Hiddət - Ejen İoneskonun film ssenarisi

 

 

Ejen İONESKO

(1909-1994)

 

Rumın əsilli fransız dramaturqu, nasiri və esseçisidir. Fransız və rumın dillərində yazdığı əsərlər sayəsində XX yüzilin teatr sənətində avanqardizmin və absurdizmin (absurd teatrın) banilərindən biri kimi tanınıb. 1970-ci ildə Fransa Akademiyasına üzv seçilib.

O, hələ uşaq ikən ailəsi Parisə köçüb və gələcək yazarın ilk dili fransızca olub. Yeniyetmə yaşlarında Rumıniyaya qayıdan Ejen Buxarest Universitetinin Fransız dili fakültəsində ali təhsil alıb. O illərdə həm fransız, həm də rumın dillərində qələmə aldığı şeirlərdə onun dadaizm cərəyanına duyduğu rəğbət aşkar şəkildə hiss olunmaqdadır.

1950-ci ildə yazdığı "Daz müğənni" pyesi onun dramaturgiya sahəsində ilk qələm təcrübəsi sayılsa da, müəllifə görünməmiş şöhrət gətirir. Bunun ardınca o, "Dərs" (1951), "Stullar" (1952), "Yeni sakin" (1953), "Gələcək yumurtalarda uyuyur" (1957), "Təmənnasız qatil" (1959), "Kərgədan" (1959), "Göylər yolçusu" (1962), "Kral can üstədir" (1962), "Aclıq və susuzluq" (1964), "Maqbet" (1972), "Çamadanlı kişi" (1975) və "Ölülər arasında" (1980) pyeslərini yazır.

Paralel şəkildə nəsrlə də məşğul olan Ejen İonesko "Yalqız" (1974) adlı romanın, absurd hekayələrin ("Oriflamma", "Polkovnikin fotosu" və sair), uşaqlar üçün bir silsilə fantastik nağılın, habelə esse və memuar kitablarının da müəllifidir.      

Onun zəngin ədəbi fəaliyyəti Monako şahzadəsinin xüsusi mükafatına, Yerusəlim (Qüds) ədəbi ödülünə (1973), Fransa və Avstriya hökumətlərinin ədəbi mükafatlarına layiq görülüb.  

Əsərlərində təqdim etdiyi ağlasığmaz, xəyali və təzadlarla dolu durumlardan biri də real həyatda onun öz başına gəlib: vəfatından 15 il sonra, yəni 2009-cu ildə o, həyatda olmamasına rəğmən, Rumıniya Akademiyasına üzv seçilib və bu fəxri adı hələ də daşımaqdadır.  

 

 

Hİddət

İlk kadrda biz yaz səmasını görürük, gözlərimiz önündə saatının əqrəbləri günorta vaxtını göstərən kiçik bir kilsə peyda olur və qulağımıza zəng səsləri dəyir. Kiçik bir əyalət şəhərində ucalan bu kilsənin önündəki meydança yavaş-yavaş görüntüyə girir. Zənglər yetərincə böyük pauzalarla çalınır və buna uyğun olaraq, ilk hadisələr xeyli ağır bir templə ekrana gəlir. Sakit və gülümsər üzlü insanlar dəstə-dəstə kilsədən bayıra axışır, onlar bir-birinə baxıb, başlarını tərpədir, qarşılıqlı şəkildə xoş-beş edirlər.     Bunların ardınca ağbirçək xanımlar kilsədən dışarı çıxır. Onlardan biri üst-başı tökülən bir dilənçiyə: "İsanın dirilməsi naminə bu sədəqəni alsana, balası", - deyir. Üz-gözündən razılıq ifadəsi yağan dilənçi də ona: "Ürəyinizin bunca genişliyinə görə qoy Allah öz nemətlərini Sizdən heç əsirgəməsin, madam", - deyir. Xanım öz yoluna davam edir. Onun ardınca baxan dilənçi razılıq eləyir: "Dünyada belə mərhəmətli könül sahibləri varkən mənə dilənmək də xoşdur, vallah!".

İkinci xanım üçüncüdən soruşur: "Qadası, ərin indi necədir?". Rəfiqəsi də ona: "Allah səndən razı olsun, ərim öz  həyatından hədsiz dərəcədə razıdır. İflic olmasıyla da artıq tamamilə barışıb" - cavabını verir. Axın-axın üzü bəri gəlməyə davam edən insanlar şlyapalarını çıxararaq, bir-birilə salamlaşır, əllərini sinələrinə qoymaqla, bir-birlərinə təzimdə bulunurlar. Günəş şüalarına qərq olan ağaclar, evlərin damları da az sonra kadra girir, bu kəskin işıqlanma sayəsində pəncərə şüşələri bərq vurur.   Pəncərələrdən birində ziyafət paltarı geyinmiş bir qadın gözə dəyir. O, aşağıya boylanır və binadan yenicə çıxan bir gəncə üz tutaraq deyir: "Bibinə gül almağı da unutmayasan ha!". Cavan oğlan ona: "Arxayın ol, ana. Sənin əvəzinə hələ onun yanaqlarından da öpəcəyəm", - deyir. İstəyə görə, bu yerdə filmə bənzər məzmunlu iki-üç epizod da artırmaq mümkündür.

Şəhər meydanındakı kiçik kafe. Masalardan birinin arxasında yaşlı bir cənab öz xanımı ilə əyləşib, qonşu masa arxasında əyləşənlər də elə eyni yaşlarda olan ər-arvaddır. Bu cənablardan biri digərinə deyir: "Bazar günləri mən, sadəcə, mineral su içirəm, ara günlərdə isə spirtli içkilərə üstünlük verirəm". İkinci kişi dillənir: "Mən isə bunun tam əksini edirəm".

Nənəsi ilə bir oğlan uşağı qarşımızdan keçir. Yoldan ötənlər uşağı danışdırır, bir qadın isə ona konfet uzadır. Oğlan təşəkkür edir. Nənə həmin xanıma fəxrlə deyir: "O, bu konfetlərə layiqdir, madam, çünki həm özünü ədəbli aparır, həm də adam içində burnunu qurdalamır". "Elədir, nümunəvi davranışıma görə mən hələ mükafat da almışam" - deyən oğlan kiçicik bir xaç nişanını qadına göstərir. Böyüklər bundan təsirlənirlər. Nənə öz nəvəsini tərifləməyinə davam edir: "O, hədsiz ağıllıdır və artıq məktəbə getməyə hazırlaşır". Kişilərdən biri maraqlanır: "Hansı məktəbə?" Nənə bunu xatırlamağa çalışır: "E-e-e, ali anormal məktəbə".

Ər-arvadlardan birinin yanında iti, digərinin isə pişiyi də ola bilər. Belədə sahibinə yarınmaq üçün it arxa pəncələri üstə dura, pişik isə belini donqar şəklə salaraq miyoldaya bilər - heyvanlar arasındakı bu ilıq münasibət insanların da könlünü oxşayar. Onların sahibləri heyranlıqla deyərlər: "Görürsünüz də, necə mehriban məxluqlardır!". Balaca itin sahibi olan qadın könül xoşluğuyla əlavə edər: Nəciblik barədə sizin itiniz bizim pişikdən heç geri qalmır". Pişiyin sahibi olan kişi deyər: "O, heç vaxt adama cırmaq atmaz". "Bizimki isə hələ heç kəsi dişləməyibdir" - bunu da itin sahibi vurğulayar. Pişiyin sahibi kişi öz heyranlığını gizlətməz: "Necə də nəcib məxluqmuş ey bunlar!". İtin sahibəsi də bu fikirlə razılaşar: "Siz tamamilə haqlısınız". Pişiyin sahibəsi əlavə edər: "Təkcə danışmağı bacarmır da bunlar". İtin sahibi olan kişi isə tərifdən nə yorular, nə usanar: "Hərçənd hər deyiləni başa düşürlər...".

Xoş görüntülərlə dolu kadrlar bir-birini əvəz edir. Keşiş kilsədən bayıra çıxır. Hansısa cənab könül xoşluğuyla onu salamlayır: "Xoş gördük sizi, cənab küre (katolik icmanın keşişi - A.Y.)!". "Xoş gününüz olsun, cənab müəllim!". Dilənçi dərin rəğbətlə polis məmuruna, o isə eyni şəkildə qarşısındakı dilənçiyə tam səmimiyyətlə baş əyir və mehribancasına hal-əhval tutur: "İşlərin necədir, dostum? Özünə bir sığınacaq tapa bildinmi barı?". Dilənçi cavab verir: "Təşəkkürlər, hə, ən nəhayət, məni də öz qanadı altına alan nəcib bir ürək sahibi tapıldı". Polis məmuru deyir: "Bu dünya, həqiqətən də, nəcib insanlardan xali deyilmiş". Dilənçi də bunu təsdiqləyir: "Sırf bu səbəbə görə biz Tanrıya şükürlər etməliyik!". Polis də razılıqla başını tərpədir və dilənçiyə təklif edir: "Vaxt tapanda bir ara bizim bölməyə gəl, səninlə oturub, dərdləşək".

Şirniyyat dükanı. Cavan kişi indicə satın aldığı pirojnalarla dolu qutunu bir əlində, çiçək dəstəsini isə digər əlində tutub. O, dükan sahibəsinə bildirir: "Bizim xanım sizin pirojnalara bayılır, ən çox da çiyələk cemli biskvitlərə". Dükan sahibəsi təəccüblə: "Necə də diqqətcil həyat yoldaşısınız belə! O dəqiqə görünür ki, aranızda dərin bir anlaşma hökm sürür". "Hə, artıq mən tələsməliyəm, çünki indi yolumu gözləyir, onun təlaşlanmasına könlüm əsla razı olmaz". Dükandan çıxan kişi üzbəüzdəki evin pəncərəsindən ona göz qoyan xanımına əl yelləyir. Bir-birlərinə hava öpüşü göndərirlər. Sonra o, yeyin addımlarla meydanı keçib, öz evinə tərəf üz tutur. Qonşu evlərə də əlində eyni cür qutular daşıyan kişilər girir.

Cavan qadın qapını ərinin üzünə açır. "Salam, əziz xanımım!". "Salam, əziz ərim! Yenə də növbəti sürprizlə gəlibsən!". Kişi çiçək dəstəsini qadına uzadır. Qadın onu öpür. Cavan xanım pirojna qutusunu nahar üçün hazırladığı süfrəyə qoyur, çiçəkləri isə bir güldana yerləşdirir.

Kişi kanotyesini (həsirdən hörülmüş və sərt biçimli şlyapa növüdür. Fransada geniş yayılan bu papağın orta qismi (gövdəsi) silindr şəklində, günlüyü isə yetərincə ensiz və əyimsiz olur - A.Y.) çıxarıb, xanıma uzadır. Öpüşürlər. Evin interyeri tamaşaçıların gözləri qarşısında canlanır: parlaq rənglərdə divar kağızları və mebel, son xəbərlərin verildiyi televizor görüntüyə girir. Ev adama rahat və xoş bir yuva təsiri bağışlayır, hər şey göz-könül oxşayır. Kişi maraqlanır: "Dünyada nələr olub-bitir?". Cavabında: "Həmişəki kimi ancaq xoş xəbərlər gəlir". Xanım diktorun səsi ucalır: "Bütün ölkələrin dövlət başçılarının qatıldığı görüşdən sonra əldə olunan ümumi barışığın şərəfinə böyük bir ziyafət verilib. Çıxışlardan sonra isə dövlət başçıları qucaqlaşıb-öpüşüblər". Kadrlar sürətlə bir-birini əvəzləyir: hökumət başçıları və generallar tam səmimiyyətlə öpüşərək bir-birlərini əmin edirlər: "Biz sizin bütün şərtlərinizə razıyıq!". Ev sahibi deyir: "Bunu görmək necə də xoşdur! Son üç il boyu bunlar hər gün və durmadan barışıq elan edirlər!".

Kiçik bir sevgi səhnəsinə şahid oluruq: cavan ər öz arvadıyla öpüşür, bir-birlərinə nəvazişlə: "mənim quşcuğazım", "göyərçinim mənim", "pişiyim", "matahım", "dovşancığım", "canım-gözüm", "çiçəyim" kimi sözlər pıçıldayırlar.

Bu səhnədən bir qədər əvvəl və cavan ərin mənzillərdən hansınasa gəlişindən sonra, həm də qısa epizodlarla, əlində gül buketi tutan yaşlı bir kişinin evə gəlməsini göstərmək məsləhət görülür. Ahıl ər də, eynilə cavan ər kimi pencəyini çıxarıb, arvadına uzadır. O arada tamaşaçılara daha bir ər-arvadı göstərmək lazım gələcək: saqqalı sinəsinə düşən keşiş öz xanımının yanağından öpüş alır. Bundan əlavə, daha bir mənzildə kişi arvadından xəbər alır: "Dünyada nələr olur?". Aydın məsələdir ki, bu sual cavan ərin eyni məzmunlu sualından bir qədər sonra səslənməlidir. Cavan ər-arvad arasındakı sevişmə səhnəsi isə həmin binanın bütün mərtəbələrində eynən təkrarlanmalıdır. Cavan kişi deyəcək: "Quşcuğazım mənim". Saqqallı keşişin arvadı pıçıldayacaq: "Gözümün nuru". Bəstəboy qoca isə "dovşancığazım" əzizləməsinin ardınca öz toppuş arvadına pıçıldayacaq: "Fərəmsən sən mənim".

Cavan qadın deyəcək: "Hə, əzizim, yemək süfrəsinə keçək. Öpüşmələri sonraya saxlayaq". Cavan ər əlüstü razılaşacaq: "Həqiqətən də, mən yamanca acmışam". Cavan qadın önlüyünü çıxaracaq. Ancaq əri ondan aralanmadığı üçün təkrar öpüşəcəklər. Qadın onu yola gətirməyə çalışacaq: "Haydı, canım, axı mən sənin acından ölməni istəmərəm".

Eyni dialoq bütün qalan mənzillərdə də birəbir təkrarlanacaq. Cavan qadın qəfildən nə isə xatırlayıbmış kimi: "Of! Axı mən də sənə bir hədiyyə almışdım", - deyə ərinə bir qalstuk uzadır. "Əcəb gözəldir!" - deyən kişi təzə qalstuku boynuna bağlamağa başlayır. Arvadı xoşhallanır: "Təzə pencəyinə də yamanca yaraşacaq bu!". Əri pencəyini də əyninə geyir. Ər ilə arvad təkrar öpüşür və bir-birinə xoş sözlər deyirlər. Şlyapasını taxan kişi güzgünün önünə keçir. "Həqiqətən də yaraşırmış ha!". Arvadını öpür. Cavan qadın onu süfrəyə tərəf çəkib aparır. Əyləşirlər. "Şlyapanı unutdun, əzizim! Bəlkə onu çıxarasan?". Kişi deyir: "Ah, bağışla!". Şlyapasını çıxarıb, arvadına uzadır. Qadın onu yerinə qoyur. Kişi pencəyini də soyunub, xanımına uzadır. Qadın onu da asılqana keçirir. Kişi qalstuku da açmaq istəyir, ancaq sonra fikrindən daşınır: "Yox, qoy qalsın; o, elə göz oxşayır ki!". Eyni cümləni bütün qalan mənzillərdəki kişilərin də təkrarlaması arzuolunandır.

Ən nəhayət, cavan ər-arvad keçib, süfrə arxasında əyləşə bilir. Kamera gənc qadının əlini iri planda göstərir - o, şorba dolu boşqabı süfrəyə qoyur. Cavan kişinin üzündə xəfif bir kinayə sezilir: "Yenə də şorba!". Bunun ardınca fərqli əllər və boşqablar dalbadal göstərilir - təxmin eləmək çətin deyil ki, bütün bunlar həmin binanın digər mənzillərindəki başqa-başqa qadınlara məxsus əllərdir.

Cavan arvad xəfif bir incikliklə deyir: "Amma adi günlərdə sən şorba yemirsən axı. Bu şorbanı mən təzə-tər tərəvəzlərdən bişirmişəm ey". Əri barışıq yolunu tutaraq dillənir: "Nə gözəl!" və həmin dəm baxışları boşqabdakı iri milçəyə dikilir və ödü ağzına gəlir. Arvadı narahat halda soruşur: "Nə oldu yenə? Başqa nə var?" Təmkinini qorumağa çalışan kişi dillənir: "Həqiqətən də ey, başqa nə var axı?! Bunda qeyri-adi nə var ki?! Hər bazar günü olduğu kimi, yenə də şorbamda milçək üzür". "Milçək üzür! Vay səni yalançı!". Kişi deyir: "Bəs bu nədir, səncə: bəlkə milçək deyil, hə? Özün baxsana". Qadın lap tövrdən çıxır: "Onu boşqaba sən özün atıbsan ki, mənim qanımı qaraldasan". "Heç sənin ağlın başındadır?! Niyə belə sarsaqlayırsan axı?!". Cavan qadın səsini yüksəldir: "Məni alçaltmağa cürət eləmə ha!" Kişi altdan alır: "Səni alçaltmaq fikri mənim heç ağlımdan da keçmir".

Sonrakı kadrlarda biz digər kişilərin də hər birinin öz qabında milçəyi gördüyünün şahidi oluruq. Üstəlik, hər biri bağırır: "Milçəyə bax!". O saqqallı mömin də, müəllim də, keşiş də, itin sahibi də. "Bir özün bax!". "Düz otuz ildir ki, hər bazar günü...". "Axı bu nə vaxta qədər təkrarlanacaq?!". "Sən yalan deyirsən, bunu qəsdən eləmisən ki, illah mənə bir irad tutasan!" - bütün bunlar qəlbi qırılan qadınların dilə gətirdiyi replikalarıdır.

Cavan ər-arvadın evində qanqaralıq düşür. Qadın heç cür sakitləşmək istəmir: "Hansısa milçəyə görə bu qədər mərəkə qoparmaq olar?! Baxan da düşünəcək ki, sən əslzadə birisən! Halbuki valideynlərinin kimliyi bütün el-aləmə bəllidir". Ər soruşur: "Kim idi ki, onlar?". "Kim olacaqlar: köhnə-kühnə əşya satıcısı!". "Hə, indi nə olsun axı?! Əvvəla, indi onlar təqaüdə çıxıblar, ikincisi, bütün peşə sahibləri eyni dərəcədə hörmət-izzətə layiqdir. Bir də ki, sən mənim valideynlərimi rahat buraxsana!". Ancaq qadın dil-boğaza qoymur: "Bəyəm mən onları nə cürsə aşağıladım ki?". Kişi deyir: "Həm də köhnə əşya satmaq ara düzəltməkdən daha yaxşıdır". Arvad soruşur: "Sən indi kimi nəzərdə tutub bunu deyirsən ki?". "Kimi nəzərdə tutacağam? Sənin o dəyərli atanı. Onu hamı yaxşı tanıyır. Köhnə əşya satıcılığına girişsə də, bundan bir şey çıxmadı. Bu iş dürüstlük tələb etdiyindən adamın çörəyi daşdan çıxır axı". Qadın səsini başına atır: "Utansana barı! Niyə mənim ata-anama qara yaxmağa çalışırsan? Sən ta ölənə qədər onlara minnətdar olmalısan ey! Ay vecəyaramaz hərif, əgər mənim o cehizim olmasaydı, kim bilir indi sən haralarda sülənirdin!". Kişi deyir: "O vaxt onlar başımı tovladılar, mən də əlimdəki vekselləri yarı qiymətinə satmalı oldum". Qadın deyir: "Ancaq buna rəğmən, xeyli qazanc da götürdün". Kişi özünümüdafiəyə qalxır: "Ancaq bu fakt da sənin hər bazar günü şorbama milçək atmana əsas vermir". Qadın deyir: "İlahi, axı o vaxt mənə demişdilər, məni fikrimdən daşındırmağa çalışmışdılar ki, sən sarsağa ərə getməyim. Axı niyə mən öz dayımın məsləhətini dinləmədim?! O, necə də haqlı imiş!". "Sənin o dayın özü qoca əbləhin biri idi! Mən həmişə inanırdım ki, o, ağıl barədə nə isə bir problem yaşayır". "Hər necə olsa, dayım sənin xalaqızından daha ağıllıdır - bax, o qadın isə... əsl ipləmədir!".

Digər mənzillərdə də qınaqlar səslənir: "Sən öz xalanı yadına sal!" (bunu möminin xanımı deyir), "Axmaq sənin ulu babandır!" (hakim), "Sənin bütün qohum-əqrəbanın yeri - qoduqluqdur!" (hakimin xanımı), "Sizin ailə bütünlüklə nadürüst və dinsizlər yığnağıdır!" (keşiş bunu xidmətçi qadına deyir), "Sizmişsiniz nəcib ailə?! Sizlər - özündən deyən, düdəmə adamlarsınız, ay xanım!" (dilənçi bunu nəcib görkəmli bir xanıma deyir). İtin sahibəsi o heyvanı ərinin üstünə qısqırdır. Pişik isə öz sahibinin xanımına hücum çəkir.

Təzədən cavan ər-arvadın mənzilinə dönür kamera. Kişi şorba ilə dolu boşqabı arvadının başına əndərir. Eyni hadisə digər mənzillərdə də təkrarlanır. Mənzillərin kandarlarına qədər axıb-gələn şorba pilləkənlə üzüaşağı axıb, gedir. Bu iş qaçılmaz sonluqla nəticələnir: kişilər öz yumruqlarını işə salırlar. Qadınlar da onlardan heç geri qalmırlar. Hər iki tərəf bir-birinə qarşılıqlı şillələr yağdırır. Sonra növbə qab-qacağa gəlir. Qadınlardan və ya kişilərdən birinin vızıldatdığı boşqab pəncərədən çıxıb, bayıra uçur və gəlib, asayişə cavabdehlik daşıyan polisin düz ayaqlarının altına düşür. Bunun ardınca uçuşan ikinci, üçüncü və növbəti boşqab da gəlib, polis məmurunun təpəsində qırılır. Fıştırığını çıxaran polis nəfəri nəfəsi yetdikcə onu üfləməyə başlayır. Hadisələr artıq fasiləsiz şəkildə cərəyan edir - elektrik sobasına düşən əski parçası alovlanır və binada yanğın başlanır. Kadrlar böyük sürətlə bir-birini əvəzləyir. Bina sakinləri pilləkən qəfəsinə qaçışır, bir-birini təqib edərək, yolboyu da qarşılıqlı şəkildə yumruqlaşırlar. O lənətə gəlmiş şorba seli isə hələ də pillələr boyu üzüaşağı axmağa davam edir.

Polis dəstəsi tez özünü ora yetirir. Pəncərələrdən boylananlar bunu sezirlər. Növbəti şilləni arvadına ilişdirmək əvəzinə, kişilərdən biri qaraqışqırıq salır: "Polis gəldi!". Qadınlardan biri də onun sözünü təkrarlayır: "Polis gəldi!".

Furqonlardan yerə tökülüşən polislər binaya tərəf cumurlar. Bir neçə dəqiqədən sonra geri dönərkən onlar ipə-sapa yatmayan, itaətsizlik göstərən ər-arvadları sürüyüb, maşına tərəf gətirirlər. Həmin sakinlər isə əl-qol ataraq, qışqırışırlar: "Kömək edin! Bizi bunlardan qurtarın!". Binanı alov bürüyüb. Yanğınsöndürənlər gəlir, şəhərin digər sakinləri isə həbs olunanları hər nə cürsə xilas eləməyə çalışırlar.

Bütün məhəllə əlbəyaxa dalaşa girir. Bu yerdə arxivləri eşələyərək, tapılan hansısa qiyamlarla, qarşıdurmalarla, məsələn, Cənubi Afrikada ağlarla qaradərililər arasında gedən dalaşlarla və sair və ilaxırla bağlı sənədli lentlərdən istifadə eləmək də yerinə düşər. Alışaraq yanğına səbəb olan əski bu səfər iri planda bizlərə təqdim edilir. Yanğınsöndürənlər getdikcə artan alovu ram eləməyə hələ də cəhdlər göstərirlər (bu mövzu ilə bağlı hazır çəkilişləri də arxivdə tapmaq mümkündür).

Sonra müharibə başlanır. Puankare və Klemanso sıraya düzülmüş əsgərlərin önündən keçirlər. Hitler və Mussolini izdiham qarşısında çılğınca nitq söyləyirlər. Londona və Hamburqa bombalar yağdırılır. Sel və zəlzələ fəlakətlərinin ardınca... atom bombası da partlayır.

Qısa sürən bu film boyu, ara-sıra, həm də nisbətən əhəmiyyətli məqamlarda ekranda daha iki iştirakçı - Tənha cənab və televiziyanın qadın diktoru növbə ilə ekrana gətirilməlidir. Həmin cənab kafedəki bir masa arxasında əyləşib. Əvvəl-əvvəl nəcib və təmkinli görünən bu kişinin üzündə daha sonra narahatlıq və əsəbilik ifadəsi nəzərə çarpacaq. Bu hiss get-gedə güclənib, ekranda göstərilən səhnələrə uyğun olaraq, dərin hiddətə və qəzəbə çevrilməlidir. Ən nəhayət, cənabın gərginlikdən pörtüb-qızaran üzü sanki partlayır və tikə-tikə olub dağılır.

Diktor qadının sakit tərzdə və gülümsəyərək çatdırdığı xəbərlər isə o ara ekranda göstərilən görüntülərlə tam ziddiyyət təşkil etməlidir. Bu qadın öz tamaşaçılarına güllü bahardan, çiçəkləyən çəmənlərdən və daşıb-çağlayan çaylardan söz açır. Ən sonda, yəni ən faciəvi məqamda qadın özünün ecazkar təbəssümü və məxməri səsiylə bildirir: "Hörmətli xanımlar və cənablar! Bir neçə dəqiqədən sonra dünyanın sonu gələcəkdir".

Və bunun ardınca... planetimiz dağılır.

 

Ruscadan çevirdi: Azad YAŞAR


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!