Çağdaş Finlandiya şeiri

Səlim BABULLAOĞLU

 

Yurki İhalaynen (1957) - məşhur fin yazıçısı, şair, tərcüməçi, səyyah və naşirdir. Ədəbi tənqid onu "ən cazibədar fin liriki" hesab edir, o, eyni zamanda polilinqvist şairdir, finlərə fin dilində, isveçlilərə İsveç dilində, ingilislərə ingilis dilində müraciət edir. 36 şeir kitabının, 4 poetik diskin, 12 elmi və 15 tərcümə kitabının müəllifidir. Səyyah alpinist kimi Himalay dağlarına da çıxıb.Yüzlərlə canlı ədəbi çıxışları təşkil olunub. Ədəbi meynstrimdən uzaqda, Siuroda yaşasa da, Finlandiyanın ən nüfuzlu milli ədəbi mükafatı olan Eyno Leyno Ədəbi Ödülünü (2010) alıb. O, eyni zamanda Azərbaycanın da dostudur. Tahirə Cəfərovanın tərcüməçiliyi və tərtibçiliyi ilə fin dilində Azərbaycan qadın şeiri antologiyasını nəşr edib.

 

 

İçimdəki savaş

 

Ürəyimi bulandırır bütün bu qəddarlıqlar -

gizli qatillər, kəşfiyyatçı uçaqlar,

güllələrin kor hikkəsi,

intiqamın öz-özünə fitva verən burulğanı,

məğzi barədə axmaq çıxışlar azadlığın,

satqın partlayışlar

və başqa xain hücumlar barədə xəbərlər.

2000-ci il cızığından çıxıb,

və III Dünya savaşı artıq başlayıb.

Biz sadəlöhvdük deyə, etiraf edir isveçlilər.

Adamlar nə baş verdiyini çox yaxşı bilirlər,

bizdən inciməyəcəkdir ölülər.

Beləcə, içimə çəkirəm zəhərli havanı.

 

Birlikdə

 

Birlikdə biz bütün savaşları dayandırmışıq,

riyakar şərhçilərin səsini batırmışıq.

Qırıcılar başımız üstündən uçanda,

cavanlar savaş məşqlərinə qatılanda

birlikdə ah çəkib darıxmışıq.

Birlikdə biz şərqlilərtək qüssələnmişik -

elə bu da bizi yaxınlaşdırmışdı.

Birlikdə biz cədvəldən kənara çıxmasın deyə

 maşinistin yarıyolda saxlayıb unutduğu

qatarın vaqonundakı boşluqda oturmuşuq.

Birlikdə içmişik ölüncə,

ağ-qara klaviaturada səsini çıxarmışıq

bizim çürüməkdə olan münasibətimizin -

beləcə, rəqs edib onlar sonuncu dəfə...

Sonra sən sırğanı küncə atdın,

çiçək soldu, havasızlıq və yaddaş pozuntusu...

 

Tammel meydanında

 

Gecə saat birdə Tammel meydanında oturmuşam,

yüksək gərginlikli qadınların necə yandığını düşünürəm,

boşluğa tökülən şəlalə kimidir meydan,

bazar gününün yol kənarlarında

mehribancasına mazaqlaşan cütlükləri

mənə bütün gecə qucaqlaşmalarını xatırladır

və bu səhnələrin gülməli, kövrək,

yalançı, həm də zərif üzünü faş edir.

 

Xüsusi günlər var

 

Xüsusi günlər var,

gah küçədə rastlaşıram səninlə dəfə-dəfə,

gah kafenin pəcərəsində peyda olursan,

sonra Stokmanın liftinə girən yerdə -

pilləkənlə üçüncü mərtəbəyə qaçaraq çıxıram,

sənin tapmıram, ta ki gözlərim qəfil güzgüyə sataşanacan,

tanışdır təbəssümün,

və sonra çıxarmağa getdiyin axşam qəzetində görürəm səni,

evə gedirəm sonra, kəndə, orda gözümə dəymirsən,

indi tək qala, sükutu və küləyi canıma çəkə bilərəm

- sanki ağ-qara filmdir - ayırlıb darıxırsan,

sonra da bər-bəzəkli romandakıtək

"Bəyaz ipəkdə gecə" musiqisinin sədaları altında

qumlu sahildə qəfil rastlaşırıq,

beləcə, hər şey yenidən başlayır.

 

İnsan həyatı

 

Mənim üçün insan həyatı - yuxudur;

Olduqca sadə adamam yəni:

ayrılırsa insanlar - bədbəxtlikdir,

səyahət edirlərsə - macəradır;

ağaca dırmaşan uşaqları düşürmək - mümkün deyil.

Faciə astadan yaxınlaşır,

xiffət keçəndə yalnız sürsümük qalır,

ondan isə alət düzəltmək olar,

çalınsın, oxunsun...

 

Tomi Kontio Kalevi (1966) - tanınmış fin şairi və nasiridir. "Səmanın - rəqs zalının altında" adlı ilk şeir toplusu 1993-cü ildə Y.Erkko adına "Ən yaxşı ilk şeir kitabı" mükafatına, "Helsinki sanomat" qəzetinin "Ən uğurlu debüt" ödülünə layiq görülüb. Uşaqlar üçün yazdığı "Atam yazda qanadlandı" kitabı (2000) ilə "Finlandiya-yunior" mükafatını qazanıb. 2014-cü ildə Kontionun "Ulduz təsvirləri, yer çəkmələri" şeir kitabı (bu kitaba müəllifin 20 illik ədəbi fəaliyyəti boyunca nəşr olunmuş bütün şeirləri daxildir) çap olunub və böyük maraqla qarşılanıb. Şeirləri ingilis, ispan, italyan, polyak, fransız, Çex və ispan dillərində nəşr olunub.

 

Kun runoilija Tomi Kontion sisar kuoli, hän oli kaukana Intiassa, ja se  tunne päätyi uusiin runoihin – ”Tuntuu kuin olisin repinyt sieluni  riekaleiksi” - Kulttuuri | HS.fi

Əbədi birgəlik

 

Ölümqabağı atam vəsiyyət elədi -

Külünü dənizə səpməliydik.

O da belə adam idi,

Qranitə adının həkk olunmasını istəmədi.

Bəzən olurdu ki, kəmərini köhnə nehrəyə ilişdirirdi,

Sözündən çıxsaq

Bizi rəhm eləmədən şillələyirdi.

Bir dəfə möhkəm içmişdi -

Çilik-çilik elədi saxsı nehrəni, qırıqlarını tapdadı.

 

Kəməri sürüşdü, döşəməyə düşüb qaldı,

Asudə qıvrılmış ilan kimi,

Ağzından sallanırdı haçalanmış bürünc dili.

Biz - uşaqlar və anam

Güclə apardıq atamı çarpayıya.

Şalvarı belindən düşmüş,

Kandarda qalmışdı,

Bir parça köhnə dəri kimi.

 

O da belə adam idi,

Qranitə adının həkk olunmasını istəmədi -

Onu bürünc dilli şallaqla kürəyimizə yazdı.

Meyitxanadan külünü götürüb

Qaba qoyduq, qabı "Marimekko"dan olan qara çantaya,

Və açıq dənizə çıxdıq.

 

Qardaşım avar çəkirdi, bacım yol göstərirdi.

Avarların bənd yerləri cırıldayırdı, sanki dua oxuyurdu,

Küləyin həmlələri günəş şüalarını oğurlayırdı.

Dənizin geniş süfrəsində yer tapan kimi

Qardaşım qabın ağzını burub açdı.

 

Danışmışdıq ki, hərə küldən bir azca səpəcək.

Sözsüz demişdik bunu, səssizcə razılaşmışdıq.

Mən öz kül payımı səpələdim

Və suyun yırğalanan səthində

Bozumtul bir varlıq sürünməyə başladı.

 

Bir anlıq bizə elə gəldi ki, atamız dənizin üstündə

Yeni bədən qazandı və bir anlıq

O dünya çox yaxın göründü bizə... Və çox uzaq.

 

Bacım öz kül payını səpmək istəyəndə qayıq çevrildi,

Qardaşımla mən küləyin həmləsinə tuş gəldik,

O, külü başımıza ələdi.

 

Qardaşım qayığı düzəltməkçün çox çalışdı,

                                                amma nə faydası.

Gözümüzə dolmuşdu kül, ağzımıza, paltarımıza,

Küləyin qarışdırıb dolaşdırdığı saçımıza.

Qardaşım cinlənmişdi. Vəssalam.

Biz də kədəri təbəssümlə qarışdırdıq.

 

Sahildə kül dişimizdə xırçıldayarkən,

Qəfil anladım ki, bu atamızın bizə

Son şilləsiydi.

Belə adam idi,

Qranitə adının həkk olunmasını istəmədi -

Onu bizdə qoyub getdi-əbədi.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!