüsü "bığ"ını eşmir.

 

Gözə dəymir daha "köhnə" cavanlar,

Başımı aldadıb bağa göndərə.

O meyvəsi ötən, gülü solanlar-

Yoxdu atam-anam, yığa göndərə.

 

Uşaqlıq illəri, köhnə yelləncək

Bir qoca çinardan asılıb gedər.

Dərdini özünlə, kefi elnən çək,

Bir qapının zəngi basılıb gedər...

 

Daha qoşa düşmür, zərimdən keçib,

Kimsə noğul dolu xurcunu istər.

"Allaha pənahdan-kərim"dən keçib,

Əzrayıl gələndə "borc"unu istər.

 

Dağların zirvəsi çəndə itibdi,

Yolumu gözləmə sən, "Kəkil" yeri.

Daha pasportumda limit bitibdi,

Üzə gülümsəyir son şəkil yeri.

 

 

Bu da bir payızdı

 

Ötürdüm karvanı payıza tərəf,

Düşdükcə yarpaqlar izimin üstə.

Əlləri qoynunda o qıza tərəf,

Bir sevda ağlayır dizimin üstə...

 

Buludlar başımda qısıla qalıb,

Gözümdə boğulur sızqa yağışlar.

Pəncərəm önündə asıla qalıb,

Xəyallar içində donan baxışlar.

 

Qurşunlar şimşəktək yağır üstümə,

Dinib-demədiyi daha nə yoxdu?!

Baxır yanmağıma, baxır tüstümə,

Baxır, şübhələrə bəhanə yoxdu.

 

Payıza elçidi boz atlı oğlan,

Söyüdlər saçını yolub ağlayır.

Burda uca boylu-büsatlı oğlan,

Aldanmış eşqinə qara bağlayır.

 

Bu da bir payızdı, qucub saxlayır,

Əlimdə can verən o son siqarı.

Xəzana qoşulub bir qız ağlayır...

Unuda bilmirəm, unut sən, barı.

 

Ötürdüm karvanı payıza tərəf,

Düşdükcə yarpaqlar izimin üstə.

Əlləri qoynunda o qıza tərəf,

Bir sevda ağlayır dizimin üstə.

 

 

Könlümün

 

Kədərim, nisgilim düzüm-düzümdü,

Bitməyib havası, sözü könlümün.

Sönməyən ümidlər qalan dözümdü,

Üşüyür həsrətdən közü könlümün.

 

Bir eşqin oduna calanıb gedim,

Ümidlər içində dolanıb gedim,

Uzanan gecənə boylanıb gedim,

Bir işığa həsrət üzü könlümün!

 

Unutdun, yüyürüb yadına çatdım,

Kədərin, nisgilin dadına çatdım,

Bəlkə vüsalımın atına çatdım,

Hələ yorulmayıb dizi könlümün!

 

Açıla göy üzü, vara gecələr,

Çəkilir gözümdə dara gecələr.

Zülfündə qaralıb qara gecələr,

Yuxusuz qalıbdı gözü könlümün!

 

Sonbahar saçını yolan vaxtıdı,

Qaraxal lalənin solan vaxtıdı.

Boşalan vaxtıdı, dolan vaxtıdı,

Könlümə sığmayır özü könlümün.

 

 

Yeri var

 

Ovutmayır daha məni hər qəzəl,

Depressiya qonağımdı hələ də.

Qaranlığa əsir olub bir gözəl,

Bu gecə də ümidləri tələdə...

 

Yağış altda parıldayır bir küçə,

Qədəh tutub çökəklərə səkilər.

Oyaq qalıb Ayla tənha bir gecə,

Gözləməkdən yollar dara çəkilər.

 

Ürəyimi kabab edib, demir off,

Heç yox imiş, zərrə qədər insafı.

Məlhəm olur, kömək olur Nemiroff-

Dar günümdə dostlarımın ən safı.

 

Hələ çoxdu qəzəblənib, hirs udan,

Səbri olmur, salır hərdən hay-həşir.

Aradabir içirəm ki, nur "sudan",

İnciməsin baxıb Ömər əl Bəşir.

 

Atdım axır bu sevdanın daşını,

Ötən günə, ötən aya, mərhaba!

"Qeyd edirəm" "ayrılığ"ın yaşını,

Minnətdaram laləyanaq şəraba.

 

Qılıncına, yay-oxuna dözürəm,

Hər hissimi eşqi-subay istəyir.

Həm "hə"sinə, həm "yox"una dözürəm

Kənd evimi şəhri Dubay istəyir.

 

Heç dəymədim bircə kərə xətrinə,

İstəyəndə "asıb-kəsdə", yeri var.

Qoy bələnim qoynundaca ətrinə,

Saxlamışam, gözüm üstə yeri var...

 

 

Bu da həyatdı...

 

Qınamıram, hərdən olur, həyatdı,

Duyammadın bir eşq üçün öləni.

Nə biləydim xəyalların boyatdı,

Tanımadım hər üzümə güləni.

 

Od olmasa, kim gələr ki, tüstünə,

Umu-küsü, çox getmədim üstünə.

Ürəyimdə yer saxladım büstünə,

Sən ki məni tanıyanı, biləni...

 

Çəkdin məni imtahana birdəmi,

Səhvim görən saxladığım sirdəmi?!

Nə vaxtdı ki intizarı, dərd-qəmi,

Unutmuşdum sən ömrümə gələni.

 

Zildən enib, daha havam bəm düşür,

Ağrılarım qoşa-qoşa, cəm düşür.

Sıralanıb qəm üstünə qəm düşür,

Dərdə saldın hər dərdini böləni.

 

Bəlkə gələr, gözlə yazı hələ sən,

Bu gecəni ümidlərə bələ, sən.

Qınamıram, hardan, necə biləsən,

Bu vüsala kim qurubdu tələni?


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!