Özgə torpağına göz dikən adam Yad torpaq altında gömüləcəksən! - Zakir ABBAS

Özgə torpağına göz dikən adam

Yad torpaq altında gömüləcəksən!

Bədii oyanış

Hörmətli Baş redaktor!

Dünya ədəbiyyatı tarixində bir sıra dahi şair və yazıçıların bədii-poetik irsi mövcuddur ki, bu gün onların adları çox nadir halda xatırlanır, bir çox halda tədqiqat obyektindən də kənarda qalır. Bu yaradıcıların fəaliyyəti və taleyi barədə ali məktəb dərsliklərində, tədqiqat əsərlərində, ötəri də olsa, toxunulmayıb. Həmin şəxsiyyətlərdən bəziləri yaşadıqları dövrdə baş verən tarixi hadisələrin, mədəni inqilabların rəhbəri, dünya çapında bədii oyanışın avanqardı olmuşdur...

Düşünürəm ki, bu tarixi şəxsiyyətlərin həyatını, fəaliyyətini, yaradıcılıq taleyini əks etdirən tədqiqat xarakterli yazıların "Ədəbiyyat qəzeti"nin səhifələrində yer alması ədəbiyyatşünaslarla yanaşı, sıravi oxucular üçün də maraq kəsb edərdi.

Odur ki, ilk olaraq yeni eradan əvvəl yaşamış və günümüzə qədər dünya ədəbiyyatı tarixində görkəmli yer alan Arxilox haqqında yazını Sizə təqdim edirəm.

 

Zakir ABBAS

 

ARXİLOX

I yazı

 

Arxilox yeni eradan əvvəl VII əsrdə yaşayıb. Qədim dövrün filosofları onu Homerlə bir sırada qoyublar. Yaradıcılıq irsi tam olaraq bizim dövrə gəlib çatmayıb. Mütəxəssislər onun 120-yə yaxın fraqmental bədii fəlsəfi sətirlərdən ibarət poetik irsini əldə edərək tədqiq etmişlər. Onların arasında "O, yer üzünə gecəyarısı gəldi" poetik-fəlsəfi sətirlərdə Parosların məhsuldar torpağı olan Fasos adasının əhalisi ilə apardığı döyüşlərdən bəhs edir. (Paroslar Arxiloxun yerliləri idi). Yazıdan məlum olur ki, döyüş zamanı günəş tutulmuş və döyüşçülər hansı hadisənin baş verdiyini dərk etmədiklərindən qorxub döyüş meydanından qaçırlar. Astronomlar əsərlə tanış olduqda, dəqiq hesablamalar apararaq bu təbii hadisənin 648-ci il aprelin 6-da baş verdiyini müəyyən etmişlər. Hadisə barədə Arxiloxun sələfləri - Homerin və o zamanın bir sıra unudulmuş şairlərin əsərlərində də rast gəlinir. Buna görə də dünya ədəbiyyatşünasları qərara gəlirlər ki, aprelin 6-sı "Poeziyanın yarandığı gün" kimi qeyd olunmalıdır. Arxiloxu isə "Lirik poeziyanın Atası" adlandırırlar. O zamandan "poeziya" və bir sıra ədəbi terminlər qədim yunan dilindən havalanaraq bu günümüzə gəlib çatmışdır.

Qədim Yunanıstanda yazı eramızdan əvvəl VIII-VII əsrlərdə yenicə yaranırdı. O zamana qədər Aedlərin (tarixi hadisələri nəql edənlər) əksəriyyəti hadisələri bir- birinə şifahi olaraq çatdırırdılar. Asanlıqla yadda qalsın deyə, onlar ifadələrin axıcılıq formasına xüsusi diqqət yetirirdilər. Aedlər adi əhvalatı belə poetik ritmlərə salmağa çalışırdılar. Sonralar poema janrı bu əsasda yarandı.

Arxilox hecaların bir-birini əvəzləməsini, həcmini, hətta vurğuları qanunlaşdırdı. "Şeir" sözü ilkin qədim yunanlarda "döyüş sırası" adlandırıldı. Sıraya düzülən hər bir sözün öz yeri, öz yükü, öz mənası olmalıydı. Azərbaycan ədəbiyyatında da "Ritm" və ya "rifm" (bizim anlamda) "həmahənglik" mənasında qəbul edildi. Lakin qədim Yunan poeziyasında rifmdən demək olar ki, nadir halda istifadə edilirdi.

Arxilox Egey dənizinin ortasında sıralanan Kiklad adalarının birində - Parosda doğulub. Qədim ensiklopediyalara əsaslansaq, bu, b.e. ə. VII əsrin ikinci yarısına - 688-ci ilə təsadüf edir. Arxiloxun atası Telesikl zadəgan nəslin nümayəndəsi, anası Enipo isə qul olub. O zamanın qaydalarına görə, zadəganların nikahdankənar doğulan oğlan uşaqları muzdlu əsgər kimi xidmət etməliydi. Yuxarıda qeyd etdiyimiz kimi, gənc Arxilox Fasos adası uğrunda döyüşlərdə iştirak edir. O bu döyüşdə varlanmaq istəyirdi, lakin ümidləri doğrulmur və ömrünün sonuna kimi yoxsul olaraq yaşamalı olur.

Qədim yunanlarda döyüş zamanı qılıncı itirmək çox böyük rüsvayçılıq sayılırdı. Yuxarıda adı qeyd olunan əsərdə Arxilox etiraf edərək yazır ki, döyüşlərin birində təlaşa düşür, sağ qalmaq xatirinə qılıncını kolun içinə ataraq qaçır.

...Qoy rədd olsun küt qılıncım,

Daha yaxşısını taparam yenə!

Kim ki anlamayır, qoy o da bilsin

Özgə torpağına göz dikən adam,

Yad torpaq altında gömüləcəksən!

Ey sadəlövh adam, gəl məni eşit,

Həlakın heç kəsin vecinə deyil.

Nə şərəf, nə şöhrət, nə ad, nə rütbə

İnsan həyatından qiymətli deyil...

Qədim Yunan ictimai şüuruna sığmayan bu yeni fikirlər cəmiyyətdə inqilabi düşüncəni oyatmağa başlayır. Özlərini qanuni hakim hesab edən varlı torpaq sahibləri illərlə istifadə etdikləri imtiyazları varlı sənətkarlarla, dəniz ticarəti ilə məşğul olan ierarxiya ilə paylaşmaq məcburiyyətində qalanda aralarında amansız mübarizə başlayır. Həmin dövrdə poeziya "lirika" sözü ilə əvəz olunur. Sözün özü musiqi aləti olan liradan alındı. O zamandan başlayaraq şeirlə musiqinin tandemi yaranmış oldu və Arxilox dünya ədəbiyyatı tarixinə ilk lirik şair kimi düşdü.

Dünya ədəbiyyatı tarixində Arxilox poeziyada islahatçı kimi tanınmaqla yanaşı, bir sıra elegiyaların, yambların (vurğusu ikinci hecada olan ikihecalı şeir vəzni), troxeylərin (vurğusu birinci hecada olan ikihecalı şeir), mənzum təmsillərin müəllifi kimi də tanınır.

Onun bəstələdiyi "Heraklın himni" musiqi əsəri olimpiya oyunlarında ifa olunur. Xarakterindəki qılıqsız davranış tərzi, bir qədər bədrəftar olması ailə qurmasına da mane olub.

1970-ci illərin əvvəlində Kölndəki papirus muzeyində e.ə. II-I əsrə aid arxiv materialı tapılır. "Köln epodu" adlandırılan materialların arasında Arxiloxun üsulu ilə yazılan yamb və daktil (şeir vəzni) vəznli şeirlər tapılır. Həmin şeirlərdə tanınmış Paros nəslindən olan Neobula adlı qızdan bəhs olunur. Antik rəvayətlərə görə, Arxilox bu qıza vurulur və onunla ailə qurmaq qərarına gəlir. Neobulun atası Likamb əvvəl toya razılıq verir, sonra vədindən imtina edir. Neobulun əvəzinə çirkin olan böyük qızını ona təklif edir. Şair bundan bərk qəzəblənir və onları şeirlərində rüsvay edir. Gülüş və məsxərə obyektinə cevrilən Likamb və onun böyük qızı kəskin ictimai qınağa dözməyib intihar edirlər.

Arxilox Naskos adasında gedən döyüşdə naskoslu Kalond tərəfindən qətlə yetirilir. Kalond orakula (antik dövrdə qeybdən xəbər verən kahin) gələcək taleyi barədə müraciət edəndə, əli görkəmli şairin qanına batdığı üçün onun xahişini yerinə yetirməkdən imtina edir. Parosda Arxiloxu qəhrəman kimi anırlar. Paros tarixçisi Demey onun tərcümeyi-halını yazmışdır. Bundan çıxış edərək şairin həmyerlisi heykəltəraş Sosfeyin e.ə. 100-cü ildə yaratdığı Arxiloxun heykəli bu günə kimi saxlanılır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!